Страница 3 из 4 · 50%

Salon uğuldadı. Arada Zəfər qulağıma pıçıldadı:

– Yox, bu gün dünənki kimi gülmürlər. Bu artıq qəzəbdən doğan bir uğultudur. Dünən hamı müttəhimlərə gülürdü. Bu uğultuda həlak olmuş qiymətli adamların ölümünə təəssüf və kədər səslənir.

– Bəli, möhtərəm hakimlər, bu zülmət fədailəri öz nadanlıqlarının qisasını Azərbaycan ziyalılarının qaymağı sayılan insanlardan alışmışlar. Mən sənət adamıyam, müğənniyəm. Ona görə də istər-istəməz hamıdan artıq gözəl nəğmələrin, gözəl dram əsərlərinin müəllifi Hüseyn Cavidin ölümünə yanıram. “Mənim tanrım gözəllikdir, sevgidir” yazan bir insana yalnız cəlladlar əl qaldıra bilərdi. Mən şəxsən tanıdığım, təpədən-dırnağa kimi səmimiyyət mücəssəməsi olan Mikayıl Müşfiqin ölümünə yanıram!..

Məhkəmə sədri Ceyran xanımın sözünü nəzakətlə kəsdi:

– Vətəndaş Eldarlı, siz gördüklərinizi deyin, ittihamnaməni təkrar eləməyə ehtiyac yoxdur.

Ceyran xanım duruxdu. O, yəqin ki, sədrdən bu sözləri heç gözləmirdi. Bundan sonra onun nitqinin daxili hərarəti xeyli azaldı. Mənə elə gəldi ki, o bir daha əvvəlki qədər alovlu danışa bilməyəcək. Ancaq mən düşünən kimi olmadı. Bir-iki dəqiqədən sonra o, elə bil sözlərinin təsirinin azalmağına dözməyib məhkəmə üzvlərinə yox, salona müraciət elədi:

– Mən prokuror deyiləm, amma ittihamçıyam. Mən bu caniləri xalqın ən müqəddəs duyğularına, ən saf arzu və istəklərinə xəyanətdə təqsirləndirirəm!..

Kim isə əl vurdu. Alqış səslərindən bütün salon sarsıldı.

Ceyran xanım sözünü bitirəndən sonra gərək sədr və üzvlər ona suallar verəydi. Ancaq salonun tufanı andıran alqışlarından sonra həm məhkəmə üzvlərinin, həm də müqəssirlərin heç biri səsini çıxarmırdı. Mollayevin rəngi ölü rəngindən də betərdi. Zəfər də, yəqin buna işarə eləyib dedi:

– İndiyəcən heç bir şey onun halına təfavüt eləmirdi. Dünən hətta prokurorun da bir neçə dəfə sözünü kəsdi. Özünü elə aparırdı ki, guya müttəhim o deyil, onu təqsirləndirməyə cəsarət eləyən məhkəmədir. Adın nədir, – Daşdəmir, yumşalısan, yumşalı buna deyiblər, ha!.. Bu günəcən özünə çox arxayın idi, yəqin elə fikir eləyirdi ki, burda oturanların çoxu onun tərəfindədir. Ceyran xanımın sözlərini camaat alqışlayandan sonra, elə bil onun bel sütununu sındırdılar. Gör bir necə büzüşüb!..

Mən bir neçə şahidin də istintaqını dinlədim. Onların hər biri Mollayevin cinayətlərindən yeni-yeni faktlar göstərir, amma Ceyran xanım kimi rəvan, səlis danışa bilmirdilər. Bir qadın, səhnəyə çıxdığı ilk dəqiqədən qəhərlənib, hönkürtü ilə ağlamağa başladı:

– Gecdir, möhtərəm hakimlər, – dedi. – Bunlara nə qədər ağır cəza versəniz də mənim yaram sağalan deyil. Bunlar mənim oğlumu güllələyib!..

Salonda yaylıqlar ağarışdı. Mən daha dözməyib, foyeyə çıxdım. Burda yenə Elmanla qarşılaşdım.

– Siz ağlamısınız? – deyə o, qolumdan tutub, kənara çəkdi. – Əgər mənim əlimdə ixtiyar olsaydı, onları güllələməzdim, ölüm nədir ki? Ölən adam biryolluq əzab-əziyyətdən canını qurtarır. Bunları gərək min dəfə öldürüb dirildəsən ki, bəlkə ürəyin az da olsa soyuya...

– Yox, – dedim. – Elman qardaş, bu xəbisləri güllələmək lazımdır, ancaq minlərcə, minyonlarca camaatın qarşısında!.. Qoy bu günün də, gələcəyin də mollayevlərinə ibrət dərsi olsun. Qoy onlar bilsin ki, xalq heç bir cinayəti unutmur, heç bir xəyanətin qisasını yerdə qoymur!..

Kamranla mənim layihəmi bəyənmişdilər. Fəhlə briqadası və mexanizm vermişdilər. Üç-dörd gündən bəri həyətimizdə qızğın iş gedirdi. Fəhlələr zirzəmidən dənizə qədər su kəməri çəkmək üçün yer qazırdılar. Bizim planımıza görə evimizin özülünü ovub-korlayan yeraltı sular bir daha zirzəmidə yığılıb qalmayacaq, bir metr dərinliyində maili şəkildə basdırılan borularla öz-özünə aramsız axaraq, dənizə töküləcəkdi.

Hər gün axşamüstü mən işdən qayıdan zaman, həmişə fəhlələrlə salamlaşır, briqadanın başçısı ilə görüşür, gözümə dəyən qüsurları göstərirdim. Cəmşid dayı yenə də motorunu işlədib, yeraltı suları küçəyə axıtdığı üçün, həyəti palçıq basmışdı. Qonşularımızdan bəzilərinin, ən çox da təzə modalı, iynə kimi nazik, uzun dabanlı tuflilər geyən nazlı xanımların ara bir acı istehzalarını və qaba söyüşlərini eşidirdim. Onların fikrincə bir xeyir əvəzinə, zərər verirdik. Məndə, briqadir də bizim ünvanımıza deyilən sözləri cavabsız qoymağa məcburduq, çünki hələ doğrudan da gəlib-gedənlərin hamısı əziyyət çəkirdi. Bu günlərdə dinməz-söyləməz işləyən Cəmşid əmi qaba təhqirlərə dözməyib, bəzən bizi müdafiə eləyirdi. Mən onu başa salmışdım, planımızı açıb söyləmişdim.

– Sən fikir vermə, qızım, – deyirdi, – bunlar Kufə camaatıdır, bu yekəlikdə imarətin korlanmağına razı olurlar. Amma beş-on manatlıq xeyirlərindən ötrü yava-yava danışırlar... Neyliyəsən, avam adamdırlar. Findi – firuş geyinməklə deyil ki?.. – O, mənə lap yaxın gəldi, düşüncəli və duru gözlərini üzümə dikdi. – Ancaq sən bir mənə de görüm, evin özülünü sudan qorumaq üçün nə tədbir tökmüsünüz?

– O barədə fikirləşmişik, Cəmşid əmi, – dedim, – zirzəmini başdan-başa sement plita ilə döşəyəcəyik. Divarları da bir metr hündürlüyündə yenə plita ilə örtəcəyik. Bundan sonra su divara da nüfuz eləmiyəcək...

Cəmşid əmi mənim nə vaxtsa dediyim sözləri yadıma saldı:

– Bəs özün demirdin ki, yeraltı sular sementi də yarıb keçər?

– Düzdür, demişəm, ancaq biz bu sementi betonla qarışdıracağıq, yəni yüksək atmosfer təzyiqi altında betonla əla keyfiyyətli sement məhlulu vuracağıq... Mən təcrübədən keçirmişəm, Cəmşid əmi, bu cür plitalar çox möhkəm olacaq, o qədər möhkəm olacaq ki, lap yüz əlli atmosfer təzyiqi ilə vurulan su şəlaləsinin həmləsinə də dözə biləcək.

– Yox, qızım, çox qəliz danışdın, başa düşmədim...

Bir az səbir elə, Cəmşid əmi, öz gözünlə görəndə, mən izahat vermədən də başa düşəcəksən...

– Kor nə istər iki göz, biri əyri, biri düz. Təki sən deyən olsun, qızım.

– Cəmşid əmi məndən aralandı və hansı pəncərədənsə qışqıran arvadın söyüşünə cavab vermədən, ikinci mərtəbənin pəncərəsinə qədər ucalan fəvvarəni yatırdıb, küçəyə doğru yönəltdi.

Bu anda qızım Kəmalə mənə yanaşdı, qolumdan tutub kənara çəkdi və kiminsə bizi eşidəcəyindən ehtiyat eləyirmiş kimi, dodaqlarını qulağıma yapışdırıb, pıçıldadı:

– Atamı gördüm, anacan... Səninlə danışmaq istəyir.

Mən qızıma heç nə demədim, yəni əslinə baxsan, ona cavab verməyə taqətim yox idi: Müdhətlə görüşün bütün dəhşətini indidən hiss eləyirdim...

Kamran onun qayıtdığını bildiyi halda, hələ bu barədə bir kəlmə də danışmamışdı. Görünür heç danışmaq fikrində də deyildi. O dinməsə də, mənim fikrimi soruşmasa da, mən onun dərdini ürəyinə saldığını, məndən nə isə eşitmək istədiyini, zahirən çox sakit, amma əsil həqiqətdə gərgin bir həyəcanla gözlədiyini tutqun baxışlarından açıq-aydın duyurdum. Mən ondan xəbərsiz Müdhətlə görüşməyə getsəydim, bu onun üçün təbii ki, ağır bir travma olacaqdı. Hər halda bunu əvvəlcədən bilsəydi, daha yaxşı idi:

– Gedim, Kamran, bəlkə bir sözü var, – dedim.

Qəribədir: Kamran özü israr elədi:

– Mütləq!.. Mən nə qədər köhnə fikirli adam olsam da, qızlarını Müdhətdən ayırmağa haqqım yoxdur... Bəlkə sənə qızları barədə bir sözü var?.. Ümumiyyətlə...

Bu son kəlməni deyərkən, o, nəfəsi daralmış kimi ayağa qalxıb, otaqda var-gəl eləməyə başladı.

– Ümumiyyətlə, – nə Kamran? – dedim.

– Ümumiyyətlə... – O, yenə duruxdu, mənim də səbrimi tükətməmək üçün, çox gözlətməyib, fikrini tamamlamağa tələsdi: – Ümumiyyətlə tək onun üçün yox, elə özün üçün də, mənim üçün də çətin günlər başlanır. Hər halda getməlisən, danışmalısan!...

Mənə bu cür inanmağı onu mənim nəzərimdə bir daha ucaltdı. Mən getdim. Müdhət də bizim kimi təzə evdə mənzil almışdı. Bədirnisa xala mətbəxdə xörək hazırlayırdı. Müdhət məni süfrəyə dəvət elədi. Mən ac deyildim, “sağ ol” dedim. Söhbəti o başladı:

– Hə, Səmirə, bilirəm ki, bura gəlməyin sənin üçün o qədər də asan deyil. Düzmü deyirəm?

– Düz deyirsən, Müdhət... Ancaq mən gəldim. Bunu Kamrana da dedim.

– Dedin?!

– Niyə təəccüb eləyirsən?

– Aydındır. Belə görünür ki, o çox alicənab adamdır.

– İstehza eləyirsən, yoxsa ürəkdən deyirsən?

– Yox, istehza niyə? Mən belə adamları az görməmişəm.

Mən Bədirnisa xalanı çağırdım, çantamı açıb onun gəlinlik üzüyünü çıxartdım:

– Çox sağ ol, xala, – dedim, – bu hədiyyəni geri al. Ehtiyac məni boğanda da bu üzüyü satmaq fikrinə düşmədim. Götür, bu sənin bəxt üzüyüdür!..

Bədirnisa xala Müdhətlə mənim aramda nə isə çox xoşagəlməz ağır, söhbət olduğunu hiss eləmişdi. Ancaq o, nə oğluna bir söz dedi, nə də mənə...

– Qızları götürüb apardın, xətrinə dəymədim, axı, onlar mənim də canım-cigərimdir. Onları sən qoymursan, yoxsa özləri gəlmir? – deyə gileyləndi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов