Yeddinci fəsil
Страница 1 из 9
1
Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?
– Ana, xoş gördük, ana! Deyəsən məni tanımadın?
Yox, Nisa tanıdı. Başqası Paşaya bu qədər oxşaya bilməzdi ki? Saçlarının ağlığı, alnındakı qırışların çoxluğu ana gözlərini aldatmayacaqdı ki?
Paşa anasına yaxınlaşmaq istərkən, Nisa özünü onun üstünə atdı:
– Oğul!.. – deyə necə qışqırdısa böyründə, çarpayıda uzanmış Ramazan da hövlnak oyanıb, yuxulu – yuxulu Nisaya tərəf baxdı.
– Nə olub, ay arvad, bu nə şivəndi salmısan? – deyə azacıq tutqunlaşmış səsilə, soruşanda, gördüyü mənzərəni o da röya hesab etdi. – Ə, ay uşaq mən yuxu-zad görmürəm ki? (o, Paşanı da, Əhmədi də hər zaman “uşaq” – deyə çağırardı).
Paşadan səs çıxmadı. Nisa onu elə qucaqlamışdı ki, oğlu cınqırını belə çəkə bilmirdi. Ananın arıq qolları onun boynuna dolanmış, dodaqları isə yanağının bir yerinə yapışıb qalmışdı.
Yox, Nisa dörd il müddətində heç belə yuxu gördüyünü xatırlamırdı. Əhməd də, Paşa da içəri girəndə Nisa qürurla onların üzünə baxar, amma heç birini qucaqlayıb öpməzdi. İndi isə Paşanın isti nəfəsini duyurdu.
Deməli, Paşa cəbhədən qayıtmışdı. Buna səbəb kim idi? İllərdən bəri əl boyda kağız da yazmamış bir oğul haradan və necə gəlmişdi?
Ah, ana! Sən nə qədər böyük məxluqsanmış!.. İndi sən Allaha dua edir, “kərəminə qurban” deyirsən, bütün möcüzələri onun adına yazırsan. Sən öz yenilməz qüdrətini hiss etmir, gözlərində illər boyu yanan o həsrətin qədr-qiymətini bilmirsən. Halbuki Paşanı sağ-salamat qaytaran sən özünsən.
– Yaxşı, arvad, ağlama görək!.. Ay rəhmətliyin qızı, uşaq gəlib çıxanda da ağlayırsan?
Nisa ərinin sözlərini eşitmədi. Hıçqırığının səsi bütün otağı bürümüşdü.
– Yaxşı, biz də burada bir kişiyik, ya yox?
Qoca Ramazan, deyəsən birdən-birə müharibədən əvvəlki məzəli xasiyyətlərini yadına salıb, oğlunu şad ürəklə qarşılayırdı.
– Bu oğulu əkəndə biz də zəhmət çəkmişik, ya yox?
Amma bu zarafatları dinləməyə Nisanın həvəsi yox idi. Onun göz yaşları Paşanın sinəsindən axıb gedirdi.
– Yaxşı, ana can, yaxşı, mənəm, gəlmişəm. Daha göz yaşı nə üçündür?
Bu anda qarının əlləri Paşanın çiynində, sonra da yan-yörəsində gəzməyə başladı. Əlbəttə, onun heç bir qəsdi yox idi. Hələ də gözlərinə inanmadığı üçün oğlunun bədənini əlləşdirir, yəqinlik hasil etmək istəyirdi. Ancaq birdən elə bil onu ildırım vurdu. Əli toxunan yerləri görmədiyi halda, Paşada nəyin isə yoxluğunu hiss edib duruxdu. Əlini bir də o yerə vurdu. Ürəyinə daman o uğursuz şübhə bütün varlığını sarsıtdı.
Paşanın sağ qolu yox idi.
O, anasını nəzakətlə özündən aralayıb atasına doğru gedəndə arxadan geniş açılmış gözlərilə baxan Nisa yanılmadığını görüb yerində dondu. Amma bir söz demədi. Bəlkə də deməyə dili gəlmədi. Əslinə baxsan, o buna inanmaq istəmirdi. Sevincini gizlədə bilməyib, göz yaşı axıtdığı halda, indi artıq dərdini ürəyinə saldı: “Allah Hitlerə min təsbih lənət eləsin!..” deyə fikrindən keçirib, ah çəkirmiş kimi, dərindən köksünü ötürdü.
Qoca usta yerindəcə doğrulub Paşanı qucaqlayanda Nisa kimi ağlamadı. Onun gözlərində nə isə alışıb yanırdı.
– Elə mən bilirdim gələcəksən, oğul, – dedi və bir qolunun yoxluğunu dərhal görüb, həm özünə, həm də arvadına təsəlli vermək üçün əlavə etdi: – Canın sağ olsun, igidin başı qalda gərək!.. – O cəld geyindi, hələ də gözləri Paşaya zillənmiş qarının nələr çəkdiyini duyub sözünə ara vermədi: – Sən ki o odun – alovun içində dörd il vuruşubsan, elə igidsənmiş. Deməli, papağımı yerə vurmamısan. Döşündəki o nişanları görəndə başa düşdüm ki, elə qolsuz ola-ola da yeyib-yatmamısan.
– Əlbəttə, ata, əlbəttə! – deyə Paşa atasını inkisar xəyala uğratmamaq üçün onun sözlərini ucadan təsdiqlədi. – Yeri gələndə bir qol da azlıq eləmirdi.
Qoca, oğluna yer göstərdi.
– Bir otur görək, otur! Gəlini görübsən, yoxsa elə birbaş buraya gəldin?
– Yox, hələ görməmişəm, ata. Cəbhəyə də buradan yola düşmüşdüm, dedim ki, buraya qayıtsam yaxşı olar. Bəlkə o məni bir qolla görüb üz döndərəcək?
Paşa qəmgin bir tərzdə gülümsədi.
– Elə demə, ağrın ürəyimə. Halal süd əmib, – deyə Nisa qarı gəlinini təriflədi. – Dünən axşam burada idi. Yazığın gözü yoldadır. Paşanın nə qədər sevindiyini deməyə ehtiyac varmı? O, qəlbinin nə qədər bərk döyündüyünü özü də hiss edə-edə atası ilə bərabər yemək otağına keçdi.
– Ay arvad, uşaq yoldan gəlib, dur bir çaydan-çörəkdən gətir!
Nisa qarı əl-ayağa düşəndə dərdini unudan kimi oldu. Mətbəxin balaca pəncərəsindən qonşu həyətə baxaraq, uşaqlardan birini səslədi:
– Yaşar, Yaşar, qadan ürəyimə, yüyür Nailəni çağır. Əgər dərsdədirsə, de ki, izin alıb gəlsin!
Nisa uşağın qaçaraq getdiyini görüb, tez-tez əlindən qab-qacağı sala-sala yeməyə nə isə hazırlayır, oğlunun yanına tez qayıtmağa çalışırdı. Ramazan isə əl-üzünü yuyub, baş tərəfdə, yemək stolunun dalında, həmişəki yerində oturmuş, oğlunun başına gələnləri birdən, həm də tez öyrənməyə tələsirdi. Paşa:
– Uzun əhvalatdır, ata, – deyirdi, – gedən gündən başım qeyl-qalda idi.
– Bəs bir əl boyda kağıza nə deyirdin?
– Kağızı haradan, kimdən yollayaydım, ata? Düz üç il onların arxasında olmuşam. Qolumu da partizan həkimləri kəsib sağaltdılar.
– Sən də fransızlara qoşulmuşdun? – Ramazan Qüdrətin şoferindən eşitdiyi əhvalatı xatırladı. – Axı çoxları belə olub.
– Yox, ata, mən həmişə Ukraynada idim. Bizimkilər qayıdandan sonra da dəstəmiz almanların arxasına keçdi. Bu barədə baş komandanın əmri vardı.
Arada sükut oldu. Qoca düşünürdü: “Deyirəm axı, niyə uşağı əsgərlikdən buraxmayıblar...”
– Bakıdan tez-tez xəbər tuturduq. On gündə, beş gündə bir təyyarə uçub gəlirdi.
– Bakıdan?
– Yox, Moskvadan. Təyyarə yerə düşəndə mən həmişə pilotdan soruşurdum: “Bakıda nə var, nə yox?” – O deyirdi ki, “Bakı benzinilə uçuram...”
Qocanın gözlərində qürur ifadəsi canlandı: “Bəlkə mənim qazdığım buruqdandır?”
– Mən də hamısına deyirdim ki, benzini sizə atam yollayır.
– Eləmi deyirdin?..
– Bəs necə?
– Yaxşı demisən. İldə beş təzə buruq qazmışam. Hayıf ki, tez-tez prostoy olurdu.
– Niyə ki?
– Təzə boru, təzə balta yox, köhnə də remont istəyirdi. Çatışdırmaq olmurdu. Gözlə ki, gözləyəsən. Əşi, bunlar düzələr, Əhməddən xəbər-ətər yoxdur ki?
– Əvvəllər mənə yazırdı.
– Elə bizə də yazırdı, sonradan arası kəsildi.
Paşa, qardaşının ölümünü birdən açıb söylədi:
– Hissələrinə yazıb soruşdum. Yoldaşlarından biri cavab verdi ki, kəşfiyyata gedəndə mühasirəyə düşüb, axırıncı qumbara ilə həm düşməni, həm də özünü məhv eləyib.
Qocanın rəngi kətan kimi ağardı. Yalnız indi səhvini başa düşən oğlu, cəbhədə əsgər üçün adi bir şey olan bu ölüm-dirim hadisəsinin arxada necə ağır təsir etdiyini ilk dəfə indi görürdü.
– Ancaq bunu anama deməyəsən, ata. Bilirəm, onun üz-gözündə salamat yer qalmayacaq.
Ramazanın başı sinəsinə enmişdi. O susur, boğazında nə isə ilişib qalmış kimi, tez-tez udqunurdu. Nisa yemək düzəldib gətirəndə, aralıqdakı gərgin sükutun fərqinə vardısa da, bunun səbəbini başa düşməyib yenə mətbəxə keçdi. “Eh, görünür alnımıza belə yazılıbmış”, deyə düşünüb yenə köksünü ötürdü:” Bu Nailə harada qaldı? Yazıq uşaq elə sevinəcək ki...”
Paşa isə atasına baxdıqca, onun qəhər boğduğunu aydın hiss edirdi.
– Sən özün başa düşürsən, ata, – deyirdi. – Bu dava bizə çox baha tamam oldu.
– Bilirəm, oğul, bilirəm. Sən elə fikir eləmə ki, mən təkcə öz balalarımın dərdini çəkirəm. Qızıldan qiymətli oğlanlarımız getdi. Özü də beşi yox, onu yox. Necə eləyəsən, olan-olub, keçən-keçib.
Bu anda qapı ağzında bir qadın göründü. O, tünd rəngli parçadan don geyinmiş, başına kəlağayı örtmüş, qara saçlarını ortadan ayırmışdı. Ayaqlarında gödək dabanlı, sadəcə qara tufli vardı.
Paşa dalı qapıya sarı oturduğu üçün onu görmürdü. Ayaq səslərini eşidəndə dönüb geriyə baxdı. İxtiyarsız olaraq yerindən qalxdı və qadına tərəf getmək istədi, amma kəsik qolu yadına düşəndə ayaq saxladı.
– Sabahınız xeyir, deyə qadın Ramazandan yaşınaraq gözlərini yerə dikdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.
Birinci fəsil1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.
İkinci fəsil1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.
Üçüncü fəsil1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.
Стихи других поэтов
Sən məni sevsəydin nolardı görən?Görən olardımı bir dərdim onda?
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"