Mənim dava-mərəkəynən işim yoxdur; mən bir fağır adamam… Ancaq bunu gücnən qəzetdə oxudum ki, İskəndərbəy Məlikov deyir: gərək biz türk dilimizdən “çox yaxşı” sözlərini ataq, onun əvəzinə osmanlının “pək eyi” sözlərini işlədək.

Mən elə hazır idim İskəndərbəyin nəsihətini qəbul eləyəm və yenə elə hazıra yavığam, amma bir iş qabağımı kəsib.

Dünən küçədə bir gəncəli mollaya rast gəldim; xəyalımda da bu idi görüm, söz düşsə bu axund nə tövr danışacaq: “pək eyi” ləfzini işlədəcək, yainki “çox yaxşı”.

– Hə, nə var, nə yox?

– Sağlığın.

– Gəncədə nə var, nə yox?

– Sağlığın.

– Kərbəlayı Səkinə xalanın kefi necədir?

Axund cavab verdi ki:

– Çox yaxşıdır.

Bay, gör bu nə danışır! Bəs niyə demədi “pək eyi”?

Mən öz-özümə güman elədim ki, bəlkə axund bu dəfə səhv elədi, yenə soruşdum ki:

– Axund, doğrudurmu ki, Kərbəlayı Səkinə xala indiyədək iki yüz dəfə siğə olub?

– Bəli, bəli, doğrudur və çox yaxşı eləyib; çünki bu bir xeyir işdir, feyzi çoxdur.

Dedim:

– Cənab axund, Kərbəlayı Səkinə xalanın hələ söhbəti qalsın, amma təəccüb ki, siz bilmirsiniz ki, gərək bundan sonra “çox yaxşı” sözlərini işlətməyək, “pək eyi” deyək?

Amma axund mənə bir mənasız cavab verdi. Axund cavab verdi ki:

– Bəs belə olanda bizə ata-anadan qalan “çox yaxşı” sözlərini hara qoyaq?

Mən buna bir cavab tapa bilməyib dinmədim.


Doğrudan, bu özü bir danışmalı mətləbdir; çünki Gəncə axundundan savayı yenə iki nəfər əhli-qələmlərimiz ilə bu xüsusda göftügumuz olub, ikisi də mənə bu cavabı verdilər.

Məsələn, dünən bir naxçıvanlı babisi ilə danışırdım. Özünün etiqadı ilə işim yox, amma kitabət əhli olduğundan bu xüsusda onun rəyi mənə lazım gəldi.

Bəhanə üçün soruşdum ki, nə səbəbə Naxçıvana bir təzə rəis varid olanda, iki nəfər müsəlman taciri bir-birinin acığına vağzaldan yapışırlar yazıq məmurun qollarından, biri bu yana dartır ki, gərək bizə düşəsən, biri o yana çəkir ki, gərək bizə düşəsən; axırda bu iki Allah bəndəsi, dükan qonşuları bütün ili bir-biri ilə düşmən olurlar?

Naxçıvanlı bir qədər fikir eləyəndən sonra dedi:

– Çox yaxşı eləyirlər. O səbəbə ki, biz müsəlman içində əgər birinin bir böyük ilə münasibəti, gedişi-gəlişi və dostluğu olmadı, onu saymırlar; amma müsəlman içində nə qədər böyüyə itaət eləsən, o qədər də camaatın içində hörmətin olur.

Dedim bunda sözüm yox, amma “pək eyi” əvəzinə “çox yaxşı” dediyinin səbəbini mənə söyləsin. Bu da mənə haman cavabı verdi, dedi:

– Bir yer tap ki, atamdan qalan “çox yaxşı” sözlərini qoyum, sonra sənin təzə dilini qəbul edim.

İndi mən də deyirəm ki, Minasazovnan, qeyrisiynən işim yoxdur. Sən əgər deyirsən ki, gərək biz öz dilimizdən “çox yaxşı” sözlərini atıb, gen şalvar osmanlıların nadan kəndlilərinin hər xüsusda kobud “pək eyi” sözlərini işlədək, onda sən də mənə gərək deyəsən görüm, “çox yaxşı” sözlərini hara qoyum?

Elə bircə bunu mənə de, dəxi sənnən işim yoxdur!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 13 yanvar 1912, №2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dağarcıq

Pişiklə nə tövr rəftar eləyirsən, elə də arvadla lazımdır rəftar eləmək.Belə tutaq ki, sən evində bir pişik saxlayırsan və bu pişik yaxşı dolanmır; məsələn, qab-qaşığı gəlib yalayır. Əvvəl dəfə bircə məzəmmət kifayət elər; lazımdır demək ki, “ay heyvan, rədd ol!”. Əgər gördün ki rədd oldu – çox əcəb. Yoxsa sənin nəsihətini qəbul eləməyib, başladı hələ bir qatığı da yeməyə, – o vədə götür “səndal” ağacını və bir neçə dəfə vur pişiyin başından ki, mavıldaya-mavıldaya çıxıb cəhənnəm olsun. Elə ki, gördün ki, sənin pişiyin özünü qoyub bihəyalığa və evdə nə qatıq qoyur, nə ət qoyur, nə sözə baxır, nə utanır, nə Allahdan qorxur, – o vədə o binamus pişiyi tut qat bir dağarcığa, ağzını bərk bağla, al əlinə haman “səndal” ağacını, o qədər vur ki, canı çıxsın! Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmaya: əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar.

2 мин
Təmizləmək

Bizim Cəfərin anası bu gün ev-eşiyi süpürüb, yığılan zibili evin qabağına atırdı. Birdən gördüm, zibilə bir-iki qəzet də qarışıb. Tez səsləndim ki: “Ay Cəfərin anası, ay çaşğın, onları atma, gətir görək bəlkə lazımlı sözlər yazılıb”.Sözüm yabana. Arvadım qəzetləri gətirdi; aldım, baxdım. Biri “Sabah” qəzetinin 7187-ci nömrəsi idi. Qəzetin bu yanına, o yanına göz gəzdirdim ki, oxumalı bir zad yoxsa verəm, yenə tullasın; gördüm iri xətlə yazılıb ki: “Təsfiyeyi-lisan əzbül-bəyani-osmani”. Bunu oxuyan kimi ürəyimdə dedim ki: “Məgər, arvadın da ruhu duyub ki, bu zamanda bunların yeri zibillikdir?”.

3 мин
Kəc qabırğa

Norveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün arvadlar ixtiyar aldılar. Xristianiya şəhərindən seçilən 8 səs demokrat deputatının ikisi arvaddır.Amerika qəzetləri yazırlar ki, buranın arvadları cəmiyyəti hökumətə tələbnamə verib dövlət qulluqlarında kişilər ilə bir ixtiyar sahibi omaqlarını və polisə qulluqlarına da girməyi istəyirlər.

3 мин
Bismilla xiragima nirragim

Dünən axşam tələsik bazara gecirdim ki, Kasbar ağanın mağazası qapanmamış, dükanıma bir az şey-şüy alam. Yolda qabağıma qonşu Məşədi Məhəmmədin oğlu çıxdı, dedi ki:– Dadaş, mən hamama gedirəm, gəl sən də bərabər gedək. – Dedim:

3 мин

Стихи других поэтов · Сатира