Страница 3 из 5 · 40%

Şahidi-xəlvətnişinim etdi ruxsarın əyan,
Aşiqi-divanə gəl gör zahirü ixfa nədir!

Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin,
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?

Nəbatinin bu şerləri Şəms Təbrizi əleyhirrəhmənin aşağıda yazılan kəlamına çox bənzəyir. Təfavüt ancaq bundadır ki, Nəbatinin kəlamı rindanə və aşiqanə, amma Şəms Təbrizinin kəlamı həkimanə və fəlsəfanə əsərlərdir. Nəbatinin kəlamındakı atəşi-eşq, cuşi-zövq və şövq qareini vəcdə gətirir, Şəms Təbrizinin kəlamı isə onları dərin fikir və əndişəyə salır.

Budur Şəms Təbrizinii kəlamı:

Ruzha fekre-mən inəst, həme şəb soxənəm
Ke, çera ğafel əz əhvale-dele-xiştənəm.
Əz konça amədeəm, amədənzm bəhre-çe bud,
Bekoca mirəvəm, axər nənəmai vətənəm.
Kist dər quş ke, u mişənəvəd avazəm,
Ya kodaməst soxən mikonəd əndər dəhənəm.
Kist dər dide ke, əz dide birun minekərəd,
Ya ke, canəst nəquyi ke, mənəş pirəhənəm.
Mən bexod namədəm inca ke, bexod baz rəvəm,
An ke, avərd məra baz borəd bər vətənəm.
To məpendar ke, mən şer bexod miquyəm,
Ta ke, hoşyarəmo bidar yeki dəm nəzənəm.
Şəms Təbrizi, əgər ruy bema benəmayi,
Vəllah in qalebe-mordar behəm dər şekənəm.

Məşhur çarparəsində Nəbati püxtə və arif olmağa və mürği-Qafla həmzəban olub uca məqamlarda dövr etməyə və kuyi-eşqə dəlil bulmağa və nəqşi-bütdə sirri-vəhdəti görməyə və dünyanın çigunəliyinə məlumat yerişdirməyə çox səfər, təcrübə, bilik, məhəbbət, cürət və tərkisərlik lazım olmağını şairanə bəyan edib deyir:

Get dolangilən, xamsən hənuz,
Püxtə olmağa çox səfər gərək.
Mürği-Qaf ilə həmzəban olub,
Dövrə qalxmağa balü pər gərək.

Kuyi-eşqə gəl getmə bidəlil,
Quli-dəng təx düşmə çöllərə.
Ta ki, salikə rəhnümun ola,
Xizri-rəh kimi rahbər gərək.

Yox, yalan dedim, hərzə söylədim,
Vazehin deyim, doğru söyləyim,
Həqqə arifi vasil etməyə
Bir dodaqları xam şəkər gərək.

Zülfi-ənbərin, xali-nazənin,
Qönçə tək dəhan, qaşı cansitan,
Mahi-biqərin, şahi, gülruxan,
Nəstərən kimi simbər gərək.

Lalə tək üzü al yanaq ola,
Tazə gül kimi tərbuxaq ola,
Bir günəşqabaq, xoşməzağ ola,
Şux sərvqəd, zərkəmər gərək.

Həminan ola mehrü mah ilən,
Həmzəban ola nurü nar ilən,
Nitqi dilgüşa, ləfzi canfəza,
Gənci-sinəsi pürgöhər gərək.

Həqqə aşina, xəlqdən cüda,
Eyləmiş ola nəfyi-masəva,
Həyyi-lamyəzəl, fərdi-biməsəl,
Ol Məsih tək bipədər gərək.

Qoygilən qədəm deyrə lacərəm,
Nəqşi-bütdə gör sirri-vəhdəti,
Bu çigunədən vaqif olmağa
Bir cünuni-həq, mərdi-ər gərək.

Az danışgilən, olgilən xəmuş,
Etmə aləmə sirri-eşqi faş,
Burda durma çox, keç bu vərtədən,
Bu məqulə söz müxtəsər gərək.

Mən qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O, əbəs yerə xəlq olunmayıb,
Bağbanə bir kəlləxər görək.

Ciddü cəhd qıl, arif ol, gözüm,
Elmi-eşqdən olma binəsib,
Cum bu bəhrə bir, tap bu gövhəri,
Aşiqəm deyən tərki-sər gərək.

Rah pürxətər, bəxt vacgun,
Zülfi-yar tək şəb siyahgun,
İndi qeybdən Xançobanına
Nəxli-Turdən bir şərər gərək.

Ya Əli, məni cami-eşqdən
Bir kərəm qılıb öylə məst qıl --
Kim, desinlə xəlq lal oturmağa,
Bu Nəbati tək bəxtəvər gərək.

Nə qədər ki, mərhum Seyid Əbülqasım müttəqi, haqpərəst bir zat imiş və nə qədər övqatını ibadət və riyazətdə keçirməyi sevərmiş, bir o qədər də bimərifət və biməhəbbət ibadəti, riyayi və zahiri zöhdü təqvanı dost tutmaz imiş, "bismillahı dərk et(mə)miş həm də şərh verən" abidi-fasiqə və müfəttin vaizə canü dildən tən və nifrin oxuyarmış. Belə riyayi və yalançı zahidləri bəzi kəlamlarımda zahidlik isminə yaraşmayan sifətlə müttəsif qılmışdır:

Mən qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O, əbəs yerə xəlq olunmayıb,
Bağbanə bir kəlləxər gərək.

Və həmçinin məhəbbəti-ilahidən bixəbər və mərifəti-rəbbanidən bisəmər abidlərə xitabən demişdir:

Zahid, az danış, get, gözümdən it!
Eşqdən məni çox da danlama,
Mən məgər əbəs olmuşam dəli,
Bir o "mim"ü "dal", "ba"vü "ra"yə bax,

Məndən ət götür, ey uzunqulaq!
Zöhd satma çox, ey himar, məhz!
Dur ayağa bir, aç o kor gözün,
Bir o gözləri sürməsayə bax!

Burada Nəbati:

Mən məgər əbəs olmuşam dəli,
Bir o "mim"ü "dal", "ba"vü "ra"yə bax --

— şerində ona işarə edir ki, ruzi-əzəldən müdəbbiri-ləmyəzəl (Y"YY Y ^YY) — ki, ibarət ola qadiri-zülcəlaldan, — onun xəmirəsini məhəbbətlə yoğurub, mərifət nuru ilə münəvvər qılıbdır, bərgüzidələr silkinə daxil və dünya qeydindən xilas və biehtiyac eləyibdir. Necə ki, özgə bir məqamda şair deyir:

Təbbali-qəza döydü mənim adıma axir

Bu təbli-cununu.
Səhrayə salıb etdi məni kuhdə məskun,

Bu gərdişi-gərdun.

Və habelə şair eşq əhlinin ustadı və sərxeyli olan Məcnuni-zəbunu və sonra Fərhadi-bimuradı yada salıb özünü dəxi onların silkinə daxil edib və hətta Fərhadi-qəmpərvərdən özünü artıq tutub deyir:

Əlminnətü-lillah oxudum elmi-lədünni

Ustadi-əzəldən.
Feyzi-nəzəri etdi məni qabili-əsma,

Çün Xizri-müəlla.
Əfsus ki, aləmdə deyil dağ çapan oğlan

Fərhadi-hünərmənd,
Təlim edəydim ona mən dərsi-"səmina"

Ta ayeyi-"övfa".
Məcnun idi eşq əhlinin ustadı, həqiqət,

Pirimdən eşitdim.
Əfv eylə günahın sən onun, bari-xudaya,

Ovsilhu bi Leyla.
Hərçənd qaradağlıyam, yoxdu kəmalım,

Müşküldü kəlamım,
Hər fərddə məsturdu bir dürri-müsəffa,

Yüz lölövü lala.
Yandı ciyərim, bəsdi, fəğan etmə, Nəbati,

Bir ləhzə tut aram.
Səhrayi-cünun içrə ol azadədil, amma

Tut daməni-mövla.

Və yenə Nəbati riyakar zahidin söhbət və ülfətindən peşman olub və yaxasını kənara çəkib deyir:

Mən hara, söhbəti-namaz hara?!
Məni azdırdı bu müsahibi-xam.
Dəftəri-eşqü babi-sövmü səlat,
Məbhəsi-xalü xət, rükuü qiyam.
Ey ələmdari-şahi-təşnəcigər,
Sənə qurban mənim atam-anam.
Hərə bir şahı sevmiş, əzəldən
Səni sevmiş Nəbatiyi-bədnam.
Gəh Əbülfəzlü gahi ya Abbas --
Deyərəm, eylədim sözü itmam.
Saqiyü camü şahidü gülü mül --
Bu idi, vəssəlam, vəlikram.
Gəl, gözüm, tut nəzərdə ol şahi,
Müxtəsər eylə, etmə çox ibram.
Qoy qədəm rahi-eşqə mərdanə,
Gir xərabatə məstü məstanə.

Aşağıda dərc olunan kəlamında Nəbati bir növ hali-dilini bəyan etmək üçün bəni-Haşim mahı, mənbəi-sövlətü şücaət Əliyyül-Mürtəza oğlu Həzrət Abbasdan mədəd tələb edir, xaməsinin tişeyi-Fərhaddan kəskin olmağını təmənna edir və divanəvər həlqeyi-zənciri meydani-tərəbdə silkələyib eşq ilə bir hay-huy çəkir. Bu əsnada şairin qulağına Hatifdən nida gəlir ki, ey Nəbati, mətləbin rəva oldu, xatiriki şad qıl! Və sonra münşiyi-divani-həqq şairə bu fərmanı verir ki, eşqdən lafü gəzaf vurub özünü eymə və aşiqəm demə. Bu yolda eşqi-məcazi yaramaz; bu yolda gərəkdir kərrat ilə canını bəlalara salıb, bərkidib polad edəsən və buteyi-ixlasda qəlbi-misi əridib iksiri-eşq ilə onu pak və saf qılasan və hər nisfi-şəbdə rahət yuxusundan ayılıb, əl-üzünə səfa verib, şövq ilə nami-xudanı vird edəsən, ta ki, bu minval ilə nəfsi-dunun köpəyi məqamında olan hirsü tamahı özünə ram edə biləsən və qəmkədeyi-üzlətə təbini mötad qılmağı bacarasan.

Vəqti ki, bu imtahanlardan çıxıb və şərbəti-təcriddən bir cam içib özünü həlqeyi-ürəfayə və daireyi-hükəmaya daxil elədin, onda sənə eşq tilsiminin qıfılı fəth olunar. Bundan sonra rahi-fənada sənin nəfsinə bircə təvəkkül kifayət edər, beşərti ki, su yerinə gözlərin yaşını Dəcleyi-Bağdad edib və yarın ətəyindən bərk yapışıb rahi-eşqdə müstəhkəm durasan. Bu halda aləmi öz əmrinə tabe edə bilərsən və xatirini zikrdən cənnəti-Şəddad qılsan da, vəsvəseyi-şeytan səni gümrah edə bilməz. Bundan sonra əgər Nəbati başqa məqamlarda səyahət etmək fikrinə düşərsə, onda onun başını temeyi-xəncər etməyə muxtarsan. Şairin öz kəlamına rücu edək:

Aşiqi-divanə, bir zümzümə bünyad qıl!
Xatirimi qüssədən bir nəfəs azad qıl!

Həlqeyi-zənciri bir silkələ, səslən yenə,
Eşq ilə bir hay-huy, şur ilə bir dad qıl!

Müddəti-axır bu ev bəzmgəhi-yar idi,
Heyfdi, bu mənzili yıxma, gəl abad qıl!

Mahəsəl, məqsədin yar idi məqsud əgər,
Başini bu damdə daneyi-səyyad qıl!

Ruzi-əzəl aşiqə qismət olub xuni-dil,
Bax mənə bir sədrini kureyi-həddad qıl!

Yoxdu bizim sazımız, tari-xoşavazımız,
Tök üzə əşki-rəvan, naləvü fəryad qıl!

Mahi-bəni-haşim ol Həzrəti-Abbasdən --
İstə mədəd, xaməni tişeyi-Fərhad qıl!

Müğbəçeyi-mütrübün burda yeri yox hənuz,
Ah çəkib dəmbədəm növhəvü bidad qıl!

Yetdi nida səminə Hatifi-lareybdən,
Mətləbin oldu rəva, xatirini şad qıl!

Münşiyi-divani-həqq yazdı bu fərmanı kim,
Bu neçə əbyatı da dəftərə irad qıl!

Laf urub eşqdən, adına aşiq demə,
Ya bu ki, bu rahdə canını fulad qıl!

Bu misi-qəlbi ərit buteyi-ixlasdə,
Vur ona iksiri-eşq, qabili-nəqqad qıl!

Nisfi-şəb olduqca dur əl-üzünə ver səfa,
Yatma dəxi, sübhə dək şövq ilə övrad qıl!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əbülüla Gəncəvi

Şüərayi-mütəqəddimin Əbülülanı "Ustadi-şüəra" ləqəbi ilə yad etmişlər; o cəhətə ki, həkim Xaqani və Fələki onun şagirdləri olub, fünuni-şer və bəlağətdə ondan təlim almışlar. "Atəşkədeyi-Azəri"də Əbülülanın Gəncə əhli olmağı zikr olunubdur. Hicrətin altıncı əsrinin axırlarında şirvanşahların əyyami-səltənətində "Məliküş-şüəra" adlanırmış. Şirvan şahı və onun fərzəndi Cəlaləddin Mənuçehr Əbülülaya lütf və inayət edib, xatirini əziz tutarlarmış və bunlar hər ikisi fəzlü kəmal əhlinə, xüsusən, şüəra və üdəba sinfinə artıq dərəcədə iltifat və ehtiram göstərməkləri səbəbinə onların seytü sədası hər yerə yayılmışdı və adları xeyir ilə zikr olunurdu. Necə ki, bu barədə Əbülülanın, Şeyx Nizaminin, Xaqaninin və Fələkinin divan və əşarında məzkur paşahların maarifpərvər olmaqları tərif və tövsif olunmuşdur.Belə rəvayət olunur ki, şahi-Şirvan və onun oğlu Cəlaləddin Mənuçehr Bəhram Çubinin nəslindəndirlər ki, Ərdəşir Babəkanın övladından mənsubdurlar. Əbülüla Xaqaniyə təlim və tərbiyə verəndən sonra öz qızını ona nikah ilə verdi. Vəli ustadının qızına Fələki dəxi müştəri imiş və bu işdən məyus və mükəddar oldu. Onun xatirini də ələ gətirmək üçün Əbülüla min dirhəm qızıl ona bəzl elədi. Ustadi-şüəra hicrətin 560-cı sənələrində sağ imiş. Altıncı əsrin axırlarında Gəncədə vəfat etmişdir.

19253 мин
Əlişir Nəvai Əmir Nizaməddin

Əlişir Nəvai hicrətin doqquzuncu əsrinin axırlarında yetişən cığatay (türk) və əcəm şüərasının ən məşhurlarındandır. Bu şair əslən cığatay türklərindən isə də, Azərbaycan şüərası arasında artıq hörmət və şöhrət kəsb etmişdir və onlara Nəvainin təsiri artıq dərəcədə olubdur. Buna da ümdə səbəb onun təbi-lətifindən törəyən asari-nəfisə və əşari-məmduhəsi olubdur ki, çox şirin və dadlı dil ilə rişteyi nəzmə çəkilmişdir. Əmir Əlişir fars lisanını dəxi əkməl vəchdə bilirmiş və fars dilində onun ziyadə mövzun və xoşməzmun kəlamları vardır. Türk və fars dillərinə dara olduğu üçün "Züllisaneyn" ləqəbi ilə müləqtəb olmuşdur.Nəvainin atası sülaleyi-teymuriyyədən Sultan Əbu-səidin vəziri olub oğlunun təlim və tərbiyəsinə artıq səy və diqqət yetirmişdir. Əmir Əlişir özü uşaqlıqda Sultan Hüseyn Bayqara ilə məktəb yoldaşı olub, əyyami-tüfuliyyətdə alinəsəb yoldaşından kəsbi-kəmal və əxzi-ədəb etmişdir. Sultan Hüseyn Bayqara Teymurləng övladından olub, 875-ci tarixdə Xorasan padşahı olmaqla Heratda təxti-səltənətdə əyləşmişdir. Əlişir əvvəlcə bir müddət Xorasanda və bəd Səmərqənddə təhsili-ülum və fünunə məşğul olub, hüsnxətt, rəsm, musiqi və nəqqaşlıq sənətlərində böyük məharət kəsb etmişdir. Amma bu fənlərin cümləsindən artıq onun meyl və şövqü şer deməyə və qəzəl yazmağa idi. Cavanlıq mövsümünün və şəbablıq əyyamının müqtəzasında dimaği-lətifi həvayi-hüsni-xəttü xal ilə, könlü badeyi-eşq ilə dolmuş ikən öz hisslərini gözəl şerlər vasitəsilə bəyan edərdi. Necə ki, Əlişir özü əyyami-şəbabda hali-dilini bu qərar üzrə təhrir qılmışdır: "Bu pərişan əczanın vərəqnigarı və bu aşüftə övraqın qissəgüzarı, möhnət peymanəsinin cürəçeşi və məlamət xümxanəsinin səbukeşi, şeydalıq məhəlləsinin rüsvası və rüsvalıq küçəsinin şeydası:

19259 мин
Gəncə

Gəncə şəhəri çox qədim və böyük şəhərlərdən birisi olduğuna onun ətrafındakı əsari-ətiqə şəhadət verir. Bu asar isə köhnə qəbiristanlıqlardan, əski təmiratın uçuq bünövrələrindən, əski qala və hasarların dağılmış divarlarından və bu növ sair əlamətlərdən ibarətdir. Necə ki, təvarixdə görünür, Gəncənin başında çox böyük hadisələr vüqua gəlmişdir, onun üstündə çox qanlar tökülüb, canlar fədaya getmişdir və müruri-əyyam ilə başıbəlalı Gəncənin yaxası əldən-ələ keçib, müxtəlif miləl və əqvamın yədi-təsərrüfünə düşmüşdür.Miladın yeddinci əsrində Gəncə erməni padşahlarından Tiqranın təhti-hökumətində ikən İran qoşunu onun üstünə hücum edib, əhalisini məğlub və şəhəri təxrib qılmışdır. Haman bu yeddinci əsrin əvaxirində Gəncə İran dövlətinin ixtiyarından ərəblərə keçib və ərəblərin bu yerlərdə xəzərlər ilə bir çox böyük dava və qırğınları vüqua gəlmişdir. Tarixi-miladın 1138-ci sinəsində vüqui-zəlzələdən şəhər bilmərrə dağılıb, sabiqi yerindən qeyri bir məhəllə nəql olunmuşdur. On dördüncü əsrin axırlarında Teymurləngin hücumundan yeni bina tutmuş şəhər dübarə viran və əhalisi pərişan olmuşdur. Tarixi-məsihiyyənin on altıncı əsrində Gəncə yenə İran dövlətinə tabe olur və on yeddinci əsrin ibtidasında Şah Abbas Səfəvi şəhəri indiki məhəllinə köçürüb, möhkəm və xoşsəliqə binalar yapmaqla onu xeyli abad edir və İranzəmindən Azərbaycan türklərindən çoxlu evlər köçürdüb Gəncəyə gətirdir. Bu türklərin səy və ehtimamı və təmirat işlərində onlara məxsus olan məharət və qabiliyyətləri sayəsində şəhər az bir vaxtın içində zayidə, məmur və abad olunur. Şəhərin ortasında Şah Abbas ali və müzəyyən bir cameyi-şərif yapdırıb, müdərris və tələbələr üçün onun ətrafında hücrələr tikdirir. Bu məscidin əmsalı indi də nadir tapılır. Camenin özünün və onda təhsil edən tələbələrin idarə və məxarici üçün böyük və vəsi bir karvansara tikilib vəqf olunmuşdur.

19254 мин
İbrahim İbn Əliyyün-Nəccar Xaqani

Şirvan vilayətinin xaki-pakı pərvəriş verib yetirdiyi şüərayi-üzamdan ən məşhuru və müqtədiri İbrahim ibn Əlliyün-nəccar həkim Xaqanidir. Xaqaninin əvvəlcə təxəllüsü "Həqayiqi" imiş, amma sonra Xaqani-kəbirdən "Xaqani" ləqəbini götürmüşdür. Xaqani Azərbaycan torpağında ərseyi-dünyaya gəldiyinə görə, ol cənabı biz öz şüəramız silkinə daxil elədik. Həkim Xaqani, qövli-məşhura görə, Şirvan şahlarından Şah Sultan Xəlil Xaqanın əsrində zindəganlıq edirmiş. "Atəşkədeyi-Azəri"də dəxi həkim Xaqani İbrahim ibn Əliyyün-nəccar Şirvan şahlarından Xaqani-kəbirin və Alp Arslan Səlcuqinin müasiri olmağına şəhadət verilibdir.Xaqaninin əsli Şamaxının yaxınlığında Məlhəm adlı qəryədəndir ki, bu halda dəxi haman kənd durur və əhalisi türk ilə qarışıq fars dilində danışırlar. Xaqaninin əsli Şirvandan olmağına bu şeri dəxi dəlalət edir:

192524 мин

Стихи других поэтов