Страница 2 из 2 · 50%

Hərçənd əmoğlum Qiyamədinliyə getməyə bir güldü və mənlə ora getməyə qabaqca meyil göstərmədi. Mən çox təkid etdim, o da istər-istəməz razı oldu.

Qiyamədinli bir böyük obadır və qədimdən oğurluqda şöhrət tapıbdır. Yadıma gələn budur ki, keçmiş əyyamda ədliyyə məhkəmələrinin işlərinin çox hissəsi qiyamədinlilərin oğurluq işlərindən ibarət olardı. İndi də bir neçə il bundan qabaq qiyamədinlilər genə ad çıxarmaq istəyirdilər; ancaq hökumət bir qədər bərk tərpəşdiyindən Qiyamədinli oğrularını bir növ susdurdu.

Əmoğlumla bir soyuq gündə atları mindik və Qiyamədinliyə gəldik çıxdıq. Pəs hara düşək? Əmoğlum istədi atı kənd şura sədri və əmoğlumun aşnası olan Məmmədyargilə sürsün. Dedim:

– Yox, ora getməyək və iki səbəbə görə ora düşməyək: biri budur ki, Məmmədyarı bu işə gərək qatmayaq; çünki burda sual-cavab olacaq, danışıq olacaq. İnəyi oğru Musa haradan alıb, kimə satıb, niyə və neçəyə satıb? Və axırda Məmmədyar bizim yanımızda xəcalət ola bilər ki, onun da kəndində oğurluq darülfünundan nəinki tək bircə insanlar oğurluq diplomları alırlar, hələ bəlkə heyvanlar da adamlardan geri qalmırlar. İkincisi də budur ki: biz əgər şura sədrinin evinə düşsək, orada heç bir iş görə bilmərik; çünki oğru Musa eşidəndə ki, biz şura sədrinin evinə düşmüşük qorxusundan nə oraya gələcək ki, biz onunla görüşüb danışaq, nə də bizə bir açıq söz deyəcək. O elə güman edəcək ki, biz şikayətə gəlmişik. Və bizim oraya gəlməyimizi, şura sədrigildə düşüb oğru inəyin söhbətini açdığımızı Musa eşitsə, bəlkə hələ qorxusundan kənddən baş alıb qaçıb gedə.

Mən daha əmoğlumun bu barədə məsləhətinə ümidvar olmayıb, dedim atları sürək kənd məktəbinə. Elə də oldu.

Bir sinifli kiçik bir məktəbin tək bircə müəllimi var idi ki, özü də müdir hesab olunurdu. Adı Mirzə Xəlil idi. Atdan düşdük. Mirzə Xəlil qabağımıza çıxdı. Xoş-beş… Məktəb şagirdləri həyətdə hay-küylə oynaşırdılar. Bunlar bizi görcək yanımıza toplandılar. Atlarımızı əlimizdən alıb bilmədik hara çəkdilər. Əmoğlu atların dalınca getdi və Mirzə Xəlil məni içəri apardı.

Bir yekə otağın küncündə dəmir peç yanırdı. Otaq xeyli isti idi. Bir qədər keçdi, əmoğlu gəldi, çay içdik və axırda mən mətləbi Mirzə Xəlilə açdım.

Mən bu söhbəti Mirzə Xəlilə söyləyəndə, bizə çay gətirən on dörd-on beş yaşında bir oğlan durub qulaq asırdı. Və mən “oğru Musa” adını çəkən kimi bu oğlan çıxdı getdi. Müəllim Mirzə Xəlil də bunun dalınca çıxdı, geri qayıtdı, mənə dedi ki:

– Bu oğlan ki, bizə çay gətirirdi, oğru Musanın qonşusudur.

Mən başa düşdüm ki, deyəsən, işi xarab elədim; çünki biz qərib adamıq və atdan düşən kimi birdən-birə oğurluq söhbəti salanda, camaat əlbəttə elə başa düşər ki, biz hökumət adamıyıq, oğru Musanı tutmağa gəlmişik.


Mən necə ki, güman edirdim, elə də oldu. Oğru Musanın adı məktəb şagirdlərinin ağızlarına düşən kimi kənddə küy düşdü: “Oğru Musanın dalınca adam gəlib ki, onu tutsun aparsın”.

Mirzə Xəlil zəngi çaldı və şagirdləri sinfə yığdı. Onlara başa saldıq ki, biz nə hökumət adamıyıq və nə bir kəsi tutmağa gəlmişik, ancaq şagirdlərin dərslərinə baxmağa gəlmişik; özümüz də Qaraqılçıq kəndinin müəllimləriyik.

Mirzə Xəlil dərs verməyə başladı. Biz də həyətə çıxdıq və tövləyə getdik ki, atları yoxlayaq. Bir qoca kişi atlarımızın qabağına saman tökürdü. Bizi görəndə salam verdi, dedi:

– Siz zəhmət çəkib soyuğa çıxmayın. Yoldan gəlmişsiniz, otaqda əyləşin, atlardan yana nigaran olmayın; mən burdayam.

Qoca kişi məktəbin qulluqçusu imiş. Biz qayıdıb otağa gəldik və qoca kişi də içəri girdi. Çubuğunu cibindən çıxartdı, doldura-doldura dedi:

– Mərdüməzarın evini Allah yıxsın! Zəhrimar olsun o xeyir ki, sən onu oğurluqnan qazanacaqsan! İnsan gərək düzlüklə bir parça çörəyi qazana. Oğurluqnan vallah-billah heç kəs bu dünyada bir şey sahibi olmayıb, bir xeyir-bərəkət sahibi olmaz. – Dedim:

– Ay əmi, sən kimin qarasınca danışırsan?

– O haramzada Musanı deyirəm. İndi odur, inəyin günündə gəzir.

– Necə ki?

– Necə olacaq, ilin iki ayını çöldə gəzir, on ayını dustaqxanada.

– Ay əmi, sən yəqin ki, onun əməllərindən eşitmiş olacaqsan. O özü oğrudur, bu öz qaydası ilə. Amma bu nə tövr olubdur ki, deyirlər onun özü kimi bir oğru inəyi də var imiş?

Burada qoca kişi çubuğunu bir bərk sordu və dedi:

– Hay-hay!.. Musanın nəiyni görmüsən? O heç maldar deyil. O inəyi də uşaq vaxtı çovdar malından oğurlamışdı. Gecələr evdə qalmazdı ki, inəyə də göz-qulaq olsun. Onun üçün də gecələr oğurluğa inəyi də aparardı. İnək də belə cins inəkdi. Bizlərdə heç elə heyvan yoxdur deyəsən. Zəngəzur heyvanlarından idi. Qırışmal inəyi o qədər pambıq oğurluğuna gecələr apardı ki, inək də, neyləsin, heyvan olanda nə olar. Atalar demişkən: “Atı atın yanında bağlarsan, ya halını götürər, ya xasiyyətini”. Hə, bilirsən, ay ağa, o inəyin başı nələr çəkibdir, nə qədər ziyanlıqda tutulub, nə qədər ona kötək dəyib!? Gərək ki, bir buynuzu da sınmış ola; bir gözünü də Zülfüqar vurdu kor elədi.

Zəng çalındı. Uşaqlar bal arısı kimi vızıltı başladılar. Atları mindik, axşam özümüzü yetirdik Qaraqılçığa. Hava da çox soyuq idi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Təzə il

Bir il keçir, o biri il gəlir; 1329-cu il keçdi, 1330-cu il daxil oldu. Xaçpərəstlərin 1911-ci ili getdi 1912-ci ili başlandı.Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqələr hərəkət eləyir. Əbrü badü məhü xurşidü fələk dər karənd.

3 мин
Pək eyi

Mənim dava-mərəkəynən işim yoxdur; mən bir fağır adamam… Ancaq bunu gücnən qəzetdə oxudum ki, İskəndərbəy Məlikov deyir: gərək biz türk dilimizdən “çox yaxşı” sözlərini ataq, onun əvəzinə osmanlının “pək eyi” sözlərini işlədək.Mən elə hazır idim İskəndərbəyin nəsihətini qəbul eləyəm və yenə elə hazıra yavığam, amma bir iş qabağımı kəsib.

2 мин
Çiçək

Bir müsəlman kəndinə, müsəlman məhəlləsinə “çiçək” kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırlar qırılmağa. Çox vaxt olur ki, naxoşluq elə o vədə qurtarır ki, dəxi o kənddə, o məhəllədə bir nəfər də uşaq qalmır.Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara “çiçək” döyülməyibdir.

4 мин
Tök!

– Tök, mən ölüm tök, şəriət sahibinə qurban olum: namazımı öz vaxtında qılıram, orucumu tuturam, bu bir stəkan çaxırımı da, əlbəttə, Allah mənə bağışlar, günah yazmaz. Götür, götür stəkanı. Sağ ol, içirəm sənin sağlığına!Ata və anam sitayiş etdiyi dini mən də müqəddəs tuturam və arzu edirəm ki, cəmi müsəlman qardaşlarım Allah-taala göstərdiyi yolla gedib müsəlmançılıqda bərqərar olsunlar. Amma bununla bərabər, piş əzvəqt camaatımızın tərəfindən üzr istəyirəm və şəriət sahibinə iltica edirəm ki, bir para ümmətlərinin günahından keçib, qeyri mömün qardaşlara bağışlasın.

3 мин

Стихи других поэтов