Cavanşirin sarayında bir otaq

Zibeydə

Oğlum, Elçin, səni and verirəm o müqəddəs günəşə, at yerə o qılıncı...

Elçin

Qılıncı yerə atmaq günahdır, ana... Bax, görürsənmi atam Cavanşir odlu qılınca nə qədər hörmət edir.

Zibeydə

Mən onsuz da səni heç yana buraxmayacağam. Hələ doyunca üzünə də baxmamışam. Üç illik həsrətin ürəyimdə tabi-təvan qoymayıb, oğlum, Elçin... Elçin...

Elçin

Anacan, mən bir an belə yubanmadan atamın yanına – vuruş meydanına getməliyəm. Mən də onunla qəsbkarlara qarşı qılınc oynadıb, ox süzdürməliyəm. Qoy qanlı vuruşmalar tezliklə qurtarsın. Ana torpağımızın hər tərəfindən həyat səsi, sevinc nəğməsi ucalsın...

Söhrab daxil olur.

Söhrab

Elçin... Elçin hara? Ananın sözündən çıxma. Zübeydə xatun, Elçinlə gəlmiş qonaqlar səni gözləyir. Buyur... Mən ana ürəyinin müqəddəs arzusunu oğluna anladaram.

Zibeydə

Çox sağ ol, Söhrab... Sən Elçindən təcrübəlisən, onu fikrindən daşındır. (Gedir)

Elçin

Bilmirəm nə üçün heç kəs mənim vuruş meydanına getməyimə razı deyil..

Söhrab

Çünki sən həm anan üçün, həm də elimiz üçün əzizsən... Elçin, unutma ki, sən Cavanşirin yeganə oğlusan...

Elçin

Mən atamla vuruş meydanında görüşərsəm, bu daha gözəl olmazmı?

Söhrab

Əgər o sənin gəlişindən xəbər tutsaydı, inan ki, quş kimi qanad açıb ongünlük yolu bir nəfəsə gələrdi.

Elçin

Atam çox qocalmışdır, eləmi?

Söhrab

Əsla... Yox, Elçin, saysız vuruşmaların hamısından qalib çıxmış bir sərkərdə də qocalarmı? İnan ki, o səni görəndən sonra ürəyinə yeni sevinc, qollarına yeni bir qüvvə gələcəkdir.

Elçin

Bu daha gözəl... Mən gedirəm, dostum, artıq səbr edə bilmirəm...

Söhrab

Tələsmə, Elçin, tələsmə, aldığımız son xəbərlərə görə o, xəzəriləri tar-mar etmişdir. Əgər bu xəbər doğrudursa, Cavanşir bu gün, sabah mütləq qayıdar...

Elçin

Bir yandan ata həsrəti, bir yandan da... Eh, əziz dostum. Bu ağır intizar qəlbimi didib parçalayır.

Söhrab

Aha, sən eşq odunda yanan aşiqlərə bənzəyirsən.

Elçin

Sən bunu nədən bildin, qardaşım?

Söhrab

Bax, bax, bax, sevgi bəlasına tutulmasaydın, səsin çalınmış bir sim kimi titrəməzdi...

Elçin

Sən haqlısan, qardaşım... İndi mənim qəlbimin hər bir teli doğrudan da, çalınmış bir simə bənzəyir. O mənim bütün varlığıma hakimdir.

Söhrab

Kim, Elçin?

Elçin

Mən onu ilk dəfə gördüyüm andan bu günə kimi heç bir vaxt onun xəyalından ayrılmamışam. Kayan gözəlinin adını bax buraya, qəlbimə yazmışam... Reyhan... Reyhan, indi sən haralardasan?

Söhrab

Nə, Reyhan? Yox, yox, bu ola bilməz...

Elçin

Reyhan mavi göylərdən yerə enmiş bir ayparadır. Onun yolunda həyatımı yüz min kərə qurban vermək mümkün olsaydı, bir yol da uf deməzdim. Ey müqəddəs günəş, səndən yalnız bir xahişim var, mənim ömrümdən kəsib Reyhanın ömrünə cala...

Söhrab

Elçin... Elçin, sus, eşidərlər... Bəs bu necə ola bilər ki, Cavanşirin oğlu onun düşməninin qızına vurulsun...

Elçin

Ən böyük fəlakət də elə budur, dostum... Ancaq inanıram ki, mən gec-tez Reyhana qovuşacağam.

Zibeydə xatun daxil olur.

Zibeydə

Elçin, qonaqlarımız səni gözləyir...

Elçin

Mənim qəlbimsə başqa bir arzu ilə çırpınır, anacan!..

Zibeydə

Unutma ki, atan burada deyil, onu sən əvəz etməlisən...

Elçin

Gedək, ana, mən inanıram ki, taleyim günəş tək gülümsəyəcək.

Zibeydə

Elədir, oğlum, sənin taleyin günəşdən belə parlaq olacaq. (Gedirlər)

Söhrab

Taleyim günəşdən belə parlaq olacaq. Yox, mən öz miskin taleyi ilə barışan acizlərdən olmaq istəmirəm. Cavanşirin adını göylərə ucaldan bu odlu qılınca mən də sarılacağam.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов