Yenə Nizaminin eyvanı qarşısında bağça. Qürub etməkdə olan günəş meyvə ağaclarının yarpaqları arasından balaca arxın sularına əks edir. Afaq yalnız dayanmış, kədərli-kədərli baxır. Onun gözləri yaşarmışdır. Oxuyur.

Afaq

İndi ki, mən həsrət qaldım bu dünyada bir dildara,
Səyyah kimi üz qoymuşam bu diyardan, o diyara.
Öz könlümün qəmlərini, ciyərimin al qanıyla
Çoxdan bəri hey yazıram, qayğı bilməz divarlara...

Of... yazıq qardaşım, mən niyə yaşayıram, niyə? Yox, o yəqin ölmüşdür. Yoxsa indiyə kimi məni çoxdan axtarıb tapardı.

Qivami (əlində kuzə, yan tərəfdən çıxaraq)

Afaq, bu axşam qızıl güllərə özüm su verəcəyəm. Bu nədir, gözlərin yaşarmışdır!

Afaq

Heç... Sən çox sevindiyin üçün hamını da belə şad, gülər üzlü görmək istəyirsən.

Qivami

Afaq, mənim əziz bacım, dərdini aç mənə söylə. Elə bil öz doğma qardaşına söyləyirsən.

Afaq

Doğrusu, çəkdiyim iztirablar, məşəqqətlər hər gün gözlərimin önündən gəlib keçir. Xəzərlər məni əsir alandan sonra əldən-ələ satdılar, yuxusuz gecələr, qanlı göz yaşları mənim həmdəmim oldu. Hələ ac, susuz günlər... Bir yandan öz dərdim, o yandan da Əbdəkin intizarı məni taqətdən saldı... (Ürəyi gedən kimi olur)

Qivami

Sənə nə oldu, bacıcan?

Afaq

Eh, heç... bunları sənə danışıb keyfini pozmaq istəmirəm.

Qivami

Afaq, bacıcan, bu təkcə sənin dərdin deyil, bütün elimizin, obamızın dərdidir. Bir vaxt mən də kədərli idim. Məni bu kədərdən qardaşım Nizami xilas etdi. Bax, onun üzü həmişə gülür. O, böyük bir sevinclə ölməz dastanlar yaradır.

Afaq

Mən özündən soruşmağa utanıram. Onun yazdığı nədir?

Qivami

Yazdığı “Xosrov və Şirin” dastanıdır. Böyük bir məhəbbət macərasından bəhs edir.

Afaq

Nizaminin gözlərindən oxunan məhəbbəti bütün insanlar arasında bölüşdürsələr də, hamıya pay düşər. Nizami doğrudan da, böyük şairdir.

Qivami

Düzdür, bacıcan. Mən onu ilahi bir məhəbbətlə sevirəm. O, saraylara getmədi. Əsl şair üçün ağac kölgəsi min qızıl saraydan qiymətlidir.

Afaq

Qoy yazsın, onun dastanının qəhrəmanlarını mən də tirmədə toxuyacağam. Bu da məndən yadigar qalacaqdır.

Qivami

Sağ ol, Afaq! İndi bildim ki, mən öləndən sonra qardaşım həmdəmsiz qalmayacaqdır.

Afaq

Ölmək nədir, Nizami deyir ki, ən pis həyat ən yaxşı ölümdən yüksəkdir.

Qivami

Sən çox ağıllı qızsan, Afaq. Sən ona layiqsən (uzaqlaşır)

Afaq

O, nə dedi? Yox, yox. Mənim qulağım səsə düşdü. Bəlkə o sözlər mənim ürəyimdən gələn ək-səda idi? (Əyilib arxda əl-üzünü yuyarkən, Nizami yan tərəfdən əlində kitab gəlir və Afaqı görüb dayanır)

Nizami (öz-özünə)

Eşq əlindən bu məcnun könlümdə tabütəvan qalmamışdır. Mən onu görəndə, elə bil Şirinlə qabaq-qabağa gəlirəm. Of, Afaq, Afaq! Sən nə qədər məsum, nə qədər ülvi bir xilqətsən.

Afaq (onun gəlişini duymadan, qəmgin və titrək bir səslə oxuyur)

Ayrılmaram ölməyincə səndən;
Qəm xəncəri qəlbə, qanə yetdi.
Eşqi necə gizlədim cahanda,
Naləm o biri cahana yetdi.

Nizami

Düz deyirsən, Afaq, düz deyirsən. Dünyada eşqi gizlətməkdən çətin iş yoxdur.

Afaq (səksənən kimi olur)

Aman Allah, sənsən?!

Nizami

Oxu, oxu, neçin susursan? Mən bu həzin səsi bilirsənmi nə qədər sevirəm?

Afaq

Mən kədərimin çoxluğundan oxuyuram. Səni gördüm, hər şeyi unutdum.

Nizami (sevinərək)

Mən də eləyəm, Afaq. Sən bu balaca gülşənə böyük bir sevinc gətirdin. Bu sevinci yalnız mən yox, anam da, qardaşım da hiss edir.

Afaq

Qivami çox gözəl insandır. Səni Qivami kimi sevən ikinci bir adam varmı?

Nizami (sükut edərək)

Bəlkə yoxdur. Ola bilər, nə deyim? Amma yox, məni ondan da çox sevən bir mələk vardır.

Afaq (həyəcanla)

O kim idi, adı nə idi?

Nizami

Sən nə çətin bir sual verdiyini bilirsənmi, Afaq?

Könlüm sitəminlə canə yetdi;
Ahım odu asimanə yetdi.
Ayrılmaram ölməyincə səndən,
Qəm xəncəri, qəlbə, qanə yetdi.
Eşqi necə gizlədim cahanda,
Naləm o bir cahana yetdi.
Karvan hələ çatmamış, yolunda...
Köç növbəti gəldi canə yetdi.
Gözlə gələrəm, deyən Nizami
Ah eyləyibən fəğanə yetdi.

Afaq

Bu qəzəli də ona demişsən, eləmi?

Nizami

Mən sevmədiyim gözələ söz qoşmağı bacarmıram. Sevgi kiçik şairə də böyük bir qanad verib onu göylərə qaldıra bilər. Dünyanın nəhəng şairləri Homer, Firdovsi sevərək, duyaraq yaratmışlar. Afaq. Mən də bu yolla gedirəm. Sevgidən məhrum olan insanın yüz canı da olsa, yenə ölüdür!

Məhəbbətdən bağlamışam dastanımın kəmərini,
Məhəbbətin gözü ölçər hər bir sənət əsərini.
İnsan oğlu bu dünyada öz eşqiylə güləcəkdir,
Məhəbbətlə öpəcəkdir gələcəyin səhərini.

Afaq

İndi mən çoxlu yaşamaq, bu böyük sözlərdən hər gün eşitmək, hər gün sevinmək istəyirəm. Görəsən, dünyada sənin sevgilindən xoşbəxt adam varmı?

Nizami

O mənim sevgimi xoşbəxtlik saysa idi, mənim sevincim yerə-göyə sığmazdı!

Afaq (sevinir, ancaq sevincini gizlətməyə çalışaraq)

Doğrudan, görəsən o kimdir?

Nizami (Afaqa daha yaxın gəlir)

Eşqimi canım ilə bəslədi birlikdə könül,
Onsuz ey sevdiciyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.
Şadlığından alışıb yandı Nizami, dedi ki:
Gözün aydın, gözümə surəti-canan görünür!

Afaq uzaqlaşmaq istəyir

Yox, yox, uzaqlaşma, bir an səni görməyəndə, könlüm evi doğrudan da viran görünür.

Afaq

Aman Allah, görəsən mənim taleyim nə zaman güləcək.

Nizami (birdən Afaqın kədərləndiyini görüb)

Sənə nə oldu?

Nə üçün üzünü birdən kədər buludları çulğaladı? Yoxsa mənim sözlərim qəlbinə toxundu, Afaq?

Afaq

Yox, yox, sənin söz piyalən zəhərlə də dolu olsa, mən onu şərbət kimi içərəm.

Nizami

Elə isə, bəs nə üçün kədərləndin? Bəlkə sənin qara zülflərin mənim qara günlərimin timsalı olacaq?..

Afaq

Yox, sən kədərlənmə. Sən yer üzündə insanların kədərini azaltmaq üçün yaranmısan. Bütün gülüstanlar axırda xəzana dönsə də, sənin yaratdığın gülüstan həmişə gülzar olacaqdır.

Nizami

Sağ ol, Afaq. Mən doğrudan da insan kədərinə qalib gələcəyəm. Məni oxuyanların qəlbindəki ümidsizlik yox olub gedəcəkdir. Mən buna inanıram. Zaman gələr, mənim qurduğum şeir sarayını gələcəyin ustaları tikib tamamlarlar. Mən yalnız böyük ümidlərdən ilham alıb sevinirəm. (Sükut) Lakin söylə, Afaq, sən dərdini məndən nə üçün gizlədirsən?

Afaq

İndi həyatımın ən əziz dəqiqələridir. Mənim sevincim də sənin gülşənin kimi çiçək açmışdır. Amma ürəyimdə dərdim var, şair. Mən yenə onu xatırladım. Kim bilir, bəlkə o ölmüşdür!..

Nizami (təəccüblə)

O kimdir?

Afaq

Soruşma. Onu düşmənlər bərk yaralamışdılar. Məni əsir aldılar. O, mənə həm atalıq, həm də analıq edirdi.

Nizami (öz-özünə)

Bu sözlərin hər biri qəlbimə iti nəştər kimi sancılır. O kimdir?

Afaq

O, mənim qardaşım idi.

Nizami

Adı nə idi?

Afaq

Onu Bərdədə tanımayan yox idi. Şəhərin ən yaxşı saraylarını o yaratmışdı. Adı Əbdək idi.

Nizami

Bu ad bilirsənmi mənim ürəyimə nə qədər yaxındır. Onu ilk dəfə mən Bərdə ovalığında görmüşdüm. Sonra cəngavərlərlə Gəncəyə gəlmişdi. İgid və mərd bir oğlan idi.

Afaq

Bəs sonra? Sonra o hara getdi?

Nizami

Sonra Şirvan hökmdarı onu edam etdirmək istərkən, o, dar ağacından qaçıb bizə pənah gətirdi. “Mehriban dostum, bəlkə görüşmədik”dedi. Sonra “əsir düşmüş bacımı düşmənlərdən xilas etməyincə, rahat olmaram. Mən onu arayıb tapacağam!” – deyə vidalaşıb getdi. Bu hadisə çoxdan olmuşdur. O gündən bəri mən Əbdəkdən xəbərsizəm.

Yusif (gəlir, əlindəki ovlanmış quşları Nizamiyə tərəf uzadaraq)

Al, dostum, indi mən sənin də əvəzinə ovçuluq edirəm. Dastanından ayrılma. Qoy Gəncəmiz tarixə yeni qızıl bir səhifə də yazsın.

Nizami

Sağ ol, qardaşım! (Quşları alır)

Yusif

Orada bir atlı səni görmək istəyir.

Nizami

Kimdir? Tanımadınmı?

Yusif

Nizamini görməyə gələn adamların hamısını tanımaq, dünyanın yarısını tanımaqdır. Bilmədim kimdir.

Nizami

Çox kədərlənmə, Afaq, o bir gün qayıdacaqdır. O, səni axtara-axtara, nəhayət gəlib bura çıxacaqdır. Sən bunları al, Afaq, evə apar. Anam bişirsin. Gedək, Yusif... (Quşları Afaqa verib gedir. Afaq gələn atlıya sarı baxır)

Afaq

Aman ya rəbbi, bəlkə Nizaminin qonağı Əbdəkdir. Yox, o deyil... Mən həm sevinirəm, həm də kədərlənirəm. Görəsən qardaşıma rast gələcəyəmmi? (Meyvə ağaclarına söykənərək quşlara baxabaxa yenə titrək səslə oxuyur)

Qızılgül olmayaydı,
Saralıb solmayaydı;
Bir ölüm, bir ayrılıq,
Heç biri olmayaydı.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов