Necə qan ağlamasın daş bu gün, qırxılır gör neçə min baş bu gün!

Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq.

Və lakin bunlar hamısı köhnə sözlərdir. Amma burada bir mətləb var ki, bəlkə oxucularımız onu eşitməmiş ola. Bu barədə lazım bilirik bir az danışaq.

Yer üzündə qəribə bir əhvalat baş verəndə Avropanın fənni cəmiyyətləri çox xərclər çəkib adamlar göndərirlər ki, təzə vüquatı elm və fənn tərəfindən öyrənsin və sonra cəmiyyətə ərz eləsin.

Beləliklə, Avropada elm və fənn tərəqqi eləyib. Məsələn, Amerikanın flan şəhərində gün təmamən tutulacaq. Qabaqca haman şəhərə hər məmləkətin coğrafiya cəmiyyətlərindən dəstə-dəstə alimlər göndərilir ki, günün tutulmaq sirrlərini dəxi də yaxşı öyrənsinlər. Məsələn, İtaliyada misli olmayan zəlzələ üz verib. Həmçinin yenə alimlər oraya doluşurlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər.

Aşura işlərimiz avropalıların nəzərində elə bir qəribə və əhəmiyyətli əhvalatdır ki, bu barədə onlar indiyədək neçə cild kitablar yazıblar. İranın və Qafqazın böyük müsəlman şəhərlərində məhərrəmlikdə Avropa cəmiyyətlərinin üzvləri həmişə pişəz-vəqt hazır olarlar və aşura günü qələmi və kağızı ciblərinə qoyub çıxarlar uca divarın üstünə və tamaşa eləyib, eşitdiklərini təfsilən yazarlar; gördüklərinin fotoqrafiya əkslərini götürüb apararlar.

Bu qism səyyahların biri də dünən gəlmişdi idarəmizə. Bu cənab, Lissabon şəhərində bir cəmiyyətin üzvüdür. Onun bu il Qafqaza gəlməyindən qəsdi üç mətləb öyrənməkdir.

Əvvələn: əgər baş yarmaq şərən lazımdır, nə səbəbə başlarını yaranların içində indiyədək bircə əmmaməli molla görsənməyib?

İkinci: həmişə vaxtlarını qumar və çaxır məclislərində keçirən müsəlman “intelligentləri” nə qəsd ilə aşura günü dəstə qabağına düşüb baş yaranların qanlarını dəsmalları ilə silirlər?

Və üçüncüsü: səbəb nədir ki, baş yaranların hamısı ibarətdir məhz gədə-güdələrdən, baqqallardan və çaqqallardan; bunların içində bir nəfər də maarif əhli görsənmir?

Biz bu suallara cavab verə bilmədik və qonağımız çıxıb getdi. Bu heyndə qulağımıza hatifdən bu səslər gəldi:

– Bu günlərdə İranda istibdad ilə ədalət bərk çarpışır. Yekə bir millətin dini, namusu, hüququ, vətəni təhlükədədir. Köməksizlik ucundan ola bilər ədalət tərəfi basılsın. O vaxt milyonlarca məzlumun dadü fəryadı bu günkündən artıq göylərə qalxacaqdır. Bir udum suya həsrət qalıb can verən balaların, qarınları yırtılan ana-bacıların halı Kərbəla vaqiəsindən aşağa qalmayacaqdır!

Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır! Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur.

Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir ki, həm Allah, həm də həzrət Hüseyn razı qalsın. Yoxsa, Tiflisin, Bakının küçələrində qışqıra-qışqıra gəzib, yalançılıqdan başımızı cızıb bir az qan axıtmaq Hüseyn övladına və Rüstəm nəslinə yaraşan igidlik deyil.

Bu gün Kərbəla meydanı Azərbaycan meydanıdır.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 11 yanvar 1909, №2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şahzadə

Qabaqca bunu gərək deyək ki, Məhəmmədəli şahın qardaşı şahdan küsüb gedib Rusiyada Varşava şəhərində olur.Əvvəllər hökumət məmurları şahzadəyə heç məhəl qoymurdular, çünki görürdülər ki, Məhəmmədəli şahın qardaşıdır.

1 мин
Bosna və Hersək məsələsi

Uşaqlıqda mənim başımın hər yeri qırxılırdı, amma tamam kəlləmdə bir qədər tük qalırdı. Bunun adına kakil deyirlərdi. Mənim kakilim çox uzun idi. Bir də qulağıma qızıldan sırğa kimi bir şey taxmışdılar, adına heydəri deyirlərdi. Mənim anam nəzir eləmişdi ki, mən yeddi yaşa çatanda məni aparsınlar Bakıda Bibiheybətə, kakilimi orada qırxdırsınlar, heydərini də orada açsınlar… Bir gün qulağımda heydəri çıxmışdım küçə qapısına, gördim bir nəfər yekə oğlan gəldi əlində taxtadan yonulmuş bir at. Mənə dedi: “Ala bax, bağışlayıram sənə, gör nə yaxşı atdı!” Mən bunu görcək sevinə-sevinə atı aldım, o oğlan atı verdi əlimə, əlin uzatdı qulağımdan heydərini çıxartdı. Amma mənim heydəri nə vecimə gəlir. Çox şad əlimdə at getdim evə. Anam məni görcək dedi: “Adə, o at nədi?” Dedim: “Küçədə bir əmi verdi”. Dedi: “Vay başı daşdı, hanı heydərin?” Dedim: “Əmi apardı”. Anam qışqırdı, bağırdı, nənəm gəldi, xalam gəldi, bibimə adam getdi. Qərəz, bir qiyamət qopdu ki, gəl ki görəsən. Amma indiki kimi mənim yadımdadır ki, o küy-kələk, o qiylüqal heç mənim qulağıma girmirdi. Mən ancaq at ilə məşğul idim, onu oynadırdım. Vaqeən gərək də elə olaydı, çünki onda mənə oyuncaq lazım idi, iqruşka ilə şad olurdum. Bu qalsın burada.Əmiri-Əfğanıstan öz səyahətnaməsində yazır: Vəqta ki mən Əfğanıstandan qaçıb Əmiri-Buxaraya pənah apardım, Əmirin gözü mənim yanımda olan bir gözəl oğlana düşdü, istədi onu mənim əlimdən alsın. Bunun üstündə aramız pozuldu. Buxaradan getməli olduq. Mənim müqərriblərimdən dedilər ki, gedək Səmərqəndə, Rusa pənah aparaq. Mən dedim: Bu necə ola bilər: olar kafir, biz müsəlman? Dedilər: Doğrudur, rus kafirdir, amma müsəlmanlığın rəvacına bizdən artıq çalışır. Dedim: Necə? Dedilər: Səmərqəndi ki təzə alıb, orada car çəkdirib ki, hər kəs cümə namazına gəlmə sə iyirmi beş manat cəriməsi var.

2 мин
Xanımlar

Əgər bir az diqqət ilə hesab eləsək, əgər statistik qanunu ilə qabağımıza şotka qoyub və əlimizə qələm götürüb yazaq, baxıb görərik ki, Qafqazda müsəlman cavanlarının hamısının tərbiyəsi rus evindən başlanır.Bir az da açıq danışaq.

4 мин
Ərəb İzzət qaçmıyıb

Köhnə idarə vaxtında Osmanlı türklərinin başına ən böyük bəla olanlardan biri də sultanın ən yaxın adamı olan Ərəb İzzət paşa idi.Bu zalım osmanlıların başında nə cür istərdisə oylə oynurdu. Hamı maarif əhlini zəhərli pəncələrilə sıxıb özünə qul, əsir eləmişdi.

3 мин

Стихи других поэтов · Сатира