“Molla Nəsrəddin” məcmuəsi 1906-cı il aprel ayının yeddisində nəşrə başlayanda biz Sabiri tanımazdıq və Sabir adlı şairin varlığını eşitməmişdik. Əgər bizim şivəmizə yaraşan belə bir ləzzətli şairin dünyada olduğunu zənn etsə idik, birinci nömrəmizi onun qələmi ilə bəzəməmiş meydana qədəm qoymazdıq.

Sabirin birinci şeri idarəmizə həmin vaxt gəlib çatmışdı ki, yeddinci nömrəni paylayıb səkkizincini hazırlamaqdaydıq.

Belə məlum olur ki, qiymətli şairimiz yeddinci nömrədə “Niyə mən dərsdən qaçdım” sərlövhəli məqaləni oxuyub, bu barədə uşağın atasına həmin kinayəli cavabı yazır ki, biz onu səkkizinci nömrədə çap etmişik:

Ol gün ki, sənə xaliq edər lütf bir övlad,
Olsun ürəyin şad!..

Bundan belə məlum olur ki, əziz yoldaşımızın məcmuəmizə gəlib çatan birinci əsəri həmin indi qeyd etdiyimiz mənzumədir və yeri düşübkən lazım bilirəm Sabirlə maraqlananlara iqrar edəm ki, məcmuəmizin dördüncü nömrəsində dərc olunan və “Hophopnamə”yə daxil olan “Millət necə tarac olur olsun, nə işim var?” adlı mənzuməni ki, bu saat camaatımız onu Sabirə isnad verir, Sabirin olduğunu mən inkar edirəm; əvvəla o səbəbə ki, həmin mənzumənin əl yazısı – Sabirin xətti ilə yazılmamışdır; ikinci dəlilim budur ki, şer özü–necə ki, şer ustadları mülahizə edə bilər–bir qədər zəifdir və bəhər surət, Sabirə yaraşmır. Burada Sabir şivəsi və Sabir ruhu görükmür. Mənim həmin nəzəriyyəmin əksini bircə şairin dəsti-xətti təsdiq edə bilər. Əgər bir kəsdə varsa, zühura çıxmağı arzu olunur.

Necə ki, yuxarıda ərz olundu, Sabiri biz qabaqlarda tanımazdıq və həmin söylədiyimiz birinci əsəri Tiflisdə mətbəəmizə gətirən bir naməlum cavan oğlan oldu. Bu adam paket içində məktubu verir yoldaşım Ömər Faiqə və qaçıb gedir. Faiq bir tərəfdən təəccüb edir və bəlkə o, məktubu bədxahlar tərəfindən bizə təhdid və söyüş zənn edir. Demə o, söyüş əvəzində həmin dəyərli mənzumə imiş:

Ol gün ki, sənə xaliq edər lütf bir övlad,

Olsun ürəyin şad!..

Bəli, çap elədik.

Ancaq bəs bunu yazan kimdir? Ay yoldaş Faiq, niyə qaçdı o zalım oğlu, kimdir onu göndərən? (çünki əsər imzasız idi, “Hop-hop” imzasını idarəmiz qoydu).

Aha! Bir-iki həftə keçməmişdi, həmin naməlum oğlan yenə mətbəəmizə bir paket gətirir və Faiqə verir. Yenə qaçır gedir. Bu dəfə də paketin içindəkn sovqat atanın dərs oxuyan oğlundan gileyidir: “Bilməm nə görübdür bizim oğlan oxumaqdan” ki, məcmuəmizin 11-ci nömrəsində dərc olunubdur.

“Aman günüdür, Faiq yoldaş, tap o zalım oğlunu”-“Taparam, taparam, səbr et, yoldaşım, bir də gəlsə buraxmaram”.

Elə ki, bir həftə də ondan sonra həmin oğlan yenə o münval ilə əlində paket gəlir mətbəəyə və paketi qoyur, istəyir qayıda, yoldaşım Faiq bu dəfə düşür onun dalınca və aparır çıxardır erməni bazarında şamaxılı Şeyxovların xalça mağazasına.

Şeyxovlar qabaqca mətləbi açmaq istəmirmişlər, ancaq Ömər Faiqin təkidi ilə məsələni açırlar, ancaq bu şərt ilə ki, söhbət buradaca qalsın.

Demək, biçarə Sabir mühitin şəraitini mülahizə etmək babətindən “Molla Nəsrəddin”də öz iştirakını nəhayət dərəcədə gizli tutmaq istəyirdi. Və xeyli bir zaman elə də oldu və bu səbəbdən də biz ona verdiyimiz “Hop-hop” təxəllüsünü sonralar özü dəyişib, müxtəlif imzalar qayırdı.

Həmin müxtəsər məqaləmizə bu bir neçə cümləni də artırmaq istərdik.

Sabir – bu təxəllüs altında bizim şairimiz deyil; Sabir eyni səbr və təhəmmül sahibi, dindar bir şairin təxəllüsüdür ki, dünyanın cövr və cəfasına, insanların günah və məsiyyətinə mütəhəmmil olub, yaxşı dünyanın intizarında qalır ki, bu da iman və etiqad əhlinin qismətidir. Biz, necə ki, ərz olunub, Mirzə Ələkbərin Sabir təxəllüslü şair olduğunu bilmirdik. Onun üçün də “Hophopnamə” kitabında Sabirin “Sabir” təxəllüsü altında yazılarının dərcini görəndə ona əfsus etdik ki, “Daş qəlbli insanları neylərdin, ilahi” kimi bir mənzuməyə (səh. 174) Hacı Məcid Əfəndizadənin vəfatı münasibətilə Sabirin çox yanıqlı və mütəəssir qəsidəsi dərc olunub (səh. 313).

Onun üçün mən həməvəqt “Sabir” ləfzini bir yanda görəndə və eşidəndə belə bir xəyalata cumuram: nə üçün dünya belə qurulubdur ki, gün ləkəsiz olmur və qızılgül tikansız bitmir. Və bəlkə həmin dünya qanununun təsirindəndir ki, “Hop-hop” kimi ən qiymətli və nadir bir şairimizin gülkarlığının içinə dindarlıq sarmaşıqları da gəlib qarışaydı gərək.

C.Məmmədquluzadə

“Sabir kitabxanasının on illiyi”, Bakı, Azərnəşr, 1929, səh. 16-19

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Münəvvər! (1924)

Sənin dediyin məsələ barədə dünən komissar Qədirli ilə danışdım. O, möhkəm vədə verdi ki, Fərrux bəyə və Bahadır bəyə kömək eləsin. O Qarabağa gəlməyə hazırlaşır, əgər onu görsən, vədini yadına sal. Yaz görüm sənə nə göndərmək lazımdır. Mütləq yaz: hər nə istəsən, dərhal göndərərəm.C.

1 мин
Əzizim Midhət! (1924)

Məktubunu aldım. Sən Bakıya gələnə qədər sənə velosiped almağa söz verirəm; bu şərtlə ki, bütün yayı fars dili müəllimindən dərs alasan. Əgər yayda Turşsuda olsan hər halda, fars dilini bilən bir adam tapıb, ondan dərs ala bilərsən. Həmçinin sən məktəb dərslərini də təkrar eləməlisən. Ənvər də həmçinin. Sən, habelə, Radiklə məşğul ol. Gərək anan səndən tamam razı olsun.Sentyabrın əvvəlində ananı Bakıya gətir.

1 мин
Əzizim Həmidə! (24 yanvar 1925)

Mən heç başa düşmürəm ki, nə olub. Neçə vaxtdır ki, səndən kağız yoxdur. Bir də, axı, Bakıya gəlməyə hazırlaşırdın, axı, ləngiməyinə səbəb nədir? Uşaqlar sənin üçün yaman darıxırlar və bu, onların dərsinə də, səhhətinə də pis təsir eləyə bilər.Naxoş deyilsən ki? Bir şeyə ehtiyacın yoxdur ki? Səbrsizliklə səndən xəbər gözləyirəm.

1 мин
Məmməd Səid! (31 yanvar, 1925)

Bakı*Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək – ki, elə bilirəm, ona bəlkə haqqım da ola, – və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq.

1 мин

Стихи других поэтов