Meşədə Şamilin düşərgahı. Axşam çağı... Günəş qürub etmək üzrədir. Dağlılar dağınıq halda oturub silahlarını təmizləyirlər, atlarının yəhərlərini düzəldirlər. Şamil özü görünmür. İki nəfər dağlı Dmitrini sürüyüb gətirir.

Birinci Dağlı

Yox, buna inanmaq olmaz... Bu yəqin casusdur...

İkinci Dağlı

Dayan, dayan, bu saat mən onun kefini xəbər alaram... Eyy, bəri bax... de görüm hardan gəlib, hara gedirsən?

Dmitri

Şamil hanı, mən onu görmək istəyirəm...

İkinci Dağlı

Söz soruşuram.

Dmitri

Hanı Şamil?..

Birinci Dağlı

Üst-başını axtar... gör cibində nə var.

İkinci Dağlı

Ya bəxt... (Axtarır) Bizdə o bəxt hardadır? Zalım oğlunun cibində siçanlar oynaşır.

Birinci Dağlı

Deməli casusdur.

Şamil (gəlir)

Siz nə edirsiniz?

Birinci Dağlı

Bu yəqin casusdur, imam...

Şamil

Bəs sən nəsən?.. Mürid libasında quldurluqmu edirsən? Get, onun ciblərini axtaran əlin namazdan sonra kəsiləcək.

Dağlılar gedirlər.

Dmitri (Şamilə yaxın gələrək)

Siz deyin: Şamil hanı? Deyirlər ki, o, yaxşı adamdır.

Şamil

Haralısan?..

Dmitri

Şamili görsəm, dərdimi açıb deyərəm... O hanı?.. Budur, müridləriniz məni casus adlandırırlar. Ancaq mənə inanın: əgər bütün taleyim məndən casus olmağı tələb etsəydi də, mən bu rəzil sifətə yaxın durmazdım... Hanı Şamil?

Şamil

Sakit ol. Şamil – mənəm...

Dmitri (inanmır)

Yalan demirsən ki?

Şamil

Zarafatla aram yoxdur.

Dmitri

Səni and verirəm Allaha, məni onun yanına aparın... (Sükut edərək)

Şamil

Biz qonağı yox, düşməni öldürürük...

Dmitri (diqqətlə Şamilin üzünə baxaraq)

Mən generalın alayından qaçmışam... Əgər sən doğrudan da Şamilsənsə, izn ver müridin olum...

Pauza. Bu anda Soltan arxadan Şamilə yaxınlaşır.

Şamil

Bilirsənmi, biz kiminlə vuruşuruq?

Dmitri

Bilirəm, sizin düşməniniz – mənim də düşmənimdir.

Şamil

Sən öz qan qardaşlarına güllə atarsanmı?

Dmitri

Çar mənim qardaşım deyil... Ögey atamdır...

Şamil

Topçuluğu bacarırsanmı?

Dmitri

Bəli, mən topçuyam... heç bir gülləm boşa çıxmaz.

Şamil

Sağ ol... (Əl verir) Sağ ol... (Bir an diqqətlə Dmitrinin üzünə baxaraq) Soltan, bir bax, gözlərində nə qədər dərin bir səmimiyyət vardır!..

Soltan

İmam, bu kafirlərə inanmayın... Generalın casusları çox hiyləgər olur...

Şamil

Yoxlarıq. Bir də, rus xalqı hiylə sevməz... Sən yaranallara baxma... Onlar bizim xanlar kimi rəzildir. Bu soldatdır, bir baxışda görürəm ki, igid oğlandır... O bizə kömək əlini uzadır...

Dmitri

Sağ ol, Şamil... Mən çoxdan bilirdim ki, sən yaxşı adamsan... Məni də öz cərgənizə qəbul edin. Senat meydanında ölən atamın intiqamını sizinlə birlikdə alım.

Şamil

Aparın. Onu maral ətinə qonaq edin. (Dmitriyə) İndi sən bizim ən əziz qonağımızsan... Mərd igid, gözəl insan, hər yerdə mənim dostumdur...

Dağlı

Gedək, qonaq... (Dmitrini aparır)

Soltan

Bilmirəm, nə olubsa, Hacı Muraddan bir xəbər yoxdur, imam... Kafərlər ondan şübhələnməsələr yaxşıdır... Yaranal çox hiyləgər adamdır. O, Hacı Murada inanıb qoşun verərmi?

Şamil

Mənim Hacı Murad sarıdan qorxum yoxdur. O nə qədər ağır vəziyyətə düşsə, fikirləşib yol tapacaqdır... Amma Qazı Məhəmməd təcrübəsizdir.

Soltan

Siz ondan arxayın olun, imam... Qəhrəman oğlunuz Qazı Məhəmməd ömründə bir dəfə də basılmamışdır... Allah onu bizə çox görməsin, imam... Dağıstanda on nəfər elə igid olsaydı, bizim dərdimiz nə idi?

Şamil

Bizim kəşfiyyatçılar çox gec qayıtdılar... Görəsən bunlar harada qaldı?..

Soltan

Allah bilir, imam.

Şamil

Yax, hamıdan qabaq biz bilməliyik.

Pauza

Atları, tüfəngləri yoxladınmı?

Soltan

Bəli, imam... hər şey öz qaydasilə hazırdır...

Şamil (kənarda oturmuş dağlılardan birinə yanaşaraq)

Yəhərin hanı?

Dağlı

Budur, imam.

Şamil

Saz yəhərdir. Tüfəngini göstər. (Özü alıb baxır) Bu nədir, lüləsi qapqaradır ki, al, möhkəm təmizlə.

Dağlı

Baş üstə... Bu dəqiqə, imam.

Şamil

De görüm, saqqalına niyə xına vurmayırsan?..

Dağlı

Xına?

Şamil

Müharibə meydanında üst-başınıza fikir verin... Qoy yaranal deməsin ki, qabağındakılar sınıq-salxaq adamlardır, bildin?..

Dağlı

Mənim gözlərim üstə, imam...

Bu anda harada isə qalmaqal qalxır. “Vurun, öldürün” səsləri eşidilir.

Şamil

Soltan, gör nə hay-küydür...

Soltan

Bu saat... (Gedir)

Şamil (Soltanın dalınca baxaraq öz-özünə)

Müridlikdən çıxalı, Soltanın qaş-qabağı açılmır. Mən bu dünyada ən çox yaltaqlardan qorxuram. O çox əzilib-büzülür... Böyüyün qabağında sinəsini şax tutmayanlardan igid olmaz...

Dağlı (bir nəfəri sürüyə-sürüyə gətirir)

Böyük imam, bu mürtəd, bu əclaf, dünən generala on iki qoyun satmışdır... Belə xainlərə aramızda yer yoxdur!..

Soltan (dağlının boğazından yapışaraq)

Bu cinayətin üstündə sənin başını bədənindən ayırmaq da azdır.

Şamil

Dayan, Soltan... qalmaqal salma. (Dağlıya) Düzdürmü?..

Dağlı

Düzdür, imam. (Şamilin qarşısında diz çökərək) Məni balalarının başına dolandır. Evdə bir çətən külfətim var, imam...

Şamil

Qalx ayağa!.. Arvad kimi sızıldama...

Dağlı ayağa qalxır.

Şamil

Haralısan?

Dağlı

Qazanışlıyam...

Şamil

Kimlərdən?..

Dağlı

Tanımazsan, imam...

Şamil

Mənim əvəzimdən danışma... Sualıma cavab ver...

Dağlı

Şeyx Səidlidən.

Şamil

Onları mən səndən də yaxşı tanıyıram. İgid Süleymanın nəyisən?..

Dağlı

Qardaşı oğluyam.

Şamil

Siz ki, dövlətli deyilsiniz, bu qədər qoyunu haradan almışdın?..

Dağlı

Düz deyirsən, imam... İlin on iki ayını işləyib, onun-bunun qapısında nökərçilik edirəm... Özümün diş qurtdalamağa çöpüm də yoxdur... Qoyunlar da ağamınkı idi... hələ ona dedim yaranal düşməndir, qoyun satdığımızı imam bilər, bizdən inciyər.

Şamil

Bəs o nə dedi?

Dağlı

Dedi ki: “Nə imam, bu gündə-sabahda padşahın rəiyyəti olacayıq...” – mən özüm müridəm, sənin yolunda ölməyə gəlmişəm.

Şamil

Sən bilirsənmi belə adamların cəzası nədir? Yaranal qüvvətdən düşmüşdür... Əgər o bizdən qoyun alırsa, demək onun ərzağı qurtarmışdır. Siz ona köməkmi verirsiniz?

Dağlı

Bir də ömrüm olalı bu qələti eləmərəm. Bu dəfə keç təqsirimdən... And verirəm igid oğlun Qazı Məhəmmədin canına... (Ağlayır) Allahdan istəmişəm, mənim ağam bütün ömründə yaxşı gün üzünə həsrət qalsın.

Şamil

Bəsdir. Mən səni bağışlayıram... Bilirsənmi nə üçün, əmin Süleyman mənim yanımda igid aslan kimi vuruşa-vuruşa öldü. Səni ona bağışlayıram. Amma indi qabağımda arsız-arsız ağladığın üçün sənə on qamçı vurulacaq...

Dağlı

Haqqın var, imam... On qamçı yox, iyirmisi də vurulsa azdır...

Şamil

İndi ağan hardadır?

Dağlı

Çoxdan qaçıb... Bildi ki, sən onun dərisinə saman təpəcəksən. Ax, indi əlimə düşsəydi, onun tükünü didərdim...

Şamil

Get, amma sözlərimi yadından çıxartma. Qamçılar səni ağıllandırar...

Dağlı gedir.

Soltan

İmam, siz nə insaflı adamsınız? Şəriətə görə kafərlərə kömək verən adamın əlini kəsdirməli idiniz!..

Şamil (yaralı yerinə toxunulmuş kimi səslənir)

Əlini?

Soltan

Bəli, imam. Siz ki, şəriətin dediklərinə əməl edirsiniz?..

Şamil

Doğrudur, belə adamların cəzası böyükdür... Ancaq hər gün bir neçə adamın əli kəsilərsə, bir ildən sonra Dağıstanda topallar, şillər əlindən tərpənmək olmaz... Əslində mən şəriətə kor-koranə tabe olmuram... Mənim üçün xalq bütün qanunlardan yüksəkdə durur...

Soltan

Axır şəriətə görə...

Şamil (onun sözünü kəsərək)

Hücum vaxtıdır, gedək hazırlaşaq!.. (Gedir)

Soltan (öz-özünə)

Onun əqlindən və zəkasından qorxduğum qədər heç nədən qorxmuram. (Kimi isə görərək) Nə oldu, nə xəbər var?

Qasid (gəlir)

Şamil hanı?

Soltan

O yoxdur, sözünü onun yavərinə deyə bilərsən...

Qasid

Çox qəmgin bir xəbər gətirmişəm. Deməyə dilim də gəlmir.

Soltan

Hacı Muraddanmı?

Qasid

Yox... mən onu görmədim... Qazı Məhəmməddən xəbər gətirmişəm. Axşam üstü idi... gün yenicə bathabat idi.

Soltan

Nağıl açma, qurtar.

Qasid

Birdən qara bulud kimi bir qoşun üstümüzə yeridi. Vuruşduq, qan su yerinə axdı... Axırda geri çəkildik.

Soltan (sevinir, sevincini gizlətməyə çalışaraq)

Sənin ağlın başındadırmı?

Qasid

Mən gördüyümü deyirəm. Biz basılıb geri çəkilirik... Aullar əldən getdi. Qazı Məhəmməd məni buraya göndərəndə yaman qəmgin idi... Üz-gözündən bulud yağırdı. Onu belə görəndə elə bil ürəyimin düz ortasından vuruldum.

Soltan

Bu barədə imama bir söz demə... Eşidirsənmi?

Qasid

Yox... Mən oğlunun sifarişini atasına çatdırmalıyam...

Soltan

Sus!.. Əgər başın bədəninə ağırlıq edirsə, yeri, Şamil odur, get hər şeyi ona söylə... Yazıqsan... Bədbəxt...Şamil oğlunun basıldığını xəbər verən adamı sağ qoymaz... Mən bu dəqiqə ondan xəbərsiz Qazı Məhəmmədə kömək yollaram. Sən get!..

Qasid

Səni and verirəm Allaha, tez yolla, igidi meydanda tək qoyma... O ölsə, Şamil on il qocalar.

Soltan

Bu dəqiqə yollaram... Bax, bir kəlmə də... bildinmi?..

Qasid

Yaxşı (Gedir)

Soltan (öz-özünə)

İndi Şamil mənim qədrimi bilər... O ilan balası Qazı Məhəmmədi elə bir topa salmışam ki, təkcə özü canını qurtarıb qaça bilsə, Allaha şükür etsin...

Şamil (gəlir)

Soltan nə üçün hazırlaşmayırsan?

Soltan

Bu dəqiqə, imam. (Getmək istərkən Şamilə sarı gələn Qasidi görüb, onun qabağını kəsir) Çəkil!..

Qasid

Üstümə niyə bağırırsan?

Soltan

O barədə Şamilə bir kəlmə desən, özünü ölmüş bil.

Qasid

İmam.

Soltan (qılıncla vurub onu yıxır)

Xain!..

Şamil

Bu nədir, Soltan?

Pauza

Soltan

Sizi vurmaq istəyirdi, imam... Çox ehtiyatsız dolanırsınız... Aramızda belə xainlər yenə də-vardır...

Pauza

Şamil

Əllərimiz qana boyanmışdır... Bu xəyanətlər hər gün məni qocaldıb gücdən salır... Bu ölünü aparın!..

Qasidi götürüb aparırlar.

Qazı Məhəmməd də bir xəbər yollamadı. Ürəyim çox narahatdır. Görünür, başına bir iş gəldi.

Soltan

Siz darıxmayın, imam... Körpə aslanınızdan yalnız qalibiyyət xəbəri gətirəcəklər.

Şamil

Bəri gəl, vaxt keçir... Ürəyim çox narahatdır...

Gedirlər. Birinci dağlını sürüyüb gətirirlər.

Birinci Dağlı

Buraxınız məni!.. Mən getmirəm... Bir kafərin cibini axtardığım üçün əllərim niyə kəsilsin? Dağlılar! Burada bizi aldadıb bir-bir qırırlar... Ən gözəl cavanlarımızı zəhərli güllələrə qurban verirlər. Dağlılar! Kim mənimlə gedirsə, gəlsin!..

Bu anda geridən bir güllə atılır. Dağlı daş üzərindən yuvarlanır, ağzı üstə döşənib qalır. Hamı sükut içində dönüb geriyə baxır. Şamil əlində tüstülənən tapançanı qoburuna qoya-qoya yavaşca və qəmli addımlarla yaxınlaşır. İzdiham onun müdhiş nəzərləri altında dalı-dalı çəkilir.

Şamil (olduqca soyuqqanlı)

Aramıza fitnə salanlara bir dəqiqə aman vermərəm. Padşah qoşunları ilə üz-üzə durmuş xalq, gərək kəfəni boğazına dolasın!.. (Dmitrini göstərərək) O bizə kömək əlini uzadır. Amma bu, aramıza nifaq salır... Quldur kimi adam soyur. Şamil qənimət almaq üçün vuruşmayır. Öz ana torpağını qoruyur... eşidirsinizmi?..

Kəşfiyyatçı (üç-dörd nəfər dağlı ilə gəlir)

Biz onlara meşənin qurtaracağında rast gəldik, imam. Yaranalın qoşunu dərə ilə qalxıb üstümüzə yeriyir. Dörd topları, minə yaxın soldatları var...

Şamil

Hücuma başlayırıq... namaza durun!..

Hamı diz çöküb üzü qibləyə namaz qılır. Soltan hamının arxasında görünür. Dmitri kənarda durub təəccüblə namaz qılan müridlərə baxır.

Soltan

Fürsətdir. Amma onu namaz üstündə öldürüb günaha batmaqdan qorxuram. Oh, mən niyə titrəyirəm. Yox, yox, əllərim qalxmır.

Dmitri

Şamilin qəzəblə parıldayan gözlərində nə qədər dərin bir mərhəmət var!.. Belə bir qəhrəmanı olan xalq doğrudan da, xoşbəxtdir!

Şamil (ayağa qalxaraq qılıncını siyirir)

Lailahəilləllah.

Hamı

Lailahəilləllah!..

Şamil

Ölümə hamıdan qabaqda özüm gedirəm. Qorxaqlara ar olsun!..

Hamı

Ar olsun!..

Şamil

Lailahəilləllah!..

Hamı

Lailahəilləllah!..

Şamil

İrəli!..

Hamı birdən hücuma keçir.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов