Bir ay bundan qabaq övrətim və uşaqlarımı da götürüb Ağdaşdan Bakıya köçmüşəm.

Bu bir ayın müddətində bizim evə qonşuluqda olan övrətlərdən bir neçəsi ayaq açıb, övrətimlə üns tutublar və dostlaşıblar.

Bu xəbərdarlığı mən haman, evimizə övrətimin yanına gələn bir neçə qonşu övrətlərə edirəm.

Əhvalat belədir: övrətim Dilbər Ağdaşdan buraya gələndən sonra lap dəyişilib. Orada sadəcə dolanırdı və ev-eşik işlərinə, uşaqlara başı qarışıb, qeyri fikrə düşməzdi və camaatla və gəzib dolanmaqla heç işi olmazdı.

Dünən birdən-birə mənə belə dedi:

– Bu Bakı nə gözəl şəhər imiş. Dünən Ürbabə bacı ilə gedirdik Hacı İmamqulugilə. Nə gözəl dükanlar gördük. Və hamısından artıq mənim xoşuma gələn bəzək dükanıdı. Yaman şeylər orada satırlar.

Və başladı bir-bir sadalamağa: qızıl üzüklər, daş-qaşlar, qızıl saatlar, bilərziklər, sırğalar, gərdən-bəndlər, mərcanlar, zümrüdlər, mirvarilər, flan və flan.

Bizim Dilbərin savadı yoxdur, onunçun da bu xəbərdarlığı oxumayacaq. Və onun çarşovlu rəfiqələrinin də savadı yoxdur və onlar da bu xəbərdarlıqdan xəbərdar olmayacaqlar. Odur ki, mən üzümü tuturam bizim evə tərəddüd edən övrətlərin savadlı ərlərinə və qardaşlarına və onlardan iltimas edirəm ki, mənim iltimasımı özləri oxuyandan sonra onun məzmununu bizə gələn övrətlərə də yetirsinlər.

  1. Əvvəla: mənim övrətimin rəfiqələrinə yetirsinlər ki, o kəslər ki, bizim evə ayaq basırlar və övrətim Dilbərlə dostluq qatırlar, onlar həmişə bizim evə xoş gəlir, səfa gətirirlər və mənim gözümün üstə yerləri var.

  2. İkinci: bizim evə təşrif gətirən övrətlərdən iltimas edirəm həmişə övrətim Dilbərlə şəhəri gəzmək istəyəndə, qızıl bazara tərəf və cəvahirat satılan dükanlara tərəf mənim övrətimi aparmasınlar. Səbəb də budur ki, mən sabun zavodunda işləyirəm, ayda yetmiş iki manat məvacib alıram. Özümüz də altı baş külfətik. Qızıl və cəvahirat kooperativ mağazasından söhbət düşəndə övrətim Dilbəri inandırsınlar ki, bu mağaza fəhlə-fühlə arvadları üçün yox, incinar və böyük qulluqda olan əşxasın arvadlarından ötrü açılıbdır.

Dünən övrətimi tramvaya mindirib, bir dostumun evinə qonaq aparırdım. Tramvayda dörd nəfər bəzəkli qadın gördük. Birinin döşündə qızıl zəncirli saat var idi, birinin döşündə sapa düzülmüş kəhrəba dənələri və birinin qulağından minalı qızıl sırğalar asılırdı; birinin barmaqlarının üstündə üzüklər parıldayırdı.

Mən çöndüm Dilbərə tərəf. Mənim Dilbərim bu dörd nəfər xanımların dördündən də gözəl idi.

Övrətim mənə tərəf dərdli-dərdli baxıb bircə bunu dedi:

– Yəqin bunlar hamısı incinar arvadlarıdı. – Dedim:

– Əlbət.

Bu gün övrətdən bixəbər ərizə verdim mənim Ağdaş qulluğumu özümə qaytarsınlar.

Səbəb?

Orada, doğrudur, qızdırma var, amma qızıl dükanları yoxdur. Qızdırmadan bədənim narahat olur, amma qızıl dükanlarından ruhum rahatsız olur. Qoy bədənim narahat olsun, amma qəlbim inciməsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məəttəl

Dünyada çox az ittifaq düşüb ki, birisinə cavab verməyə aciz qalam. Həmişə hazırcavab olub, hər bir kəsin sözünü haman saat rədd eləmişəm. Amma dünən bir söz məndən soruşdular və mən cavab tapa bilməyib məəttəl qaldım.Dünən küçədə nuxalı dostlarımdan birisi mənim qabağımı kəsib başladı məni məzəmmət eləməyə ki, “a kişi, hələ utanmırsan da köhnə sultanı pisləyib təzəni tərifləyirsən?” İstədim ki, dostumun cavabını verəm, tez cibindən təzə sultanın şəklini çıxardıb, tutdu qabağıma və bir az hirsləndi və başladı:

1 мин
Üç yüz milyon maşallah

Axır vaxtlarda bəzi “millətpərəstlərimiz” bir cür “mücahidliyi” özlərinə adət eləyiblər: məsələn, xata olur ki, bir nəfər Məşədi Həsən əlində bir kasa qatıq yol ilə gedən yerdə, bir nəfər İvan buna naqafil toxuna və məşədinin qabı əlindən düşə və qatıq tökülə yerə. Bunu eşidən kimi “millətpərəstlərimiz” o saat çıxırlar bir uca damın üstünə və əllərini qulaqlarına qoyub bar-bar bağırırlar: “Ay müsəlman qardaşlar, görürsünüzmü ki, haramzada İvan murdar ola-ola necə müsəlmanlardan utanmadı, necə üç yüz milyon bir camaatdan qorxmayıb Məşədi Həsənimizin qatığını tökdü küçədə torpaqların üstünə. Vay-vay!.. Ar olsun bizə, hələ durub baxırıq, hələ bu binamusluğu qəbul eləyirik!..”Amma mən deyirəm ki, belə millətpərəstliyin istotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. Mən belə qanıram ki, İvan əgər qəflətən Məşədi Həsənin qatığını tökmüş olsa, günahı o qədər azdır ki, bundan ötəri minarəyə çıxmaq lazım deyil. Əgər qəsd ilə tökülmüş olsa, burada İvana bir balaca nəsihətdən savayı heç özgə bir atılıb düşməyə ehtiyac yoxdur.

3 мин
Qənaət

Atalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar.Xüsusən, pul.

1 мин
Qurddan çoban

“İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır.Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan.

2 мин

Стихи других поэтов