Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".

Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.

Ələddinin ölümü onu yaman sarsıtmışdı. Özünə nə qədər təskinlik versə də, ürəyində dərd çəkirdi. Onun dünyada ən çox qorxduğu şey aldanmaq idi. Nəvəsinin qəfil öldürülməsində xəyanətin olub-olmadığını bilməyə çalışırdı. Həm də qorxurdu ki, məsələnin qəsdən olunduğu bilinsə, araya qan düşər və iki nəsil bir-birini qırıb qurtarardı.

Böyük gəlin ağzında yaşmaq qayınatasına yaxınlaşdı və qalaylanmış mis sinini ortalığa qoydu. Kişi buğlanan çaya, bal qatılmış qaymağa, motal pendirinə və sacın üstündən yenicə götürülmüş isti ağ fətirə gözucu nəzər saldı. Bir oturuma quzunun şaqqasını sarımsaqlı qatıqla yeyib üstündən bir cam bal içən Ömər koxanın iştahı yox idi. O, can-dərdi çörəkdən bir parça kəsib dürmək elədi, çayı bir-iki hortuma içib geri itələdi. Gəlin dərhal yaxınlaşıb sinini götürdü.

Kəndin səs-səmiri azaldı. Görünür, adamlar yatmağa hazırlaşırdı. Elə Ömər koxanın da həyətinə sükut çökdü. Mal-qaranı sağıb qurtardılar, inəkləri, camışları xalxala doldurdular, uşaqların da səs-səmiri kəsildi. Bircə gəlinlər kölgə kimı ortada hərlənir, qapıları astaca örtüb açırdılar.

Ömər koxa yavaşca ayağa durdu. Asta addımlarla öz otağına getdi. Onun yerini salmışdılar. Tavandan asılmış otuzluq çırağın piltəsini aşağı çəkmişdilər. Otaq yarıqaranlıq idi. Ömər koxa çuxasını, arxalığını soyundu. Belindəki gümüş dəstəkli xəncərini yastığın altına qoydu. Yatmazdan əvvəl üzünü qibləyə çevirib dua elədi. Sonra səksəkəli halda, qorxa-qorxa yorğanı qaldırıb arasına girdi.

Düz on gün idi ki, bir səs onu yatmağa qoymurdu. Ömər koxa kənd tam sükuta qərq olandan sonra, Kürün qıjıltısına qulaq asmağı elə uşaqlıqdan sevirdi. Onun gah ucalıb, gah da alçalan səsində bir mehribanlıq duyardı. Elə çox vaxtı suyun qıjıltısı altında yuxuya gedərdi. Amma son günlər Kürün qıjıltısı ona layla çalıb yuxuya aparan vaxt, kişi gözünü yumar-yummaz qulağına gələn bir səs onu diksindirib yerindən qaldırardı. Ömər koxa bu səsin haradan gəldiyini və kimin olduğunu bilmək istəyirdi. Uşaqlarından gecələr qulağına gələn bu səsin nə səs olduğunu öyrənmək istəsə də, fikrindən daşınmışdı. Qorxmuşdu ki, "Kişi deyəsən havalanıb" - deyə ondan şübhələnsinlar. Amma hər gecə səs gəlirdi. Özü də apaydın. Ömər koxa təxmin etmişdi ki, bu səs qəbristanlıq tərəfdən gəlir. Kişini həm vahimə basmış, həm də məsələni öyrənmək marağı daha da artmışdı. O qərara almışdı ki, əgər bu gecə də səs gəlsə, mütləq o tərəfə gedəcək və bu qəbristanlıqdakı səsin sahibinin nə canlı-cinli olacağını biləcəkdi. Elə ona görə də atın yəhərini almamış, tövlədəcə hazır saxlamışdı.

Ömər koxa yerin içində bir xeyli qurcalandı, gözünü tavana zilləyib Kürün qıjıltısına qulaq asdı. Sakitlik idi. Meşənin ağacları da susmuşdu, meşədəki çaqqal-çuqqal da. Kənd sükuta qərq olmuşdu. Birdən kəndin yuxarı tərəfindən vaxtsız banlayan xoruz səsi gəldi. Onun ardınca fəryada oxşar həmin səs eşidildi. Ömər koxa dik atıldı. Tələsik paltarını geyindi, xəncərini bağladı, tövləyə keçib atı çıxartdı. Heç kəsə sezdirmədən darvazadan keçib qəbristanlığa doğru yollandı.

Qəbir daşları baş-başa vermişdi. Lap yuxarı tərəfdə Ələddinin qəbrindən bir az arxada üç uca qəbir daşı görünürdü. Hündürlüyü az qala üç metrə çatan bu qəbir daşlarına gözəl naxışlar vurulmuşdu. Camaat arasında nədənsə bu qəbirlərə oğuz qəbirləri deyirdilər. Amma Ömər koxanın yadındadır ki, onun babası hərdən-bir uşaqları başına yığıb bu qəbirlərin tarixindən danışardı.

Birdən kişinin gözlərinə ağ paltarda hərlənən kölgə göründü. Bu kölgə qəbrin başına fırlandı. Əli ilə torpağı sığalladı. Sonra da sinə daşını qucaqlayıb xeyli tərpənməz oldu. Ömər koxa yerindən tərpənə bilmədi. İstədi atın cilovunu çəksin. Sonra başa düşdü ki, at yerindədi, onu heç minməmişdi. Kişinin gözünə bir qaraltı da göründü. Bu qaraltı insana bənzəmirdi. Ömər koxa doğrudan da vahimələndi, "Allah sən saxla, bu nə işdir mənim başıma gəlir" dedi və dilinə kəlmeyi-şəhadət gətirdi, "Bəlkə bu Əzrayıldır, məni qəbristanlığa çəkib gətirib".

Birdən qəbrin üstündəki qaraltı Ömər koxaya doğru yüyürdü. Kişi gələn qaraltının şeytanmı, itmi olduğunu ayırd edə bilmədi. Amma it onun qarşısında gəlib dayananda, quyruğunu tərpədib şırvananda ani olaraq astadan "Alan" deyə pıçıldadı. İt öz adını eşidib çömbəltmə oturdu. Ömər koxa özünə gəlib qəbrə yaxınlaşdı. Bu dəfə qız vahiməyə düşüb kənara sıçradı və qəbristanlıq uzunu qaçmağa başladı. Ömər koxa nə qədər çağırdısa, dayanmadı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

X fəsil, 1

Kəsəmənlinin atlı dəstəsi Naltökən yaylağına qalxırdı. O bilirdi ki, bu il də kənd camaatı Noylu bulağın üstündə dəyələrini qurmuşlar. Onun məqsədi həmin dəyələrin həndəvərində dolaşan, bir təhlükə olan kimi qaçıb meşələrdə daldalanan qaçaqların başçısı Halay bəylə görüşmək idi. Halay bəy heç kəsə dəyib-toxunmadığından özündən arxayın idi və binələrin ətrafında başını girləyirdi. Kəsəmənli bu yaşlı və gözəl müəllimin nə üçün çöllərə düşdüyünü tam aydınlığı ilə anlaya bilmirdi. Qəzada qaçaqların sayı çoxalırdı. Belə getsə, kəndlərdə hörmətli adam qalmayacaq, hamısı meşələrə, dağlara çəkiləcəkdi.Kəsəmənli qərara almışdı ki, Halay bəyi üzə çıxartsın. Elə bu məqsədlə də yaylağa qalxırdı. Yollar qorxulu idi. Kəsəmənli öz dəstəsi ilə meşənin xəlvəti cığırları ilə irəliləyirdi. Yaylağa qalxdıqca hava təmizlənir və adam nəfəs almaqdan doymurdu. O, əvvəllər el yaylağa köçəndə dağa qalxar və ellə birlikdə arana dönərdi. Amma neçə il idi ki, bu tərəflərə ayaq basa bilmirdi.

19955 мин
X fəsil, 2

Gecədən xeyli keçmiş qapının ağzında üstü örtülü bir maşın dayandı. Milis işçiləri yolu kəsdilər. Onlardan iki nəfəri təpiklə qapını açdı və barmaqları tətikdə içəri girdilər. Halay bəy pencəyini soyunmuşdu. Balalarını dizinin üstünə almışdı. Düz iki gün idi ki, onlarla oynayırdı. Uşaqlar atalarının boynunu qucaqlayır, onun sinəsinə qısılırdılar. Halay bəy yatanda da oğlunun hərəsini bir qolu üstünə alır və uzun müddət onların körpə mışıltısına qulaq asırdı. İndi milislər içəri girəndə uşaqlar yenə onun dizinin üstündə idi. Halay bəy uşaqları qucağından düşürtdü və təşvişlə gələnlərin üzünə baxdı.– Halay bəy, paltarını geyin, bizimlə gedəcəksən!

19957 мин
X fəsil, 3

Yazı masasının böyründə divardan asılmış telefon cingildədi. Kəsəmənli dəstəyi götürdü. Tanış və mehriban səs eşidib gülümsündü.– Salam, Abdal qağa, sabahın xeyir. Qulaq asıram.

19954 мин
Epiloq

Dünyaya çox buynuzlu-buynuzsuz cahangirlər gəldi. Biri özündən əvvəlkini bəyənmədi, o biri sonrakını. Biri dünyanı qana çalxaladı, o biri əmin-amanlığa çağırdı. Biri bəşər övladının min illər boyu yaratdığı qayda-qanunları zor ilə tapdaladı və ortalığa yeni həyat tərzi atdı. Yer kürəsini əlində fırladıb qan çanağına çevirən Hitler meydana çıxdı. Onun qarşısında Stalin dayandı, Ruzvelt, Çörçil, Mao-Tsze-Dun və De Qoll siyasəti dünyada baş alıb yeridi. Biri o birinin əleyhinə, biri o birinin tərsinə. Hamısı da ədalətdən, vicdandan dəm vurdu. Bütöv xalqlar tayqalara, Sibirə sürgün edildi. Başqa birisi hakimiyyətə gələrkən bu cəza alanları günahsız müqəssirlər adlandırdı, salamat qalanları yerlərinə- yurdlarına qaytardı. Onlara kömək etdilər.Sibir meşələrində qohumlarını və nənəsi Güllü xanımı itirdikdən sonra qürbətdə tək qalan Söhrab sarsılmadı. Meşəlikdə, kəndin kənarında, balaca bir təpənin döşündə, nəhəng şam ağacının dibində dəfn edilmiş Güllü xanımın hər gün qəbri üstünə gedib ağlayar və and içərdi ki, oxumağından qalmayacaq. Gündüzlər meşəyə, böyüklərlə birlikdə ağac doğramağa gedər, gecələr isə axşam məktəbində oxuyardı.

19956 мин

Стихи других поэтов