Страница 7 из 11 · 55%

– Əlbəttə, əlbəttə! – deyə Qüdrət stəkanı boşaldıb Laləyə tərəf uzatdı. – Köhnə quyuların özü də balaca məsələ deyildir. Bu saat çox mədən onların hesabına dolanır... Ancaq... – Qüdrət sükuta qərq oldu.

Ehtiyac doğrudan da böyükdür. Müharibənin yaralarını sağaltmaq üçün təzə kəşfiyyata daha ciddi fikir verilməlidir!

– Orada az danışmısınız, bir az da burada danışın!.. – deyə Tükəzban qarı dəhlizdə dayanaraq əvvəlcə oğlunun, sonra da gəlinin üzünə baxıb, narazı halda başını bulayırdı. – Hamamı qızdırmışam, oğul, gəl bir vannaya gir, canın rahat olsun.

– Can, ay ana, niyə yatmadın? – Qüdrət ayağa qalxdı və onun boynunu qucaqlayıb qızının yanına apardı. – Sən narahat olma, hər şeyi özümüz elərik...

Tükəzban qarı deyinə-deyinə yerinə uzandı. Qüdrət yenə Lalənin yanına qayıtdı.

Lalə qayınanasına haqq verdi:

– Deyəsən biz doğrudan da bir tərəfli olmağa başlamışıq, Qüdrət. İstehsalat bizim intim hisslərimizə də hakim olub. Elə deyilmi?

– Səncə bu mənfi haldır, yoxsa müsbət?

Lalə ərinə birdən-birə cavab vermədi. Onun fikrincə belə söhbətlər, hər iki trestdə işlərin öz qaydasında getməməyindən irəli gəlirdi. “Qüdrət geri qalmasaydı, mən yerimdə saymasaydım, əlbəttə, bizim evdə də bu xüsusda danışmağımıza ehtiyac qalmazdı”.

– Sən necə bilirsən, Qüdrət, anan haqlıdır, yoxsa haqsız?

Qüdrət yeməklə məşğul olduğundan, arvadına yalnız sonradan-sonraya cavab verdi:

– Başqa sahələrdə çalışan dostlarımıza fikir verirsənmi? Onlar həmişə bizi quruluqda təqsirləndirirlər. Guya biz həyatın başqa nemətlərindən ləzzət almağı bacarmırıq. Amma mən belə hallarda “Polad necə bərkidi” romanının qəhrəmanını xatırlayıram. İnsan mənəvi cəhətcə yalnız o zaman həqiqi mənada zənginləşə bilər ki, onun həyat idealı bütün başqa hissləri üzərində hakim olsun. Bu vaxt onun məhəbbəti də, hissi, ehtirası da, nə isə, daha dərin bir məna kəsb edir. Təsəvvür elə ki, biz yalnız evlə-eşiklə məşğul olub, əlimizi ağdan-qaraya vurmuruq. Biz belə həyatdan nə ləzzət ala bilərik?

– Bu cür həyatdan ləzzət alanlar var, ya yox?

– Var. Əlbəttə ki, var. Amma bu necə ləzzətdir? Yox, əzizim, mən şəxsən belə həyatın gözəlliyinə inana bilmirəm. Yəqin ki, bu cür adamların evində hava da azlıq eləyir?

Bu anda qonşu otaqdan kaman səsi eşidildi. Ərlə-arvad söhbətə ara verdi. Kaman çalan Dmitri Minayev idi. Lalə çay tökə-tökə, Qüdrət isə hərəkətsiz dayanıb musiqini dinlədi.

– Qonşumuz qiyamət çalır. Bilmirəm o nə üçün muzıkant olmayı? – deyə Qüdrət yarıciddi, yarızarafat soruşdu.

– O, kamanını həmişə yeni ixtira üzərində işləyəndə çalır, – deyə Lalə otağın dilsiz sükutunu pozdu.

– Nə ixtira eləyir? – deyə Qüdrət də maraqlandı.

Lalə, çayla dolu stəkanları gətirib stolun üstünə qoydu. Amma Qüdrətin fikri-zikri yenə də Minayevdə idi. Onun istedadlı bir ixtiraçı olduğunu çoxdan bilirdi, hətta özü Minayevin vaxtilə heç kəsi yaxın qoymağa cəsarət etmədiyi qiymətli bir ixtirasını öz trestinin mədənlərində təcrübədən keçirməyə razı olmuş və çox gözəl nəticələr əldə etmişdi. Odur ki, ixtira adı gələndə, Qüdrət ondan dörd əlli yapışırdı.

Lalə hər gün Minayevin ixtirası ilə maraqlanır və baş mühəndisi tələsdirirdi. Ancaq bu xüsusda ərinə ilk dəfə indi məlumat verirdi.

– Əgər onun ixtirasını təcrübədən keçirib yararlı olduğunu görsək, böyük yenilik olacaq, – dedi. – Təzə qazılan quyulardakı iş sürəti çox artacaq.

Qüdrət sevincindən qalxıb oturdu:

– Bəs niyə bunu mənə deməmisən? Belə ixtiralar hamıdan qabaq mənə lazımdır ki... – dedi.

– Deməmişəm, çünki məndən xahiş eləyib ki, heç kəs bilməsin. Hələlik öz aramızda qalsın. Qurtarandan sonra boğazından assan da gizlətməyəcək.

Qüdrət ayağa qalxdı və pianonun üstündəki təzə qəzetləri gətirib gözdən keçirdi. Aralarındakı sükut zamanı kaman səsi yenə aydın eşidildi. Minayev həzin bir hava çalırdı. Ərlə arvad elə bil musiqinin ahəngindən ixtiranın asanmı və çətinmi başa gəldiyini bilməyə tələsirdilər. Ancaq bunu bilmək mümkün deyildi. Çünki Minayevin titrəyən barmaqları ucundan süzülən səs dalğaları, elə bil yalnız şəhər üzərində qanad gərmiş gecə sükutunun dərinliyini ifadə edirdi. Əgər o, çaldığı hava ilə ürəyindən xəbər versəydi, bəlkə də onun sevindiyi və kədərləndiyi bilinərdi və bununla da Qüdrət ixtiranın nə yerdə olduğunu təxminən hiss edə bilərdi.

Kaman susdu.

Qüdrət oxuduğu qəzetdə nəyi isə görüb ayağa qalxdı. Lalə onun birdən-birə ağaran üzünə baxarkən, iki-üç dəfə udqundu. Əri haqqında nə isə təhqiramiz bir söz yazıldığını güman edib həyəcanlandı:

– Sənə nə oldu, Qüdrət? – dedi, – rəngin niyə qaçdı?

Qüdrət hirslə əlini qəzetə çırparaq, üçüncü səhifədə çap olunmuş bir qeydi göstərdi. Bu qeyddə Lalə İsmayılzadənin trestindən Qüdrət İsmayılzadənin trestinə fəhlə qüvvəsilə kömək gəldiyi yazılmışdı. Qeydin sonunda “Yarışanlar bir-birini ruhlandırırlar” cümləsi iri hərflərlə yığılmışdı.

– Axı bu köməyi sizdən kim istəyir? – deyə Qüdrət qəzeti havada xışıldadaraq qeyri-ixtiyari qışqırdı. – İşçi qüvvəsinin azlığı haqqındakı söhbət mane, yalnız mane olur. Adamlarda məsuliyyət hissini azaldır.

Lalə də ayağa qalxdı:

– Sakit ol, Qüdrət, – dedi, – daha niyə qışqırırsan? Qonşular eşitsələr nə deyərlər?

– Mən rəsmi etiraz edəcəyəm! – deyə Qüdrət daha da əsəbi bir halda səsləndi.

Lalə boynunu azca yana sarı əyərək, ərini sülhə çağırdı.

– İstəmirsən, istəmə. Biz düşündük ki, yarış rəqabət deyil, biz hər iki tərəfin qalib gəlməsini arzu edirdik.

– Axı bunu qəzetə yazdıran kimdir? Yəni Qüdrət İsmayılzadə o qədər aciz oldu ki, onu yedəyə alırlar?

Qüdrət “yedək” sözünü istehzalı bir əda ilə, ağzını əyərək söylədi və əsəbi halda otaqda var-gəl etdikdən sonra gəlib, yenə yerində əyləşdi.

Bu anda Minayev balkonda göründü və küçəyə baxan qapıya tərəf gəldi. İsti yay günlərində hər iki ailə bura çıxıb dəyirmi stolun arxasında oturar, qadınlar söhbət edər, kişilər isə şahmat oynayardılar.

Minayev bu evə məhrəm olduğu üçün, izin istəmədən içəri girdi və təəccüb dolu gözlərini gah Qüdrətə, gah da Laləyə dikərək soruşdu:

– Nə olub, qonşu? Bu nə dava-qalmağaldır?

Qüdrət yenə qəzeti göstərdi.

– Canım, belə də iş olar? Bizim evimizi yıxan elə bu avral əhval-ruhiyyəsi deyilmi? Hamı ona-buna ümid bağlayır, axırda da bütün trest quyruqda sürünür. Nə üçün siz adamlarımızı işdən soyudub, bizə ziyan vurursunuz? Axı bilmirəm bunu qəzetə yazdıran kimdir?

Minayev:

– Qüdrət Salmanoviç, əsəbiləşməyin, – dedi, – biz sizi yoldaşcasına yedəyə almaq istəyirik. Lazım deyilsə, briqadaların hamısını geri qaytararıq.

– Biz onları heç qəbul etmək fikrində olmamışıq da. Ancaq mənim trestimdə bu qəzeti oxuyanlar indi məndən narazılıq eləyəcəklər ki, göndərilən köməyi geri qaytarıram. – Qüdrət əlilə havanı yardı:

– Korlamısınız bütün işləri...

Divar saatı ikini vurdu.

– İndi yatmaq vaxtıdır, Qüdrət Salmanoviç, ancaq siz xırda bir şeydən ötrü əsəbiləşirsiniz.

– Yenə xırda? – deyə Qüdrət, Bədirlini xatırladı. – Əgər bu xırda şeydirsə, bəs böyük nəyə deyirsiniz?

Lalə, bir daha Qüdrətin əsəblərinə toxunmamaq üçün, əlilə dodaqlarını tutub Minayevə susmağı məsləhət gördü.

– Məncə, ağır işdən sonra möhkəm yatmaq daha faydalıdır. Gecəniz xeyrə qalsın! – deyə Minayev balkonun qapısına tərəf yeriyib, tez də gözdən itdi.

Lalə ərinə heç bir söz deməyib yataq otağına keçdi. O, Qüdrəti tamamilə haqsız hesab edirdi. On beş illik mehriban ailə həyatında o, bir dəfə olsun Lalənin üstünə belə qışqırmamışdı. O daima gülər üzlü və şad görünərdi. Ailəyə həmişə sevinc gətirən bir ərin bu qışqırığı Lalənin qəlbinə toxunmuşdu. O, böyük səhv də buraxmış olsaydı, Qüdrət yenə də onunla bu cür əsəbi rəftar etməməli idi. Lalənin fikrincə hər ikisi evdə olduğu kimi, işdə də bir-birinin köməkçisi və dostu idi. Lalə, bu günə qədər həmişə irəlidə gedən və başqalarına nümunə göstərilən Qüdrətin “arvad kölgəsində” dolanmaq istəmədiyi üçün belə acıqlandığını güman edirdi: “Biz adi ər-arvad deyilik, biz mübarizə yoldaşıyıq” deyə düşünən Lalə, ərini köhnə fikirli olmaqda təqsirləndirməyə başlayırdı. O, soyunub yerinə girəndən sonra da, Qüdrəti haqsız sayır, indiyə qədər onun ürəyində xəstə bir şöhrətpərəstlik duyğusunun yuva saldığını düşünürdü. Laləyə elə gəlirdi ki, Qüdrət həmişə ondan irəlidə getdiyi üçün, bu xəstəliyini büruzə verməyə ehtiyac hiss etməmişdi. Amma indi o heç yerdə təriflənmirdi, tresti hamıdan geridə idi. Qabaqcıllar sırasına çıxmağa da uzun bir müddət lazım olacaqdı, bunu da Qüdrət qeyrətinə sığışdırmır və qəzetdəki məqalə belə onun şöhrətpərəstlik duyğularını təhqir edirdi. “Gənclər məsələsi də, avral əhval-ruhiyyəsi də bəhanədir. Ona toxunan budur ki, niyə məhz arvadım məni yedəyə alsın” deyə fikirləşən Lalə, üzünü örtüb yatmaq istədisə də, gözünə yuxu getmədi. O, böyrü üstə çevrildi və yenə həyəcanla düşündü: “Axı mən, ya o, nə fərqi var? Bir də ki, biz şöhrət xatirinə çalışmırıq ki?..”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü fəsil

1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:

1 ч
Altıncı fəsil

1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.

34 мин
Yeddinci fəsil

1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?

56 мин
Səkkizinci fəsil

1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.

1 ч 15 мин

Стихи других поэтов