Cavanşirin sarayı. Ordu başçıları və məsləhətçilər Cavanşirin başına toplaşmışlar.

Cavanşir xəritədə nə isə göstərir, hamının diqqəti ondadır.

Cavanşir

Demək sabah gün doğmamış biz yolda olmalıyıq.

Söhrab

Məni əfv edin, böyük hökmdar... Biz bir qədər səbr edib daha yaxşı hazırlaşa bilmərikmi? Kayan sərkərdəsi Bəhramın qoşunu bizimkindən üç dəfə çoxdur.

Qılınc

Cananvar sürüsünə bir aslan kifayətdir.

Cavanşir

Cəngavər Ozan doğru deyir. Düşmənin sayı heç də qorxulu deyil. Ağvan cəngavərlərinin hər biri bir ordudur... Qartal, nə olmuşdur?.. Sən nə üçün kədərlisən?

Qartal

Mən ən müdhiş müharibələrdən belə qorxmuram. Mən Ağvan üçün, əziz anamın namusunu qorumaq üçün doğulmuşam... Amma indi ürəyim yaralıdır.

Cavanşir

Nə olmuşdur, söylə...

Qartal

Bizansa gedən dəvə karvanları hələ qayıtmamışdır. Böyük sərkərdə, Bəhram onları tutub əsir aparmışdır. Kim bilir, bəlkə də biz şəhəri alana kimi onları edam edəcəkdir...

Cavanşir

Qurbansız qələbə yoxdur, Qartal.

Qartal

Lakin mən hər şeydən əvvəl namuslu bir atanın oğluyam... Mənim atam o karvanın sarvanıdır...

Cavanşir

Aha... Bu heç yaxşı olmadı...

Söhrab

Məncə gözləmək yaxşıdır... Biz onlar gəlib çıxandan sonra hücuma başlarıq...

Cavanşir

Yox... yox... hücum sübh tezdən başlanacaqdır. Nə bir gün tez, nə bir gün gec...

Qılınc

Müharibədə hər bir dəqiqənin öz hökmü vardır. Hücumu vaxtında başlamaq, qələbənin yarısını əldə etmək deməkdir...

Qartal

İzn versəniz mən öz tədbirlərimi söylərəm.

Cavanşir

Söylə, Qartal...

Qartal

Mənim süvarilərimə özgə bir adam başçılıq etsin, mən gecə ikən Muğan şəhərinə basqın edib əsirlər Bəhramın pəncəsindən qurtarım...

Fərid

Bu çox gözəl fikirdir...

Söhrab

Mən də Qartalın cəsarətinə inanıram...

Fərid

Lakin hücum gözlənilmədən, çevik və ildırım sürətilə edilməlidir.

Söhrab

Əvvəlcədən Bəhram xəbər tutmazsa, şəksiz sən qələbə çalarsan...

Səslər

Doğrudur... Doğrudur...

Qartal

Böyük sərkərdə, sizdən cavab gözləyirəm...

Cavanşir

Yox, Qartal... Bu tədbir yaramaz. Hücum zamanı cəsarət azdır. Düşmənin gücünü nəzərdən qaçırmaq olmaz. Bir də Girdmanın özündə düşmən casusu olmadığını haradan bilirsən?

Qartal

Elə isə, öz əmrinizi söyləyin, böyük sərkərdə...

Cavanşir

Sənin atlıların Ceyran düzündən hücuma keçib bir neçə əsir tutsun. Bu şərtlə ki, ordu başçılarından birini də ələ keçirtsin. Bax burda hücum həm sürətli, həm də gözlənilmədən olsun. Aydındırmı? Yenə təkrar edirəm... Ceyran düzündən...

Qartal

Çox gözəl... Sonra?

Cavanşir

Sonra Bəhrama elçi göndər, qoy bu elçi sənin adından düşmənə bildirsin ki, əgər bizim karvanla getmiş adamlardan birinin başına bir iş gəlsə, tutulmuş əsirlərin hamısı qılıncdan keçiriləcəkdir. O, tacirlərin qızıllarını mənimsəsə də, özlərini sağ-salamat buraxmağa məcbur olacaqdır... Aydındırmı?..

Qartal

Of... Elə bil üstümdən böyük bir dağ götürüldü...

Söhrab

Ancaq nədənsə mənim ürəyim yenə də rahat olmadı...

Cavanşir

Fikrini açıq söylə, Söhrab...

Söhrab

Əgər düşmən bu tədbirlərimizdən xəbər tutarsa...

Qılınc

İnsanın dili yalnız fikir söyləmək üçün deyil... Həm də bu fikri gizlətmək üçündür...

Söhrab

Məncə sən yalnız şerini deyib müharibə məsələlərinə qarışmasan biz daha çox qazanarıq...

Qılınc

Unutma ki, mən şerimi öz qılıncımla yazıram...

Cavanşir

Qılınc haqlıdır, Söhrab, qoy bütün sirlərimiz burada, bu dilsiz divarlar arasında qalsın...

Söhrab (öz-özünə)

Yox, qalmayacaqdır... Bu xəbəri Bəhrama yetirmək mənim borcumdur... Ah... Böyük hökmdar... Böyük hökmdar...

Elçin yaralı halda çox ölgün daxil olur.

Cavanşir

Nə olmuşdur?

Elçin

Ah, atacan, fəlakət, bu dərdə dözmək üçün insanın ürəyi gərək daşdan, dəmirdən olsun...

Cavanşir

Söylə, oğlum, söylə...

Elçin

Biz hələ Firuzabada çatmamış böyük xiyabandan keçərkən heç gözlənilmədən birbaş üstümüzə saysız-hesabsız Kayan əsgəri bulud kimi axdı. Düşmən anamı, karvanı, bütün keşikçilərimizi də üzük qaşı kimi ortaya aldı...

Söhrab

Ah... Hiyləgər xain...

Elçin

Bir də gördüm ki, anam qılınc çəkib qızmış aslan kimi vuruşa atıldı... Mən də qılınca sarıldım... İrəliyə doğru şığıdım... Bilmirəm necə baş bədəndən ayrıldı. Lakin heyhat, çox çəkmədi ki, mən ağır bir zərbədən şüurumu itirib yıxıldım... Gözümü açanda hər tərəfdə zülmət kimi qaranlıq, qorxunc bir sükut gördüm... Anamı, dostlarımı harayladım. Ancaq mənim səsimi eşidən, mənə hay verən olmadı. Ölənlər arasında anamı axtardım. Tapa bilmədim... Ah, atacan, mən gördüklərimə hələ də inana bilmirəm... Bəlkə də bunlar müdhiş bir röyadır...

Fərid

Aha... Vəfadan dəm vuran namərd Bəhram...

Elçin

Mənim əziz hökmdarım, düşmən bu hiyləyə yalnız bir məqsədlə əl ata bilər. O bizi sarsıtmaq, yanlış hərəkətə məcbur etmək istəyir... Lakin Bəhram öz canını belə qurtarmaq istəsə, qoy əmin olsun. Odlu qılıncımızın hər zərbəsindən qopan qəzəb alovları namus oğrusunu yandıracaqdır.

Qartal

İzin ver, hökmdar, elə bu gecə mən öz dəstəmlə Muğana hücum çəkim... Anamız Zibeydə xatunu düşmənin pəncəsindən qurtarım. Mən and içirəm, dostlar, anamız Zibeydə xatun naminə, namus naminə, şərəf naminə son damla qanımı belə əsirgəsəm mənə ar olsun.

Fərid

Böyük hökmdar, şərəfli ölüm səadət qapılarının açarıdır. Anamız Zibeydə xatun üçün mən də ölümə hazıram... İzin ver mən də hücuma keçim...

Hamı

İzin ver, böyük sərkərdə...

Cavanşir

Yox, övladlarım. Qartal, sən dediyim kimi gecə ikən hücuma keçərsən... Ceyran düzündən. Aydındırmı? Yenə təkrar edirəm... Qoy sirlərimiz bu divarlar arasında qalsın. Hücuma dediyim kimi hamımız birdən, sabah alatorandan başlayarıq... Nə tez, nə də gec...

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов