Страница 3 из 10 · 20%

– Yaxşı, – deyə Cəmil dostunun qolundan tutaraq, buruqdan kənara, mədəni budkaya sarı uzanan taxta körpünü göstərdi: – Bax, o balaca daxmanı görürsənmi? Orada telefon, radio aparatı var. Kim yorulsa orda dincəlir. Qəzet, jurnal oxuyur. Papiros çəkənlər də ora gedirlər.

– Niyə ki? – deyə Tahir biganə bir tərzdə xəbər alıb əsnədi. – Burada papiros çəkmək olmaz?

– Yox, yanğın törəyə bilər. Neft, qaz olan yerdə lap bircə qığılcım da bəs elər.

Dostlar, mexanizmlərin səsini ötmək üçün ucadan danışa-danışa usta Ramazana yanaşdılar. Qoca Tahirə üz tutaraq:

– Hə oğlum, – dedi, – çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu. İndi ki, gəlmisən, hazırlaş, vışkaya dırmaşacaqsan!

Bu təklif Tahir üçün çox gözlənilməz oldu. Onun ən çox qorxduğu da elə bu idi.

Usta Ramazan, yanında işləməyə gələn cavan şagirdləri həmişə bu cür imtahandan keçirərdi. Nədənsə, onların cəsarətli olub-olmadıqlarını başqa istedadlarından tez bilməyə tələsirdi. Bu ilk imtahandan çıxanları axıracan da bəyənər və onların özgə qüsurlarını asanlıqla bağışlardı. Usta Ramazanın qənaəti belə idi: “Qoçaq oldu, sonrası düzələr”.

Qoca ustanın əli Tahirin çiyninə endi. O, digər əlilə qülləni göstərib, təzə şagirdinə ürək-dirək verdi:

– Qorxma, elə çətin bir iş deyil. Çıxarsan, baxıb öyrənərsən. Elə bir şey deyil. – Usta bir də başını yuxarı qaldırıb yenə qüllədəki oğlanı çağırdı. – Heydər, bala, düş aşağa!

Ramazan, Tahirin ürkək baxışından qorxduğunu o dəqiqə sezdi:

– İstəmirsən? – deyə soruşdu.

Tahir, gülümsəyib cavab verdi:

– Yox, niyə ki, burada nə var ki, usta?

– Elə isə qoy Heydər düşsün, sən dırmaş! Neçə yaşın var, bala?

Tahir geniş açılmış qara gözlərini ustaya dikib heç özünün də xəbəri olmadan udqundu:

– On səkkizə girmişəm, usta.

Qüllədəki oğlan yavaş-yavaş pillələri enib yerə düşəndə, axşam növbəsinə gəlmiş dostlarını gülə-gülə salamladı. Ramazan isə Tahirin çiynindən əlini çəkib bir də qülləni göstərdi:

– Hə, çıx görüm!

İndi bu sözlər xahişdən çox əmrə bənzəyirdi. Doğrusu, Tahirin ürəyindəki qorxu azalmışdı. Ancaq o, bunu üzə vurmamağa çalışırdı. O birdən, uşaq vaxtı yoldaşları ilə bağladığı mərci xatırladı. Axşamdan xeyli keçmiş Tahirin yoldaşları onlarda oturub, qoca babasının söylədiyi Məlikməmməd nağılına qulaq asırdılar. Tahirin atası da burada idi. Hamı qocanı diqqətlə dinləyir, elə bil bir sözünü buraxmaqdan belə qorxurdular.

Nağıl qurtaranda uşaqlar arasında kimin qoçaq olmağından söz düşdü. Onlar bəhsə girişdilər. Cəmil Tahirə dedi: “Əgər qoçaqsansa apar oxlovu qəbiristanda filən qəbrin üstünə sanc qayıt, biz də gedib yoxlayaq”. Tahir ürəyində qorxuya düşdüsə də, babasının nağıllarından ruhlanaraq özünü yığışdırdı, ayağa durdu, taxçadan oxlovu götürdü. Getmək istəyəndə, anası razı olmadı “Bircə otur yerində!” deyib, onun qolundan bərk-bərk yapışdı. Tahir atasının üzünə baxdı. O dinmirdi. Tahir yoldaşlarının yanında utanmamaq üçün dartındı, anasının əlindən qopub eşiyə yönəldi. Qəbiristanla onların evi arasında təxminən beş yüz addımlıq məsafə vardı. Gecə zil qaranlıqdı. Tahir yenə qorxub, yarı yoldan qayıtmaq istədisə də bunu qeyrətinə sığışdırmadı. Yüyürə-yüyürə gedib oxlovu qəbir daşının yanına sancdı və yüyürə-yüyürə də qayıtdı. O, içəri girəndə dodağı gömgöy olmuş, rəngi də kül kimi bozarmışdı.

Hamı Tahirin qoçaqlığına təəccüb edirdi. Atası dedi: “Gedin yoxlayın!” Tahir dedi: “Təkcə Cəmil getsin”.

Tahir indiki kimi xatırlayırdı: Cəmil qorxub getmədi. Uşaqların hamısı durub dəstə ilə qəbiristana yüyürüşdü. Doğrudan da Tahir oxlovu mərc gəldikləri yerə sancmışdı.

Usta Ramazan, Tahirin bir neçə an tərəddüd göstərib fikrə getdiyinə yaxşı məna vermədi: “Heç nə, qorxaqmış” – deyə düşündü, amma yenə də ondan ümidini kəsməyib soruşdu.

– Hə, niyə dayandın, qorxursan?

Tahir nə edəcəyini bilmirdi. Deyəsən bu dəmdə Cəmil ona güclə sezilən incə bir istehza ilə baxırdı. Tahir gözlərini dolandırıb yuxarıya nəzər saldı. Elə bil qüllə əvvəlkindən ikiqat hündür olmuşdu. Tahir qorxsa da, ustanın təklifindən boyun qaçırmağı özünə ar bildi. Nəhayət o, “ölmək-ölməkdir, xırıldamaq nə deməkdir?” fikrilə, qəti və cəld addımlarla fəhlələrdən aralanıb yuxarı dırmanmağa başladı.

Ustanın da, o biri fəhlələrin də gözü Tahirdə idi. O iki-üç metr qalxdıqdan sonra dönüb yerə baxdı və yenə tərəddüd göstərdi. Lakin artıq gec idi. İndi geri dönmək heç mümkün deyildi. Aşağıdakı fəhlələrin gülə-gülə baxdıqlarını görüncə, tez cəsarətini toplayıb yenə dırmandı.

– Bala, o heç kənddə alma ağacına dırmanmayıb, tut çırpmayıb yəni? – deyə Usta Ramazan Tahirin tərəddüdünə işarə edib Cəmildən soruşdu. Tahirin hər addımına başqalarından daha çox diqqətlə göz yetirən Cəmil, elə bil Tahirin əvəzinə həyəcanlanır, kəsik-kəsik nəfəs alırdı. Ustanın sualını eşidəndə belə o, dostundan gözlərini çəkməyib dedi:

– Sənətinin adı nə idi?

Tahir qüllənin tən ortasında dayandı. O, aşağıda dalğalanan mavi dənizi görəndə ixtiyarsız olaraq gözlərini yumdu. İlk dəfə təyyarəyə minib yerdən ayaq üzən adamlar kimi o da içində nəyinsə qopub düşdüyünü zənn edir, ürəyi hiddətlə və qorxu ilə döyünürdü. “Durduğum yerdə xətaya düşmədim? – Deyə sürətlə xəyalından keçirib, tez geriyə dönmək və qorxduğunu hamının yanında etiraf etmək istədi, ancaq yenə də yarı yoldan qayıtmağı şəninə sığışdırmayıb daha da sürətlə dırmandı. Bayaq Heydərin dayandığı yerə çatanda ətrafına baxındı. “O məni imtahan eləyir!” fikrilə, ürəyinə soxulan qorxu hissini inadla özündən rədd etməyə çalışır, gəldiyi kimi də sağ-salamat yerə düşəcəyinə özünü inandırırdı. Bu anda aşağıdan Ramazan səsləndi:

– Hə qorxmursan ki?

– Yox, usta nədən qorxacağam? – deyə Tahir həyəcanını gizlətməyə çalışıb, ustaya ucadan cəsarətlə cavab verdi.

Bu anda başqa bir fəhlə də Tahirin yanında göründü. O, yuxarı qaldırılan qıfılı boruya keçirməyə başladı.

– Tahir, – dedi, – səni imtahan eləyirlər. Yaxşı ki, yarı yoldan qayıtmadın. İndi, bura bax, gör torbanı necə keçirirəm.

Fəhlə danışa-danışa işini görür:

– Yaxşı bax, elə çətin iş deyil, gördün? – deyirdi.

Boru aşağı enməyə başladı.

Arada Tahir qürrələndi.

– Axı bunu eləməyə nə var ki?

– Əlbəttə! Bax torba qalxır. Tut keçir!

Tahir ilk dəfə qazıma borusuna əl vuranda, ovucları yapışqana bənzəyən bozumtul gil məhluluna bulaşdısa da, cəld bir hərəkətlə qıfılı boruya keçirdi. Qaldırıcı maşın onu çəkib aşağıya endirdi. Borunun ucu quyunun ağzındakı boruya toxunanda bütün qüllə titrədi. Bu dəqiqə ayağının altından taxtaların qaçdığını güman edən Tahir, dənizə düşə biləcəyindən qorxub iki-üç dəfə udqundu. Çox keçməmiş yenə aşağıdan qalxan borunu qıfıla keçirdi və özünə yenə təsəlli verib, ayağının altını diqqətlə yoxladı. “Əşi, mən nədən qorxuram?” deyə düşünərək, bir də aşağıya baxmaq qərarına gəldi.

Boruları bir-bir qıfıla keçirmək əməliyyatı bir saatdan çox çəkdi.

Hava isə yavaş-yavaş qaralır, Tahirin bir az əvvəl gördüyü mavi dənizi indi havadan seçmək olmurdu. Buruğun lampaları yanında dənizə düşən işıq, Tahirlə yer arasındakı məsafənin uzunluğunu yenə onun yadına saldı. Usta Ramazan indi Tahirin gözünə dəymirdi. Bəlkə o şəhərə getmişdi? Bəlkə Tahiri tamam yadından çıxarmışdı? Bunu düşünəndə Tahirin ürəyi gizildədi. Burada hər dəqiqə ona bir gün kimi uzun görünürdü. Tahirin başı üzərində yanan lampanın işığı sallanan borunu parıldadırdı. O, birdən Ramazanın sakit səsini eşidəndə balaca uşaq kimi sevindi. Usta, Tahirə aşağı düşməyi təklif edirdi. Ancaq Tahir bunu əvvəlcə zarafat bildi, elə-belə onu dolamaq üçün bu sözləri dediyini güman edib, camaatı bir də özünə güldürməmək üçün canını dişinə basıb xeyli gözlədi. Onsuz da bayaq fəhlələrin gülə-gülə baxdıqlarını görmüşdü. Usta onu yenə çağırdı:

– Bəri düş, oğlum!

Bu dəfə qoca başını yuxarı qaldırıb baxırdı, deyəsən Tahirin ürəyindəki şübhədən xəbər tutmuş, dediyi sözlərin heç də zarafat olmadığını dönə-dönə ona hiss etdirirdi.

Tahir yanındakı fəhlələrdən aralandı, yerdə nəyi isə tapdalayıb qıracağından qorxan adamlar kimi, yavaş-yavaş, ehtiyatla və ayaqlarının altını dönə-dönə yoxlayaraq aşağı endi.

İndi də hamı ona baxırdı. Tahirin üst-başı gil məhluluna bulaşıb ləkə-ləkə olmuşdu. Usta yenə də sərt baxışlarını onun üzünə dikdi:

– Ən çətini bu idi, – dedi, – bir də boran qopanda səni imtahan eləyəcəyəm. O imtahandan da çıxsan, dostumsan!

Ürəyində Tahiri bəyənən qocanın bu ilk sınaqdan sonra da qaşqabağı açılmadı. O, bir yerə toplaşmış fəhlələrə üz tutdu:

– Başlayın! – deyib kənara çəkildi və quyudan bir az aralı qoyulmuş yekə dəmir qapağın üstündə oturub, demisini doldurmağa başladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов