Dördüncü şəkil
Çar ordusunun qarovul xətti. Dumanlı gecə... İvan, Dmitri, Fyodor.
Dmitri (kimi isə görərək)
Ey, kimdir gələn?.. Aha, cavab da vermir... Bəlkə qulağı kardır. Ey, dayan!
Fyodor
Paruçik Rayevskidir... Yəqin qarovulu yoxlamağa gəlir.
Dmitri
Kim olur-olsun, qanun hamı üçün birdir. (Havaya güllə atır)
Rayevski (gəlir)
Salam, qartallar. Dmitri, atan sən idin?.. Nə üçün düz nişan almırsan?
Dmitri
Cənab paruçik, gecələr qorxuludur... Dostla düşmanı seçmək olmur.
Rayevski (Fyodora)
Qarovul çoxdanmı dəyişmişdir?..
Fyodor (təzim edərək)
Yox, cənab paruçik, yarım saatdan çox olmaz.
Rayevski
Ehtiyatlı olun. Dağlılar bir də qarovulumuzu qılıncdan keçirdib generalın mənzilinə basqın etməsinlər.
İvan
Bu, Hacı Muradın köhnə peşəsidir. Qafqaza gələn generalların çoxu onun qorxusundan qaçmışdır.
Rayevski
Salamat qalın, qartallar... Hər bir soldatın həyatı bizim üçün əzizdir, ehtiyatlı olun. (Gedir)
Dmitri (onun dalınca baxa-baxa)
Tamarin əsir düşəndən bəri qaş-qabağı açılmır... Yaxın dost idilər. Fedya, a Fedya, ciblərini qurtdala görək, maxorkan varmı?
Fyodor
Tutalım ki, var... Qarovulda çəkdiyini görsələr, dərinə saman təpməzlərmi? Rayevski yaman qan içəndir...
Dmitri
Onu tanısaydın, belə deməzdin, Fedya... Sən yanılırsan. Tamarinin dostu qan içməz... Rayevski əsl zabitdir. Ver maxorkanı görək!..
Fyodor (cibindən maxorka çıxardıb ona verir)
Ala, haramın olsun...
Dmitri (papiros büküb ovcunun içində yandırır)
Rayevski yaxşı oğlandır, Fedya, bütün zabitlər onun qədər bizi sevsəydi...
Fyodor
Eh, nə bilim?
Fyodor
Nə yaman qaranlıq gecədir?.. Buludlar qurğuşun kimi ağırlaşmışdır...
Sükut. Quşlar həzin-həzin ötüşür.
Dmitri
Nə gözəl oxuyurlar. (Yanıqlı səslə, olduqca pəsdən oxuyur)
Göydə bir ulduz,
Parlayır yalnız...
Məni hey çəkər,
O yanan ülkər...
Baxsam hər yana,
Bağlıyam ona...
Sevdiyim o qız,
Biləydi yalnız...
Belə hər gecə,
Mən də gizlicə...
Hey yana-yana
Baxardım ona...
(İvana yaxınlaşır) Vanya, dünəndən bəri qaş-qabağın yerlə gedir. Döyülən sən deyilsən ki?.. Nə olub məgər, gəmilərin suda qərq olmamışdır ki?..
İvan
Eh... Marusyadan ötrü ürəyim darıxır...
Dmitri
Marusyadan ötrü?.. (Gülür) Burada sən onun üçün darıxırsan, amma o indi yad oğlanların birilə mazaqlaşır.
İvan (acıqlı)
Onu sən haradan bilirsən?
Dmitri
Yuxumda görmüşəm. Marusya hər gecə yuxuma girir...
Pauza
İvan
Bu Şamildir, nədir, yaman bəla oldu. Vəhşini gərək tezliklə tutub falaqqaya salaq.
Dmitri
Deməyə nə var ki... Amma onunla bircə dəfə qabaq-qabağa gəlsən, qorxudan var-yoxun qarnına gedər.
İvan
Onun canı bir güllədir...
Dmitri
Bir güllədir, bir güllədir. Deməyə nə var ki... Şamil dava meydanına girəndə qorxudan adamın dodağı çatlayır.Nərə çəkəndə yer-göy titrəyir. Hələ bir atı var ki, güllədən iti gəlir.
İvan
Onunla qabaqlaşsam, əvvəlcə atını vuraram.
Dmitri
Onun atı Marusya deyil ki, yerə yat deyəndə yatsın?..
Gülüşürlər. Uşaqlar, o qaraltını görürsünüzmü? Hamı o tərəfə boylanır.
Hə, Vanya, titrəyirsən?.. Bəs nə tez qorxdun?.. Yazıq, Şamil gəlsə nə edərdin?
İvan
Bəsdir, bəsdir, zarafatı boşla.
Fyodor (qarşıdan gələnlərə bağırır)
Eyy, kimdir gələn!
Sükut
İvan
Dayan!
Atay (arxadan)
Tüfəngimiz yoxdur, qorxmayın.
Fyodor
Aha, dağlılardır. Yəqin yol azıblar... əllər yuxarı!..
Atay (bir dağlı ilə bərabər əllərini yuxarı qaldırmış halda gəlir)
Qardaşlar, biz generalı görəcəyik.
Fyodor
Oho... Böyük yerdən başladı.
Atay
Bizi Hacı Murad elçi yollayıb...
İvan
Kim? Hacı Murad, Hacı Murad?
Fyodor
Vanya, nədən qorxursan, Hacı Murad özü gəlməmişdir.
İvan
Bəsdir, Mitya, zarafatı boşla... məni bütün dağlılar da qorxuda bilməz... Dörd cəbhədə olmuşam, bu da biri.
Dmitri
Fedya, sən bunları apar... Ancaq tez qayıt ha...
Fyodor (dağlılara)
Gedək!.. (Ataya) Amma dostum, ürəkli oğlansan. Əli silahsız gəlməyindən görünür ki, qorxmayırsan...
Atay
Nədən qorxum? Adətdir, elçiyə toxunmazlar...
Fyodor
Gedək!.. (Dağlıları aparır)
Dmitri
Vanya, a Vanya, mənim onlara yazığım gəlir... Nə göyçək oğlanlardır!.. Tutub asacaqlar. Allah generalı yaradanda ürəyinin yerinə daş qoymuşdur... Vallah onları asdıracaq...
İvan
Qoy asdırsın.
Dmitri
İnsafsız... səndə ürək yoxdurmu? Onların günahı nədir?..
İvan
Marusyanı tez görmək üçün bu dağlıların hamısının kəndirini özüm sabunlram.
Dmitri
Dünyada cəllad azlıq edirdi, sən də günahsız insan qanı axıtsan, işlər lap düzələr. Eh...Vanya, bütün insanlar sən öləndə rəhmət əvəzinə lənət oxumazlarmı? Dünyanın dərdi böyükdür, Vanya... qardaş qardaşın qanını içir...
Pauza
İvan
Düz deyirsən, Mitya... Cəllad olmaqdan, Marusyasız qalmaq yaxşıdır... Ancaq nə edim, hər gecə onu yuxumda görürəm... Mən gələndə ikicanlı idi... Heç bilmirəm oğlu oldu, yoxsa qızı?..
Dmitri
Qızı olsa yaxşıdır.
İvan
Niyə ki?
Dmitri
Heç olmasa soldat aparmazlar...
Pauza
Görəsən onlar necə oldu? (Qarşıdan gələn adama) Kimdir gələn?
İvan
Dayan, Mitya. Deyəsən doktordur. Mən onu hər gecə buralarda görürəm. Bunlara nə olub, niyə qəmgindirlər?..
Dmitri
O da müharibəni xoşlamır, günahsızları qırmaqdan ləzzət alır... Doktorların da, şairlərin də çoxu belə olur.
İvan
Şair nədir?
Dmitri
Onu bilmirsən?.. Mən bayaq onun sözlərini oxuyurdum, Vanya...
İvan
Kimin? Doktorun?
Dmitri
Yox... Tamarinin sözlərini oxuyurdum... O, gözəl şeirlər yazır...
İvan
Aha... Sözləri şirindir... Lap ürəyimdəndir.
Doktor (gəlir)
Axşamınız xeyir, dostlar.
Dmitri
Sağ ol, doktor.
Doktor
Dağlıları gördünüzmü?
Dmitri
Bəli, doktor, gördük... Hacı Muradın elçiləridir...
Doktor
Hacı Murad... Hacı Murad... Şamil qoçaqdır, amma o hiyləgərdir...
Dmitri
Doktor, sizə bir sualım var...
Doktor
Buyur, Dmitri.
Dmitri
Bu müharibə nə zaman qurtaracaq?
Doktor
Şamil əsir alınanda... İndi aydındırmı?
Dmitri
Demək, müharibə heç bir zaman qurtarmayacaq?
Doktor
Dostlar, siz qarovulda bir yerə nahaq toplaşırsınız... hücum etsələr, sizi çox asanlıqla öldürə bilərlər.
Dmitri
Doğrudur. Vanya, sən get o tərəflərə göz yetir...
İvan
Eh... Dünya... (Gedir)
Doktor (o tərəf bu-tərəfə göz gəzdirərək)
Dmitri, sənin həyatın təhlükədədir, dostum...
Dmitri
Bu nə deməkdir, doktor?.. Nə üçün?
Doktor
Polşadakı soldat qiyamında iştirak etdiyin üçün...
Dmitri
Soldat qiyamı?.. Bu yalan sözdür, doktor. Mən...
Doktor
Məndən heç nəyi gizlətmə... Dünən generalın aldığı gizlin siyahıda sənin də adın vardır... (İvanın qayıtdığını görərək) Hava nə yaman qaranlıqdır!.. Sağ olun, dostlar... Gecəniz xeyirə qalsın... (Gedir)
Dmitri (düşüncəli bir tərzdə sağa-sola gəzinir)
Mənim yolum – yalnız orayadır. Tale mənimlə qanlı bir oyun oynayır. (İvana) O gün paruçik Tamarin deyirdi ki, dağlılar azad qartalların yuvasını heç nəyə dəyişməzlər.
İvan
O yuvanın dağıdandan sonra canımız bir yolluq qurtulacaq... Eh, lap bezmişəm... (Sükut edərək) Hacı Muradın elçiləri yəqin tutuldu.
Dmitri
Yox, inanmıram... Elçini tutub saxlamaq olmaz... Vanya, a Vanya, Tamarin bəzi sözlər deyirdi, heç yadımdan çıxmır...
İvan
Nə deyirdi?
Dmitri
Deyərdi ki: “Bu müharibədən əlimizə heç nə gəlmiyəcək... Tökülən qanları yuyub təmizləmək üçün yüz il vaxt lazım olacaq...”
İvan
Tamarin paruçikdir, o belə söz deməz. O görmür ki, hər gün padşah təzə əmr yollayıb deyir irəli gedin, dağlıların hamısı qırılsa da, davanı kəsməyin?..
Dmitri
Eh... Sənin heç nədən başın çıxmır...
Pauza
Vanya, mənim atam da soldat olmuşdu... Onu Peterburqda, Senat meydanında öldürdülər.
İvan
Senat meydanında?.. O nə cür şeydir?..
Dmitri
Mən özüm də görməmişəm... Onlar padşahı istəmirdilər...
İvan (qorxa-qorxa)
Suss... axmaq-axmaq danışma... Necə yəni padşahı istəmirdilər?.. Eşidən olar, boğazına qurğuşun tökərlər. Padşahsız da ölkə dolanarmı?
Dmitri
Şamil padşah deyil ki?
Pauza
Bu yerlərin havası mənə xoş gəlir, Vanya... Tamarin deyir ki... “İnsanların azadlığını əlindən almaq hünər deyil”.
İvan
Sən dünəndən yuxusuzsan, sayıqlayırsan...
Dmitri
Amma yenə də onların tərəfində ölmək yaxşıdır... Əlvida, Ana Rusiya, ey qulların ölkəsi!.. Sənin oğlun vəfasız deyil, o səndən sevə-sevə ayrılır...
İvan
Bu kimin sözüdür?
Dmitri
Dostumsan, Vanya... Ancaq sənə inanmıram... Gəl, vidalaşaq... Mən gedirəm, Vanya... hara getdiyimi soruşsalar, deyərsən ki, ölməyə getdi, Şamilin yanında şərəflə ölməyə... Sağ ol, Vanya, ancaq məni unutma...
İvan
Nə danışırsan, Mitya?.. Sən düşmənlərəmi qoşulursan?
Dmitri (İvanı qucaqlayaraq)
Onsuz da buradan sağ qayıtmayacağıq... Orada uca dağlar qoynunda ölmək daha gözəl deyilmi?.. Onda deyərlər ki, Mitya Şimalda doğulub, cənub dağlarında basdırıldı.
İvan
Aha, qayıdırlar... Görürsənmi? Fedya?.. Fedya, nə oldu?
Fyodor (dağlılarla gəlir)
Şamilin evi yıxıldı... Onun sağ əli Hacı Murad bizim tərəfə keçir.
İvan
Doğrudanmı? Bu lap qiyamət oldu.
Atay
Onun ixtiyarındakı aullar da tabe olurlar... Sabahdan tüfəngləri, qılınclan yerə qoyub hər kəs öz işinə-gücünə gedir...
İvan (sevincdən atılıb-düşür)
Deməli, dava qurtarır? Can Marusya, mənim əzizim, iki gözüm, səni röyada yox, evimizdə görəcəyəm.
Fyodor (dağlılara)
Gedin, yolda bizimkilərə rast gəlsəniz deyin ki, generalın yanındaydıq...
Dağlılar
Sağ olun, qardaşlar.
Soldatlar dağlıları ötürdülər. Atay mahnı oxuya-oxuya gedir.
Yaşıl başlı telli sonam,
Qalxdı özgə gölə düşdü.
Ağlımı aldı başımdan,
Getdi çöldən-çölə düşdü...
Fyodor
Nə yaxşı oxuyur!.. Gözəl oğlanlardır... Vallaha mənim onlardan xoşum gəlir.
Dmitri
Oh... ürəyim nə yaman sıxılır... (Gedir)
Fyodor
Hara, Mitya?
Dmitri
Görmürsünüzmü səhər açılır?.. Doğan günəş elə bil aləmi yandıracaq...
İvan
Doğrudur...Bu gün hava buludsuz olacaq... Fedya, o gedir, heç salamatlaşmır da...
Fyodor (təəccüblə)
Hara gedirik ki?..
İvan
Hara?.. Şamilin yanına... “Əlvida, Ana Rusiya...” dedi... Gözləri də yaşardı... Məni qucaqlayb öpdü...
Fyodor
Sən nə danışırsan? (Dmitrinin dalınca bağırır) Mitya, dayan!..
Güllə atır.
İvan
Mitya atası Qriqori kimi Senat meydanında ölməyə gedir... Yox, Fedya, sən ona mane olma, ölümdür, amma şərəfli ölümdür!..
Hər ikisi təəccüblə ona baxır.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-seyx-samil-dorduncu-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cavanşirin sarayı, Cavanşir, Elçin, Zibeydə oturublar. Kütlə də səhnədədir.*Fərid daxil olur.*
Doqquzuncu şəkilCavanşirin saray otaqlarından birinin həyəti. Elçin səhnəyə daxil olur və gedir. Zibeydə xatun və Aybəniz daxil olurlar.*Zibeydə**
Onuncu şəkilCavanşirin sarayı*Söhrab**
On birinci şəkilCavanşirin sarayı, Qılınc daxil olur.*Qılınc**
Стихи других поэтов
Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir