Xeyir-dua
İran fəhlələri vətənlərinə gedən zaman mən vağzalda idim. Üst-başı cırıq, çirkli, küt nəzərlərində-qorxu ifadəsi. Onlar ürkmüş surü kimi bir-birinə qısılaraq, yerdə oturmuşdular.
Demək, bizdən gedirsiniz, ey İranın yazıq övladları! Cırım-cındırlı, çirkli gedirsiniz! Sizin taleyiniz olduqca acıdır. Mən bilirəm ki, orada, uzaq vətəndə, sizin əhli-əyalınız sizdən çörək gözləyirlər. Yalnız bunun üçün də siz bizə gəlmişdiniz. İndi isə cırım-cındır, çirk içində, əliboş gedirsiniz. Siz nəinki burada öz ailələriniz üçün çörək pulu qazanmadınız, hətta öz qohumlarınızı da burada itirdiniz. Siz yaxşı bilirsiniz ki, orada, vətəndə, siz öz uşaqlarınız ilə bəlkə də ac qalacaqsınız. Buna baxmayaraq, siz yenə də gedirsiniz. Siz haqlısınız, min dəfə haqlısınız. Bir yerdə ki adamlar öz qonşularını, öz uşaqlıq yoldaşlarını öldürürlər, bir yerdə ki onlar yüz illərlə bir küçədə, bir həyətdə, bir evdə yaşadıqları öz dünənki dostlarının var-yoxunu yandırırlar, bir yerdə ki adamlar bu cür igidlik göstərirlər və bunu nə üçün etdiklərini özləri də bilmirlər, – belə yerdə yaşamağa dəyməz.
Gedirsiniz, yaxşı yol! Ancaq ey İranın yazıq övladları, gedərkən siz bunu yadınızda saxlamalısınız.
Əvvələn, siz buradan sakit gedin və öz qəlbinizdə heç bir kin və ədavət hissi aparmayın. Siz unutmamalısınız ki, bizdə heç kəs sizi qonaq hesab edərək, sizə qarşı kin hiss etmirdi və bir tük qədər də sizi incitmək istəmirdi. Əgər sizə yenə də xətər toxundusa, buna bircə səbəb bu oldu ki, siz təsadüfən vəhşi və mənasız küçə qırğınları fırtınasına düşdünüz. Unutmayın ki, sizinlə bərabər o biri millətlərin də adamları təsadüfən zərərdidə oldular və buna baxmayaraq, o millətlər də heç biri düşmən tərəflərə qarşı öz münasibətini dəyişmədi və öz həmməzhəblərinə kömək çıxmadılar. Belə də olmalıdır; siz də belə etməlisiniz.
Vətəninizə qayıdandan sonra öz dinayrı qardaşlarınıza rast gələndə, siz onlara, hansı millətə mənsub olsalar da, bir qonaq kimi hörmət və təzim göstərməyə çalışın. Əgər pis adamların təsiri altında sizin ürəyinizə şübhə damsa, o zaman siz elmli, ağıllı və həqiqi etiqadlı şəxslərin məsləhətini soruşun, özləri heç bir şey anlamayan mollaların və fanatiklərin məsləhətini soruşmayın.
Ey yazıq İran fəhlələri, bir şeyi də unutmayın: öz vətəninizə qayıdandan sonra siz özünüz kimi cırım-cındırlı, ac və məzlum əməkçi xalqı öz başınıza toplayın və onlara bu xoş xəbəri yetirin. Onlara nağıl edin ki, burada, bütün Rusiyada, bütün əməkçi xalq ayağa qalxmış və böyük bir qüvvə halında toplaşaraq, bu günə kimi altında zarıdığı zülmü öz üzərindən atmışdır. Orada öz yerli fəhlələrinizə yetirin ki, onların Rusiyadakı yoldaşları onlara salam göndərirlər. Əgər orada onlar buradakı öz yoldaşlarının yolu ilə getmək istəsələr, əgər onlar İran zalımları, xanları, ağaları, mollaları, dövlətliləri, şahzadələri və sairələri tərəfindən onların boynuna salınmış boyunduruqdan azad olmaq istəsələr, əgər onlar öz insan hüququnu müdafiə etmək və azadə nəfəs almaq istəsələr, o zaman onların Rusiyadakı yoldaşları, yadigar olaraq onlara öz bayrağını və bu bayraqda yazılmış müqəddəs şüarını verərlər. Qoy məzlum, bədbəxt İran zəhmətkeş xalqı bu şüarı oxusun:
“Bütün ölkələrin proletarları, birləşin!”
Qoy oxusunlar və birləşsinlər!
“Kavkazski raboçi listok” qəzetindən tərcümə, 9 dekabr 1905, № 13
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xeyir-dua
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakıda böyük evlərin və həmxanaların idarəsi ki, rusca ona “ciltovarişstroy” deyirlər. İndi bu saat böyük çətinliklərə düşüblər ki, aya evlərə nə ad qoyaq?Çünki komunxoz da evləri verib həmxanaların ixtiyarına. Həmxanalar da özlərinə heyəti-müdiriyyə seçiblər. Bunlar da komunxozların qərarına görə gərək idarə etdikləri evə ad qoysunlar.
Təzə ilBu günlər təzə ilin günləridi. Yəni bu günlər İsa peyğəmbərin, yəni xristiyanların Allahının xəlvətcə anadan olmağından min doqquz yüz iyirmi dörd il keçib, min doqquz yüz iyirmi beşə ayaq qoyur. Vaqedə çox böyük tarixdi.Min doqquz yüz iyirmi beş il bundan qabaq birinci dəfə xristiyan aləminə cənnət-cəhənnəm və axirət etiqadı soxulub, indiyə kimi neçə milyon insanı keşişlərin torundan qurtarmağa macal vermir.
Haqq sözQəzetələr yazır ki, Şamxor müəllimləri acından dilənirlər. Əlbəttə, qəzetələrin sözü haqdır. Əgər maarif müdiri deyir ki, “Mən nə eləyim?”, “Artıq pulu haradan alım ki, müəllimlərə də artıq məvacib verim?”. Əlbəttə, bu da haqdır. Əgər bunun müqabilində Şamxor müəllimləri deyir ki;– Xob, bizə ki, artıq pul tapa bilmirsiniz verəsiz, eybi yoxdu, biz ötüşərik. Amma bu şərt ilə hamı qulluqçular bizim kimi ayda bir dəfə ət pişimişindən artıq bir şey yeməsin və gecə-gündüz yağ ilə bal içində üzməsin. Bu da haqdır.
Ticarət naloquQəzetələrdə gözümüzə bir belə yazı sataşdı:Bir nəfər yazıçı : “Bədbin” imzası ilə yazır ki, Bakı komunxozu alverçilərdən naloq almaqda o qədər tərəqqi edib ki, bir nəfər küçədə susatan uşağa ayda on manat naloq təyin eləyib. Məqalə sahibi komunxozların bu cür naloq almağını oxşadır keçən vaxtlarda İranda bir şəhərin komunxozunun əhalidən naloq istəməyinə. O vədə şəhərin hakimi hökm eyləmiş imiş ki, hər pinəçidən əlli tümən alınsın. Çünki pinəçilik böyük ticarətdi və hər bir çolağdan əlli tümən alınsın. O səbəbə ki, çolağın ikiayaqlılara nisbətən başmaq xərci yarıbayarı azdı. Keçəllərdən həmçinin əlli tümən alınsın. Çünki keçəllərin dəllək xərci yoxdu. Bundan da savay hər bir Məmmədəli adlı əhalidən yenə əlli tümən alınsın. Bu səbəbə ki, İranda Məmmədəli adında adam çoxdu.