Mənə dedilər ki, iki adam məni görmək istəyir: biri proletar şairi Təhsin Fevzidir, o birisi də Nuruxanın oğlu Şahverdixandır.

Çıxdım onların yanına. İki şəxs idi: biri olardı on səkkiz-iyirmi yaşında, çox səliqəli geyinmiş, başının telləri qız saçı kimi daranıb, alnına düzülmüş, qız kimi üzü tüksüz, təm-təzə frenc və kalifeli, beli incə, parıldayan uzunboğaz çəkməli bir centlmen idi. O birisi sadə və həqir geyimli, otuz ya bir qədər artıq sinli bir adam idi.

Bu ikincisini əlbəttə mən proletar şairi zənn edib, əvvəl qabaq onun yanına getdim, salam verdim və gəlməyinin səbəbini soruşdum.

Proletar şairi zənn etdiyim bu adam fağır-fağır ayaq üstə dura-dura və utana-utana mənə başladı öz dərdlərini nağıl eləməyə. Belə ki, onu Şura hökuməti öz kəndindən Şamaxıya köçürüb, orada həmişəlik yaşamağa məhkum edibdir.

Bu adam belə danışdıqca mənim xəyalıma gəlirdi ki, həmin bu proletar şairi yəqin ki, öz namünasib yazıları ilə yerli hökuməti narazı salıb və bu səbəbdən vətənindən təbid olunmağına özü bais olubdur. Onunçun da mən ondan soruşub bilmək istədim ki, onun hansı bir əsəri hökumətin ondan bu dərəcə narazılığına səbəb olubdur. Burada mən proletar şairi zənn etdiyim utancaq və fəqir qonağım genə oturmaq istəməyə-istəməyə və utana-utana cavab verdi ki, o, nə şairdir, nə yazıçıdır; ancaq yerli hökumət onu, – necə ki, bir xanzadəni və sabiqdə mülkədarı, – vətənindən uzaqlaşdırmağa qərar çıxarıbdır.

Burada mən dayandım və kənarda oturan və bizim danışığımıza qulaq verən centlmenə diqqət edəndən sonra bir azca şübhələnməyə başladım və qonaqların ikisinə də birlikdə bu sualı verdim.

– Bağışlayınız, proletar şairi hansınızsınız?

Cavab centlmendən gəldi:

– Bəndənizdir.

Həmin hekayə iki qismətdən ibarətdir: biri bu idi ki, mən indi nağıl elədim. O biri qisməti mənim həmin iki nəfər şəxslərlə qalan danışıqlarımızdan ibarətdir.

Mənim hekayəmin ən maraqlı hissəsi elə bu yerə kimi idi ki, ərz olundu.

Qalan söhbətlərimizin o qədər əhəmiyyəti yoxdur.

22 fevral 1929-cu il

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Cəfəngiyat

Mənim ağlım lap çaşıb. Hamı başını salıb aşağı, öz işinə məşğuldu: əkinçi əkinini əkir, alış-verişçi alış-verişini eləyir, xanlar quş ovuna gedirlər, mollalar siğə edirlər, qəzetçilər qəzetlərini yazırlar, müxtəsər ki, hərə başını aşağı salıb, dinməz-söyləməz, sakit və samit öz işlərindədir, amma mən başıbəlalı, mən bəndər-bəndi, mən Allahın nəzərindən düşmüş, mən bədbəxt lap dəli-divanə olmuşam.Mənasız, cəfəng, damdandüşmə söz qalmadı ki, məndən çıxmamış olsun. İndi də bir bir belə söz fikrimə gəlib. Amma, mən ölüm, hayküy salmayın; qoyun sözümü deyim, qurtarım, siz də oxuyunuz və oxuyandan sonra bir az da fikirləşin, yenə fikirləşin, axırda hər nə cavabınız olsa, deyin.

5 мин
“Dəbistan”

Necədir, dadaş? İndi gəldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən?Bir il bundan qabaq sən başlayırdın “Dəbistan” jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Həyə yadından çıxıb qoy yadına salım:

2 мин
Qız uşağı

Qədim ərəblərin içində bir belə adət var idi ki, qız uşağı anadan olan kimi tutub onu boğarmışlar.Amma şükür olsun Allaha, biz bu barədə ərəblərdən bir az yaxşıyıq. Biz qız uşağını boğmuruq.

3 мин
Papaq

73-cü nömrəli cənab “Təzə həyat”ın xoşuna gəlmir ki, rus qızları bizim papaqlara gülürlər və papaqlı müsəlmanla bir yerdə gəzmək istəmirlər. Cənab “Təzə həyat” təəccüb edir ki, ruslar papağı bir verstlikdən görüb qaçırlar.“Təzə həyat”ın yazmağından mən belə başa düşdüm ki, cənab “Təzə həyat” burada rus qızlarını və xam rusları günahkar edir, nəinki papağı.

3 мин

Стихи других поэтов