Страница 1 из 10

1

Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

Lakin bu halda “Çapayev” qayığı yan tərəfdən şığıyıb çıxdı və körpüyə yan aldı. Axşam növbəsinin fəhlələri hərəkətə gəlib bir-bir qayığa atıldılar. Qolsuz matros köynəyi geymiş kapitan, qalın əzələli qolunu havada oynadaraq onları tələsdirdi:

– Tez olun, tez olun! Onsuz da usta Ramazanın yanında günahkaram, – deyə yoğun səsilə, uzun papirosunu tüstülədirdi.

Bunu eşidən Cəmil, Tahiri başa saldı:

– Günahını boynuna alsa da, inanmıram ustanın əlindən yaxa qurtara. Yəqin haradasa, vurmağa gedibmiş. Düz on beş dəqiqə gecikib... Hesabnan gərək indi orada olaydıq.

Axırıncı fəhlə qayığa minəndə motor yenə guruldadı. “Çapayev” yavaş-yavaş körpüdən aralanıb, yarımdairə halında dövrə vuraraq sonra yoluna düzəldi. Bir dəqiqə belə keçməmişdi ki, Tahir sahilə doğru baxarkən, qayıqlar dayanan balaca körpünün cənub tərəfində üç yandan hündür və bozumtul təpələr silsiləsilə çevrələnmiş geniş bir liman gördü. Bu limandakı buruqlar səltənəti qış fəslində çılpaqlaşmış qalın bir meşəni xatırladırdı.

Cəmil, Tahirin kirpiklərini qırpmadan diqqətlə baxdığı sahil boyunu göstərdi.

– Bax bu mədənləri görürsənmi? Bir zaman buralar dəniz imiş... Diqqətlə baxsan görərsən ki, buruqlar qayda ilə düzülübdür. Amma köhnə zamanda ağına-bozuna baxmırlarmış, kefləri istədiyi yerdə buruq qoydururlarmış.

Tahir kənddə özü ilə bir sinifdə oxumuş Cəmilin Bakıya işləməyə gələndən bəri xeyli irəli getdiyini və bir ildə çox bilik qazandığını düşünüb, ona səmimi bir qibtə ilə baxdı, gözlərini döyə-döyə soruşdu:

– O nə üçündür?

Cəmil də onun şüurunu zəbt edən fikirləri üzündən oxumuş kimi, özünü çəkib, qəsdən sakit-sakit, bu sahədə öz üstünlüyünü Tahirə hiss etdirməyə çalışaraq, təmkinli bir müəllim ədası ilə dedi:

– Keçmişdə mədənlərin sahibi ayrı-ayrı adamlardı. Hər kəs təkcə özü üçün əlləşirdi. Yer korlandı, korlanmadı, onlara təfavüt eləmirdi. Demirdilər ki, axı bunun sabahı da var, yeri korlayıb zay eləməyək... Amma sonra başa düşdük ki, buralar xalqındır, buruqları nə qədər qayda ilə qazısaq, o qədər də çox məhsul götürərik. Bunun üçün də gərək torpağa hörmət eləyəsən.

Tahir də, torpağın sirrini yaxşı bilən kəndli balası kimi, öz biliyini Cəmilə göstərmək istədi:

– Əlbəttə, bu doğru sözdür. Torpaq çox şıltaq olur. Bir az ona zor eləsən, acığı tutub bol məhsul verməyəcək. Gərək bir il istirahətə buraxasan, tez-tez mədəni gübrə verəsən.

Cəmil onunla razılaşa bilməyib başını buladı.

– Yox, aşna, neftli torpağın sirri başqadır. Dərsə gedəndə müəllimdən öyrənəcəksən. O, çox qəribə əhvalatlar danışır. Sahibkarlar arasında bərk çəkişmə olurmuş. Bir yerdə sən quyu qazanda, o da həmin yerin lap qonşuluğunda qazdırırmış ki, o qatın neftini özü çıxarsın. Ona görə də heç ağına-bozuna baxmırmış... – Cəmil əlini sahilə doğru uzatdı: – Amma o limanı görürsən? Elə bil şəkildir.

Tahir, yoldaşının bu izahını maraqla dinləməkdə ikən “Çapayev” qayığı dəniz buruqlarının cərgəsinə yetişdi. Cəmil isə bir neçə an sükut edib əlini alnına sürtə-sürtə nəyi isə xatırlamağa çalışdı:

– O zaman, – dedi, – texnika da qüvvətli deyilmiş. Suyu qurutmasaydın buruq qazımaq mümkün olmazmış. Ancaq indi görürsənmi? İndi suyun altından kefin istəyən qədər neft çıxarırsan.

Cəmil qürurla dəniz içərisindəki buruqlardan birini göstərdi. Onun baxışlarında qazıma işinin hər sirrinə vaqif olan bir ustad ifadəsi vardı. Tahir də yoldaşının bu qürurunu aydın hiss edirdi. Cəmilin ona göstərdiyi buruqda indi iş getmirdi və kənardan baxan naşı adama elə gəlirdi ki, fəhlələr quyunu qazıb axırda oradan bir şey çıxmadığını görərək, buruğu büsbütün tərk etmişlər.

– Deyirlər ki, bu buruq hər gün yüz əlli ton neft verir... – deyə Cəmil sözünə davam etmək istəyəndə, Tahirin şübhə dolu nəzərlərini sezdi və sözlərində zərrə qədər də mübaliğə olmadığını ona başa saldı:

– O nazik borulara bax, neft onların içilə sahildəki ehtiyat anbarlarına gedir. Üzdən baxanda deyirsən ki, bu nədir, niyə dəmir-dümürü suya töküblər? Ancaq o dəmirin içilə gedən neft bir dəqiqə də kəsilmir, gecə-gündüz hey axır.

Tahir, dördkünc şəklində qurulmuş, yuxarıya qalxdıqca ensizləşən, uzun dəmir qülləni göstərib soruşdu:

– Axı bu qədər ağır şey necə olur ki, yıxılmır?

Dostunun sualı Cəmilə çox sadəlövh göründü. O da Tahirə sualla cavab verdi:

– Niyə yıxılsın, axı? Bütün buruq dəmirdən qayrılmış yoğun dirəklərin üstündə dayanıb.

Qayıq o biri buruğun yanından keçəndə, Tahir onun dibinə qədər nəzər saldı və suyun içərisinə doğru uzanan yoğun dirəkləri gördü.

– Yaxşı, bəs bu dirəklərin uzunluğu nə qədər olar? – deyə xəbər aldı.

– O dənizin dərinliyindən asılıdır. Bəzi yerlər dayazdır, orada dirəklər gödək olur. Amma bizim buruq qoyulan yerin dərinliyi iyirmi metrdən çoxdur.

Qayıq dəniz buruqlarının böyründən şütüyərək açıq dənizə çıxdı və uzaqda görünən tək buruğa doğru yönəldi. Burada dalğalar qayığı atıb-tutur, gah sağa, gah da sola tərəf əyirdi. Tahir, suda qərq olacaqlarını güman edib qorxusundan udqunduqca, Cəmil ona baxıb gülür və ürək-dirək verirdi:

– Hələ bu nədir ki? Bəzi vaxt elə boran qopur ki, üç-dörd gün buruqda gecələyirik. Elə vaxt olur bizə heç azuqə də gətirə bilmirlər.

Tahir, geniş açılmış gözlərini döydü:

– Niyə axı?

– Çünki o cür boranda qayıq çevrilib hamını batırar. Görmürsən, suyun dərinliyi ən azı yetmiş beş-səksən metr olar. Buradan dənizin qırağına üzüb çıxmaq hər oğulun hünəri deyil.

Tahirin bütün fikri qayığın atılıb-düşməyində idi. O, tez-tez usta Ramazanın buruğuna tərəf baxıb udqunur, ora çatmağa tələsirdi. Bu, əlbəttə, iş həvəsindən doğan bir arzu deyildi. İndi Tahirdə qorxudan başqa sadəcə bir uşaq marağı da oyanmışdı. O, Bakıya uzun illərdən bəri şöhrət qazandıran, onu bütün dünyada tanıdan qara qızılın “mədənini” öz gözlərilə görmək istəyirdi. Ona elə gəlirdi ki, buruqda fəhlələr qan-tər içində çalışır. Hamı əldə-ayaqdadır, bir işi görüb qurtarmamış o birisi başlanır, maşınların sürətli hərəkətindən adamın başı gicəllənib, gözləri qaralır.

– Bura bax, Cəmil, buruqda işləmək çox çətindir, hə?

– Niyə çətin olur ki? Bu saat özün görəcəksən. Çətin işi maşınlar görür. Bəs texnika nə üçündür?

– İndi usta buradadır?

– Yəqin... Bu günlərdə istirahət də eləmir. Birdən, işdir, avariya olsa bütün əməyimiz itir.

– Axı nə ola bilər ki?

– Çox şey... Sən bilmirsən ki, hər dəqiqə yerin altında min oyun olur. Bir də görürsən balta fırlanır, amma heç bir verşok da dərinə getmir.

– Niyə ki?

– Çünki bərkə dirənir, gücü çatmır, qırılıb xarab olur. Ondan sonra gəl onu çıxar görüm necə çıxarırsan.

Bu sözləri Tahir nə qədər maraqla dinləyirdisə, bir o qədər də az başa düşürdü.

Birdən qayıq nəyə isə toxunub silkələndi. Tahir başını qaldırıb baxanda, buruğa yan aldıqlarını gördü. Kapitanın yanındakı qarabuğdayı uşaq, qayığın baş tərəfindəki ucu ilgəkli uzun və yoğun kəndiri kəmənd kimi atdı və körpünü əvəz edən qalın taxtalara bitişdirilmiş dirəyə keçirdi. “Çapayev” yedəklənən üzüyola at kimi irəliləyib, yırğalana-yırğalana taxta-şalbanlara toxundu, yenə geriləyib bir də irəlilədi və axırda sakitləşdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов