Filosoflar
Axır vaxtlarda Qərb övrətləri barəsində müsəlman qəzetlərinin bir parasında bir neçə məqalələr gözümə sataşır. Bu məqalələrin məzmunundan belə anlaşılır ki, Qərb övrətlərinin hamısı həya və ismətsiz övrətlərdir; demək ki, cümləsi fahişə kimi bir şeydirlər.
Mənim bu barədə heç bir etirazım yoxdur, heç bir sözüm yoxdur; çünki mən də elə bilirəm ki, Avropa və Amerika övrətləri təmamən fahişədir. Amma yenə hərdənbir xəyalıma gələrdi ki, bəlkə bu övrətlərin içində heç olmasa bir-iki həyalı övrət tapıla. Amma təzə filosoflarımızın sözlərindən belə məlum olur ki, heç biri də tapılmaz.
Şükr edirəm Allaha ki, təzə yazıçılarımızın bərəkətindən mənim gözlərim açıldı və o şeyləri ki, mən bilmirdim, – indi bildim. Yoxsa mənim Qərb övrətləri barəsində olan zənnim həqiqətdə batil imiş; mən onların xüsusunda səhv eləyirmişəm.
Mən indiyə kimi elə bilirdim ki, doğrudur, Avropa övrətlərinin hamısı fahişədirlər, amma onların içində yenə heç olmasa, bir nəfər Janna d‘Ark adında frəng qızı əlində şəmşir cihada çıxıb, Frəngistan vətənini düşmənlərin hücumundan mühafizə edibdir.
Əfsus, əfsus! İndi məlum olur ki, bu da fahişə imiş!
1885-ci ildə, günlərin birində bolqar müəllimlərindən cavan bir qız əlinə qırmızı bayraq alıb şəhərin meydanına çıxdı və vətənpərvəranə nitqlərlə bolqarları elə həyəcana gətirdi ki, iki-üç saat içində başına iyirmi mindən artıq fədayi yığıldı və həmin fədayilərlə osmanlı məmurlarının üstə hücum çəkib, cümləsini qovdu və Rumeli şərqi vilayətinin osmanlı əlindən çıxıb Bolqariyaya keçməyinə bais oldu.
Heyif ki, bizim mühərrirlərimiz deyirlər bu da fahişədir!
Mən indiyə kimi belə bilərdim ki, Rusiya övrətləri doğrudur, hamısı ismətsiz və vəfasızdırlar, amma onların içində heç olmasa yenə Volkonskaya, yainki Trubetskaya kimi bir-iki övrət öz ərlərinə nisbət vəfalı olublar və ərlərini hökumət katorqa tənbehi üçün Sibirə göndərəndə bunların övrətləri də Rus padşahından nə zəhmətlərlə izn alıb, nə müsibətlərlə Sibirə gedib və nə bədbəxtliklər ilə Sibir həbsxanalarında ərləri ilə bərabər ömrlərini başa veriblər. Və halonki, hər birisi dövlətli kişinin qızı ola-ola eləyə bilərdi ki, ərindən boşanıb, bir özgəsinə getsin və buna da Rusiya qanunları həmişə yol verir.
Heyif, heyif! İndi məlum olur ki, bu övrətlər də fahişə imişlər!
Mən bilirəm ki, Qərb övrətləri, doğrudur, hamısı namus və ismətsiz övrətlərdir; amma elə güman eləyirdim ki, bunların içində yenə heç olmasa minlərcə tapılar ki, elm, fənn və maarif aləmində ictihad edib hər biri öz milləti və vətəninin iftixarına bais olublar. Bunların adlarını əgər başlayaq yazmağa, – gərək o vədə bir yekə kitab çap eləyək. Bu da bizlərə nə lazım?
Ax, ax!.. Mən nə böyük səhv eləyirmişəm! İndi filosoflarımız sübuta yetirirlər ki, Qərb övrətlərinin cümləsi fahişədirlər.
Ax, ax!!! Mənim dünyadan xəbərim yox imiş!!!
Mənim yadımdadır ki, “hüquqi-nisvan” məsələsi Avropada çox danışılıb. Hələ nəinki qəzetlərdə danışılıb, hətta bu məsələni müzakirə edən Avropa alimləri böyük kitablar bağlayıblar. Məşhur Kant ilə Con Mil adında Avropa filosoflarının övrət məsələsinə dair yazıları yekə bir kitab şəklində Avropa dillərinin hamısına tərcümə olunub.
İndi mən Avropa filosofları ilə bizim müsəlman filosoflarının yazdıqlarını tutuşdururam və mənim nəzərimə bir neçə şey gəlir:
Əvvələn, övrət məsələsi barəsində Avropada söz danışan alimlər bütün Avropa və Amerikada məşhur filosoflardır ki, kitabları bir neçə dilə tərcümə olunub, amma bizim içimizdə axır vaxtlarda övrət məsələsini kəşf eləyənlər məhz baqqallarla növhəxanlarımızdır ki, indiyə kimi onların adları yazıçılıqda heç öz məhəllə əhlinə də məlum edyil.
İkinci Avropa filosofları övrət məsələsini danışanda çox millətlərin övrətlərindən söhbət açıblar, amma heç bir millətin övrətlərinin barəsində ədəbsizliklə və xarlıqla danışmayıblar; amma bizim filosofların yazıları başdan-axıra kimi Qərb övrətlərinə föhş demək və hörmətsizliklə danışmaqdır.
Üçüncü, Avropa üləmasının övrət məsələsinə dair yazılarını oxuyanda görürsən ki, bu zalımlar dünyanın hər bir güşəsindən xəbər verirlər; amma bizim filosofların yazdıqlarını oxuyanda adam elə bilir ki, deyəsən bunlar Bakı və Tiflis şəhərlərinin gecələr qaranlıq küçələrində gəzən bir para kefli… arvadlardan savayı, dünyada heç bir özgə övrət görməyiblər. Və yəqin ki, görməyiblər!
Vəssalam!
Uzun danışmaq Lağlağının peşəsidir. Odur ki, bir sözüm də qaldı, onu da müxtəsər deyəcəyəm: mollaya yaraşan “şəkkiyyat” və “təyəmmüm”dən vəz etməkdir, amma filosofluq da – filosofların işidir.
Rəhmətlik Agəhi yaxşı deyib:
Dər cahan dəh çiz dişvarəst nəzdi-Agəhi:
Ləhni-sövti-biüsulan, bəhsi-elmi-əbləhan.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 13 aprel 1908, №15
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-filosoflar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakı qəzetləri həzrət üləmadan soruşurlar ki, hal-hazırda Bakıdakı “kür” suyuna camaatın ehtiyacları var; aya bu su pakdırmı ki, camaat içə bilsin, yainki yox?Bu istiftaya belə cavab verilib: “Mövzuatı təşxis və təyin etməkdə üləmaya ehtiyac yoxdur: avamlarda təşxis edə bilərlər. Məəzalik… suyun üstündə açıq yer var, bilfərz, mütənəccis olubsa da, yağış vasitəsilə qətiyyən və yəqinən pak olub, heç bir şəkk və şübhə yeri yoxdur. Hər kəs istəsə, gedib təhqiq edə bilər”.
MəscidlərHamıya məlumdur ki, bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa və indiyədək üç ilin müddətində bütün Qafqazda dörd və bir rəvayətə görə, beş yerdə məktəb açılıbdır. Bu beş məktəbin üçünü iranlılar və ikisini qafqazlılar açıb və bundan savayı hələ eşidirik ki, bəzi şəhərlərdə yenə təzə məktəb söhbəti var.Aşkardır ki, bu qədər məktəbin varlığı qafqaz müsəlmanlarının tərəqqisinə bir böyük dəlildir. O səbəbə ki, bir yerdə ki, iki il bundan irəli bircə dənə də məktəb yox idi – bu beş məktəbi biz gərək çox və çoxdan da çox hesab edək; çünki necə olsa, yenə beş, heçdən çoxdur.
MəəttəlDünyada çox az ittifaq düşüb ki, birisinə cavab verməyə aciz qalam. Həmişə hazırcavab olub, hər bir kəsin sözünü haman saat rədd eləmişəm. Amma dünən bir söz məndən soruşdular və mən cavab tapa bilməyib məəttəl qaldım.Dünən küçədə nuxalı dostlarımdan birisi mənim qabağımı kəsib başladı məni məzəmmət eləməyə ki, “a kişi, hələ utanmırsan da köhnə sultanı pisləyib təzəni tərifləyirsən?” İstədim ki, dostumun cavabını verəm, tez cibindən təzə sultanın şəklini çıxardıb, tutdu qabağıma və bir az hirsləndi və başladı:
Üç yüz milyon maşallahAxır vaxtlarda bəzi “millətpərəstlərimiz” bir cür “mücahidliyi” özlərinə adət eləyiblər: məsələn, xata olur ki, bir nəfər Məşədi Həsən əlində bir kasa qatıq yol ilə gedən yerdə, bir nəfər İvan buna naqafil toxuna və məşədinin qabı əlindən düşə və qatıq tökülə yerə. Bunu eşidən kimi “millətpərəstlərimiz” o saat çıxırlar bir uca damın üstünə və əllərini qulaqlarına qoyub bar-bar bağırırlar: “Ay müsəlman qardaşlar, görürsünüzmü ki, haramzada İvan murdar ola-ola necə müsəlmanlardan utanmadı, necə üç yüz milyon bir camaatdan qorxmayıb Məşədi Həsənimizin qatığını tökdü küçədə torpaqların üstünə. Vay-vay!.. Ar olsun bizə, hələ durub baxırıq, hələ bu binamusluğu qəbul eləyirik!..”Amma mən deyirəm ki, belə millətpərəstliyin istotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. Mən belə qanıram ki, İvan əgər qəflətən Məşədi Həsənin qatığını tökmüş olsa, günahı o qədər azdır ki, bundan ötəri minarəyə çıxmaq lazım deyil. Əgər qəsd ilə tökülmüş olsa, burada İvana bir balaca nəsihətdən savayı heç özgə bir atılıb düşməyə ehtiyac yoxdur.
Стихи других поэтов · Сатира
Kaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Özünü bəyənənəHey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
BənzətməGöstərdi mahi-ruzə üfüqdən liqasını,Çəkdi əzançılar da obaşdan səlasını,