A kişi, dünyada nə çox bikar adamlar var imiş. Bir neçə gün bundan irəli mənə, şəhər idarəsi tərəfindən üzv seçmək üçün dəvətnamə göndərilmişdi. Dünən axşam evdə oturub çay içirdim, zəng çalındı, nökər ərz etdi ki, bir cavan oğlan məni görmək istəyir; bəli, gəldi. Hə, nə qulluq? Əlin uzadıb qoltuq cibindən bir tikə qırmızı mürəkkəb ilə yazılmış vərəqə qoydu qabağıma ki, seçki günü haman vərəqəni aparıb salım qutuya. Dedim baş üstə, bu bir asan işdi. Kağızı heç açmadım. Eləcə bükülü qoydum cibimə. Cavan xudahafiz deyib getdi.

Bir az keçdi, genə zəng vuruldu. Bu dəfə genə bir cavan oğlan, genə haman əhvalat.

Bir az keçdi, genə zəng vuruldu. Amma bu dəfə gələn bir barışna idi. Genə haman vərəqə. Müxtəsər, nökərə dedim ki, dəxi qapını açmasın. Bu gün çıxdım küçəyə. Dəxi adama yol vermirlər keçməyə, qızlar, oğlanlar, əllərində dəstə-dəstə kağız gələnə verirlər, keçənə verirlər.

On beş yaşında bir qız genə əlində kağız qabağımı kəsdi. Kağızı aldım qoydum cibimə, amma qıza dedim: qızım, sən hara, bu işlər hara? Sən indi ərə getsəydin, üç-dörd uşağın var idi, bu nə məşqdi ki, sən düşübsən? Qız bir az güldü, amma genə təvəqqə elədi ki, mənə verdiyi kağızı salım qutuya. Dedim, baş üstə, bunun mənə bir xeyri, ya zərəri yoxdur. Elə qız təzə rədd olmuşdu, on beş – on altı yaşında göyçək bir uşkol uşağı qabağıma çıxdı. Genə haman işlər. Dedim, oğul get aşıq oynamağına, ona-buna kağız paylamaqdan əlinə nə düşəcək? Heç olmasa, müsəlman bazarına getsən kərbəlayı və məşədilər ciblərini noxud -kişmiş ilə doldurarlar, yoxsa bu işlərdən nə çıxacaq?

Oğlan bir söz demədi. Vallah heç qana bilmirəm ki, bunlar nə işin sahibidirlər. Bir – iki adamdan soruşdum, cavab verdilər ki, bunlar “sosiyal” dılar. Bir özgələri də deyirlər ki, bunlar həmi “sosiyal”dılar, həmi “dəmərqənd”dirlər.

Vallah qana bilmirəm.

Lağlağı

“Molla Nəsrəddin” 12 may 1906, №6

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Həmidə! (24 yanvar 1925)

Mən heç başa düşmürəm ki, nə olub. Neçə vaxtdır ki, səndən kağız yoxdur. Bir də, axı, Bakıya gəlməyə hazırlaşırdın, axı, ləngiməyinə səbəb nədir? Uşaqlar sənin üçün yaman darıxırlar və bu, onların dərsinə də, səhhətinə də pis təsir eləyə bilər.Naxoş deyilsən ki? Bir şeyə ehtiyacın yoxdur ki? Səbrsizliklə səndən xəbər gözləyirəm.

1 мин
Məmməd Səid! (31 yanvar, 1925)

Bakı*Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək – ki, elə bilirəm, ona bəlkə haqqım da ola, – və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq.

1 мин
Məmmədəli! (2 fevral 1925)

Bu saat yenə başım ağrıyır və heç yana çıxa bilmirəm. Jurnal barəsində də Səidə yazmışam və ondan savayı da bir özgə sözüm yoxdur.Cəlil

1 мин
Müzəffər! (1925)

Biz uşaqlarla birgə ayın 15-də axşam buradan çıxıb, 16-sında, cümə axşamı səhər Yevlaxda olacağıq. Əgər fayton orada ola bilsə, onda biz xərcimizdə qənaət edə biləcəyik (avtomobil).Şayəd fayton Yevlaxa gələ bilməsə, onda qabaqcadan qısaca bir teleqram vur: “Yox”. Əgər gələcəksə, o zaman teleqram vurmaq lazım deyil.

1 мин

Стихи других поэтов · Сатира