Yay gəldi, teatrlarımız bağlandı. Yaxşı da oldu bağlandı. Çünki müsəlmanları məsciddən və bir para yerdən avara qoyurdu. Amma deyirlər Tiflisdən “Akademik” dəstəsi Bakıya “Qastrola” gəlib. Bir neçələrini gördüm, istəyirdilər teatra getsinlər. Qoymadım getsinlər. Çünki dostumun birinin evində toy tədarükü var idi. Sən öləsən yeddi gecəni yatmadıq. Səhərə kimi vurduq. Bir də mən qanmıram hər şəhərin öz artisti olar, öz şəhərində də oynar. Hələ bu Tiflisdən bura gəlmək yəni çe? O da sizin hörmətiniz. Odur, Aşqabaddan Məkkəyə təşrif aparan Seyid Hüseyni nə cəlal ilə dərya kənarında qabaqlayıb, əllərini öpə-öpə, hacı-hacı ağaya gətirdilər. Başına nə qədər mömin cəm olmuşdu.

Qardaş, bizə teatrdı, nə bilim maarifdi, mədəniyyətdi, nədi? Qardaş, lazım deyil, deyil, deyil. Zor deyil ki?

Mən yenə deyirəm, hər şəhərin öz artisti var. Siz nə istəyirsiniz?

Bu gün-sabah da məhərrəmlik gəlir. Bax, buna nə demişəm. Gəl onda camaata bax, calala bax, məscid və minbərə bax, xərc-məsarifə bax. Gör nə qədər pullar töküləcək çölə.

Mən ölüm bizdən əl çək! Qardaş, istəmirik. Zornan ki, deyil.

Lağlağı

“Molla Nəsrəddin”, 16 iyun 1923-cü il, №25

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həmidə! (23 avqust 1924)

Mən dünən səhər saat 6-da sağ-salamat Bakıya gəlib çatdım. Dünən səhərdən axşama qədər başım ağrıdı, qulaqlarım guruldadı, amma bu gün halım yaxşıdı. Evdə hamı sağ-salamatdır. Jurnal çıxır. Bu gün teleqrafla sənə 50 manat pul göndərirəm. Uşaqların yol pulusunu ayrıca göndərəcəyəm. Sənin şeylərini (uzunboğaz çəkmə və s. ) yaxın günlərdə göndərərəm. Amma sənin çay qaşığını itirmişəm və buna heyfslənirəm. Deyəsən, onu Cəlal bağlamanı faytondan avtomobilə aparanda yerə salıb. (Bağlamanı mən Ağdama çatmamış kəlbətini götürəndə tikmişdim).Sabah şəhərə çıxıb texnikuma gedəcəyəm. Dərslərin haçan başlanacağını öyrənib sənə yazaram. Uşaqlar qoy Yevlaxa qədər Müzəffərlə gəlsinlər (sən gəlməsən). Yumşaq vaqonda yol getmək çox rahat olduğuna görə (hərçənd bilet iki dəfə bahadır – 10 manatdır) bileti bərk vaqona yox, yumşaq vaqona almaq lazımdır. Mən çox yaxşı gəldim: müharibədən əvvəlkindən pis olmadı. Bir də bərk vaqonla gedən xeyli çox olur, odur ki, yumşaq vaqona bilet almaq daha asandır.

1 мин
Əzizim Həmidə! (2 sentyabr 1924)

Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.

2 мин
Həmidə! (8 sentyabr 1924)

Başa düşmürəm səndən nə üçün mən bir dənə də məktub almıram. Buraya gələni sənə bir sifarişli məktub yazmışam, iki dəfə poçtla 50 manat pul göndərmişəm, bir dəfə də uşaqlar barədə teleqram vurmuşam ki, gəlməsinlər.Dünən Midhət imtahan verib, o biri sinfə keçdi. O gündə iki dəfə müəllimin yanına, bəzən də habelə Blaqovidovanın yanına gedirdi. Amma çox arıqlayıbdır və indi dincəlir. Mən onun yemək-içməyinə diqqət yetirir, süfrəsinə zövqünə və arzusuna uyğun şeylər düzürəm.

1 мин
Əziz oğlum Midhət! (Ufa, 1 oktyabr 1924)

Buradan Kazana yola düşürük. Ümidvarıq ki, oktyabrın 10-u üçün Bakıda olaq. Bilmirəm anan Bakıya gəlib, ya yox. Əgər gəlməyibsə, mənim bu məktubumu ona göndər. Yəqin sən və Ənvər, sözsüz, məktəbə gedirsiniz. Bilmirəm Teymur imtahan tuta bildi, ya yox. Əliş (Süleymanın oğlu) necə oldu, məktəbə girə bildi, ya yox? Səmədi qəbul elədilərmi? Güzəranınız necə keçir? Hər bir şeyiniz var, ya yox? Yəni paltar, dərs kitabları, yemək xərci və i. a. Jurnalın idarəsindən Polina sizə xərclik verməli idi.Əgər Səmədi qəbul eləməyiblərsə, onda Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək yaxşı olardı.

1 мин

Стихи других поэтов · Сатира