Dördüncü məclis
Xəstəxananın səhnəsi, baş doktor və rejissor. Baş doktor tədbir tökür. Binagüzarlıq edir, rejissor gah səhnənin qabağına çıxıb pərdəyə baxır, gah baş doktorun yanına gəlib, onun əmrini dinləyir.
Baş doktor. Mən elə güman edirəm ki, keçən dəfə Şahzadə qrimi namüvafiq idi. Belə ki, Türküstan şahzadəsinin başında tac olmağı yanlışdır. Ondan ötrü ki, tac ancaq onun atasına mütəlliqdir. Şahzadəyə isə, tac əvəzinə Buxara dərisi üstünə müzəyyən Kirman şalı sərilmiş ancaq bir papaq nisbət ola gərək. Ayaqqabıları gərək indiki əsri yox, keçmiş əsri yada sala. Təqriri və tələffüzü də gərək bir növ şahanə ola. Adi olmaya.
Rejissor. Mən bunları aktyora təlim etmişdim. Qəbahət ondadır, məndə deyil.
Baş doktor. Balet dəstəsi də, zənnimcə, xəstələrin əhvaliruhiyyəsini lazımınca mülahizə etmir.
Rejissor. Doktor, bilirsən ki, bu da mənə aid deyil.
Baş doktor. Elədir, bunu doktor Nemana demək lazımdır və bir də doktor Nemana lazımdır demək ki…
Doktor Neman daxil olur.
Baş doktor. Hə, söhbət balet və musiqi barəsindədir. Mən o dəfə gördüm ki, musiqinin bəzi qışqırıqlı guşələri xəstələrə o qədər də təsir bağışlamadı. Bir surətdə ki, əmrazi-əsabiyyə xəstələri üçün çalınan hər bir musiqi gərək xəstələrin təğyirati-hissiyyə və hərasiyyəsinə bais olsun ki, musiqinin incə nəğmələrinin təsiri altında xəstələrin əsəbləri müvəqqəti də olmuş olsa, istirahət etsinlər. Misal üçün, götürək kəndli qızının Şahzadəyə şikayətə gəlməyini. Orada gərək, əvvala, musiqi kəndli qızının ağlamağını rəvayət edə. Məsələn…
Rejissor zəngi çalır. Pərdə dalından musiqi çalınır. Elə bu yerdə Azad bəy deyir:
Azad bəy. Əvvala, zəmani ki, bəndeyi-həqirələrin müfəssəl fərmayişinə səbr və hövsələ ilə qulaq verdim, lazım gəlməzmi ki, siz də bir-iki dəqiqə səbrü hövsələ ilə mənim ərzimə etina edəsiniz. Mən deyirəm ki, zəmanəmizin və əsrimizin təqazası daim ki, danışmağı heç eyib götürməz. Zənnimdə əsrimizin həman iqtiza və şəraitinə də baş doktoru bir zərrə qədər və mügayir və müxalif görmürəm. Zira ki, azad bir əsrdə azad millət arasında hər bir şəxsin zənn edirəm ixtiyarı gərək olsun ki, özü üçün təəhhül qərar verdiyi surətdə öz xoşladığı qadını evlənməyə dəvət etsin. Baş doktor kimi azad və mədəni bir vücud zəmanı ki, evlənmək istədi, ta qədim kişilər kimi bəyəndiyi qızın yanına xala nisbəti, ya bibisini elçi göndərməyəcək. Mən elə qanıram ki, burada baş doktor həzrətlərinin küçədə rast gəldiyi bir qadına evlənmək təklifi azad əsrin, azad iqrarın azad rəftara münasibətlərinin adi şəklidir. Burada heç nə o qadının rəncidə-xatir olmağa haqqı var, nə də bizim burada atılıb-düşməyimizin bir mənası var?
Səslər. Necə mənası yoxdur, bu nədir?
Digər səslər. Əlbəttə, mənası yoxdu.
Azad bəy. Əlbəttə, mənası yoxdu.
Əli Qeyrətmənd (Azad bəyə) Elə dünyada sənin üçün yaxşı və pis, qeyrət və binamusluq…
Millətpərəst Qəhrəman Natiq (qeyzli, Azad bəyə). Yox, yox, bu dəxi yaramadı. Azad bəy, bu dəxi yaramadı. Hələ siz bunu unutmayın ki, xəstəxananın baş doktorunun kəbinli arvadı da var. Zəmanı ki, onun dübarə arvad dalınca düşdüyünə biz heç bir ad qoya bilmərik.
Səslər. Bu nə sözdü, bu nə sözdü?
Azad bəy. Xub, nə eybi var? Tutalım ki, övrəti var. Məgər biz yenə köhnə əsrlərə qayıdıb gedəcəyik, məgər biz yenə axundların kəbin zəncirlərinə bağlı olacayıq? Nə eybi var. Mən ki, bir övrəti istəmirəm, kəbinli də olmuş olsa, onu məgər mən boşuyub qeyri-övrət ala bilmərəm? Bəs, dəxi inqilabımız harada qaldı?
Səslər. Bu nə sözdü, bu nə danışır? (Hay-küy).
Azad bəy. Qardaşlar, axır, bir çığır-bağır salmayın, görək ki, axır nə oldu? Dünya-aləm dağılmayıb ki?! Xub, tutalım ki, baş doktor gedib, bir-iki övrətə evlənmək təklifi eləyir. Xub, nə olub ki, eləyib, eləyib. Hər kəs istər gələr. İstəməz gəlməz. Doktor bir kəsə zor ki, elməyib. Ya biabırçı söz ki, deməyib?
Qeyrətmənd Cahangir. Necə nə olub? Bilsən ki, nə olub, mən hələ çoxunu açıb demirəm, Allah ona insaf versin.
Azad bəy. Nə olub? De bilək? Nə eybi var?
Qeyrətmənd Cahangir. Belə sözün aşkarı budur ki, doktor kəbinli arvadlara da müştəri çıxıb.
Səslər. Bəli, doğrudur.
Səs. Əşşi, belə şey olmaz.
Azad bəy. Xub, kimə müştəri çıxıb? Hansı kəbinli övrətə?
Qeyrətmənd Cahangir (o tərəf-bu tərəf baxır). Adını burada söyləyə bilmərəm.
Səslər. Yox, o sözlər lazım deyil.
Azad bəy. Xub, tutalım ki, müştəri çıxıb. Mən zənn edirəm ki, bu sözlər qondarma bir sözdür. Baş doktor mədəni bir şəxsdir. Elə biqayda işi görməz. Amma tutalım ki, görübdür. Bəlkə, bir övrətə göz yetirib, nə eybi var? Əgər o övrət ərindən nifrət edib boşanar, sonra müvafiq qanun və ədalətlə baş doktora ərə gedə bilər. Yox, əgər, ərini istəyirsə, min adam ona müştəri olsun, bunun isə bir ziyanı ola bilməz.
Millətpərəst Qəhrəman Natiq. Azad bəy, sən birini bilirsən, birini bilmirsən. Bu saat bizim şəhərdə mən eşitdiyimə görə, doktorun övrətlərə təklifinin nəticəsində üç-dörd yerdə nişanlı qızlar adaxlılarını rədd eləyirlər ki, doktora gəlib arvad olsunlar.
Səslər. A kişi, bu nə sözdü?
Səslər. Doğrudur, doğru.
Səslər. Vallah, lap biabır olduq.
Azad bəy. Belə iş olmaz. Kimdi o qızlar? Kimdi o qızlar?
Qeyrətmənd Cahangir. Necə kimdi? O sözü danışmaq olar? O sözdən qan qoxusu gəlir.
Səslər. Olmaz, danışmaq olmaz.
Səslər. Necə olmaz. Çox əcəb olar!
Bir səs. Çox əcəb olar! Hazır biri bizim qonşu qızıdır.
Səslər. Kimdi?
Qeyrətmənd Cahangir (qeyzlə). Kəs səsini, kəs səsini!
Bir səs. Heç də kəsmirəm. O niyə belə namərdliyi eləyir.
Səslər. Kimdi? Kimdi? Deyin ki, biz də səsimizi kəsək.
Azad bəy. Kimdi? Niyə biryolluq mətləbi açmıyaq? De, görək kimdi?
Səs-küy qalxır. “Birini deyin, o birini istəməz!”
Səslər. Kimdi? Kimdi?
Burada birdən hamı sakit olur. Çünki Dəli Şahzadənin və iki nəfər yalançı müavin doktorların qolundan iki nəfər şəhər nəzarətçisi və iki nəfər qapı qulluqçuları tutub , çöldən gətirirlər içəri. Şahzadə dəlixanaya daxil olmaq istəmir. Geri çəkilə-çəkilə deyir:
Şahzadə. Mənə zülm edirsiz. Məni təhqir edirsiniz. O səbəbə ki, mən evlənmək istəyirəm. Amma siz mənə zor ilə mane olursunuz.
Qapıçı Dəli Şahzadənin və müavinlərinin üstündən baş doktorun paltarlarını alıb asır yerindən. Gözlüyünü alıb, qoyur mizin üstünə.
Qapıçı. Allah sənə insaf versin; yəqin ki, dünya aləmi biabır elədin. Bizim də evimizi yıxdın. Bilirəm, bu işin üstə baş doktor ikimizi də qulluqdan çıxardacaq.
Bundan sonra hər üçünün qolundan yapışıb, aparır qatır dəli kişilər şöbəsinə.
Şəhər nəzarətçisi (qapıçılara). Çox qəribə. Bəs, bunlar məgər doktorlar deyil ki? Biz elə güman edirik bunlar həqiqətdə həkimdirlər. Ancaq keflənib, düşüblər küçələrərə.
Qapıçı. A kişi, Allah bunların evini yıxsın. Həkim hansıdır, üçü də dəlidir. Bizim başımızın qarışıq vaxtında fürsət tapıb, həkimlərin paltarlarını geyib, qaçıblar şəhərə.
Şəhər nəzarətçisi (bir qədər fikir eləyir). Bu, yaxşı iş olmadı. Necə sizin üçün və bütün xəstəxana üçün bu bir intizamsızlığa dəlalətdir, habelə bizim şəhər nəzarəti üçün böyük bir əsbabi-zəhmət olacaq. Bu səbəbdən ötrü şəhərdə bu saat böyük bir vəlvələ var.
Camaat hay-küy salır. Qeyrətmənd, Millətpərəst və Azaditələb – bunlar yumruqlarını qapıçılara tərəf tutub, uca səs ilə hədələyirlər.
Şəhər nəzarətçiləri (Camaata). Vətəndaşlar! Xahiş olunur, coşmayasınız! Hər nə eləyirsiniz, qanundan çıxmayasınız.
Qeyrətmənd. Bu dəxi lotuluq oldu. Baş doktorluq olmadı. Bu həşəmətdə bir xəstəxananın idarəsini sənə etibar edələr, nainsaflıqdır ki, iki nəfər köməkçi həkimləri də salasan yanına, düşəsən şəhərin küçələrinə. Və qədim peyğəmbərlər kimi hər bir övrət qabağına çıxdı, deyəsən mən evlənmək istəyirəm. Gəl, səni alım. Dəxi, sözün doğrusu, bu, doktorluq olmadı. Bu, lotuluq oldu.
Qapıçılar yavaşca əllərini ağızlarına basırlar və yalvarırlar ki, camaat hay-küy eləməsin.
Qapıçı (yavaşcadan). Aman günüdür, yavaş danışın, çünki, burada baş doktorda təqsir yoxdur, təqsir bizdədir.
O biri qapıçı. Aman günüdü, səs salmayın. Bizi bağışlayın.
Millətpərəst. Doğrusu, millətlər içində biabır olduq. (Gedir. Yumruğunu silkələyir və ucadan). Bu saat mərkəzə, səhiyyə nəzarətinə teleqrafla xəbər vermək lazımdır.
Baş doktor və iki nəfər müavini daxil olurlar.
Baş doktor (hövlnak). Nə olub, camaat, nə xəbərdir?
Camaatın içinə qilü-qal düşür. Əli Qeyrətmənd, Millətpərəst, Qəhrəman Natiq, Vəli Azaditələb istəyirlər doktorların üstünə hücum aparsınlar. Şəhər nəzarətçiləri qoymurlar.
Baş doktor (şəhər nəzarətçisinə). Axır, bir bizi başa salın görək, nə olubdur və bu nə hücumdur?
Əli Qeyrətmənd (baş doktora). Dəxi, nə olacaq? Belə bir ədəbsizlik heç bir vilayətdə baş verməyibdir ki, siz cənablar öz müavinlərinizi də götürüb, düşmüsünüz şəhərin canına, özünüzü Türküstan Şahzadəsi kimi qələmə verib, rastınıza gələn övrət xeylağını bir para yaraşmayan ibarələr və işarələr ilə təhqir edəsiniz.
Baş doktor istəyir cavab verə. Nəzarətçi də istəyir danışa.
Millətpərəst Qəhrəman Natiq (qeyrilərə danışmağa macal verməyir). Əgər siz şərab içib, keflənməyə çıxırsınız, dəxi nə səbəbə görə küçəyə çıxırsınız?
Vəli Azadixah. Tutalım küçəyə çıxdın, məgər hər rast gələn övrət xeylağına demək olarmı: “Mən evlənmək istəyirəm. Gəl, səni alım”. Məgər, belə bir hərəkət sizin üçün şayəstədir? Çox eyib olsun.
Nəzarətçilər gülürlər.
Əli Qeyrətmənd (nəzarətçilərə) Təvəqqe edirik ki, gülməyinizin səbəbini bildirəsiniz. Amma zənn edirəm ki, burada bəlkə elə ağlamaq lazımdır, nəinki gülmək.
Millətpərəst Qəhrəman Natiq. Ondan ötrü ki, millətlər içində binamus və biabır olmuşuq.
Gülən nəzarətçi (camaata). A kişi, bir səbr edin. Qulaq verin, mən sizi işdən halı edim.
Camaat sakit olur. Doktorlar da heyrətlə qulaq asırlar.
Nəzarətçi. Buradan şəhərə gedən və övrətlərə evlənmək təklifini edən bizim bu doktorlar deyillər. Siz müştəbeh olmusunuz.
Camaat (təəccüblə). Bəs, kimlərdir?
Nəzarətçi. Həmin xəstəxanada olan üç nəfər dəlidir.
Camaat. Necə üç nəfər dəli?
Nəzarətçi (qapıçılara) Dəxi, niyə dayanırsınız? Barı həman dəliləri camaata nişan verin ki, sakit olsunlar.
Qapıçılar Baş doktora yaxınlaşırlar və ondan icazə istəyirlər.
Baş doktor. Allah sizə insaf versin. Yəqin, o, Dəli Şahzadəni buraxmısınız şəhərə. Vay, vay, biabır olduq.
Qapıçı kişilər şöbəsinin qapısını açır. Dəli Şahzadə və iki nəfər müavini dinməz-söyləməz gəlirlər, gedirlər doktorun kənarında dayanırlar. Şahzadə camaat içindəki övrətlərin arasında İsmət xanımı görüb, onun üstünə hücum edir:
– Mən evlənmək istəyirəm və səni almaq istəyirəm.
Son
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-er-dorduncu-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dörd məclisdən ibarət komediyaİŞTİRAK EDİRLƏR
Əvvəlinci məclisMərcan xanım qolu çırmalı mizin üstə xamır qatır. Püstə durub onun yanında tamaşa eyləyir. Bir qədər keçəndən sonra Cahangir girir və o biri otağa keçir. Anasını görüb soruşur.Cahangir. Ana, nə qayırırsan?
İkinci məclisDəlixanada salon otağı, ortalıqda miz, ətrafında üç-dörd səndəlliyə, mizin üstə kağız, qələm, mürəkkəb qabı, zəng. Divardan saat asılıb. Mıxdan həkimin papağı, paltosu asılıb. Mizin qabağında dəlixananın müdiri doktor Ruhzad və yanında 5-10 nəfər tələbə. Bir tərəfində dəlilərin qilü-qalı eşidilir. Hərdənbir xəstələr hırıldayıb gülürlər. O dərəcədə ki, dam-divar uçmaq istəyir. Və gah sakit olurlar. Dəlilərə tərəf açılan qapının yanında bir kişi xidmətçisi durub, müdirin hökmünə müntəzirdir və dəlilərin mərəkəsi ucalan zaman qapını yavaşca açır, ucadan deyir:Qapıçı. Qalmaqal olmasın (Qilü-qal yatır).
Üçüncü məclisMərcan xanımın evində böyük qonaqlığa hazırlaşırlar. Zal otağında uzun stol açılıb. Üstündə belə qonaqlıqlara yaraşan hər növ qab-qacaq, hər növ içki, meyvəcat, şirniyyat, qəlyanaltı və qeyri düzülüb hazırdır. Stolun ətrafında dolanan Mərcan xanım,38 Zərəfşan xanım, Çiçək, Püstə, Həsrət xala, Şərəf xala, Vələmir (kişi qulluqçusu) . Hərdənbir İzzət nənə də vayıldaya-vayıldaya görsənir. Mürşüd dayı da hərdənbir bazardan gəlib, bazarlıq işlərinə dair baş çəkmək xidməti göstərir və gedir. Pərdə açı-landa otaqda olur Mürşüd dayı, Mərcan xanım və Zərəfşan.
Стихи других поэтов
Bu gecə yenə yatmamışam.Nə başım ağrıyır,
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Əbrvəş meh yüzüna zülf salandə sayəƏbrvəş meh yüzüna zülf salandə sayə,Sanki, bir ay dutulub, şur düşür dünyayə.