Bir vaxt var idi ki, türk cavanları öz doğma ataları adlarının quyruğuna ”ski” sözünü yapışdırmağı özləri üçün fəxr hesab edirdilər.

Bir vaxt vardı ki, ”Naxçıvanski”lər, ”Yerevanski”lər, və ”Qadcinski”lərə desəydin gəl adını ”Naxçıvanlı” elə – onu hörmətsiz eləmiş kimi olardın.

Bir vaxt vardı, bizim artistlərimizin bekarları ”skilik” ilə şöhrət tapmaq istəyirdilər və tapırdılar da.

Hələ indinin bu saatında da belə-belə meymunların sayı az deyil. Amma indi daha düşünməyin vaxtı gəlib çatıbdır. İndi daha zəmanə bilmərrə dəyişilibdir.

Dəfələrlə deyilib və yazılıb ki, keçənlərdə padşah hökuməti dövründə bu sözləri danışmağın mənası yox idi, çünki camaatımızın başçıları xanlar, knyazlar və hətta intelligentlərimiz özlərini elə bir şövq ilə və həvəslə ”ski”ləşdirmişdilər ki, onların içində bu sözləri danışmaq üçün böyük cürət lazım idi. O ki qaldı, qara camaata, bunlar da, söz yox, başda duran siniflərin dalıyca gedirdi.

İş belə olanda daha öz ana sözlərimizin ”ski”ləşməyinin böyük bir hörməti var idi, ona görə də nəinki Təzəpir məscidinin küçəsini ”Təzəpirski” edəndə bizim xoşumuza gəlirdi, hətta az qalmışdı mollalarımız da minbər üstə Məhəmməd və imamları çöndərib ”Maqometski” və ”imamski” eləsinlər.

Hələ burada bir nöqtə də var ki, onu da nəzərə almağımız pis olmaz.

Günahın hamısı yox, ancaq yarısını mən padşah hökuməti üstünə yıxıram. Bizim bu cür meymunlaşmağımıza səbəb o qədər də padşah hökuməti deyildi, nə qədər ki, bizim öz səfahətimiz idi, çünki bu barədə padşahın zorundan artıq bizim meymunluğumuz iş görürdü.

Və həmin meymunluğun milliləşməyimizə bu qədər müsaidət verməyinin vücudilə bizim mömin hacılarımızın dilindən ”Təzəpirski” küçələr hələ düşmür.

Hələ bu saat da ”ski” quyruqlu böyük-böyük ”ağalarımız” yenə hələ meymunluqlarından əl götürmürlər.

Mığmığa

“Yeni yol” qəzeti, 14 avqust 1923, №25

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира