Hansı gözdən köz götürdü bu ocaq,Yaz mövsümü gəldi haçan, qızların?!İnnən belə güzgülənmək olacaqİşi-gücü axşamacan qızların.

Sehirkarlıq o gözlərdə bəli, var.Sübut gəzmə Məcnun kimi dəli var.Ya taledə, ya ilhamda əli varÖz-özünə işıq saçan qızların.

Möcizəmi qoşa narın dəyməsi?Qoy Vaqifin xətirinə dəyməsin.Mən olaydım yaxasının düyməsi,Sinəsini külək açan qızların.

Gəlişinə gül-çiçəklər dərilsin,Görüşünə qoşa qollar gərilsin,Xalı olub ayağına sərilsin,--Ev-eşiyim,həyət-bacam qızların.

Elçi gəlsin, üstünə gün saçılsın.Verməsələr götürülüb qaçılsın.Görüm elə baxtı, günü açılsınÖz baxtına könül açan qızların.

Gözəllikdə hərəsi bir sonadı,Bu sonalar eşqimizi sınadı.Nə yaxşı ki, indi çoxu anadı,Dünən bizi qoyub qaçan qızların...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов