Страница 1 из 2

Tərtəmiz süpürülüb təmizlənmiş otaq başdan-başa gəbə ilə döşənmişdi. Pəncərənin pərdəsi asılmış, otuzluq çırağın fitili azacıq qaldırılmışdı. Yuxarı başda iki döşəkcə və zər bafta ilə işlənmiş qızıl qotazlı məxmər mütəkkələr qoyulmuşdu. Molla Sadıq çiynində əba, otaqda gəzinə-gəzinə təsbehinin iri, kəhrəba muncuqlarını şaqqıldadırdı. Ayağında təptəzə naxışlı corab var idi. Yumşaq gəbələrin üstündə səssizcə gəzdikdə elə bil bu rahatlıqdan ləzzət alırdı. Əslində, içə çox narahat idi.

Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o, iki gün evdən bayıra çıxa bilmədi. Türbədən gələn qonağı elə gecə ikən, bir dəstə atlı ilə yola saldı, qapıya tüfəngli keşikçilər qoydu. O, Cahandar ağanın bir də qayıdacağını, onun evinə basqın edəcəyini, çal-çəpərinə od vurub, evi gülləyə basacağını gözlədi. Əl altından qohumlarına və Sadıq müridlərinə xəbər göndərdi, ehtiyatlı olmalarını tapşırdı. Ancaq ertəsi günü arvadlar ona xəbər gətirdilər ki, Şahnigar özünü asmışdır. Molla Sadığın qaşı çatıldı, xeyli fikrə getdi.

O günü camaatın başı dəfnə qarışdı. Hamı Cahandar ağanın qapısına toplandı. Ağlaşmaya gedən qonşu arvadları xəbər gətirdilər ki, Cahandar ağa bacısının cənazəsini özü götürdü, qəbrə ilk torpağı özü tökdü, kişilərdən biri qəbrin üstündə Quran oxumağa başlayanda kənara çəkildi, namaz qılanlara qoşulmadı. Nə cənazə qaldırılanda, nə qəbristanlıqda, nə də evdə, ehsan yerində bir kəlmə danışmadı. Baş-sağlığı verənlərə belə heç nə demədi.

Molla Sadıq iki gündən sonra öz arvadını və gəlinlərini yas yerinə göndərdi. "Eldən, obadan geri qalmaq ayıbdır, - dedi, gedin, hamının ölüsü-dirisi olacaq". Onun məqsədi bu yolla ağız aramaq, Cahandar ağanın evində nələr danışıldığını öyrənmək idi. O istəyirdi ki, bu yolla özünə olan münasibəti aydınlaşdırsın.

Arvadlar yas yerindən razı qayıtdılar. Onlara ədəblə hörmət etdiklərini, ağlaşmadan sonra çay-çörək verib yola saldıqlarını söylədilər. Nəhayət, üçüncü gün Molla Sadığın özü cəsarətə gəlib, kəndin bir necə ağsaqqalı ilə bərabər Cahandar ağanın evinə getdi. Əgər yas yerinə dəyməsə, özünün günahkar olduğunu boynuna almış olar, bəlkə də narazılıqla qurtarıb gedə biləcək bir incikliyi düşmənçiliyə çevirə bilərdi. Bəlkə Cahandar ağa onu görən kimi tüfəngi çəkdi, bəs onda nə olsun? Ara yerdə güdaza getsin? Yox, belə şey ola bilməz. Elin adəti var qanlı düşmən qanlı düşmənin qapısına gələndə ona əl qaldırmazlar.

Molla Sadıq zənnində yanılmadı. Yas yerində ona heç nə demədilər. Görünür, ölüm adamları yumşaltmışdı. Qəlblərdəki kin, qəzəb bir az soyumuşdu. Bir də Molla Sadıq özü onun yanına gəlmişdi.

Yas gecəsi sakit keçdi. Hətta Molla Sadıqdan xahiş etdilər, o Quran oxudu. Mərhuməyə behişt arzuladı, "Allah rəhmət eləsin" - dedi. Cahandar ağa bir kəlmə dinib-danışmadı. Hüzr yerinə gələnlər ev sahibinə başsağlığı verib dağılanda Molla Sadıqla Cahandar ağanın baxışları ani olaraq bir-birinə sancıldı və bu anı baxış ona hər şeyi aydınlaşdırdı. O başa düşdü ki, Şahnigarın ölümündə Cahandar ağanın əli var, o, taqsirkardır. Ona görə də bu qədər sükut edir. Kin, qəzəb, dərd, ələm, peşmançılıq onu əzir, ağırlaşıb qurğuşun yükü kimi qəddini əyir. Cahandar ağa canın dişinə tutub, özünü saxlayır, daxildən püskürüb çıxmaq istəyən, vulkan kimi alovlanmağa hazır olan qəzəbini hələlik boğur. Elə bil çiynini verib, uçub-tökülməkdə olan bir qayanı saxlayır. Yükün ağırlığından onun gözlərinə qan sağılır. Xırdaca damarlar az qalır ki, partlasın. Molla Sadıq dərk etdi ki, bu qəzəb bir gün püskürəcək, özü də xata ondan uzaq olmayacaq. Evə gələndən sonra yata bilmədi. Yerin içində xeyli qovruldu. Onu başqa bir şey də narahat edirdi. O qorxurdu ki, bu hadisələrdən sonra camaat arasında hörmətdən düşər, müridlərin sayı azalar. Bəs onda türbədəkilərə nə cavab verərdi? Göytəpəlilər deməzdilərmi ki, ay Molla Sadıq, bəs hanı sənin qüdrətin? Bəs hanı türbənin qəzəbi. Bir yandan da bu rus Əhməd uşaqları tovlayıb məscidə gəlməyə qoymurdu. Onları xəlvəti yanına aparır, yazı-pozu öyrədir, "kafir" kitabları oxutdururdu. O saqqallı rus kəndə gəlib gedəndən sonra uşaqlar adamın sözünə heç baxmaq istəmirdilər. Əhməd heç, onu kənddən qovmaq asan idi, bəs Cahandar ağa'? Bəlkə divan-dərəyə xəbər versin ki, Cahandar ağa doğma bacısını öldürüb, qan töküb, hə, onda necə olar? Atlı kazaklar gəlib onu tutmazdımı, əl-qolunu bağlayıb birbaş Sibirə göndərməzdilərmi? Onun izi-tozu biryolluq itməzdimi? Mən də rahat nəfəs almazdımmı? Bəs sonra?

Molla Sadığı fikir götürdü. Bu işi sübut etməyin çox çətin olduğunu düşündü. Şahidin yox, dəlilin yox, nə edə bilərdin? Ölünü təzədən qəbirdən çıxarmayacaqdılar ki? Bir də, din var, şəriət var, camaat buna razı olarmı? Rusa nə var, dedin, o saat qəbri eşib tökəcəklər. Amma camaat buna yol verməz. Lap qılıncdan keçirsələr də onları qəbristanlığını həndəvərinə hərlənməyə qoymazdılar. Əgər bu iş baş tutsa belə, sonrası pis olardı. Yerlər qulaqlıdır, tez-gec xəbər tutarlar və mənim daşımı daş üstündə qoymazlar.

Molla Sadıq bu cür ağır düşüncələrlə yumşaq gəbənin üstündə gəzinir, təsbehinin iri, kəhrəba muncuqlarını şaqqıldadırdı.

Qaranlıq lap qarışmışdı. Əl-ayaq yığışılmışdı. Hamı mal-qarasını rahatlamış, itə yal verib zəncirdən buraxmışdı. Daxmaların çoxunda işıq sönmüşdü. Kənd yatmağa hazırlaşırdı.

Molla Sadığın doqqazında bir atlı dayandı. Xeyli ətrafına boylandı, yol ilə gedənlərə saymazyana baxdı və astadan həyətdəkiləri səslədi:

– Ay ev yiyəsi!

İtlər atlının üstünə cumdular. Qapıda hərlənən nökərlərdən biri doqqaza çıxdı və az qala atlını dartıb yerə salan itləri qovdu. Bir xeyli təəccüblə, başlıqla üz-gözünü bürümüş adama baxdı. Atlı yəhərin qaşındakı tüfəngin qundağını yapıncının altında gizlətmişdi. Onun gözlərindən başqa heç yeri görünmürdü.

– A bala, molla evdədirmi?

– Evdədir.

– Deynən zəhmət olmasa, doqqaza çıxsın.

– Sən kimsən?

– Allah qonağı. Deynən türbədən gəlirəm, axşama düşmüşəm.

Nökər yenə bir xeyli təəccüblə onun üzünə baxdı. Sonra ehtiyat edə-edə geri qayıtdı. Atlı gördüki, nökər nədənsə qorxur, ona inanmır. Bu qorxu ona da sirayət etdi. Atı azacıq tərpədib evin böyrünə qısıldı. Şübhə ilə yan-yörəsinə boylandı. Əgər itlər onun qabağını kəsməsəydi, heç nəyə baxmadan, təklif gözləmədən atını birbaş həyətə sürərdi.

Nökər xeyli ləng gəldi. Eyvanda tüfəngli bir adam göründü:

– Molla deyir, Allah qonağıdırsa, atdan düşüb, evə gəlsin.

Atlı dərhal yəhərdən yerə endi. Cilovu nökərə verib evə doğru,addımladı. İçəri keçməzdən əvvəl yolunu kəsən itlərə baxdı.

– Məni tutmazlar ki?

– Yox, qorxmayın, adam yanında dəyməzlər.

Qonaq yüngül addımlarla eyvana qalxdı. Nökərin göstərdiyi qapını açıb içəri keçdi. Hər yerin gəbə ilə döşəndiyini görüb ayaqqabılarını soyundu, yapıncısını çiynindən alıb küncə qoydu. Başlığını sürüsdürüb boynunun dalına saldı. Molla Sadıq qonağın sifətinə nə qədər diqqətlə baxsa da, tanıya bilmədi. Onun belə sərbəst hərəkətindən təəcüblənsə də, heç nə demədi. Evin ortasında dayanıb gözlədi.Qonaq tüfəngini də küncə qoyduqdan sonra iki addım qabağa gəldi:

– Xoş gördük, molla, - dedi və iki əli ilə onunla görüşdü.

Molla Sadıq evin yuxarı başındakı döşəkcəni göstərdi:

– Əyləş, Allah qonağı, dincini al.

Onlar yanaşı oturdular. Aradan ikicə dəqiqə keçməmiş çay gətirdilər. Molla Sadıq stəkanı qabağına çəkdi. Qonağa da təklif etdi.

– Deyəsən uzaqdan gəlirsən?

– O qədər də yox.

Yenə susdular. Molla Sadıq bir ev sahibi kimi gələnin kim olduğunu , nə istədiyini soruşmağı yersiz hesab etdi. Bu, adət deyildi. Gələn qonağın əgər bir işi vardısa, tez-gec özü deyəcək, yoxdursa da doğrudan da axşamlayıb gecələməyə yer axtarırdısa, yatacaq, səhər tezdən də çıxıb gedəcəkdi.

Qonaq çayını içdi. Gümüş dəstəkli xəncərini düzəldib bardaş qurdu. Tütün qutusunu çıxardıb papiros eşdi. Çaxmaqla qovu yandırıb papirosunu odladı və yanıqlı-yanıqlı sümürdü. Hələ də təəccüblə onu süzən ev sahibinin üzünə belə baxmadan astadan dilləndi:

– Molla, deyirlər Cahandar ağanın bacısının ölümünə sən bais olmusan? Kişini elə bil ilan sancdı. Yerindən dik atılıb ayağa qalxdı. Geri, divara doğru çəkildi:

– Bu nə sözdür, başına at təpib, nədir?

– Hirslənmə, molla, sözümün dalına qulaq as.

O, papirosunu yenidən tüstülətdi. Molla Sadıq dəhşətlə çırağın solğun işığında oturan adama baxdı. Papirosun tüstüsü onu duman kimi bürümüşdü. Qıllı papağı, sifəti laylanmış göyümtül tüstünün içində güclə seçilirdi.

– Deyirlər, arvad özünü boğmayıb, qardaşının gülləsinə qurban olub.

– Sənin ağzından qan iyi gəlir, a kişi, bu nə sözdür danışırsan?.. Bir də bunların mənə nə dəxli var?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, 13

Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su da keçmədi. Kişinin həndəvərinə hərlənmək olmadı. Mələk qorxa-qorxa, barmaqlarının ucunda, otağa girib, onun üstünə yorğan salanda, ərinin kürəklərinin titrədiyini, iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü, amma cıqqırını da çıxartmadı, söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər.Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Dinməz-söyləməz paltarını geyindi. Qoltuqaltısını götürdü. Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi. Bunlar azmış kimi xəncəri də belinə bağladı. Hava isti olsa da, dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. Yazığın nəfəsi güclə gedib-gəlirdi. Necə deyərlər, diri gözlü ölmüşdü. O, ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz",- deyə fikirləşdi. Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. Əslinə baxsan, Zərnigar xanım özü də Şamxaldan narazı idi.

195710 мин
İkinci hissə, 1

Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var. El arasında buraya "Zayej" ("Zayezjiy dom" sözünün el arasında işlənən şəkli) deyirlər. Qocaların söylədiyinə görə, bu evi vaxtilə xır yolunu çəkənlər tikiblər. Onlar gündüzlər yolda işləyir, axşamlar isə burada yatırmışlar.Göytəpəlilərdən bu yolun necə çəkilməsini xatırlayanlar az deyil. Hətta onların çoxu yola döşəmək üçün Kürün sahilindəki çaylaqdan araba ilə xır daşıdıqlarını indi də unutmamışdır.

195714 мин
İkinci hissə, 2

Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Faytonçu da yorulmuşdu. Görünür, uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq həvəsdən düşmür, necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi.Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının üstünə aşıraraq, yanpörtü əyləşmişdi. Xırdaca gözlərini qıyıb boz təpələrə, lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə, düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı, Kürə doğru süründü.

195716 мин
İkinci hissə, 3

Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.

195710 мин

Стихи других поэтов