On dördüncü şəkil
Bəhramın sarayı
Bəhram
Əsirlər haradadırlar?
Qasid
Sizin əmrinizi gözləyirlər, böyük sərkərdə... Məşhur Girdman sarbanı Şahin ölümünü çoxdan gözləyir...
Bəhram
Onun oğlu Qartal Ceyran düzündən hücuma keçib cəbhəni yarmaq istəyirmiş. Lakin qorxmaz igidlərimiz onun dəstəsini tarmar edib özünü də əsir almışlar...
Kabus
Qartal dedikləri o əfsanəvi qəhrəman budur.
Qartalı qolları bağlı gətirirlər.
Bəhram
Qartal, bir zaman xəyanətlə qaçıb mənim əlimdən yaxa qurtarmışdın. İndi yenə mənim əlimdəsən... Bəhramın üstünə qılınc çəkən hər kəsin şərəfsiz sonu belədir.
Qartal
Xəyanət ən böyük ordunu belə yıxa bilər...
Bəhram
Sənin bircə qurtuluş yolun vardır. Söylə, söylə görüm o böyük sərkərdəniz Cavanşir özü hansı tərəfdən bizə hücum edir?
Qartal
Onun sirrini yalnız özü bilər...
Bəhram
Bax, qoca atan da mənim əlimdədir...
Şahini əsgərlər gətirirlər.
Qartal
Atacan...
Şahin
Oğlum...
Bəhram
Görürəm ki, bir-birinizi hədsiz sevirsiniz... Qartal, əgər özünü də, onu da, ölümdən xilas etmək istəyirsənsə, Cavanşirin yerini söylə. Nə üçün susursan? Namusuma and içirəm ki, onun yerini söyləsən, sizin başınızdan bir tük əskik olmayacaqdır.
Qartal
Axtardığınız xain mən deyiləm... Ey sərkərdə... Ağvan cəngavərini heç bir şeylə satın ala bilməzsiniz...
Şahin
Afərin. Mənim cəsur Qartalım... Ananın südü sənə halal olsun...
Cəngavər
Suss... Qoca, öz əlinlə özünə qəbir qazma...
Şahin
Mərd ölənlər, dünyanın ən xoşbəxt adamlarıdır...
Qartal
Ax, ata, sirlərimizi açıb düşmənə söyləyən o xaini öyrənə bilsəydim... Ölümümə zərrə qədər də təəssüf etməzdim...
Bəhram
Hamınız bilin... Bu sirri mənə söyləyən Cavanşirin doğma balası Elçindir...
Qartal
Ox, cəllad ürəkli xain... Böyük sərkərdədən, Cavanşirdən belə xain övlad törəyə bilməz...
Bəhram
İnanmırsan?
Qartal
Xeyr, əsla...
Bəhram
Atanla bərabər oda atılandan sonra inanarsan.
Qartal
Mən öz odlu qılıncımla yüzə qədər süvari biçib tökmüşəm, artıq mənim oddan da qorxum yoxdur...
Bəhram
Aha... Cəsarətə bax... O, yenə də qürurundan əl çəkmək istəmir... Aparın, hər iki qollarını bağlayın, atasını isə yanan tonqallara atın...
Qartalı və atasını gözətçilər aparırlar.
Polad
Bu ölüm hamımıza baha otura bilər, igid sərkərdə...
Bəhram
Görürəm ki, sənin ürəyin mum kimi yumşaqdır. Boğ, öldür bu mərhəmət hissini, sən hələ bundan da müdhiş cəzalar görəcəksən... Cavanşirin yalnız Qartalı deyil, o gözəl qadını – Zibeydə xatunu da mənim əlimdədir.
Zibeydə xatun daxil olur.
Polad, mənim igid cəngavərim, Cavanşirin qollarına qüvvət verən bu dünya gözəlini sənə bağışlayıram... Qoy Zibeydə xatun sənin arvadın olsun...
Polad
Yox, yox, mən belə namussuzluğa razı olmaram...
Bəhram
O mənim köləmdir, istədiyim qiymətə, istədiyim müştəriyə sata bilərəm. Lakin sənə bağışlayıram.
Polad
Xeyr, igid sərkərdə, sən doğrudan da o böyük insan adını daşımaq istəyirsənsə, adi nəzakət qanunlarını ayaqlamağa haqlı deyilsən...
Bəhram
Sənə dediyim o müdhiş cəza budur...
Polad
Əfv edərsiniz, böyük sərkərdə. Mən qılınc, qalxan götürüb Cavanşirlə vuruşacağam, mən öz sədaqətimi qanlı vuruşma meydanında göstərəcəyəm, Zibeydə xatunu isə yox, yox... (Polad gedir)
Bəhram
Ey Kabus, yaxın gəl... Onu sən alacaqsan...
Kabus
Razıyam, böyük sərkərdə. Sənin iradən bunu tələb edirsə, mən bu təklifdən boyun qaçırmaqda bir məna görmürəm...
Qasid
Demək Cavanşirin ölüm qərarı yazıldı...
Zibeydə
Mən Cavanşirin taleyinə acıyıram... O nahaq yerə sənin üstünə qılınc qaldırmışdır...
Bəhram
Nə demək istəyirsən?
Zibeydə
Mən qadın ola-ola sənə qılınc çəkməzdim...
Bəhram
Nə üçün?
Zibeydə
Alçalmamaq üçün...
Bəhram
Aparın bu kənizi. Mən kənizlə danışmağa tənəzzül etmərəm...
Zibeydə
Cavanşir qalib gələndə şeypurlar həmişə belə səslənir.
Polad təlaş içində daxil olur.
Polad
Böyük sərkərdə Cavanşirin qoşunları cəbhəni yardı. Onlar bizim arxamıza keçib qara bir zülmət kimi üstümüzə yeridi. Bütün yollar tutuldu. Heç bir yana qaçmağa imkanımız qalmadı...
Bəhram
Sən nə üçün yalnız qaçmağa yol axtarırsan, qorxaq.
Polad
Əfv edərsiniz böyük sərkərdə. Ağvan süvariləri üstümüzə müdhiş bir ildırım kimi şığıyırlar. Onların qarşısından sağ-salamat qaçmaq da böyük igidlikdir.
Bəhram
Get, ehtiyatda saxladığım qüvvələri apar. (Polad gedir) Mən hələ ölməmişəm. Bir daha ağır xəbər gətirsən, ətini boz itlərə yem etdirəcəyəm... Gedin qəzəbinizə kin, iradənizə güc verin... İnsan öz kədərini yalnız qanla azalda bilər. Vurun, öldürün. Qoy Ağvan torpağı Cavanşirin qanına boyansın...
Kabus daxil olur.
Kabus
Əsgərlərimiz qaçışır, böyük sərkərdə... Bütün ordumuz pərakəndə düşüb düzlərə səpələndi... Hamısı qaçıb dağılır...
Bəhram
Mən onlara göstərəcəyəm ki, insanın ayaqları yalnız qaçıb qurtarmaq üçün deyil...
Zibeydə
Odur, odur...
Bəhram
Ardımca gəlin...
Cavanşir qabaqda olmaqla ordu daxil olur.
Cavanşir
At yerə qılıncı...
Bəhram
Mən hələ ölməmişəm...
Cavanşir
Cavanşir aslanlarla vuruşur. (Vuruşurlar. Bəhramın qılıncı düşür) Götür qılıncını get... (Yenidən vuruşurlar, Cavanşir Bəhramı öldürür)
Bəhram
Ah...
Cavanşir
Qartal hanı? Gedin onu axtarın...
Cavanşir
O salamatdırmı?.. Hanı Söhrab, o nə üçün görünmür?
Fərid
Onun dəstəsi şəhərə çoxdan girmişdir...
Cavanşir
Sizcə Bəhrama bizim sirlərimizi kim açmışdır?
Fərid
Hamımızdan ağır zərbə alan Qartaldır. Ondan soruşun, böyük sərkərdə...
Qartalı gətirirlər.
Qartal
Mənim böyük sərkərdəm. Xəyanət, mənim süvarilərim hamısı sədaqətlə vuruşurdu. Lakin hamısı qara bir xəyanətin qurbanı oldu...
Şahin
Mənim əziz balam... Səni belə məşəqqətlə yandıranlardan özüm hayıf alacağam...
Fərid
Bəhram artıq yoxdur, əmi... Sərkərdəmiz sənin intiqamını çoxdan almışdır...
Qartal
Məni Bəhramın alovları qorxutmadı. Odlar yurdunun uca dağları, büllur çeşmələri, ucsuz-bucaqsız meşələri durduqca Girdman cəngavərinə ölüm yoxdur. Lakin ulu hökmdarımdan yalnız bir xahişim var... Xainin dili kəsilsin... Sirrimizi qarı düşmənə açıb söyləyən o dil Girdmanın ən böyük düşmənidir.
Cavanşir
Bu xəyanətdən bütün Ağvana ziyan toxundu. Övladlarım, xain bizim sirrimizi düşmənə açdı. Yüzlərlə Girdman cəngavərlərinin qanına bais oldu.
Şahin
Hökmdar, Qartalın qanadları Bəhramın acıqlı odlarında yanıb külə döndü... O səadət naminə əsl igid kimi ölümə sinə gərdi... Al onun intiqamını, hökmdar...
Qartal
Əlvida, dostlar... Əlvida, mənim odlu qılıncım. Əlvida, böyük ata... (Ölür)
Cavanşir
Mən and içirəm ki, Qartal, sirrimizi açmış o xain doğma balam da olsa mən ona aman verməyəcəyəm...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-cavansir-on-dorduncu-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.
Üçüncü fəsil1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.
Dördüncü fəsil1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:
Beşinci fəsil1**Tahir texniki minimum dərslərinə müntəzəm surətdə davam edirdi. Axır günlərdə müəllimlər hər bir şagirdə çox tələbkar yanaşırdılar. Məşğələlər vaxtında başlayır, vaxtında qurtarırdı. Hər gün keçilən dərsləri o birisi gün nöqtəsi-nöqtəsinə soruşurdular. Bunun səbəbini şagirdlər bilməsələr də, müəllimlər yaxşı bilirdilər.