Generalın mənzili. General və paruçik Rayevski. Gecədir. Ətraf sükut içindədir.

General

Bu nədir, cənab paruçik, məğlub etdiyiniz quldur dəstələrini sona kimi izləyib məhv etməkdən qorxursunuz?

Rayevski

Zat aliləri, bizim dəstələr Qazı Məhəmmədi çox təqib etdi. Ancaq bir mənasız qırğına yol verməmək üçün meşəyə çatan kimi dayanmağa məcbur olduq...

General

Çünki qorxu cəsarətinizə üstün gəldi, deyilmi?

Rayevski

Əfv edirsiniz, general. Dağlılarla meşədə vuruşmaq, mühit dənizində balıqlarla vuruşmağa bənzəyir.

General

Siz də Tamarin kimi şairanə müqayisələrə əl atmayın, paruçik... Bunlar hamısı bəhanədir, özü də gülməli və əsassız bir bəhanə...

Rayevski

Sizi inandırıram ki, meşədə onlar bizi görürlər, amma biz onları görə bilmirik.

General

Bu xüsusdakı danışığımız sonraya qalsın. Tamarin Sizin yaxın dostlarınızdan biri idi, o, Şamilə qoşulmaq üçün qaçdı?

Rayevski

Çox təəssüf ki, bu xüsusda heç bir şey deyə bilmərəm. Bəlkə o artıq sağ deyildir...

General

O, yağışdan çıxıb, yağmura düşdü, paruçik. İndi güman etmək olar ki, o, bu işlərdən sonra ağıllanar, düz yola gəlsəydi və padşahın mərhəmətini qazansaydı, böyük qüvvə idi... Belə şairlər az-az yaranır, paruçik... belə bir insanı itirmək Rusiya üçün çox ağır olacaq. Deyilmi?

Rayevski

Siz istehza edirsiniz, general. Amma məncə bu həqiqətdir... Ölkəmiz hər zaman zabitlər yarada bilər, amma şairdən yoxsuldur...

General (gülür)

Şair və şeirlə cəbhələr alınmaz, paruçik. Siz bunu bilməmiş deyilsiniz. Şeyx Şamil bizim qabağımızı qılıncla saxlayır...

Rayevski

Mənim eşitdiyimə görə, zat aliləri, o özü də çox gözəl şairdir.

General

Doğrudanmı?.. Bax, mən bundan xəbərsizdim... Bu vəhşi dağlarda şeir də yarana bilərmiş. Lakin, paruçik, unutmayınız ki, müharibə meydanında bir kötəyin gördüyü işi on cild şeir görə bilməz... Napaleon Moskvanı aldığı zaman Derjavinin odalarilə Moskvadan qovulmadı...

Rayevski

Biz hər zaman vuruşma meydanında olmayacayıq... Bir vaxt insanlara şeir də gərək olacaq... Əfv edirsiniz, general, fikirlərdə, düşüncələrdə yuva salan böyük şairlər...

General (onun sözünü kəsərək)

Gedin, paruçik. Doktoru mənim yanıma çağırın...

Rayevski

O sizi çoxdan gözləyir, zat aliləri.

General

Gəlsin!..

Rayevski

Bu saat. (Gedir)

Doktor (gəlib təzim edir)

Yaralının sayı çoxdur, zat aliləri, doğrusu, işdən göz aça bilmirəm.

General

Bu daha yaxşı. Həkimlər üçün bu daha maraqlı deyilmi?

Doktor

Təcrübə üçün maraqlı olsa da, bir rus üçün...

General

Sizi buraya tamamilə başqa iş üçün çağırtdırmışam. Əyləşin!..

Doktor oturur.

Tamarini tanıyırsınızmı?

Doktor

Bəli, tanıyıram. Biz ikimiz də bir şəhərdənik...

General

Onunla bir dərnəkdə iştirak etdiyiniz üçün, sizə bir sual verəcəyəm.

Doktor

Dərnək nədir, zat aliləri?

General

Onu siz məndən yaxşı bilirsiniz. Sui-qəsdçilər dərnəyi.

Doktor

Mən bu xüsusda heç bir şey bilmirəm.

General

Tutalım ki, belədir... Ancaq deyin görüm, Tamarin Şamilə qoşulacağı haqqında sizə bir söz deməmişdi?..

Doktor

Xeyr, zat aliləri. Yalnız onu bilirəm ki, müharibədən zövq almayırdı.

General

Gizlətməyin... Soldat Dmitri ilə Tamarinin düşmən cəbhəsinə keçməsi haqqında siz əvvəlcədən bilməmiş deyilsiniz. Yeddi nəfərlik dərnəkdən dördü burada imiş... Sizin də bu işdən xəbəriniz vardır...

Doktor

Mən burada yaralıları sağaldıram, zat aliləri.

General

Siz eyni zamanda ruhları, düşüncələri zəhərləyirsiniz. Aydındırmı?.. Xəbərdarlıq edirəm: Rusiyanın məşhur cərrahı olduğunuz üçün, hələ sizin haqqınızda ağır tədbirə əl atmıram... Gedin, düşünün. Lazım gələrsə, əlahəzrət imperatorun özünə də yaza bilərəm.

Doktor (ayağa qalxaraq)

Məncə, siz indidən yazmalısınız. Çünki mən korlanmış əsəblərimlə cərrah bıçağını işlədə bilməyəcəyəm. Rus soldatının həyatı mənmi üçün çox əzizdir, zat aliləri.

General

Gedin, doktor... Mənim atalıq borcum xəbərdarlıq etmək idi.

Doktor təzim etməyərək gedir.

Ordu da pozulmuşdur... (Zəngi vurur, girən Rayevskiyə) Bu axşam Hacı Murad gəlməli idi, onu siz özünüz qarşılayın... Bu doktorun hərəkətlərinə diqqət edin... O, bıçaq əvəzinə dişini işə salır.

Rayevski

Baş üstə!.. (Gedir).

Mariya (gəlir)

Sən çox əsəbiləşirsən, əzizim, bu səhhətinə zərərdir...

General

Nə etməli?.. İmperatorumuzun iradəsi belədir.

Pauza

Hacı Murad bu gün bizə qonaq gəlir, Mariya...

Mariya (təəccüblə)

Hacı Murad? O kimdir?

General

Eşitməmişsən?

Mariya

Bu vəhşilərin adını heç xatirimdə saxlaya bilmirəm. O nəçidir?

General

O gecə bizim evə basqın edən igid Hacı Murad. (İstehza ilə) Ona layiqincə ehtiram göstərmək lazımdır.

Mariya

Mən desəm ki, biz bu vəhşilərlə dostluq etmək üçün yaranmamışıq, sən o dəqiqə cavab verəcəksən ki, imperatorumuzun iradəsi belədir. Məncə bu...

General

Sən çox əsəbiləşirsən, əzizim, bu, səhhətinə zərərdir...

Pauza

Mariya

Vitya, mən Peterburqa qayıdıram... Üç ildir ata-anamı görməmişəm.

General

Nə etməli, imperatorumuzun iradəsi belədir...

Pauza

Hacı Muradın öz ayağilə ölüm axtarması həqiqətən maraqlı bir hadisədir.

Mariya

Bu nə deməkdir?.. İnsan da öz ayağı ilə ölüm axtararmı?.. Mən belə ağılsız adama rast gəlməmişəm.

General

Hacı Murad doğrudan da təslim olursa, biz onu əfv edirik... Ayrı məqsədlə gəldiyi sübut olunarsa, dar ağacı indidən hazırdır.

Mariya

Sən belə sözləri deyərkən heç bir vicdan ağrısı duymadığına təəccüb edirəm.

General

Çox təəssüf ki, mən öz iradəmdən asılı deyiləm.

Rayevski (gəlir)

Əfv edirsiniz, general, Hacı Murad gəlir.

General (Mariyaya)

Bizi yalnız burax, əzizim.

Mariya gedir.

Paruçik, o doğrudanmı igid adamdır? O öz ayağı ilə ölümə gələrkən, sizcə, onun məqsədi nə ola bilər?

Rayevski

Zat aliləri, Şamillə Hacı Murad arasında keçmişdə də ədavət var idi. Görünür, indi də yola gedə bilmirlər... Hacı Murad çox məğrurdur. Ölər, amma əyilməz.

General

Çox maraqlıdır... Onu gətirin, paruçik.

Rayevski

Baş üstə. (Gedir)

General

Soltan bəyin dediyi doğrudursa, Hacı Muradın ölüm gününə az qalmışdır. (Hacı Murad gəlir) Axşamınız xeyir. (Görüşür) Çox şadam, köhnə düşmənlərin yeni dostluğu yenilməz bir qüvvə olacaqdır...

Hacı Murad

Doğrudur, yaranal. (Generalın döşündəki ordenləri göstərir) Əminəm ki, padşahınız Sizə bir medal da verər.

General

Siz bir məsəl də var: “Örtülü bazar, dostluğu pozar”.

Hacı Murad

Düz buyurursunuz!

General

Deyin görüm: əlahəzrət Rusiya imperatoruna sədaqətinizi nə ilə isbat edə bilərsiniz?..

Hacı Murad

Şamil mənim köhnə düşmənimdir... Məncə, bu kifayət edər...

General

Xeyr. Bu azdır. Siz dünənə qədər dost idiniz...

Hacı Murad

Bu xəncərim, bu da qılıncım...

General

Padşah rəhmdildir... səmimi dostlarının ən böyük günahlarını belə əfv edər.

Hacı Murad

Şamil dünən bütün aləmi tutub zindana salmışdır...

General

Bu düşmənçilik nədən irəli gəldi?

Hacı Murad

Xalq Şamili İmam seçdi... Mən çoxdan bu qərardan razı deyildim.

General

Nə üçün?

Hacı Murad

Çünki mən özüm imam olmaq istəyirdim... İnsan zəif məxluqdur: Şöhrəti çox sevər, yaranal...

General

Birdən hiylə işlətsəniz?

Hacı Murad

Biz hiylə sevmərik. Müridlərimdən kim düşməni arxadan vursa, mən onu danlaram, yaranal... Şamil də belədir. O mənim düşmənim də olsa, böyük sərkərdədir... O, bizim dağların hər bir cığırını tanıyır... O, bir dəfə mənə dedi ki: “Hacı Murad, hiylədən əl çək, düşmənləri aldatma... çünki onlar sənə hörmət eləməzlər. Öz xalqın da sənə inanmaz... Mən də səndən əl çəkərəm. Hiylə mərd adamlara yaraşmaz...” İndi mən ondan ayrılmışam... dünən xəbər yolladım ki, indi yaranal yox, Hacı Murad da sənin düşmənindir...

Pauza

General

Çox maraqlıdır. Deyin görüm, Soltan bəyi tanıyırsınızmı?

Hacı Murad

Köhnə düşmənlərimdəndir...

General

O, qoçaq adamdırmı?

Hacı Murad

Hələ onun qoçaqlığını görməmişəm... Ancaq harda pul görsə, özündən çıxar... yəqin ki, özünüz bilirsiniz, pul olan yerdə cəsarət də ola bilməz.

General

Çox gözəl... Nə üçün ayaq üstündə durursunuz?.. Buyurun, əyləşin!.. (Zəngi vurur)

Rayevski (gəlir)

Buyurun, zat aliləri.

General

Paruçik, qonaq üçün yer hazırladın.

Rayevski

Baş üstə!.. (Gedir)

General

Bəs indi nə etmək fikrindəsiniz?

Bu anda Baryatinin oğlu Borya yüyürüb gəlir.

Hacı Murad

Ha, oğlunuzdur. Mənim də oğlum var... Onu Şamil tutub zindana salmışdır. (Boryaya) İgid oğlandır, bura gəl... (Onu tutub buraxmayır)

Borya

Ata, bu Şamildirmi?

Hacı Murad

Yox, igid oğlan, mən Şamil deyiləm.

Borya (Hacı Muradın xəncərini göstərir)

Nə gözəldir, ata!..

Hacı Murad (xəncəri, atı uşağa verir)

Buyur, igid oğlan, sənə peşkəşdir...

Borya (xəncəri alır)

Mən də vuruşacağam... (Müxtəlif oyunlar göstərərək) Bax belə... Bax belə... Dayan, dayan!..

General (gülür)

Oğlum, qonağa təşəkkür et...

Borya

Sağ ol, qonaq.

Mariya (gəlir)

Bu nədir, Borya, sən heç utanmırsanmı?..

Borya

Anacan, mən Şamili bu xəncərlə öldürəcəyəm... (Xəncəri sürətlə oynadaraq) Bax, belə... (Gülür)

Mariya

Baş kəsən azdı, sən də başlasan, lap işlər düzələr. Bunu sənə kim verdi...

General

Tanış ol, Mariya.

Mariya Hacı Murada əl verir.

Hacı Murad

Məni belə hörmətlə qəbul etdiyiniz üçün sizə ürəkdən minnətdaram... Söz verirəm ki, ağ padşaha ölüncəyədək sədaqətlə qulluq edəcəyəm.

Mariya

Borya, xəncəri sahibinə qaytar...

Hacı Murad

Dağlıların adəti belədir, xanım. O bəyəndi, mən də bağışladım...

Mariya

Hər zaman belə etsəniz, iki günə kasıblarsınız...

Hacı Murad

Eybi yoxdur. Dövlət hər bir şeydən etibarsızdır, xanım... Bizlərdə dövlətə əl kiri deyirlər.

Mariya

Nə gözəl sözdür!

Hacı Murad

Əsl dövlət insanın özüdür, xanım...

Mariya (ərinə)

Deyəsən, bu quldurun fəlsəfəsi də var...

General

Sən onu şübhələndirirsən...

Borya

Ata, Şamil də bu qonağamı oxşayır...

Mariya

Borya, gəl gedək. sağlıqla qalın. (Uşağı aparır)

General

Mən hələ bir söz deməyəcəyəm... Əlahəzrət imperatordan cavab almayınca, burada sizə ən əziz bir qonaq kimi hörmət ediləcəkdir. Lakin deyin görüm: siz Şamildən nə yolla intiqam almaq fikrindəsiniz?..

Hacı Murad

Mən adi bir əsgər kimi vuruşmaq istəyirəm.

General

Siz nə danışırsınız? İllərlə böyük qüvvələrə başçılıq etmiş görkəmli bir sərkərdə üçün bu cür təvazökarlıq yaxşı deyil...

Hacı Murad

Əgər məni ləzgi xətti ilə onun üstünə yollasanız, mənim ixtiyarıma qoşun versəniz, bir neçə gündən sonra Şamili diri-diri məndən təhvil ala bilərsiniz...

General

Onu biz tezliklə ölü təhvil alacayıq... Soltan bəy Şamili öldürəcəkdir!..

Hacı Murad (həyəcanla yerindən qalxır, birdən özünü toplayır)

Bu daha yaxşı... Mən daha da şad olaram...

General

Sizə nə oldu?.. Rənginiz qaçdı...

Hacı Murad

Sinəmdəki yaranın ağrısı qalxdı, yaranal...

General

Aha... (Sükut edərək) Hökmdarımızla razılaşarıq... Qoşun verərik... Hələlik gedin, rahatlanın... (Zəngi vurur) Mənə elə gəlir ki, imperatorumuz bu gəlişinizdən çox şad olacaqdır.

Rayevski

Buyurun, zat aliləri...

General

Hacı Muradı qonaq otağına aparın!..

Rayevski

Hər şey hazırdır...

General

Aparın...

İçəri daxil olan soldatlar Hacı Muradı hər tərəfdən əhatə edib qollarını bağlayırlar.

Hacı Murad

Mən bunu səndən gözləyirdim. Padşahın yaxşı dərs demişdir. Amma mən Hacı Muradam, yaranal. Bu zənciri də qırmağa gücüm çatar...

General

Hələlik gedin!.. Hökmdarımızdan cavab gələnə kimi, yumşaq çarpayını dəmir zindanla əvəz edin!..

Hacı Murad

Unutma ki, zəncirlə bağladığın bu qollar açılanda, mənim vurduğum qılınc zərbəsinə dözə bilməyəcəksən, yaranal...

Hacı Muradı aparırlar.

General (qapıya yanaşaraq)

Mariya, Mariya!..

Mariya

Nə var, əzizim?.. (Gəlir) Nə olmuşdur?

General

O xəncərə əl vurmayın... Birdən zəhərlənmiş olar... Bu vəhşilər hər şeyə əl atırlar.

Mariya

O necə oldu? Gözəl kişidir. Əsl qafqazlıdır.

General

Doğrudur, əzizim. Paruçik Tamarin də bunların zahiri gözəlliyinə vurulub, nəhayət özünü məhv etmədimi?

Mariya

O ölmüşdürmü?

General

Şamilə əsir düşmüşdür. Bu, ölümdən də pisdir. İndi ağıllanar... Hacı Murad da mənə əsir düşdü. İndi Şamilin sağ əli zəncirlə bağlanmışdır!..

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

On dördüncü şəkil

Bəhramın sarayı*Bəhram**

5 мин
On beşinci şəkil

Bəhramın sarayı. Cavanşir çox məyus gəzişir, Söhrab daxil olur.*Söhrab**

11 мин
Sabir – novator

Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..

19364 мин
Böyük aşıq

Azərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:

19385 мин

Стихи других поэтов