Birinci şəkil
Muğan qalası
Bəhram
Heç bir zaman ehtiyatı əldən verməyin, unutmayın ki, biz zəbt olunmuş bir şəhərdəyik. Cavanşir Muğan qalasını geri almamış bir an belə, rahat ola bilməyəcək. Əsirləri gətirin. Qala qapılarını yoxlayın. Keşikçiləri gözdən keçirin. Aydındırmı?
Polad
Aydındır...
Bəhram
Hanı Qartal? Mənə qarşı qiyam etmiş o sərsəmi nə üçün qandırmadınız?
Kabus
Qartal dünəndən bəri şüurunu itirmişdir. Yalnız indi özünə gəlmiş.
Bəhram
Yoxsa ona işgəncə vermişsiniz?
Kabus
Xeyr, xeyr. O, vuruşmada yaralanmış, çoxlu qan itirmişdir. İndi isə artıq ayağa qalxmış. Baxın, onu gətirirlər...
Gözətçilər qartalı halqa içərisində gətirirlər. Qolları və qıçları qandallı, üst-başı qan ləkələri ilə örtülmüşdür, saçları dağınıq. Lakin o qürurla dayanmışdır.
Bəhram (Qartala)
Siz məğlub oldunuz... Mənə qarşı qiyam yatırıldı.
Qartal
Yox... Yatırıldı deməyin, qan dənizində boğuldu deyin...
Bəhram
Hökmdarınız Cavanşir isə köməyinizə gəlmədi.
Qartal
Doğrudur, gəlmədi. Çünki Ağvanın şimalında vəhşi xəzərilərlə vuruşur. Mən inanıram ki, böyük sərkərdəmiz Cavanşir düşmənləri əzib vətənimizin müqəddəs torpağından kənara atacaq. Sonra da buraya, Muğan şəhərinə hücum edib sənin qanlı hökmranlığını yıxacaqdır. O zaman namərdliklə qəsb etdiyimiz bu Ağvan torpağı azad nəfəs alacaqdır.
Bəhram (Polada)
Eşitdinmi o nə dedi?
Polad
Bəli, möhtərəm sərkərdə, eşitdim...
Bəhram
Səncə bu körpə uşağın ağlı başındadırmı? (Qartala) Sönüb külə dönmüş bir od, heç nəyi yandıra bilməz. Cavanşir artıq sönmüş bir oddur. Cavanşir... Hücumu... ha, ha, ha...
Qartal
Bu gün gülürsünüz, lakin sabah ağlaya bilərsiniz...
Bəhram
Sasani dövlətinin önündə dayana biləcək bir qüvvə yoxdur.
Qartal
Lovğalıq gücsüzlərin silahıdır.
Bəhram
Burax bu inadı, Qartal... İndi ki, mən səni öldürmək fikrində deyiləm. Mən səni əfv etmək istəyirəm. Yalnız bir şərtim var... Sən həmvətənlərinə üz tutub deməlisən ki, daha bəsdir bu üsyanlar. Artıq inadınızdan əl çəkin. Qiyamlara son qoyun. Doğrusu, bu qanlı dar ağacları məni artıq təngə gətirmişdir.
Qartal
Mən də dar ağacını gözləyirəm.
Bəhram
Demək, sən öz igidliyin müqabilində yalnız bu mükafatı istəyirsən? Təəssüf, çox təəssüf...
Qartal
Görürəm ki, sənin həris gözlərin hələ də qandan doymamışdır.
Bəhram (qəzəblə)
Aparın, bu inadkar sabah dar ağacından asılacaqdır.
Gözətçilər Qartalı aparırlar.
Polad
Möhtərəm vali, vuruşma meydanında basılmış igid bir əsgəri dar ağacına göndərmək bizim şənimizə yalnız ləkə gətirə bilər.
Bəhram
Nə etməli, Polad. Zəmanəmiz qanla yoğrulmuşdur. Bu mənim günahım deyildir. Mən Muğanı da öz xoşumla zəbt etmədim. Bu, ulu hökmdarın əmri idi. Cənubda qəsbkarlar hücuma başlayıb ölkəmizi taladılar, bu ziyanı yalnız Ağvanın tükənməz sərvətləri ödəyə bilərdi.
Polad (öz-özünə)
Yox, yox, mən Qartalı ölümdən qurtarmalıyam... (Getməyə hazırlaşır, işıq sönür, pərdə salınır)
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-cavansir-birinci-sekil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şamilin mənzilində böyük bir otaq. Divardan müxtəlif çeşidlərdə qılınclar, xəncərlər, tapançalar asılmışdır. Pəncərə güllü-çiçəkli həyətə açılır. Yan tərəflərdə birər qapı var...*Pərdə açıldığı zaman Şamil Soltanın üstünə bağırır.*
Dördüncü şəkilÇar ordusunun qarovul xətti. Dumanlı gecə... İvan, Dmitri, Fyodor.*Dmitri** (*kimi isə görərək*)
Beşinci şəkilMeşədə Şamilin düşərgahı. Axşam çağı... Günəş qürub etmək üzrədir. Dağlılar dağınıq halda oturub silahlarını təmizləyirlər, atlarının yəhərlərini düzəldirlər. Şamil özü görünmür. İki nəfər dağlı Dmitrini sürüyüb gətirir.*Birinci Dağlı**
Altıncı şəkilGeneralın mənzili. General və paruçik Rayevski. Gecədir. Ətraf sükut içindədir.*General**