Əgər bir az diqqət ilə hesab eləsək, əgər statistik qanunu ilə qabağımıza şotka qoyub və əlimizə qələm götürüb yazaq, baxıb görərik ki, Qafqazda müsəlman cavanlarının hamısının tərbiyəsi rus evindən başlanır.

Bir az da açıq danışaq.

Xanımlarımız, bəylərimiz dövlətli və ya kasıblarımız haman gün ki istəyirlər uşaqlarını hökumət məktəblərinə qoysunlar, qabaqca aparıb bir rus evinə verirlər.

Amma diqqət eləsək, görərik ki, bir belə adət qonşumuz ermənilərin, gürcülərin və qeyri millətlərin içində əsla görsənmir.

Bu adət çoxdan başlanıb.

Rus Qafqazı alandan indiyədək mötəbər xanlarımızın uşaqları beşaltı yaşından başlamış veriliblər rus külfətlərinə. Hətta İran nücəbalarının uşaqları rus evlərindədir.

İndi bu saat Maku sərdarının oğlu Tiflisdə bir rus evində qalır və ayda altı yüz manat məhz uşağın yeyib-içməyinə verilir, qeyr bəxşişlərdən savayı.

Tiflisdə rus evlərində qalan müsəlman uşaqlarının qədəri yüzdən artıqdır. Bunların içində ayda yüz manat da verən var, əlli manat da verən var, amma otuz manatdan aşağı yoxdur.

Özgə şəhərləri bilmirəm, İrəvan tərəfi də belədir və ağıl kəsir ki, hər yanda bu cürdür.

İrəvanda müsəlman müəllimləri açdıqları pansionlara müsəlmanlar uşaqlarını vermirlər, amma aparıb verirlər qabaqlarına rast gələn rus evlərinə.

Müsəlman uşaqlarını evlərində saxlayan rusların çoxu qulluqçulardır, vəssəlam. Yoxsa bunların tərbiyə işindən heç xəbərdarlıqları yoxdur və müsəlmanlara da bu mülahizə heç lazım deyil. Hər nə olacaq olsun, kaş rus evi olsun.

Altı-yeddi yaşında müsəlman rus evinə girən kimi, söz yox, başlıyır yavaş-yavaş rusca danışmağa. Sora yavaş-yavaş katletlərə adət eliyib küftəni yadından çıxardır, mariyalara adət eliyib zeynəbləri yadından çıxardır. Xülasə, üç-dörd ildən sora vətəninə qonaq gələndə başlıyır Fatma xalaları ilə rusca danışmağa. Bir beş-altı il də keçəndən sora ürəyi rus məişətinə elə bərk yapışır ki, rusların yaxşı işləri də ona xoş gəlir pis işləri də xoş gəlir və sora da müsəlmançılığa yuxarıdan aşağı rişxənd nəzərilə baxa-baxa qazilik satıb kor-koranə başlıyır millətini, müsəlmançılığını bəyənməməyə.

Bircə şey mənə çox qəribə görsənir:

Dünyada biz müsəlmanlar tək heç bir millət yoxdur ki, bilmərrə rusları murdar bilsin və ruslardan özünü uzaq saxlasın. Ta o yerə çatıb ki, Avropa dərslərinə yavuq durmamağımızın ümdə səbəbi də rusları və əcnəbiləri belə murdar hesab eləməyimizdir.

Amma bununla belə, dünyada biz müsəlmanlar tək heç bir millət yoxdur ki, rus məktəbinə uşağını qoymaq üçün əvvəl uşuğı aparıb rus evinə qoysun və öz əlilə, öz xahişilə balalarını, millətini ruslaşdırmağa çalışsın.

Mən bilirəm ki, uşaqların ataları mənə belə cavab verəcəklər: yəqin onlar bu bəhanəni gətirəcəklər ki, rus evində uşaq ruscanı asanlıq ilə öyrənir və rus dilini də yaxşı biləndə hökumət məktəbində də dərslərini yaxşı oxuyur.

Amma işin həqiqəti belə deyil.

Doğrudur ki, rus evində müsəlman uşağı rus dilini tez öyrənir, amma təcrübə də bunu göstərir ki, uşağın məktəbdə yaxşı və pis oxumağı uşağın zehninə və tərbiyə edənə bağlıdır. Çöx vaxt belə də ittifaq düşür ki, rus evi görmüyən müsəlman uşaqları rus dilini əsl rus uşaqlarından da yaxşı oxuyurlar və bir də əgər rus evində tərbiyə tapmaq çox lazımlı bir şey olsa elədə biçarə ermənilər və gürcülər nə eləsinlər ki, onların uşaqlarının biri də indiyədək rus evində qalmıyıb.

Yəqin ki, biz onlardan bu barədə gözüaçığıq.

Müsəlman atalarının bircə yaxşı bəhanələri var ki, bu barədə mən onlara cavab verməyə acizəm.

Doğrusu, bu rus xanımlarını tərif eləməyə Vaqif kimi bir şair lazımdır:

Ol qədərdir büti-nazikbədən,
incəmiyan,
Eyləmək olmaz onun vəsfini
məlum əyan,
Cümlə bir cilvədə, bir şivədə,
xoş sərvi-rəvan,
Məst tavus kimi
gərdəni-minaları var.

Cifayda ki, zalım qızlarına əl yetirmək olmur. Hər bir papaqlını iki ağacdan görən kimi qaçırlar.

Amma bu var ki, uşaq saxlamağa çox talibdirlər, xüsusən bilərlər ki, uşağın atası “yağlı”dır.

Qurban olsun onun incə miyanına mənim varım-yoxum. Əgər ayda otuz manat istəyir-mən ayda yüz manat verərəm, kaş mən ilə ələlə versin.

Hələ bəlkə bir az artıq da iltifat ola.

Yoxsa müsəlman evindən nə çıxacaq ki, uşağımı aparım müsəlman pansionuna verim. Orada “Dişədəyən” bir mətləb yoxdur.

Bu işlər ilə bərabər biz hələ təəccüb eliyirik ki, Avropa elmini oxuyanlarımız ana dilimizi yazmağı və danışmağı bacarmırlar. Bunlar gözlərini açan kimi özlərini rus evində görüblər, rus danışığı eşidiblər, rus ibadəti görüblər, rusların içki məclislərini görüblər, xanımların ağalar ilə nəzakət, çəm-xəm və qaş-göz süzdürmə elmlərini görüblər. Söz yox, tərbiyəli rus xanımlarından yaxşı tərbiyə alanlar da olub.

Amma çoxusu qabaqca nağıl elədiyimiz sayaq ilə tərbiyə tapıblar.

Bu halımızla, bu qəflətimizlə utanmayıb da deyirik ki, ruslar bizi ruslaşdırırlar.

Genə gürcülərə və ermənilərə yazığım gəlir ki, biçarələr bu barədə bizdən çox geri qalıblar.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 14 dekabr 1908, №50

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hicab məsələsi və cavabımız

Dünyada hər cür çətin və xariqüladə bir məsələ bəsirət və insaf ilə müzakirə olunsa, şəksiz, həqiqət tərəfi axtarılar. Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. Şüurlu ixtilaf isə, əlbət şüurlu ittihadı meydana gətirir. Hər halda, möhkəm və davamlı ittihad məhz fəhm və bəsirət yolu ilə olan ixtilafdadır. Bu səbəblədir ki, “ixtilafü ümməti rəhmətün” buyurulubdur. Amma, heyf ki, zəmanəmizin biz mollaları arasındakı ixtilaf aləmin başına böyük bir bəla olubdur. Nə cür olmasın ki, əqli ilə şəri dəlillər ilə mübahisə edib həqiqəti axtaracağımız yerdə, hər birimiz başımıza bir avam dəstəsi yığıb “təkfir” silahilə vuruşmağa başlayırız. Gözəl şəriəti əldə bəhanə edib biçarə avam camaatı öz qərəz və mərəzimizə alət edirik. Dəstə riyasətliyini, avamlıqdan gələn mənfəəti-şəxsiyyəni həmişə saxlamaq üçün araya min cür böhtan və təvil salırıq. Heç mümkün deyil ki, biz mollalar öz aramızda, öz qaydasilə müzakirə və mübahisə edib axırda bir tərəfə tabe olaq: görəcəksən ki, bir paramız əcələ bir dəstə sazlayıb qışqırırıq: filankəs, məsələn, hicabı inkar edib dinindən çıxıb, onun qanı halaldır. Biçarə camaat da elə güman edir ki, bu cür mollaların qeyrət və namusları bu cür həqarətə davam gətirə bilmir; elə zənn edir ki, bir para mollalarımızda doğrudan din, millət və vətən qanı var və o qan qoymur ki, müsəlmanların haqq və etiqadına toxunsunlar.Amma vallah, yalan: gündə yüz kərə milli və dini haqq və ixtiyarımıza toxunurlar. Milli və dini hüquq və namusumuzu ayaqlar altına alırlar. Lakin heç birimizdə dodaq tərpədəcək bir cürət yox. Cümləmiz siçan kimi evlərimizin deşiklərinə soxulub öz canımızın qeydinə qalırıq. Bir saatlıq rahəti, bir qəpiklik mənfəəti heç bir şeyə dəyişmirik. Amma Allah göstərməsin ki, bir adam məhz tərəqqiyi-millət naminə, bir ixtilaflı məsələdən bəhs aça və ya “adət”in ziddinə gedə, hər deşikdən baş qaldırıb başına ildırımlar yağdırırıq. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. Halbuki bunların hamısı avamı allatmaq, “mən varam” demək, yalançı alimlik göstərmək, asanca şöhrət qazanmaqdır. Nə deyim? Həqq – taala cümləni biz mollaların fəndi felindən, riyasət və mənfəət tamahından, ikiüzlülük sifətindən uzaq eləsin.

11 мин
Təşəkkür

Məcmuəmiz bağlanan vaxt Nuxa, Bakı və Gəncə şəhərinin maarifpərvər cənabları Tiflis general-qubernatoruna teleqraf göndərib xahiş etmişdilər ki, məcmuənin açılmasına izn versin.Dostlarımızın dualarının bərəkətindən məcmuəmiz açıldı. Və indi də məcmuəmizin açılmağı barəsində Nuxa, Gəncə, Bakı, İrəvan, Culfa, Şamaxı, Şuşa və hətta Şimali Qafqazdan təbrik teleqramları gəlməkdədir.

1 мин
Cümə günləri

Biz müsəlman tayfası bir söz danışanda heç o sözün dalını-qabağını fikirləşmirik. Elə məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını: elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda? Görək bu sözləri kim oxuyacaq və kimə lazımdı və nəyə lazımdı ki, oxusunlar və niyə də oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar və nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar? Deyəsən, bir az uzun oldu.Biz müsəlman tayfası bir söz danışanda heç istəmirik o sözün dal-qabağını fikirləşək. Məsələn, biz deyirik cümə günlərini tətil eləyək və dükanlarımızı bağlayaq və alış-verişə məşğul olmayaq.

4 мин
Müsəlman ürəfa və danişməndlərinə

Xitabnamə*Müsəlmanlar!

11 мин

Стихи других поэтов · Сатира