Sabir – novator
Deyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:
Nəsimini dabanından soydular!..
Daha sonra Azərbaycan xalqının bağrından qopub gələn incə bir ürək təranəsini vəhşicəsinə boğdular, onu bülbül kimi şaqramağa qoymadılar. Xalq isə bu böyük insana əbədi xatirə yaratdı, ona sözdən heykəl yüksəltdi:
Hər oxuyan Molla Pənah olmaz!..
Yenəmi misal istəyirsiniz? Azərbaycanın qanla yazılmış tarixində belə faciələr azmı olmuşdur?
Bədbəxt bir gündə əski Tiflisin tozlu küçələri ilə qəbristana bir cənazə aparırdılar. Ona Nikolay kazaklarından başqa heç kim yaxın durmayırdı. Dükanların qarşısından keçərkən söyüşlər, nifrinlər eşidilirdi. Nə üçün? Çünki bu insan böyük idi, xalq üçün saç ağartmışdı, bütün mədəni Avropada məşhur olmuşdu. Çünki bu bədbəxt gündə ağzı köpüklənə-köpüklənə onun ardınca lənət oxuyanlar, “Hacı qara”larda “Müsyö Jordan”larda, “Kimyagər”lərdə, “Aldanmış kəvakib”lərdə əkslərini görüb özlərindən çıxmışdılar.
Lakin azad olmuş xalq, ona öz paytaxtında tuncdan heykəl qoydu, əsərlərini sevə-sevə oxudu, dinlədi. Onun adı çəkiləndə nifrət deyil, iftixar hissi duydu.
Sonralar şair, xalqın öz içindən çıxdı. O, xalqın doğma həyatından yazdı. Onun iniltilərini, acı fəryadını şerinin ahənginə hopdurdu. Sənətinin inciləri ilə böyük Azərbaycan ədəbiyyatı sarayını bəzədi. Lakin “millət qəhrəmanları” bunu görə bilmədilər. Şair ac-susuz qaldı, xəstəliyini müalicə etdirməyə pul tapa bilmədi. O hələ gənc ikən böyük xalq sənətinə vida etdi. Xalq isə yaratdığı böyük inqilabın ilk günlərində şairini xatırladı, məktəblərdən, kitabxanalardan bir çoxunu onun adına yazdı, heykəlini gözəl bir bağçada güllər və çiçəklərlə bəzədi: Sabirin adı və əsərləri ən yeni nəslimizin belə dilində əzbər oldu. Sabirin xatirəsi getdikcə daha da yüksəldi. “Hop-hop” quşu neft mədənlərinə, pambıq tarlalarına, məktəblərə doğru uçub, yorulmadan əski həyatın nəğmələrini, şikayətlərini, acı naləsini oxudu. Böyük xalq onun mahnılarını eşitdi, sevdi, sonra da gur səslə oxudu:
Artdıqca həyasızlıq, olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?
Bir dövrdə kim sidq səfa qalmayacaqmış,
Bilməm belə dövranları neylərdin, ilahi?
Məzlumların göz yaşı dərya olacaqmış,
Dəryaları, ümmanları neylərdin, ilahi?
Səyyadi-cəfakardə rəhm olmayacaqmış,
Ahuləri, ceyranları neylərdin, ilahi?
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş,
Toxm əkməyə dehqanları neylərdin, ilahi?
İş rəncbərin, güc öküzün, yer özününkü,
Bəyzadələri, xanları neylərdin, ilahi?
Sabirdəki bu qətilik təsadüfi bir mahiyyət daşımırdı. O, “Füyuzat” səhifələrini dolduran mistik şeirləri, mücərrəd “romantikanı” görmək belə istəmirdi. O, vaxtilə Nekrasovun dediyi kimi, “şair olmaya da bilərsən, lakin vətəndaş olmağa məcbursan” fikrinin şüurlu tərəfdarlarından biri idi. Sabirin yaradıcılığı vətəndaşlıq motivləri ilə nəfəs alırdı. Onu yüksəldən, onu həqiqi ictimai bir ürək kimi çırpınmağa məcbur edən böyük vətəndaşlıq məsuliyyəti idi! Bu səbəbdən də Sabir inqilabın şairi idi. O, irticanın şiddətli illərində, dövrünün bütün şairlərindən fərqli olaraq, öz ictimai satirasının hər cür silahdan tez, qüvvətli təsir edən qiymətli – dərin misraları ilə mülkədar-kapitalist cəmiyyətinə sarsıdıcı ölüm zərbələri endirirdi. Sabir qəmgin olsa da, ağlasa da, yenə zəifləmirdi, yenə sağalmaz yara vururdu, yenə şiddətli qəhqəhə ilə gülməyi bacarırdı. Ona görə də əsl, həqiqi sənət zirvələrinə yüksələ bilirdi. O, aldatmırdı. Onun şeirləri həyatın həqiqətini göstərirdi. Sabir realist idi. Onun realizmi aktiv və yıxıcı bir xarakter daşıyırdı. Dediyimiz kimi, onda həqiqi bir ictimai ürək çırpınırdı:
Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmirəm.
Eyni zamanda Sabir öz yaradıcılıq prinsiplərini oxucularından gizlədə bilmirdi. Onun epiqramları, səhnəcikləri, “nəzirələri” Sabiri həqiqi siyasi bir şair kimi tanıtdırırdı. Azərbaycan ədəbiyyatında az yazıçı bu qədər məharətlə zamanın siyasi məsələlərini əks etdirmişdir. Sabir ona görə böyük və ölməzdir ki, o, gündəlik məsələləri yüksək bədii səviyyədə həll etməyi bacaran bir sənətkar olmuşdur. Bu sahədə onu Fransanın məşhur şərqi sənətkarı Beranje ilə müqayisə etmək olar. Sabir həqiqətən gözü açıq, diribaş, mübariz, düşməni ustalıqla döyəcləyən bir satirikdi. Qoy Sabirin oxucuları bir daha onun dialoqlarını, səhnəciklərini diqqətlə oxusunlar, bu əsərlərdə Sabirin böyük bir məharətlə tamam bir epoxanın Çirkin cizgilərini necə qavradığını, xalqın düşmənlərini acı qəhqəhələrlə necə döyüb taqətdən saldığını görəcəklər.
Aydındır ki, bu parçalar hər cəhətdən yeni bədii əsərlərdir. Bəzən Sabir belə kiçik ədəbi formalarda yaxşı bir komediyanın verdiyi effekti vermişdir. Bu səbəbə görə də biz Sabiri, heç bir mübaliğəyə yol vermədən Azərbaycan ədəbiyyatının ən böyük klassikləri sırasına daxil edirik.
Sabir heç bir zaman forma xatirinə yazan bir şair olmamışdır. O, şeirə hər şeydən əvvəl yeni tematika, yeni mündəricə gətirmişdir. O, Azərbaycan şerinə vətəndaşlıq mərdliyi gətirmişdir. O, “bülbülə, eşqə, gülə dair yalan fırladan” şairləri inkar etmiş, “cəridəsini doldurmaq üçün mətləbi uzadan” qəzetçiləri döymüş və bununla kifayətlənməyərək, “nəzirələr” adı ilə köhnə şeir formalarını öz məhdud cığırından çıxmağa və yeni məzmuna xidmət etməyə məcbur etmişdir. Bu səbəbə görə də Sabir həqiqi bir novator kimi parlamışdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-sabir-novator
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şirvan sarayında böyük bir otaq. Orta əsr memarlığı üslubunda tikilmiş bu otağın naxışları arasından sarayın başlandığını və qurtardığını bildirən tarix görünür. Dibdə buxarı yanır. Şah, vəzir və Munis gəlir. Onların dalınca əyanlar və saray adamları daxil olur.*Şah otağa baxa-baxa, taxtı qoyulmuş yerə tərəf addımlayır.*
Şeyx Şamilİştirak edənlərŞamil – Dağıstanın xalq qəhrəmanı*
Birinci şəkilDağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. Mariya dərin bir ilhamla olduqca həzin bir sonet çalır. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb ətrafı dinləyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşca addımlarla general gəlir. Top səsi bir də təkrar olunur.*Mariya**
İkinci şəkilAul... Uzaqdan top-tüfəng səsləri eşidilir... Aulda çığırtı-bağırtı vardır. Birdən qiyafəsini dəyişmiş Soltan görünür. Aula doluşan soldatları görüb gizlənir.*General** (*paruçik Rayevski və o biri zabitlərilə gəlir*)
Стихи других поэтов
Ləvhəş-Allah, xaliqi-can,Nə gözəl insan yaradıb,
Aman ki, ol zalim canan ğarəti-can edib getdiAman ki, ol zalim canan ğarəti-can edib getdi,Bu sinəmi bir şuridə qələ, zindan edib getdi.
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Əcəb yüzin görən necə qılar tabƏcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.