Страница 1 из 7

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.

Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

Vaqif ziyadə zövqü səfa əhli olduğu üçün gözəl mədhində xeyli mərğub və nazik şerlər yazmışdır ki, onların cümləsi qəlbdən nəşət edən hissiyyatdır ki, oxuyanlara dəxi sirayət edib, onları şövqü həvəsə gətirir. Molla Pənah artıq fəsih və şirinzəban və hazırcavab bir vücud imiş ki, hər qisim mətləbi öz məqamında, münasibi-hal söylər imiş. Onun həməsri aşıq Əli Qaracadaği Kəlibəri Molla Pənahı bu gunə tərif edibdir:

Bu gövhər sözlərin, ey alicənab,
Tamam aşiqlərin səminə gəlmiş.
Fəsahətdə, bəlağətdə sənin tək
İnanma ki, ruyi-zəminə gəlmiş.

Bu əsrdə şairlərin xanisən,
Müdərrisə bərabərsən yəni sən,
Elmin mədənisən, gövhər kanisən,
Eşidənlər sözün dəminə gəlmiş.

Aşiq oldum bir qaməti-rənayə,
Onu sevdim, canım düşdü bəlayə,
Vallah, billah, sən düşdüyün sövdayə,
Artıq mən fəqirin sərinə gəlmiş.

Əli çəkər geçə-gündüz ahü zar,
Kəsildi müdara, getdi ixtiyar,
Vaqif olsun bu mənadən xəbərdar,
Mədinə kuyinə Səkinə gəlmiş.

Molla Pənahın əsli Qazax mahalından, bir rəvayətə görə Həsənsu kəndindən və qeyri bir rəvayətə görə Salahlı qəryəsindəndir. Axırıncı rəvayətin doğru olmağına bir para dəlillər mövcuddur. Belə ki, Molla Pənahın nəslindən indi də Slahlı qəryəsində vardır ki, "Mehdioğlu" ləqəbi ilə məşhurdurlar. Çünki Molla Pənahın babası Mehdioğlu adlanırdı və onlar Sarıqamış adlanan yerdə olurdular. Sarıqamış keçmişdə Salahlı qəryəsinin səfalı bir hissəsi idi. Məlum ola ki, Salahlı qəryəsi Molla Pənahın əsrində özgə bir məkanda idi. Onun mövqeyi Kür çayının sağ tərəfi idi və özü də çaya çox yavuq idi. Müruri-əyyam ilə yaz fəslində məzkur çay daşdıqca Salahlı kəndini basıb və qumsal yerləri yuyub və orada olan dam-daşları uçurub tələf edib. Ona binaən Salahlı əhalisi əvvəlki yurdlarını tərk edib kənara açıqlığına çıxıblar və bu halda basəfa yerdə özləri üçün gözəl təmirat tikdirib orada olurlar.

Molla Pənahın Salahlı qəryəsindən olmağına öz yazdığı şerlər dəxi şəhadət verir. İbrahim xan bir vaxtı Tiblisə səfər edəndə Molla Pənahı dəxi özü ilə aparıb və əsnayi-rahda Molla Pənah xandan izn alıb, öz vətənini və qohum-əqrəbasını ziyarət etmək üçün gəlibdir. Və lakin burada bir neçə gün iqamət etdikdən sonra öz əhlü əyalının müfariqətinə tab gətirməyib, münasibi-hal bu fərdləri deyibdir:

Vətən xoşdur, deyə, Vaqif, məni çəkdin Salahlıya;
Nədir onda səlahın kim, çü yari-canfəza yoxdur.
Əzəl başdan şəkərləblər olurdu Sarıqamışda,
Gəlib sordum sorağın, şimdi onlardan səda yoxdur.

Hicrətin 1172-ci ilində--ki, tarixi-məsihiyyənin 1759-cu sənəsinə mütabiqdir,--Gürcüstan padşahı İrakli xanın vaxtında və Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquuna görə Qazax mahalından bir neçə elat Gürcüstan hökumətinin zülm və təəddisindən təngə gəlib, Qarabağ vilayətinə köçüb gediblər. Məzkur elat bunlardır: Qaraçarlı, Cinli, Salahlı, Dəmirçihəsənli, Qızılhacılı, Qaraqoyunlu, Alpaut, Səfikürd, Boyəhmədli, Kəngərli, Xəlfəli və qeyriləri. Bu köçmək elat içində "eldöndü" adlanır. Məzkur elatın təmamisi köçməyib, onlardan bəzi oymaqlar öz vətənlərində qalmağı qürbət vilayətə köçməyə tərcih ediblər.

Molla Pənah dəxi öz obası ilə müttəfiq Qarabağa hicrət edib Cavanşir mahalında sakin olur. Məlum ola Qazaxdan köçən obaların çoxusu Cavanşir mahalında Tərtərbasarı özləri üçün məhəlli-iqamət intixab ediblər. Molla Pənah bir neçə vaxt təzə vətənində qalıb, oradan Şuşa şəhərinə azim olur. Əvvəl vaxtlarda Molla Pənahın məaşı çox təng keçirmiş. Bu barədə həzl təriqi ilə münasibi-hal bu şerləri yazıbdır ki, onun pərişan halını və şikəstə xatirini eyni ilə bəyan edir:

Bayram oldu, heç bilmirəm neyləyim.
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə,
Xalq batıbdır noğla, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcəmalımız var,
Vaqif, öyünmə ki, kamalımız var.
Allaha şükür ki, kamal da yoxdur.

Molla Pənah ziyadə maddəli, elmli və zirək bir adam olduğuna görə, əlbəttə, həmişə zillət və üsrət ilə güzəran etməyəcək idi. Onun ağır günləri və kasıblığı tezlik ilə xeyrə və xoş günə mübəddəl oldu. Qala şəhərinə varid olandan sonra Molla Pənah, bəzi rəvayətə görə, indiki Saatlı məhəlləsində təlimi-ətfal üçün bir məktəb açır. Şuşa şəhərində əvvəl güşad olan Molla Pənahın məktəbi olubdur. Burada Molla Pənah uşaqlara dərs deməyə məşğul olub, yavaş-yavaş təzə bina olunmuş şəhərdə özünə dost və aşina cəm eləyir. Öz fitrət və qabiliyyəti sayəsində az vaxtda şöhrət və hörmət kəsb edib, Qarabağın əyan və əşrafı arasında mötəbər və ləyaqətli adamlardan birisi hesab olunur.

İbrahim xanın müqərrəblərindən bir nəfəri onun yaxın dostu imiş və xanın sarayında olan əhvalatdan hər dəm Molla Pənaha söylərmiş. Molla Pənah artıq həvəs və diqqətlə haman əhvalata və xandan sadir olan hökm və əmrlərə qulaq asarmış. Bir dəfə xanın bir şikayətçiyə etdiyi ziyadə biməzmun və gülünc binagüzarlığını Molla Pənah eşidib, öz xəyalından keçirir ki, mən tezlik ilə gərəkdir xana müdəbbir və məsləhətçi olam. Və filhəqiqətə çox çəkmir ki, Molla Pənahın tərif və tövsifi xanın qulağına çatıb, onu hüzuruna dəvət eləyir və xan mollanın elmü kəmalına və adabü əxlaqına diqqət yetirəndən sonra onu bəyənib, eşikağası mənsəbini ona verir və sonralardan Molla Pənahın kəmalının dərəcəsini və sahibi-əqlü tədbir olmasını anlayıb, onu özünə əvvəlinci müdəbbir eləyir. Belə ki, xanın cəmi işlərinə dəxlü təsərrüfü olur.

Molla Pənahın Qarabağa--İbrahim xanın qapısına düşməyinə özgə bir rəvayət də budur ki, Molla Pənah Daşsalahlıda məşhur Şəfi əfəndidən elm təhsil edir imiş. Daşsalahlıda molladan bir xəta üz verməyə görə, orada artıq qala bilməyib gedir yaylağa. Çün o vaxtı yay mövsümü imiş. Şəfi əfəndi Molla Pənahın dağa getməyindən xəbərdar olub izhari-təəssüf edir ki, heyfa ki, Molla Pənah elmini tamam eləmədi və öz arvadına deyir ki, son axırda eşidərsən ki, Molla Pənah böyük bir şəxs olacaqdır. Çünki o, çox zirək, maddəli və cövhərli adamdır.

El dağdan enəndə Molla Pənah vətəninə qayıtmayıb, Gəncə tərəfə azim olur və orada Şah Abbas məscidinin canibindəki hüceyrələrin birisində özünə sığınacaq tapıb yenə başlayır təhsili-elmə məşğul olmağı. Bu heyndə Qazax mahalından bir qarının oğlu Cavad xanın əmri ilə Gəncədə dustaq imiş. Arvad məscidə gəlir ki, xana ərizə yazdırıb versin, taki xan onun oğlunu azad eləsin.

Molla Pənah qarının ərizəsini yazıb verir və ona bərk tapşırır ki, xan soruşsa, deməsin ki, ərizəni kim yazıbdır.

Qarının ərizəsi Cavad xana ziyadə xoş gəlir və ondan soruşur ki, bunu kim yazıbdır. Qarı əavəlcə cavab vermir. Amma xan təkid edəndən sonra Molla Pənahı nişan verir. Xan Molla Pənahı hüzuruna çağırıb, ondan soruşur ki, bu ərizəni sənmi yazıbsan? Molla cavab verir ki, bəli, mən yazmışam. Xan ona tapşırır ki, bundan sonra mənə hər nə ərizə yazılsa, tamamını sən yaz və hər birinə bir qızıl qələmhaqqı al və Molla Pənah bu sayaq edirmiş. Bir neçə vaxtdan sonra İbrahim xan Gəncəyə Cavad xanın mülaqatına gəlibmiş. Burada İbrahim xan Cavad xandan bir qabil mirzə təmənna edir. Cavad xan Molla Pənahın elm və məharətini ona tərif edib, öz qonağına mirzə verir və ona tapşırır ki, oradan mərhəmət nəzərini kəsməsin. İbrahim xan xoşhallıq ilə onu qəbul edib, özü ilə Qarabağa aparır, orada onu özünə ən müqərrəb şəxslərdən birisi edir.

Amma bizim anladığımıza görə, əvvəlki rəvayət gərəkdir artıq səhih olsun və Əhməd bəy Cavanşir dəxi Molla Pənahın barəsində rus dilində yazdığı bir fəqərə ona şəhadət verir ki, Molla Pənah öz elatı ilə XVIII əsrin əvaxirində Qazax mahalından köçüb Qarabağa gəlmişdi. Əvvəl dəfələrdə Mollanın artıq üsrət ilə güzəran etməyini Əhməd bəy də təsdiq edib, sonralardan onun öz elm və mərifəti səbəbindən xana müqərrəb olmasını göstərir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ağaməsih Şirvani

Ağaməsih Şirvani Mustafa xanın zəmani-hökumətinin ibtidasında Şirvanda olurmuş, özü də kamil bir vücud imiş; təbi-şeriyyəsi də var imiş. Ağaməsihin nəslindən indi də Şamaxıda vardırlar. Belə ki, möhtərəm ədibimiz Sultan Məcid Qənizadənin mərhum şair dördüncü babası hesab olunur.Ağaməsih Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin müasiri olduğuna görə, əşar və tərzi-kəlamı onlarınkına artıq dərəcədə bənzəyir. Məşhur qövlə görə, Ağaməsih hicrətin on üçüncü əsrinin ibtidasında İranda vəfat etmişdir. Mirzə Yusif Qarabağinin məcmuəsində Ağaməsih Şirvaninin kəlamından bir müxəmməs və bir müəşşər təb olunmuşdur və bunlardan əlavə Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov həzrətlərinin "Məcmuə"sində Ağaməsihin bəzi kəlamı yazılıbdır. Onlardan nümunə üçün bir neçəsi burada zikr olunur.

19256 мин
Asəf Şirvani

Asəfin aşağıda yazılan qəzəllərindən onun xoştəb zə şirinkəlam bir şair olduğu anlaşılır.Qəzəli-Asəf Şirvani:

19251 мин
Ağaismayıl Zəbih

Ağaismayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir.Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir.

192513 мин
Cəfərqulu xan "Nəva" təxəllüs

Mərhum Cəfərqulu xan İbrahim xanın böyük fərzəndi Məhəmmədhəsən ağanın oğludur. Məhəmmədhəsən ağa isə ziyadə nəcib, fərasətli və ləyaqətli bir şəxs imiş. İbrahim xan onun xatirini əziz tutarmış və özünə onu vəliəhd təyin edibmiş. Vəli İbrahim xan hənuz sağ ikən oğlu Məhəmmədhəsən ağa dari-üqbayə rehlət buyurdu və İbrahim xan general Tesvidayevin vasitəsilə Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis təsdiq etmək fərmanını xahişmənd olmuşdu və tarixi-islamiyyənin 1221-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1806-cı sənəsinə mütabiqdir,--Mehdiqulu xan imperator fərmanı ilə külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim təyin olundu.Məlum olsun ki, Cəfərqulu xan babası İbrahim xanın hali-həyatından aşikarən varislik iddiası etmirdisə də, amma qəlbində bu arzu və başında Qarabağa hakim olmaq fikri var idi. Zəmani ki, imperatorun fövqdə zikr olunan fərmanı yetişdi, Cəfərqulu xan məyus və mükəddər oldu və o vaxtdan sonra onunla əmisi Mehdiqulu xanın arasında həmişəlik bir küdurət və ədavət vüqua gəldi və Cəfərqulu xan çox hiylə və dəsisələr və pürfəsad tədbirlər işlətdisə də, nəticəbəxş olmadı və bəlkə özü müttəhim olub "gözdustağı" halında Petroqrada aparıldı və orada bir müddət qalandan sonra generallıq çini alıb Qarabağa müraciət elədi.

192512 мин

Стихи других поэтов