Страница 1 из 12

Qasım bəy Zakir Qarabağın mümtaz nücəbalarındandır. Onun atası Əli bəy, Əli bəyin atası Şahverən bəy və onun atası Kazım ağadır ki, Şuşa şəhərinin banisi məşhur Pənah xanın doğma qardaşı Hüseynəli ağanın oğludur.

Qasım bəy təvəllüd edibdir hicrətin 1199-cu tarixində--ki, tarixi-məsahiyyənin 1784-cü sənəsinə mütabiqdir, -- Şuşa şəhərində. Təlim və tərbiyəsi haman şəhərdə olubdur. Өz əsrü zamanının övsafü əhvalına görə çəndan elmü kəmal əxz etməyə müvəffəq olmayıbsa da, türk və fars dillərini layiqincə təhsil edibdir.

Məhəlli-süknası yay fəslində Tanyaq və ya Şuşa qalası olarmış. İlin sair fəsillərini özünə mütəəlliq Xızırıstan qəryəsində keçirərmiş. Qasım bəyi görənlərin, o cümlədən mən fəqirin atası mərhum Əhməd bəy Köçərlinin rəvayətinə görə, o zati-şərif xoşsurət və xoşsima, ağ bədənli, uca qamətli, zəifülbünyə bir vücud imiş. Göyçək, ağıllı və göy rəngə mail gözləri var imiş. Simasından, hərəkət və süknasından asari-nəcabət və rəşadət görünərmiş. Danışığı fəsih və sövtü dilkəş olmağa görə, çoxları özünə mail edərmiş və o danışanda ona qulaq asmamaq olmazmış. Bir az tündməzac olduğu üçün tərpənişində dəxi çapüklük görünərmiş. İnsaf və mürüvvətdən xaric sözlər və işlər şairi təbii halından çıxarıb, onun qeyzü hiddətinə səbəb olarmış. Amma acığı tez sönüb tövbə və istiğfar edərmiş. Adəti halında ziyadə xoşxülq, həlim, rəhimli və mürüvvətli bir adam imiş, sahibi-əqlü tədbir. Buna şahid şairin öz kəlamı da ola bilər:

Tanır məni məcmuyi-otuz iki Cavanşir,
Bir mərdi-xoşəxlaqəmü həm sahibi-tədbir.

Rövşəndi qamu aləmə zatımda xudavənd
Xəlq eyləməyib mu qədəri hiyləvü təzvir.

Eyməndilər əzbəs ki, olub ram, rəm etməz
Gördükdə məni badiyədə ahuyü nəxcir

Əl vurmazam əsla sipəri-dəfn-bəlayə,
Yağdırsa kamandar fələk qəsdimə səd tir,

Və lakin şairin belə gözəl xülqü və xoş rəftarı və təbiətində olan mülayimət və təvazö və həmçinin onun əqli-səlimi və hüsni-tədbiri onu xətavü bəladan eymən saxlaya bilmədi.

Şair bir işdə müttəhəm olub -- ki, təfsili aşağıda zikr olunacaqdır,--çox böyük bəlalara və cəfalara giriftar oldu və əgər bəzi alinəsəb və alihimmət və qədirşünas möhtərəm şəxslər Zakirə lazımi kömək göstərməsə idilər, yəqin ki, şair dəxi də ziyadə fəna hala düçar olub, Qazax şairi Mustafa ağa Arif kimi cani-əzizini Rusiyanın soyuq və qarlı çöllərində puç və zay edəcək idi.

Əhvalat bu üzrədir ki, Qasım bəyin qardaşı oğlanlarından bir nəfəri -- Behbud bəy ismində qaçaqlığa və quldurluğa qurşanıb, Qarabağ vilayətində bir çox şuluqluq və binizamlıq və fəsad törədir. Bir neçə həsud və bədxahların təhrik və iğvası ilə ol vaxtın divanbəyisi Qasım bəydən müştəbeh olub, ondan şaki və mütalibəçi olur və Behbud bəyin qətlü qarətində Zakirin uşaqları da müttəhəm olunur.

Ol vaxtın divanbəyisi knyaz Tərxanov xeyli kuşiş və tədbirdən sonra Behbudu həlak etdirir; evini və malını dağıdıb tar-mar elədir və Mustafa bəyi --ki, Behbud bəyin qardaşı idi, -- bir neçə adamlar ilə əsir edib Şuşa qalasına göndərir (sonradan haman Mustafa bəyi Tərxanov işqola qoyub, ona təlim və tərbiyə verdiribdir).

O neçə adamlar ki, müttəhəm olunmuşdular, onların içində mərhum Qasım bəy dəxi var imiş. O pişnəhad etdiyi sübut və dəlayilə ümənayi-dövlət mültəfit olmayıb və onun haqqında bədgüman olub, özünü və oğlu Nəcəfqulu bəyi və qardaşı oğlu İskəndər bəyi Sibiryaya göndərməyə qəti surətdə hökm verir, əyalü ətfalını Şuşa məhbəsxanasında dustaq, malü əmvalını tarac etdirir, Xızırıstan kəndini dağıdıb zir-zəbər qılırlar.

Bu zülmü şərarət və xilafi-qanun işlər Zakirə həddən ziyadə təsir edib, onu pərişan və digərgun eləyir. Bir tərəfdən illər ilə cəm qıldığı malü dövlətinin tarümar olmağı, digər tərəfdən əbəs yerə hörmət və abrunun getməsi, düşmənin tənü şəmatəti yazıq kişinin yüz illiyini geri salır.

Bu böyük müsibət Zakirə üz veribdir məhərrəm ayında hicrətin 1272-ci tarixində. Ol vaxt şair müsinn halında imiş, ömründən altmış yeddi il keçir imiş. Cənab Nəvvab öz «Təzkirə»sində və cənab Məhəmməd ağa Müctəhidzadə «Riyazül-aşiqin»də sinnü salı təyinində bir növ səhv etmişlər. Hər halda Zakir altmış beş sinnində vəfat etməyibdir və tarixi-vəfatı 1271-ci sənədə olmayıbdır, ondan çox sonra vaqe olubdur. Buna şahid Zakirin öz kəlamıdır. Başına gələn müsibəti gözəl bir tərkibbənddə bu minval nəzmə çəkib zalimlərdən şikayət eləyir:

Bu mahi-məhərrəmdə dü si həft mana sal,
Müddətdi ki, pərqu kimi əbyəzdi pəru bal.

Şahiddi xudavəndi-təalavü təbarək,
Tərpətməmişəm mən süxəni-nahəqə saqqal.

Haşa yetirəm bir kəsə asibü məzərrət,
Gər eyləmzsən bu sözümə bavər, o jurnal!

Ta gördüm o bədbəxt[1] olub həmrəhi-gümrah,
Halatı müfəssəl yazıban eylədim irsal.

[1] Bədbəxt -- Behbud bəyə işarədir.

Labüd qalıb oidan sora dönə-dönə etdim
Tərğib onun dəfinə bu zalımı filhal.

Guş eyləməyib pəndi-xirədməndi o nakəs,
Axır qoşulub bir-birinə bir neçə cühhal.

Hər kimə düçar oldu, tutub basdıvü kəsdi,
Verdi özünü küncə tamam murovi-mahal.

Beş-altı kəm-alat cavan ilə olurmu
Hifz edə vilayatı məni- piri-bədiqbal?!

Düşmən sipəhi tək bir obanın yoxü varın,
Bir həftə qalıb eylədi məcmuunu pamal.

Ərradəyə yığdırdı qamu əhlü əyalı,
Səqfi-fələyə çıxdı o gün naleyi-ətfal.

Həccacü Өmәr-Səd deyildi belə birəhm,
Ol .... bicliyinə hiç yox işkal.

Bəd kar həramtuşədən əsla iraq olmaz,
Bic olmayanın zülmü olur, bu sayaq olmaz!

Şairin sözlərindən belə anlaşılır ki, biçarə öz bədbəxt bəradərzadəsini -- yəni Behbud bəyi düzlüyə irşad edib, nə qədər ona öyüd və nəsihət veribsə də ki, pis yoldan daşınsın, mərdümazarlıq etməsin və xalqa zülmü və sitəmi rəva görməsin, amma mərhumun nəsihəti xudsər və bişərm Behbuda əsər etməyibdir və axırda Zakir naəlac qalıb, əhvalatı müfəssələn yazıb lazım olan yerə göndəribdir.

Və lakin divan əmələsi Behbudun qorxusundan murovi-mahal ilə qaçıb özlərini küncə verirlərmiş. Bu tamahı çox, hünər və cürəti yox olan divan qulluqçularının barəsində haman tərkibbəndində belə yazıbdır:

Gün kimi tutub aləmi bu şöhrəti-bica,
Divan əmələcatına yox ədldə həmta.

Vallah, yalandır, dəxi billah, yalandır,
Şol söylənən əhval quru ismdir əmma.

Keyfiyyəti-məlumdən ötrü mən özüm də
Bir neçə biladi elədim seyrü təmaşa.

Yüz təşnələbi-qəhr olasan, xadimi-dövlət
Verməz bir içim su sənə ta almaya dərya.

Simü zər ilə doldurasan ta gərək ovcun,
Ondan sora zahir qıla şayəd yədi-beyza.

Suzü təbişi-nari-səqər gərçi yamandır,
Əhli-qələmin gəl-gedinə bənzəyə haşa!

Yeksər həmə təmmavü bədətvarü dilazar,
Bunlar kimi məxluq cahan içrə yox əsla,

Hər kimsə ki, düşdü tora, müşküldü xilası,
Çəkməzlər əl ondan, şirəsin sormayalar ta.

Hər nəfsə nüzuli-mələkül-mövt nə hacət,
Bəs ariz üçün vədeyi-fərda, pəsi-fərda.

Düşməz buların səmtinə ta ruzi-qiyamət
Təklə Hacı Qurbani görən kəs dəxi qəta.

Tutmuşdu Qarabağı zərü simü dəvabı,
Tapmaz minə bir yabı gedə qonşuya hala.

Divan demə, hərgiz buna kim, afəti-candır,
Mən söyləmədim, nola ki, məşhuri-cahandır.

Tərkibbəndin bu bəndində Zakir divan əmələcatının qüsurunu şairanə zikr edib, onların əvamün-nasə etdiyi zülmü sitəmi göstərir. Burada cayi-təəssüf və heyrət budur ki, altmış-yetmiş sənə bundan irəli divan xidmətçiləri xəlayiq ilə nə növ rəftar edirmişlərsə, indi də o gunə rəftar etməkdədirlər. Bu müddəti-mütəmadiyədə -- ki, az qalıbdır tamam bir əsr etsin, -- onların əxlaqü adabında bir təbəddülat, bir tərəqqi əsəri müayinə olunmur.

Zahirdə ədalət və sədaqət məmurları və zakon tərəfdarları adlanırlarsa da, əsl həqiqətdə əhli-zələmədirlər. Şüğlü sənətləri şərarət və fəsad törətməkdir, xilafi-qanun və ədalət işlər etməkdir. Hər qism fənnü fürcələri xalqın malını yemək və özünü avamlıqda saxlamaq dairəsində işlənir. Dəryalarca verməsən, bir içim su almaq sənə müyəssər olmaz; qızıl və gümüş ilə ciblərini doldurmasan, işin yeriməz və muradına çatmazsan. Onların tamahı həzrət Əli Zülfüqarından kəskinraqdır. Bədbəxt o kimsənədir ki, onların toruna düşə. Onun tamam şirəsini çəkməmiş, onu xilas etməzlər. Təkləli Hacı Qurbanın gününə salmayınca yaxasından əl çəkməzlər. Necə ki, bir vaxt onun malü dövləti bütün Qarabağı tutmuşdu, amma indi divan toruna düşəndən bəri bir yabı da tapmır ki, minib qonşuya getsin.

Hər şeydən bədtəri və ürək sıxıntısı verəni əhli-qələmin get-gəli, fərda-pəsfərdasıdır. Ərizəçi üçün bu get-gəl nüzuli-mələkül-mövtdən bədtərdir. Odur ki, şair dəruni-qəlbdən onların haqqında deyibdir:

Divan demə hərgiz buna kim, afəti-candır,
Mən söyləmədim nola ki, məşhuri-cahandır.

Divan əmələcatının hücumundan sonra Zakir keçir o şəxslərin zəmminə ki, onun bu bəlalara düçar olmasına öz səltənətləri ilə filcümlə bais olublar və onlardan, xüsusən, birisinin ki, fəsadçılar babasıdır və şair ilə onun şəxsi ədavəti var imiş, belə nəzmə çəkir:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs

Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:

192521 мин
Molla Pənah "Vaqif" təxəllüsləri

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

192548 мин
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 мин
Şirvan və Şamaxı

Şeyx Nizami böyük şairlərdən birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzünə az gəlibdir. Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir. Onun cümləyə məşhur olan "Xəmsə"si ki, ona "Pənc gənc" dəxi deyilir, bimisil və binəzir əsərlərdir ki, həqiqətdə xəzinə malıdır. Bəzi rəvayətə görə, Nizami Qum şəhərində təvəllüd edib nəşvü nüma tapdıqdan sonra Gəncəyə gəlibdir və burada ömrünün axırına kimi qalıbdır. Amma səhihi budur ki, onun ata-babası Qumdan Gəncəyə gələn zaman Nizami hənuz dünya səraçəsinə ayaq basmamışdı və ol gövhəri-pakın təvəllüdü Gəncədə hicrətin 520-ci sənəsində vaqe olmuşdur."Atəşkədeyi-Azəri"də və Ş. Sami bəyin "Qəmusül-əlam"ında Şeyx Nizaminin şəhri-Gəncədə anadan olması sərahətən yazılmışdır. Ədibi-şəhir Müsyö Şerr "Tarixi-ədəbiyyati-ümumi" əsərində Şeyx Nizaminin Gəncədə təvəllüd etməsini təsdiq edir. Bu cəhətə şair "Nizami Gəncəvi" deyilməklə mərufdur. Belə olan surətdə çox ehtimal var ki, Nizaminin anası Gəncəli qızı olmuş ola. Necə ki, bu halda İran təbəəsindən çoxları Qafqaziyaya gəlib, burada evlənib, əhl-əyal sahibi olub kök salırlar, həmçinin sabiqdə dəxi İran dövlətinin hər bir yerlərindən Qafqaz torpağına mühacirət edənlər çox olurmuş və burada İran mədəniyyətini, İran adabü ayinini intişar edirlərmiş. Ol vaxtdan bəridir ki, fars dili və fars ədəbiyyatı bizim vətənimizdə şöhrət və özü üçün böyük hörmət və əhəmiyyət kəsb edibdir. Vəli Şeyx Nizami Qafqaz qitəsində vücuda gəlibsə də, əslən iranlı olmağını inkar və nisyan etməyib "İqbalnamə"sində buyurmuşdur:

192510 мин

Стихи других поэтов