Dünən İran əhlindən bir nəfər dostum mənə gör nə deyir, deyir: ay Molla Nəsrəddin, sən biz iranlıları istəmirsən.

Dedim:

– Nədir dəlilin?

Cavab verdi ki, bizə məcmuəndə çox sataşırsan.

Dedim:

– Əzizim bə kimə sataşım?

Cavab verdi ki, firənglərə sataş, ingilislərə sataş, amerikalıların eyiblərini yaz, Şvetsar camaatına dolaş.

Dedim:

– Baş üstə, dəxi bundan sonra iranlı adı dilimə gətirmənəm. – Amma dostumdan ayrılandan sonra söz verməyimə peşman oldum; çünki çoxdan fikrimdə var idi bir əhvalat yazam, bu da iranlılar barəsindədir. Hərçənd dostum yenə məndən rəncidə olacaq, amma çarəsi yoxdur.

Bəli, keçək mətləbə.

Bakıda İran uşaqları üçün təzə bina olunan “İttihad” məktəbinin güşadında camaat uşaq kimi başladı ağlamağa.

Bu sözü eşidəndən məni böht aparıb: bilmirəm inanım bu xəbərə, ya inanmayım.

Məktəbin güşadına şad olmaq lazımdır mən biləsi, nəinki təəssüf edib qəmgin olmaq.

Çox təəccüb: iranlı – ağlamaq?

Bu iki məna bir-birilə uymur.

Söz yox ki, nəhayətsiz şadlıqdan da ağlamaq mümkündür; onda da gərək belə başa düşək ki, iranlılar məktəbin açılmağına o dərəcədə şad oldular ki, başladılar ağlamağa.

Doğrusu, bu da ağla sığışmır.

Bircə burasını mən başa düşə bilmirəm ki, bəs indiyə kimi harada idilər bu gözyaşları?!

Harada idi bu gözyaşları, İran məmləkəti qeyrətsiz hakimlər, biar vəzirlər və bimürüvvət ruhanilərin bərəkətindən əcnəbi hökumətlərə pamal olanda?! Harada idi bu gözyaşları, Təbrizdə dul övrətlər, yetim və fəqirlər torpaq yeyəndə?!

Harada idi bu gözyaşları, Tehranda hürriyyət mücahidlərinin qanları küçələrdə su yerinə axanda?!

Hanı mənim iranlı dostum ki, mənə deyir iranlılara sataşma. Qoy bir gəlsin mənə cavab versin görüm, harada idi o gözyaşları?!

Mən səni elə bilmirdim, ey iranlı dostum! Mən gözləyirdim ki, sən mənə deyəcəksən: ay Molla Nəsrəddin, sən nə yaxşı kişisən!..

Mən eylə bilirdim ki, mənə yar olacaqsan,
Aləmdə mənə yari-vəfadar olacaqsan!

Mən eylə xəyal etmiş idim ah, bəradər!
İranda olan qəmlərə qəmxar olacaqsan!

Dərdi-dilimi anlamayıb, zərrəcə axır,
Məndən nə bilim kim belə bizar olacaqsan!

Biçarə vətən tarü qaranlıqda qalanda,
Əğyarə gedib şəmi-şəbi-tar olacaqsan!

Söz verməz idim mən sənə, ey dusti-dilazar,
Bilsəydim əgər boylə dilazar olacaqsan!

Sərməsti-meyü mütrübü tiryaksən indi,
Bir vaxt ayılıb axiri huşyar olacaqsan!

Məğrursən indi, xəbərin yoxdur özündən,
Əldən vətənin getsə xəbərdar olacaqsan!

Xar elədi qəflət səni əğyar yanında,
Yatdıqca bu qəflətdə yenə xar olacaqsan!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 29 sentyabr 1906, №26

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müsəlman teatrı

Bugünkü şənbə gecəsi Tiflis teatr heyəti Mixailovskidə “Vetsel” teatrında Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” nam komediyasını mövqeyi-tamaşaya qoydular.Qeyrətli oyunçular öz rollarını lazımınca bacarıb, hər kəsin məmnuniyyət və alqışını cəlb elədilər. Hərçənd arvad rolları təbii halınca deyildilərsə də, bu da o qədər qüsur sayıla bilməz. Çünki bu xüsusda uzun-uzadı biliyə və təcrübəsi olmayan kişilərdən arvadlardan təftari-nazükanə, müamilə və şivəyixüsusiyyətlərini gözləmək təbii ola bilməz. Bu cəhət və oynayanların minidə bir belə şeylərə məşğul olduqları nəzəri-insaf və mizanə alınarsa, demək olar ki, himmətli cavan oyunçularımız öz rollarını çox yaxşı ifa etdilər.

1 мин
Binəsiblər

Bunlar çoxdur: bircə Zaqafqaziyada bunlar yüz minlərlə hesablanır. Onlar dilənçilərə oxşayırlar. Həmişə cırım-cındırda, ac, yorğun. Onlar bizim həmvətənimiz deyildirlər, qonaqdırlar. Onlar buraya uzaq məmləkətlərdən işləmək üçün gəlmişlər və işləyirlər. Amma onlar son dərəcə yazıqdırlar. Çünki heç kəs onları sevmir, heç kəs onların fikrini çəkmir, onların qeydinə qalmır. Onları, buraxıb gəldikləri yerdə də sevmirlər, bizdə də sevmirlər.Nə üçün onları sevmirlər? Bunu heç kəs bilmir. Mən isə belə fikir edirəm: onları onun üçün sevmirlər ki, onlar cındır paltarlıdırlar, çünki onlar acdırlar.

2 мин
Xeyir-dua

İran fəhlələri vətənlərinə gedən zaman mən vağzalda idim. Üst-başı cırıq, çirkli, küt nəzərlərində-qorxu ifadəsi. Onlar ürkmüş surü kimi bir-birinə qısılaraq, yerdə oturmuşdular.Demək, bizdən gedirsiniz, ey İranın yazıq övladları! Cırım-cındırlı, çirkli gedirsiniz! Sizin taleyiniz olduqca acıdır. Mən bilirəm ki, orada, uzaq vətəndə, sizin əhli-əyalınız sizdən çörək gözləyirlər. Yalnız bunun üçün də siz bizə gəlmişdiniz. İndi isə cırım-cındır, çirk içində, əliboş gedirsiniz. Siz nəinki burada öz ailələriniz üçün çörək pulu qazanmadınız, hətta öz qohumlarınızı da burada itirdiniz. Siz yaxşı bilirsiniz ki, orada, vətəndə, siz öz uşaqlarınız ilə bəlkə də ac qalacaqsınız. Buna baxmayaraq, siz yenə də gedirsiniz. Siz haqlısınız, min dəfə haqlısınız. Bir yerdə ki adamlar öz qonşularını, öz uşaqlıq yoldaşlarını öldürürlər, bir yerdə ki onlar yüz illərlə bir küçədə, bir həyətdə, bir evdə yaşadıqları öz dünənki dostlarının var-yoxunu yandırırlar, bir yerdə ki adamlar bu cür igidlik göstərirlər və bunu nə üçün etdiklərini özləri də bilmirlər, – belə yerdə yaşamağa dəyməz.

3 мин
Əsarətdə

Böyük Şərq şəhərinin limanında yüzlərcə əcnəbi gəmisinə tələm-tələsik yük doldurub, yük boşaldırdılar...Minlərcə çinli, koreyalı yapon və rus fəhləsi üzlərində gərginlik, gözləri qan-yaşla dolu halda əcnəbi mallarla yüklənmiş ağır tayları və yeşikləri çəkib gətirir, onları təngnəfəs eləyən yükün ağırlığı altında tövşüyə-tövşüyə nəfəs alırdılar... Parlaq, mehriban günəş hambalların açıq kürəklərini, sinələrini və əllərini yandırır, elə bil istəyirdi ki, yoxsul əməkçilərin göz yaşlarını və qan-tərini qurutsun.

2 мин

Стихи других поэтов · Сатира