Heyif olsun!
Heyif olsun keçən günlərə! Heyif olsun o nemətlərə ki, bu zalım oğlu yeni əlifba əlimizi onlardan üzdü.
Keçək mətləbə.
Xoşa o günlərə ki, körpə uşaqlarımız dərsə gedən günü siftəsi Quranı açırdılar qabaqlarına və höccələyə-höccələyə tutuquşu kimi başlayırdılar oxumağa: “inna ənzəlnahü...”. Doğrudur, oxuduqlarını qanmırdılar, necə ki, tutuquşu da dediyini qanmır; amma söhbət qanmaqda, ya qanmamaqda deyil və qanmaq da heç lazım deyil. Ancaq bircə bu lazımdı ki, ulu Tanrı qoy görsün ki, mən onun kitabını oxuyuram; bəlkə rəhmi gələ və mənim atamı və anamı da bağışlaya, bəlkə də abavü əcdadımı da bağışlaya.
Heyif və yenə də heyif...
İkinci növbədə heyif olsun qədim Şərq mətbuatımıza ki, bu təzə hürufat hələlik bizi ondan uzaqlaşdırdı.
Heyif olsun Firdovsi əminin şahlar naminə yazdığı “Şahnamə”sinə; həmən “Şahnamə”yə ki, dünya yaranandan indiyə kimi bircə nəfər türk oğlu türk o kitabı əlinə alıb, oxuyanda başa düşməyib ki, nə oxuyur və niyə oxuyur.
Heyif olsun qoca Sədinin “Gülüstan”ına ki, bu kitabdan düşən uşaqlarımız bədbəxt olacaqlar; çünki o gözəl nəsihətlər ki, orada yazılıb, – o nəsihətləri ayrı bir kitab sahibindən eşitmək müyəssər olmayacaq; xüsusən o qədər təməllüq ki, Sədi tərəfindən padşahlara olunur, bu özgə bir nemətdir.
Üçüncü dərəcədə heyif olsun sair kitablarımıza: filosof Hafizimizə ki, minlərcə bədbəxt müsəlman qardaşların vaxtlarını yetmiş iki min mənalı, amma həqiqətdə lap mənasız şeyləri oxumağa sərf edibdi.
Heyif olsun o lotu Nəbatimizə, o dindar Racimizə, o sinəzən Dilsuzimizə və bunlara oxşar qeyri belə-belə şair və mairlərimizin kitablarına.
Axırıncı növbədə heyif olsun o gözəl müsəlman xəttinə, farsın və anadoluların şikəstə yazısına, ərəbin “Quran”ına, xətti-təliq və nəstəliqə. Heyif olsun zənqəhbə Mirzə Mehdixanın “inşa” xəttinə, “tərəssül” xəttinə və bunlardan savayı heyif olsun minlərcə belə-belə islam yazılarına ki, mərhum Mirzə Fətəli və Mirzə Məlküm xan o yazıları ilan-qurbağa adı ilə şöhrətləndiriblər.
Əgər birisi mənə belə xəbər gətirə ki, yuxarıda saydığımız mətbuat – qurandan savayı bir təndirin içinə düşüb yanıbdı, mən heç dərd eləmərəm; bəşərta deyələr ki, bu kitabların yerini təzə kitablar tutub, məsələn, “İbrahimbəyin səyahətnaməsi”, Mirzə Məlkümxanın risalələri, Mirzə Fətəlinin komediyaları, Mirzəağa xan Girmaninin mürasilələri, Vaqiflə Sabirin şerləri və qeyriləri.
Bunlar hamısı keçəndən sonra yenə ümidvarlığımız artıqdır ki, yeni türk əlifbasının vücudu ilə bundan sonra qabağa getmək yolu bizim üçün işıq gərək olsun.
Molla Nəsrəddin
“Yeni yol”, 25 noyabr 1923, № 36
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-heyif-olsun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu Təbriz-Culfa dəmir yolu da başımıza bəla oldu!.. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri yetişib, biri də bu dəmir yoludu. Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə, bir həftə-on günə Təbrizdən sağsəlamət gedib yetişirdi Culfaya.Bəli, dəmir yol çəkdilər ki, tərəddüd guya asan olsun və sürətli olsun; guya ki, bizi atlı qovalayır, guya ki, bu dəmir yol ilə bizim cavanlar gedib Almaniya, Amerika darülfünunlarında dərs oxuyacaqlar.
Dövlətli xanımlarŞəhərimizdə bir dövlətli xanım var. Bayram qabağı xanım bir xəyallandı darül-tərbiyədəki övrət-uşağa paltar tikdirsin ki, Allah da xanımdan razı olsun; amma təqvimə baxdırdı gördü ki, saat xoş deyil. Sonra bir belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər xərclik paylasın. Yenə təqvimə baxdı gördü ki, yazılıb “nə şayəd”.Axırda dedi: xub, neçə-neçə ali imarətim var ki, bir-birinin içindədir, bu imarətlərin birini Allah rizası üçün vəqf elərəm idareyimaarifə (inşallah) ki, orada yetim uşaqlar üçün bir böyük mədrəsə qərar verilsin.
TəbiətQırx beş ildir rəməzanı həmin şəkildə görürəm ki, hali-hazırda vardır: görürəm ki, tamam əhali səhərdən, axşama yarım [saat] qalanadək yuxudadır; tiçarət bağlı, darülfənn və darültərbiyələr qapalı, qiraətxanalar boş, idarələr məəttəl, tərəddüd yox.. .Elə ki, iftara yarım saat qaldı, mömünlər ayılıb gözlərini silirlər və bir qədər oğul-uşaqla bədrəftarlıq və qapıya gələn saillərə kəmhövsələlik göstərəndən sonra, yeyib-içmək əsbabını fərahəm gətirməyə məşğuldurlar.
Molla NəsrəddinBu günlərdə bir böyük əngələ düşdüm.Bacım Pəricahan hamilə idi, yəni doğacaq idi. Bacım, əri ilə Danabaş kəndində olurdu, mən də İrəvanda olurdum. Bacımın bir körpə də uşağı var idi ki, bu da bir neçə ay idi naxoş idi.