Bəs nə vaxt?
Bəzi vaxt bəzi ruznamələrdə bəzi yazıçılarımız belə rəvayət eləyirlər ki, yer üzündə müsəlmanların hamısından artıq tərəqqi edən və gözüaçıq – Rusiya və Qafqaz müsəlmanlarıdır.
Zarafat eləmirəm ha! Bu sözləri mən bir yerdə oxumuşam.
Kənardan işin zahirinə baxanda, doğrudan, adamın fikrinə gəlir ki, bəlkə həqiqətdə belədir ki, yazırlar. Məsələn, nə qədər bizim darülfünun qurtaran cavanlarımız var, nə qədər bizim qız məktəblərimiz var, qiraətxanalarımız, cəmiyyəti-xeyriyyəmiz, xüsusi məktəb və mədrəsələrimiz və bunlara oxşayan şeylərimiz…
Doğrudur, kənardan baxanda o qədər tərəqqi eləmiş görsənirik ki, hətta Buzovna kəndində yun satan Ruhullanın qara tut ağacının möcüz göstərməyinə də şəkk eləyirik.
Amma həqiqətdə belədirmi ki, yazırlar? Yəni doğrudurmu ki, qeyri din qardaşlarımıza nisbətən biz çox qabağa getmişik?
Mən qorxuram ki, bir az belə olmaya!
Hələ Misir, Osmanlı, Əfqanıstan və qeyriləri qalsın kənarda, götürək Allahın İranını ki, həmişə biz ona yuxarıdan-aşağı baxmışıq.
Görək hələ İranın yanında biz nəçiyik?
İndiyədək İran adı çəkiləndə həmişə bizim yadımıza “xabiqəflət” düşüb; yəni iranlıları “yatan” və özümüzü yuxudan duran hesab eləmişik. Amma indi gəl gör iranlılar nə işdədirlər və biz nə qayırırıq.
Neçə yüz ildən sonra biz o dərəcəyə çata bilərik ki, məsələn, öz içimizdən imam cümələri kənar edək? Bizim hansı bir şəhərimizdə
Təbriz mir haşımları tapılmaz? Təbrizin yarısı Mir Haşımın qanını içməyə hazırdır; amma bizim mir haşımlar yenə məclislərdə yuxarı başa keçirlər.
Əgər biz bəyənmədiyimiz İranda ordubadlı Ağ Seyidin uşaqları gedib kəndlərdə dilsiz-ağızsız və dünyadan bixəbər kəndliləri min hiylə ilə tovlayıb, onların var-yoxunu yığıb gətirələr, – iranlılar belə lotuları dəxi öz içlərinə qoymazlar; amma bizim içimizdə bu cür “ağa”lar ən əziz və möhtərəm vücud hesab olunurlar.
Şükr Allaha olsun ki, bizim içimizdə müctəhid Hacı Mirzə Həsən ağalar da var! Amma bizim qəzetlər hər bir nömrələrində müctəhid Hacı Mirzə Həsən ağaya yaman deyə-deyə öz Hacı Mirzə Həsən ağalarımızı guya ki, heç görmürlər.
Xorasan vəkili Ağa Mirzə Əli ağaya indi Tehranda və Xorasanda min lənət oxuyurlar. On min lənət oxuyurlar Xoyun İmam Cüməsinə. Yüz min lənət oxuyurlar Şiraz vəkili Hacı Seyid Cəfər ağaya. Min-min lənət oxuyurlar Tehran vəkili Hacı Seyid İbrahim ağaya.
Bu saydığımız ağalar ən hörmətli üləma və sadat zümrəsindəndirlər. İki il bundan irəli bu cənablar İran əhalisinə behiştin açarlarını paylayırdılar, amma indi bunların salamına da cavab verən yoxdur.
Neçə yüz ildən sonra biz də o məqama çata bilərik ki, gözümüzü açıb dostumuzu və düşmənlərimizi tanıyaq?
Bir yandan Mir Yəhya ağalar avam qardaşlarımızın canına daraşıb, zəli kimi qanlarını sorurlar, bir yandan da, məsələn, Salyanın Şilli məhəlləsində müsəlman mehmanxanasında (eyib olmasın) ağsaqqal qoca kişilərimiz balkonda əyləşib gözləyirlər, gözləyirlər, axırda qəşəng paltarlı cavan uşaqlar bir-bir gəlib, başlayırlar o tərəf-bu tərəfə keçməyə.
Dəxi bunlara mən nə deyim? Allah özü dadımıza çatsın.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 1 sentyabr 1908, №35
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-bes-ne-vaxt
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məlum ki, Azərbaycanda müqtədir şairlərimiz yox olmayıbdır, ancaq şair Əliqulu Qəmküsar bizim məxsusi qələm yoldaşımızdır, belə ki, “Molla Nəsrəddin”in 3-cü ilindən, yəni 1908-ci sənədən başlayaraq, Qəmküsarın mənzum və mənsur əsərlərinə, məqalə və şerlərinə rast gəlmək olar. Şairimizin əvvəl illərdə “Xadimi-millət”, “Otaylı” və son illərdə “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy” təxəllüsləri məşhurdur. Belə ki, həmii təxəlluslərlə Qəmküsar yoldaşımız məcmuəmizdə iştirak edibdir.Qiymətli Qəmküsar yoldaşımızın “Molla Nəsrəddin”də dərc etdiyi qüvvətli şerlərdən biri məhərrəm təziyəsində əbləhanə baş yarmaq haqqında yazdığı:
1930-cu il üçün iş planıPlansız yaramır bizim Şura quruluşumuzda iş görmək. Çalışmaq istəyənlərin hamısı bu qanuna tabe olmalıdır. Hər işi plansız başlayanda görürsən ki, axırda içindən qənbərqulu çıxır, iş baş-ayaq qalır.Başqaları birdən-birə beşillik plan tərtib verib, təsdiq eləyib, sonra parça-parça, hissə-hissə o plandakı işi həyata keçirirlər. Ancaq bu qaydanı “Molla Nəsrəddin” məcmuəsində işlətmək mümkün olmur. “Molla Nəsrəddin”in iş planı ancaq birillik ola bilər.
Saqqallı uşaqlarBiz görürük ki, ümumi məcburi savad yolunda bu saat Şura hökuməti heç vaxt və heç bir əsrdə görünməyən tədbirlər görür. Məktəb artırmaq üçün böyük məsariflər görür, minlərcə müəllimlər və müəllimələr hazırlaşdırır, ta ki beşillik planda təyin olunmuş müddətdə savadsız vətəndaşın miqdarı yoxa çıxsın.Ancaq məni bir qism uşaqların fikri alıbdır: o da saqqallı uşaqlardır.
Cib dəftərindənTema şəkildən ötrü: Təbrizdə məşədilər bir yazıq müsəlman mühacirini əhatə eləyib soruşur: “satdıq qızılın var?”Təbrizdə “Ölülər”də, lojada bir İran sahibmənsəbi oyun vaxtı süfrəni açıb küftə yeyirdi.