Beynəlxalq qadınlar günü və şəriət
Mən elə bilirəm ki, sən zarafat eləyirsən. Ağlını yığ başına, düzəməlli danış. Bu orucağız vaxtımda onsuz da aclıq və papirossuzluq məni elə cinləndirib ki, hirslənməyə bircə bəhanə axtarıram. Bu gün bütün dünya işçi və kəndli qadınları öz qardaşlıq əllərini bir-birinə uzadıb, bir-biri ilə rabitələrini daha da artıracaqlar. Ancaq üzr istəyirəm, mən ona təəccüb edirəm ki, dünya işçi və kəndli qadınları mənə əllərini uzadanda mənim əlimi onlar necə tapa biləcəklər ki, mənim əlim bu dəqiqə məşğuldur: bu dəqiqə mən iki əlimlə Quranı tutub qoymuşam başıma və axund Molla Hüseynin tilavətinə iqtida edə-edə deyirəm:
– Bikə, ya Allah
Bu – rəmazan ayının gecə duasının minlərcə kəlmədən ibarət olan bir kəlməsidir:
– Bikə, ya Allah!!!
Sən deyəndə ki, bu gün dünya qadınları bir-birinə əl uzadacaqlar, – bu söz mənə bir növ qəribə gəlir: mən ona təəccüb edirəm ki, dünya qadınları bizi necə və harada tapacaqlar?
Biz, orucağız zalxalar və fatmalar evimizin qaranlıq bucağında oturub axşam azanını gözləyirik ki, bizim orucağız ərlərimiz iftar vaxtı övqatı təlx, mırtdana-mırtdana gəlib əyləşəcəklər yuxarı başda və bizə hökm edəcəklər ki, onlara təam gətirək; onlar iftarı açan zaman ya xörəyin duzsuzluğunu bəhanə edib bizi söyəcəklər, ya duzluluğuna irad tutacaqlar və bunu bilmirəm ki, bu gün Beynəlxalq qadınlar günündə, beynəlxalq qadınlar məni nə tövr tapa biləcəklər ki, mənə əllərini uzatsınlar və əgər yəhtəmil tapa bilsələr də, o vaxt bizi rəmazan günlərinin və gecələrinin əmalından fariğ tapa biləcəklərmi ki, bizə əllərini uzada bilsinlər və sözlərini deyə bilsinlər? Zinhar!..
Nağıl edirlər ki, keçmiş vaxtlarda Araz çayı kənarında bir qoca kişi və cavan oğlu dağ keçilərinin şikarı qəsdi ilə uca dağların üstündə gəzərkən qoca kişi naqafil sıldırım qayadan uçur və bu heyndə oğluna çığırır:
– Bala, mən getdim, sən gəlmə!
Sabahkı gün dağın ətəyində qocanın ancaq parçaları tapılır.
Bugünkü Beynəlxalq qadınlar günündə biz, ağzıoruc Zalxa xalalar və fatmalar üzümüzü cəmi Gülçöhrə və Şərəfnisə qızlarımıza tutub deyirik:
– Bu gün dünyanın bir tərəfində Beynəlxalq qadın – bacılarımız azadlıq bayramı saxlayırlar, ancaq biz Şərqin köhnə və ölüş-kəmiş Zalxa xalaları və Fatma xalaları bu otuz gün mahi-rəməzanül-mübarəkin yomiyə duaları ilə müqəyyədik “ya əliyyü ya əzim, ya qəfurü ya rəhim!.. ” Və nə bu gün və nə bundan bir il sonralar, nə min illər sonra, bizim bu şəriət quyusundan, bu mövhumat batlağından çıxmaq və azad dünya qadınları ilə əl-ələ vermək ümidimiz yoxdur.
Tək bircə ümidvarlıq o da siz Gülçöhrələrə və Şərəfnisə qızlarımızadır! Onunçün də biz Zalxa xalalar və Fatma xalalar haman qoca səyyad kimi üzümüzü sizə tutub deyirik:
– Balalarımız! Biz getdik, siz gəlməyəsiniz!..
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 9 mart 1928, №10
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-beynelxalq-qadinlar-gunu-ve-seriet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhərrəm ayı yetişdi. Məscidlər yavaş-yavaş dolacaq, sinələrin düymələri açılacaq, papaqlar başlardan götürüləcək, bitlər hərəkətə gələcək, keçəllərə hava dəyəcək, arvadlar töküləcəklər küsə və məscidə, uşaqlar doluşacaqlar qəndab təştinin ətrafına və ağlayıb qəndab istəyəcəklər. Məscid müdirləri keçəl başlarını qaşıyandan sonra çirkli əlləri ilə stəkanı uzadacaqlar qəndabın içinə və doldurub verəcəklər uşaqlara. Uşaq da başını təştin içinə tutub qəndabın yarısını içəcək, yarısını da ağzının yanından qaytarıb tökəcək yenə təştin içinə.Bu heyndə xəbər gələcək ki, “ədə, çəkil, çəkil, dəstə gəlir!” Qabaqdan bir şəxs – ağ köynək, bir əlində xəncər, bir əlində kağız oxuya-oxuya gəlir. Bunun dalınca bir dəstə adam – ağ köynək, əllərində xəncər, sinələri açıq, oxuya-oxuya sinə vururlar.
İcazeyi-ictihadCümə günü eydi-əhza münasibətilə, yəni qurban bayramının günü, Bakıda Məscidi-camedə və Bayır şəhərdə müsəlman qardaşlar ictima etdilər və bir yerdə bayram namazı qıldılar.Amma bu il keçən illər kimi olmadı; məsələn, keçən vaxtlarda oxumuşlarımızın heç biri nə rəməzanda və nə qurban bayramında camaata qarışıb bayram namazı qılmırdılar, ancaq bir para cüvəllağı oxumuşlarımız məhz avamı aldatmaq üçün məhərrəmlikdə dəstənin qabağına düşüb, sinə vura-vura yalandan dəstmalı gözlərinə basıb, ürəkdən gülə-gülə və zahirdə guya ağlaya-ağlaya dəstənin qabağında dolanırlar.
SəhvBu gün mən bədbəxt az qalmışdım bir böyük səhv edəm.Bir qəzetin üçüncü nömrəsinin əvvəlinci səhifəsində başdan yekə hərflər ilə yazılmışdı idi:
Nə deyimAx, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı və gündə biri qabağımızı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.Budur məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki, oxuyurlar:
Стихи других поэтов · Сатира
Bir tazə qəsidə edib inşad ağa dərviş,Xırmanda qurub şivənü fəryad ağa dərviş.
MüdirimInsafa gəlib rəhm elə mən zarə, müdirim!Qoyma məni bu dəhrdə avarə, müdirim!
Hankı alçaq bir əlin qeyd etdiyi xətdir o kiHankı alçaq bir əlin qeyd etdiyi xətdir o ki,Büsbütün təqdirə şayan xətlərin ə’lasıdır?
Qəribə nitqGecə-gündüz sənətim yazmaqdır ancaq mənim,Qəlbim söz dəryasıdır, taleyimə bax mənim,