Çanaq
İran vüquatına dair
Mən həmişə İran karxanalarından çıxan kitabları oxuyanda demişəm ki, məmləkət idarə eləməyə bu millətin qabiliyyəti yoxdur. Və mənə həmişə cavab veriblər ki, “belə deyil”.
İran fabrikalarından çıxan risalələri və təqvimləri görəndə mən həmişə demişəm ki, vətəni düşmənlərdən mühafizə eləməyə bu tayfanın qabiliyyəti yoxdur. Və mənə həmişə cavab veriblər ki, “belə deyil”.
Və iranlılar barəsində mən bu sözü yenə deyirəm. Amma söz burasındadır ki, bu fikir təzə bir fikir deyil, bu söz köhnə sözdür və ola bilər ki, çoxları bu əqidəyə şərik olmayalar və lakin ümid bunadır ki çoxları da bu fikri təsdiq eləyələr.
Və çünki bu söz təzə bir söz deyil, heç mən də bu sözün üstə çox dayanıb uzun-uzadı danışmaq istəmirəm…
Bəli, köhnə danışıqlar qalsın kənarda, amma mənim beynimə təzə bir mətləb damıb. Və bunu da möhtərəm oxuculara istəyirəm ərz edəm.
Mən deyirəm ki, İranın bu məqama düşməyinin bir səbəbi də budur ki, iranlılar gecə evdə yatanda papaqlarını başlarından çıxartmırlar, bunun da nəticəsi bu olur ki, mürurla iranlıların başlarının çanağı nazikləşir və kiçilir. Hükəmanın da iqrarı bunadır ki, başın çanağı nazikləşib kiçildikcə beyin də zəifləşməyə və kiçilməyə başlayır. Demək ki, yenə gəlib çıxdıq “papaq” məsələsinə.
Və əgər bəzi şəxslərə həmin məsələ əhəmiyyətsiz və xırda bir məsələ görsənsə, biz kəmali-cürət ilə deyə bilərik ki, zəmanəmizin politikaçıları İran vüquatını müzakirə edən vaxt gərək bir tük qədəri də “papaq” məsələsindən kənara çıxmasınlar.
Məlumdur ki, yer üzündə müsəlman tayfaları qeyri millətlərin hamısından yekə papaq başlarına qoyurlar və papaqları nə yay fəslinin istisində, nə də gecə yorğan-döşəkdə yatan vaxt başlarından çıxardırlar. Müsəlman papaqlarının ağırlığı, böyüklüyü və formaları Molla Nəsrəddinin dostlarına necə ki, lazımdır, əyandır, dəxi bu barədə artıq baş ağrısı lazım deyil. Ancaq burada bunu istəyirik bilək ki, aya bu papaqlar hansı əsrdən və nə vaxt bu tövr bizim içimizdə adət olubdur.
Burada rəy iki cürdür:
Bəziləri belə güman eləyirlər ki, müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlanıb ki, uşaqlar başlayıblar quran oxumağa. Quran çıxanda “əlif-lam” surəsini, “xətəmallah” ayəsini oxuyanda mollalar uşaqların başına qapaz vurublar və axırda uşaqlar da məcbur olublar yekə papaq qoymağa ki, mollanın şapalağı uşağın başına kar eləməsin. Amma tarixə nəzər eləsək, baxıb görərik ki, bu rəyin əsli yoxdur. Ondan ötrü ki, hələ qədim farslar başlarına yekə papaq qoyarmışlar və yay fəsli və habelə gecə yatanda başlarından çıxartmazmışlar.
Tarixşünaslara gərək məlum ola ki, məşhur yunan tarix yazanı Herodot İsanın təvəllüdündən dörd yüz əlli il qabaq Misrə səyahət edən zaman Misir davasında qətlə yetişən farsları məhz başlarının çanağının nazikliyilə tanıyıb və bu nazikliyi yekə və bərk papaqların təsirindən görüb. Dəxi qədim əsərlər, nişanələr, surətlər və qeyri müvərrixlər də bu ikinci rəyi təsdiq eləyirlər.
Bu işləri belə görəndə mən indi öz-özümə hərdənbir belə deyirəm: hər bir İran ruznaməsini indi açırsan və görürsən ki, elə hey çığırıb bağırırlar: “Ay haray, qoymayın, özgə millətlərdən geri qaldıq! Qardaşlar, yığışın elm oxuyaq, ta ki, biz də qabağa gedək və əcnəbi millətlərə pamal olmayaq”.
Bu sözlər çox gözəl! Amma bircə söz burada əksikdir: gərək başlarımızın çanağını da bərkitmək fikrində olaq ki, təhsil elədiyimiz elmlər buğlanıb havaya uçmasınlar.
Bəli, “papaq” məsələsini səhl saymaq olmaz.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 28 aprel 1908, №17
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-canaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məcmuəmizin 12-ci nömrəsində yazmışdıq ki, poçtxana məcmüəmizin bir nüsxəsini Bakıdan kənara göndərməyə iki milyon yarım istəyir, “Yeni yol” qəzetinə iki milyon istəyir.İndi Qax şəhərindən bizə yazırlar ki, məcmuəmizə abunə olmaq Qax əhalisinə mümkün deyil; çünki abunə olanlar hər həftə poçtxanaya gərək on milyon poçt xərci verələr. Həmin Qax şəhərindən yenə birisi idarəmizə dörd dənə məqalə bir paket içində göndərib yazır ki, bu məqalələri bir qabda göndərmək ondan ötrüdür ki, poçt xərci çox bahadır.
VəhşilərQuba meydanında bu günlərdə üz verən vəhşiliyi indiyə kimi biz tarixlərdə eşitməmişdik.Bütün camaat doluşub bir nəfər canına qurban olduğum seyidin başına: adamlar bir-birini elə basır ki, qabağa getməyə macal yoxdur. Seyid cənabları nəyə məşğuldur: onun üzünə tüpürür, bunun üzünə tüpürür. Bəs camaat nə eləyir? Camaat da üzünü ağanın qabağına tutub yalvarır: “Ay ağa, mənim də üzümə tüpür”.
Fəhlə aləmindənNeft fəhlələrinin məvaciblərinin çox hissəsini hər ay Neft idarəsi çıxır ki, onlara ərzaq və paltar versin.Bu, gözəl bir işdi.
PambıqHələ payız vaxtı mənim yolum düşdü bir böyük idarəyə, gördüm orada bir adam oturub, ətrafına da bir neçə adamları yığıb məşvərət edirlər. Məlum oldu ki, bunlar pambıq barəsində danışırlar, məşvərət edirlər ki, necə eləmək ki, üzümüzə gələn il kəndlilər pambıq əksinlər. Hələ mən özüm də bilirdim ki, bu adamların məşvərətindən bir şey çıxmayacaq; çünki mən o vədə gördüm ki, bu adamlar pambıq sənətindən xəbərdar deyillər. Çünki onların biri dəmirçi idi, biri dərzi şagirdi idi, biri yarımçıq dərsdən qaçanlardan idi, birisi də bunların tayı.Mən onlara o vədə lap açıqca dedim ki, siz camaata pambıq əkdirə bilməyəcəksiniz və buna mənim iki dəlilim var:
Стихи других поэтов · Сатира
Qəflətdən ayıl, Molla Süleyman, gözün aydın,Çatmış ramazan, yatma, ay oğlan, gözün aydın!
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
Dram cəmiyyətiKəmşüur ƏyyarəÇıxmamış ortaya iş,
Piranəsərlikdə çərxi-kəcrəftarMirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar