Cavanşirin sarayı, Qılınc daxil olur.

Qılınc

Mənim əziz hökmdarım, biz sənin əmrinlə Kayan tacidarının hüzuruna getdik... Bütün tələblərini ona yetirdik. Dedi ki, əgər əsgərlərinizin nahaq qanına bais olmaq istəmirsinizsə, tezliklə Muğandan geri çəkilməlisiniz, Ağvana dəymiş bütün ziyanları ödəməlisiniz. Lakin Kayan tacidarı bizim təkliflərimizdən qəzəbləndi... Rədd cavabı verdi.

Cavanşir

Rədd cavabı?

Qılınc

Bəli, hökmdar, rədd cavabı... Hətta məni də, dostlarımı da dar ağacı ilə hədələdi... Axır sözündə yalnız bunu söylədi ki, Cavanşir xam xəyala qapılmasın. Bundan sonra Ağvan diyarı Kayan hökmdarlığına xərac verən bir əyalət olaraq qalacaqdır. Doğrusu bu sözləri eşidərkən qan beynimə vurdu. Ürəyim kin və qəzəb ilə alışıb yandı. Cavabında dedim ki, Ağvan cəngavərləri mərdliklə ölməyi ana torpağının əsarətindən min qat üstün tutur.

Cavanşir

Afərin, mənim qəhrəman şairim, mən səndən həmişə belə mərd cavablar eşitməyə alışmışam. İnsanın səbri tükənməz deyil... İndi bizim ancaq bir yolumuz qaldı. Muğan diyarını yadların tapdağından bu odlu qılınclarımız xilas edəcəkdir.

Fərid (gəlir)

Böyük hökmdar, sənin tapşırığınla Ağvan kübarlarını, tacirlərini, ipək karxanaçılarını çağırmışam... Hamısı əmrinizi gözləyir.

Cavanşir

Çox gözəl, Fərid... Onlarla mən özüm danışacağam. Gəlsinlər... (Kübarlar, tacirlər, ipək karxanaçıları daxil olurlar) Əyləşin... Əyləşin... Sizi nə məqsədlə çağırtdırdığımı yəqin ki, bilirsiniz. Dövlətimiz elin gücünə arxalanır. Vətənin ağır günlərində siz Ağvan qoşunlarından köməyinizi əsirgəməməlisiniz. Mən sizdən cavab gözləyirəm... Sən söylə.

Dəmirdaş

Mən bütün var-yoxumdan keçməyə hazıram. Ancaq çox təəssüf ki, Muğana getmiş dəvə karvanımızı Bəhram tutub saxlamışdır.

Cavanşir

Muğan tezliklə Sasanilərin əsarətindən xilas ediləcəkdir. Ümidvaram ki, karvan tezliklə qayıdacaqdır.

Dəmirdaş

Əgər qayıtsa, dəvələri də, qazandığı pulları da sənə bağışlayıram.

Saran

Bu nisyə oldu. Nəğd nə verə bilərsən?

Dəmirdaş

Evim bomboşdur. Özgə heç nəyə ümidim gəlmir.

Söhrab

Yalan demə kişi, neyçün bizi aldadırsan... Sən sərvətini Cavanşirdən gizlədib, əl altından Sasanilərə kömək vermək istəyirsən...

Cavanşir

Dayan Söhrab, qoy o fikirləşsin... Hamını xəyanətdə təqsirləndirmək lazım deyil... İndi sən cavab ver.

Alov

Mən qızıl verə bilmərəm... Üç sürü qoyunumu cəngavərlərə bağışlayıram... Oğlum Fəridi də sənin yolunda ölümə yollayıram...

Saran

Qızıl lazımdır, qızıl. Qoyunu xəzinədə saxlamaq olmaz...

Alov

Qoyunu qızıla dəyişmək asandır...

Cavanşir

Oğlun Fərid bütün vuruşmalarda əsil igid olduğunu sübut etmişdir...

Alov

Öz hesabıma beş yüz təzə qılınc, bir qədər də qalxan tədarük etmişəm. Oğlum Fəridin dəstəsinə beş yüz at vermişəm. Mümkün edə bilsəm yenə qılınc hazırladaram...

Cavanşir

Mənim adımdan qılınc ustalarına salam söylə.

Alov

Çox sağ ol, böyük hökmdar... Onlar gecə-gündüz əlləşib cəngavərlərə kömək edəcəklər.

Cavanşir

İndi sizdən cavab gözləyirəm...

Karxana sahibi

Doğrusu mən özüm də kömək verərdim... Amma iş burasındadır ki... Əslinə baxsan...

Cavanşir

Yaxşı... Yaxşı, əgər ürəyinizdə məhəbbət əvəzinə qara yellər əsirsə, mənim sizə deyiləcək heç bir sözüm yoxdur... Sən nə üçün danışmırsan, Qızıltac?

Qızıltac

Mən hökmdarın xəzinəsinə həmişə qızıl vermişəm. İndi isə...

Söhrab

Məni əfv edin, hökmdar... Qızıltac belə ağır günlərdə həmişə yaxasını kənara çəkir. Heç utanırsanmı? Son dəfə xəzinəyə nə vaxt qızıl vermişsən?

Saran

Sənin rəhmətlik atan vəzir olanda...

Söhrab

Tamaşa edin, tamaşa edin... O vaxtdan ən azı 7 il keçir... Bəs indi, bu xəyanət deyil də nədir?

Cavanşir

Cavab ver, Qızıltac...

Qızıltac

Mən axı...

Cavanşir

Aydındır... Bir az dərindən düşünün, ağalar... Unutmayın ki, sizin dəvə karvanlarınıza yol açan, dövlətinizin keşiyində duran Ağvan cəngavərləridir... Ona verdiyiniz bugünkü cavabdan bir az sonra özünüz utanacaqsınız... Siz öz sərvətinizi düşünürsünüz. Lakin yadların zülmü altında inləyən qan qardaşlarınızın taleyini isə düşünmürsünüz. Gedin, mənim əmrimi gözləyin...

Xidmətçi

Bu xatunun sizə sözü var, böyük hökmdar...

Günəş ana və iki qızı daxil olurlar.

Cavanşir

Buyursunlar.

Günəş ana

Mən tacir Altuntacın zövcəsiyəm. Bunlar da mənim oğlanlarımdır... Hökmdarımıza iki hədiyyə gətirmişəm... Bu sandıqda yüz min dinar bahasında daş-qaş, cavahirat vardır.

Saran

Yüz min dinar...

Söhrab

Afərin, Günəş ana... Afərin...

Günəş ana

Ərimdən mənə miras qalmışdır... Dedilər ki, Cavanşir Muğanı yadlardan qurtarmağa gedir. Böyük sərkərdə, məndən bu hədiyyələri qəbul et. Müqəddəs günəş qollarına qüvvət versin. Vuran əllərin titrəməsin, oğlanlarımı da sənə cəngavər verirəm. Onlar vuruşmada aman bilməyəcəklər.

Cavanşir

Bahar günəşinə and içirəm ki, mən onları da öz balam kimi sevəcəyəm...

Günəş ana

Ərimi Sasanilər tikə-tikə doğradılar. Sən indi mənim də intiqamımı almağa gedirsən... İzn ver o müqəddəs qılıncdan öpüm...

Cavanşir

Ağvan analarının xeyir-duası mənimlədir. Lakin siz... Siz bu qadına baxın və utanın... Siz hələ uşaqsınız, övladlarım...

Fərid

Mən bilən gərək Altuntacın oğlu yoxdur, xala. Böyük hökmdar, and içirəm ki, bu gənclər Altuntacın qızlarıdır.

Cavanşir

Doğrudanmı?

Günəş ana

Qorxub qaçsalar mən onlara aman vermərəm.

Cavanşir

İnanıram, Günəş ana. Lakin mən bu körpələri müharibə meydanına apara bilmərəm...

Qıvrımtel

Nə üçün, böyük ata? Biz at çapmağı da, qılınc oynatmağı da bacarırıq. Bizim yalnız bircə diləyimiz var. Vətənimizin yaşıl zəmiləri düşmən atlarının ayaqları altında tapdalanmasın... Analarımız övlad dağı görməsin... Namusumuza ləkə toxunmasın... İntiqam... İntiqam...

Cavanşir

Bu cəsur aslanlardan utanırsınızmı?

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов