Amma bu zalim Orenburq tatarlarının içindən qəribə şairlər törüyüb. Məsələn, ayıb olmasın, “Din və məişət” jurnalının birinci nömrəsində “Sədiqül-əmini” imzası ilə bir şair yazır:

Əzimətsən, əzimətsən, əzimət,
Yaşa, ey möhtərəm “Din və məişət”.
Qənimətsən, qənimətsən, qənimət,
Yaşa, ey möhtərəm “Din və məişət”.

Pəh, pəh, pəh, hələ bu cür şairləri görə-görə Hop-Hop da, Əbunəsr Şeybani də və Məşədi Sicimqulu da deyirlər ki, biz şairik.

Zarafat kənarda qalsın, amma “Din və məişət” jurnalı da doğrudan qənimətdir.

Həmin əvvəlinci nömrəsində teatr oynayanlar barəsində jurnal bir doğru təkfirnamə yazıb deyir ki, müsəlman teatrçıları şəriətə xilaf olan teatr tamaşasını mömin müsəlman içinə gətirmək ilə Allah bəndələrini yoldan çıxardırlar.

Əlbəttə, bu sözlər səhihdir və əlbəttə, bir belə yazıçı müsəlmanlar üçün qənimətdir. İndi dəxi bundan sonra dağıstanlı fəzilətli Əlqədari cənabları və bunun kimi qeyr üləmamız çox da özlərindən deməsinlər, çox da qızlarımızın oxuyub müəllimə olmaqlarına çalışmasınlar, yoxsa mən “Din və məişət”in mollalarını çıxardaram onların müqabilinə, onda görüm nə cavab verəcəklər.

Qənimətsən, qənimətsən, qənimət,
Yaşa, ey möhtərəm “Din və məişət”.

Mən qorxuram bəzi qəlbiqara cavanlarımız inanmayalar ki, iyirminci əsrimizin içində “Din və məişət” kimi “falnamə”lərə Sədiqül-əmini kimi axmaqlar zəhmət çəkib belə uşaq oyuncağı mədhnamələr yazalar.

Amma dünyada hər bir şey ola bilər, xülasə:

Qənimətsən, qənimətsən, qənimət,
Yaşa, ey möhtərəm “Din və məişət”.
Əzimətsən, məzimətsən, nəzimət,
Yaşa, ey möhtərəm cin və qəmişət .

Cırcırama

“Molla Nəsrəddin”, 18 yanvar 1909, №3

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məəttəl

Dünyada çox az ittifaq düşüb ki, birisinə cavab verməyə aciz qalam. Həmişə hazırcavab olub, hər bir kəsin sözünü haman saat rədd eləmişəm. Amma dünən bir söz məndən soruşdular və mən cavab tapa bilməyib məəttəl qaldım.Dünən küçədə nuxalı dostlarımdan birisi mənim qabağımı kəsib başladı məni məzəmmət eləməyə ki, “a kişi, hələ utanmırsan da köhnə sultanı pisləyib təzəni tərifləyirsən?” İstədim ki, dostumun cavabını verəm, tez cibindən təzə sultanın şəklini çıxardıb, tutdu qabağıma və bir az hirsləndi və başladı:

1 мин
Üç yüz milyon maşallah

Axır vaxtlarda bəzi “millətpərəstlərimiz” bir cür “mücahidliyi” özlərinə adət eləyiblər: məsələn, xata olur ki, bir nəfər Məşədi Həsən əlində bir kasa qatıq yol ilə gedən yerdə, bir nəfər İvan buna naqafil toxuna və məşədinin qabı əlindən düşə və qatıq tökülə yerə. Bunu eşidən kimi “millətpərəstlərimiz” o saat çıxırlar bir uca damın üstünə və əllərini qulaqlarına qoyub bar-bar bağırırlar: “Ay müsəlman qardaşlar, görürsünüzmü ki, haramzada İvan murdar ola-ola necə müsəlmanlardan utanmadı, necə üç yüz milyon bir camaatdan qorxmayıb Məşədi Həsənimizin qatığını tökdü küçədə torpaqların üstünə. Vay-vay!.. Ar olsun bizə, hələ durub baxırıq, hələ bu binamusluğu qəbul eləyirik!..”Amma mən deyirəm ki, belə millətpərəstliyin istotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. Mən belə qanıram ki, İvan əgər qəflətən Məşədi Həsənin qatığını tökmüş olsa, günahı o qədər azdır ki, bundan ötəri minarəyə çıxmaq lazım deyil. Əgər qəsd ilə tökülmüş olsa, burada İvana bir balaca nəsihətdən savayı heç özgə bir atılıb düşməyə ehtiyac yoxdur.

3 мин
Qənaət

Atalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar.Xüsusən, pul.

1 мин
Qurddan çoban

“İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır.Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan.

2 мин

Стихи других поэтов