Onuncu şəkil
Cavanşirin sarayı
Söhrab
Hökmdar...
Cavanşir
Mən öz qərarımı bildirirəm. Sasani qoşunlarının sərkərdəsi Bəhrama rədd cavabı verilsin...
Qartal
Namərdlərə bundan gözəl cavab ola bilməz.
Cavanşir
Dost kimi gələn elçilərə isə yalnız bir cavabım var. Dostluq arzusunda olan hər kəs mənim sədaqətimə əmin ola bilər.
Saran
Böyük hökmdar düşmən də olsa, siz öz nəzakətinizi Bəhramdan əsirgəməyin...
Cavanşir
Fikrini açıq söylə, Saran...
Saran
Sənin qərarın mənə bəllidir, böyük hökmdar. Bu dünya görmüş qocanın məsləhətini dinləmək istəyirsənsə, Kayan elçisini hörmətlə yola sal...
Cavanşir
Mənim iradəmlə oynayanlar məndən aman gözləməsinlər.
Zibeydə xatun gəlir.
Zibeydə
Bəhram səninlə görüşməmiş qayıdır... Cavanşir, adına-sanına ləkə vurma... Qoy düşmən belə, sənin alicənablığını görsün, öz qəbahətindən utanıb yerə girsin...
Cavanşir
Bəhramdan heç bir alicənablıq gözləmirəm, lakin çağır onu...
Fərid
Bu saat... (Gedir)
Cavanşir
Hamınıza xəbərdarlıq edirəm. Sizin aranızda Kayan dövləti ilə ittifaq bağlamaq arzusunda olan varsa, qoy onlar özünü aldatsın, namərd körpüsündən keçən özü də namərddir...
Bəhram, Polad, Kabus və qasid daxil olurlar.
Bəhram
Mən bura – Girdmana dost kimi gəlmişdim. Lakin məni düşmən kimi yola salırlar. Belə rəftarın səbəbi mənə bəlli deyildir...
Cavanşir
Möhtərəm elçi, Kayan tacidarına söylədiniz ki, mənim qılınca, mərdliyə arxalanan bir ölkəm vardır. Onu yer üzündən silmək istəyənlərə də qılıncla cavab veriləcəkdir...
Bəhram
Mehriban bir dost kimi əl-ələ vermək mümkün ikən, qılıncla danışmağa ehtiyac yoxdur, Cavanşir...
Cavanşir
Mən müqəddəs Ağvanın göylərə baş vuran uca dağlarını bu vaxtadək düşmənlərin quduz hücumundan qorumuşam. İndi isə namərd dostlardan qoruyacağam...
Bəhram
Ulu hökmdarımız ərəblərə qarşı səninlə ittifaq bağlamaq arzusundadır.
Cavanşir
Bu ittifaqın məqsədini bilmək olmazmı?
Bəhram
Məqsəd düşmənə qarşı birgə müharibə...
Cavanşir
Ərəb sərkərdəsinə sülh təklifi aparmışsınızmı?
Bəhram
Düşmənə silah təklifi etmək qorxaqlıqdır.
Cavanşir
Daim müharibə xəyalı ilə yaşamaq isə sərsəmlikdir.
Bəhram
Biz yenə dost ola bilərik, Cavanşir...
Cavanşir
Xəyanətini unutdunmu? Möhtərəm elçi?
Bəhram
İnsanın həyatında səhv ola bilər... İnan ki, Cavanşir, ürəyim həmişə səninlə olmuşdur. Muğan torpağını xarabaya döndərən qəsbkarlardan səni qorumaq üçün işlətdiyim bu müvəqqəti siyasət bizim qardaşlıq məhəbbətimizə mane ola bilməz...
Cavanşir
Hanı Qartal?
Qartal
Burdayam, ulu hökmdar...
Cavanşir
Muğan şəhərində qurulmuş dar ağaclarından asılan kimlər idi?
Qartal
Kayan qoşunlarının əsir tutduqları Ağvan cəngavərləri...
Cavanşir
Eşidirsənmi, möhtərəm elçi? Sədaqətdən dəm vurarkən vicdan ağrısı duyursanmı?
Bəhram
Mən ömrüm boyu bu cinayətlərimi lənətlərlə yad edəcəyəm. Namusuma and içirəm ki, bu ləkəni öz qanımla yumağa hazıram...
Elçin
Atacan, əgər ürəkləriniz bir-birinə yaxınsa, Ağvan dağları heç bir vaxt bizim aramızda səth ola bilməz. Barış, atacan... Qoy sizi ülvi bir məhəbbət birləşdirsin...
Cavanşir
Elçin, əziz balam... Mən Sasanilərlə əbədi dost olmaq fikrində idim. Lakin namərdlər xalqımızın boğazına əsarət zənciri keçirdilər. Qəsbkarların bizdən məhəbbət ummağa heç bir haqqı yoxdur. Əgər biz Kür-Araz sahillərində əzəmətli dövlətimizi yenə bərpa etməsək, bütün el-oba bizə lənət oxumazmı? Sən isə, möhtərəm elçi, hökmdarına bildir ki, mənə göndərdiyin o hədiyyələr Ağvan igidlərinin qanına boyanmışdır. Mən o igidlərin qatillərindən amansız bir qisas almamış bir an belə rahat ola bilməyəcəyəm.
Cavanşir və saray adamları gedirlər. Səhnədə Bəhram, Polad, qasid, Kabus və Saran qalır. Saran gedərkən
Qasid
Qoca, qızıllar da, cavahirat da əldən çıxır. Sən Cavanşiri yola gətir...
Saran
Möhtərəm elçi, get sən xaini başqa yerdə axtar. Mən xəzinədaram, amma qızılı da, cavahiratı da elimin namusundan üstün tutmaram... Get...
Saran gedir
Bəhram
Artıq sülh danışıqlarının mənası qalmadı. Muğan torpağında qurduğum dar ağacları çox azdır. İndi də Girdman üzərinə qoşun çəkəcəyəm... Hanı Söhrab? Onun qəlbini gəmirən şöhrət qurdu indi mənə gərək oldu...
Polad
Böyük sərkərdə, məni əfv edin... Onun əsgəri azdırsa da, bizə qarşı kini çox böyükdür...
Bəhram
Lakin kin ordu deyildir...
Polad
Cavanşirin qəzəbi artdıqca hər bir cəngavəri bir orduya bərabər olur.
Bəhram
Demək Cavanşir səni qorxudur...
Polad
Mən əsil həqiqəti söylərkən, özümün qorxduğuma işarə etmək fikrində deyiləm. Mən deyirəm ki, bu böyük kinə qarşı vuruşmaq mənasızdır...
Bəhram
Kindən də qüvvətli bir ordu vardır...
Polad
O nədir?
Bəhram
Hiylə... Qoy Cavanşir öz qılıncını itiləsin. Mənsə onu hiylə toruna salıb məhv edəcəyəm... Çağırın Söhrabı, o məndən köməyini əsirgəməz. Onun qəlbini gəmirən şöhrət qurdu indi mənə gərək oldu...
Polad
Söhrab ağılsız deyil... O indi Cavanşirdən qorxub bizə kömək verməz...
Bəhram
Sən insanları hələ tanımırsan... Ehtiras quduz bir canavardır, ehtiras ən ağıllı insanları belə, məhrum bir quzu kimi parçalaya bilər...
Söhrab gəlir.
Söhrab
Sözlərimə inanın, böyük sərkərdə, onu bilin ki, Cavanşirin məhəbbəti dilimdə, sənin məhəbbətin isə ürəyimdədir... Siz hər zaman mənim sədaqətimə əmin ola bilərsiniz...
Bəhram
Elə isə gedək... Qoy Kayan hökmdarı mənə daha qüvvətli bir ordu versin. Mən Cavanşirlə yalnız vuruş meydanında danışacağam...
Söhrab
Uğurlu yol... Əgər Cavanşirin qollarındakı gücü bir heç məqamına endirmək istəyirsənsə, sizə daha yeni bir xəbər verə bilərəm...
Bəhram
O nədir, Söhrab?
Aybəniz daxil olur, onların söhbətini eşidib gizlənir və qulaq asır.
Söhrab
Bu gün Cavanşirin o gözəl qadını Zibeydə xatun oğlu Elçinlə Firuzəabada gedir. O, sizin ciyərparənizlə çox gizli bir mətləb barəsində danışmaq fikrindədir...
Bəhram
Mənim ciyərparəmlə?.. Gizli bir mətləb barəsində?
Söhrab
Bəli... Bəli, onları yolda tutub əsir apara bilsəydiniz. Bu, gələcək qələbənin yarısı deməkdir. Uğurlu yol... Söhrabı unutmayın... Zaman gələr Kayan tacidarı özü də məndən təşəkkürünü əsirgəməz.
Bəhram, Polad, qasid və Kabus gedirlər, Aybəniz daxil olur.
Aybəniz
Sən nə elədin, Söhrab... Nə üçün vicdanına silinməz bir ləkə vurdun...
Söhrab
Aybəniz... Ləkə nədir?
Aybəniz
Bütün elin, obanın nifrətindən qorxmursanmı? Qardaşım, Cavanşirə xəyanət nə böyük nankorluqdur.
Söhrab
Suss... Suss... Sən hansı xəyanətdən danışırsan? Burax sərsəmliyi...
Aybəniz
Mən Bəhramla sənin söhbətini başdan ayağa dinlədin... Bu fikirdən əl çək, qardaşım... Böyük hökmdarımız bu əhvalatdan xəbər tutsa... Səni bir an belə sağ qoymaz... Yalvarıram sənə, get özün ona xəbər ver ki, düşmənlər Zibeydə xatunu hiylə toruna salmaq istəyirlər. Qoy onu Firuzəabada göndərməsin...
Söhrab
Sənin ağlın başında deyil, nədir? Heç nələr sayıqladığını bilirsənmi?
Aybəniz
Sən deməsən də, mən deyəcəyəm...
Söhrab
Dilini dibindən kəsərəm...
Aybəniz
Kəs... Aman...
Söhrab
Cınqırını çəksən...
Aybəniz
Ən uzağı ölümdür... Ölümdən qorxan səndən də namərddir... Ah...
Söhrab Aybənizi xəncərlə vurub öldürür.
Söhrab
Ah... Mən nə etdim... Demək, Elçin onun məhəbbətini rədd etdiyi üçün öz-özünü vurdu... Ah, əziz bacım. Fəlakət... Fəlakət...
Cavanşir və bütün saray adamları daxil olurlar
Cavanşir
Bu nədir?.. Bu nə dəhşətdir?
Söhrab
Böyük ata... Mənim bacım, ata-ananın yeganə yadigarı, Elçinin rədd cavabından sonra özünü həlak etdi.
Cavanşir
Mənim oğlum Elçin...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-cavansir-onuncu-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Təcnis: Cəmalını görcək mayıl olmuşamCəmalını görcək mayıl olmuşam,Bilmədim gözəlim, ayadın nədir.
KəsdiUzaq vilayətə qonaq gedirdim,Mehrü məhəbbətim yanımı kəsdi.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,