Traktor ibarətdir elə bir maşından ki, onun dalına bir neçə kotan dəmirini bağlayırsan, bir saatın müddətində az qalır bir desyatin yeri əkib çıxsın başa.

Əli şiəsi də ibarətdir elə bir yaranmışdan ki, onun gecə-gündüz fikri-zikri cənnətin qəbzini mollalardan yalvarıb istəməkdir.

İndi mən istəyirəm oxucularımıza üzümü tutub, onlara bir belə sual verəm:

–Aya, bir kəs ki, fikrində qoya yuxarıda ərz etdiyim iki şeyi birbiri ilə yapışdıra, yəni traktor ilə Əli şiəsini bir-biri ilə qonşu edə, aya bunlar bir-birinə yapışar, ya yox?

Mən deyirəm: yapışmaz.

Və əgər sən desən ki, “yapışar”, gərək sübut göstərəsən.

Amma mənim sübutum var.

Sübutum budur ki, Əli şiəsinin artıq vaxtı yoxdur: oruc-namaz, şəkkiyyat, həcc, məhərrəm, səfər və rəbiyəl-axir.

Allah bərəkət versin “xış” dəmirinə: keçirdirsən bir ağacın başına, bağlayırsan boz öküzün dalına, azdan-çoxdan bir qədər yeri cızırsan, qayıdıb gəlirsən evinə və umudunu bağlayırsan həmin Allaha ki, istəsə insanı yox yerdən də dövlətli edə bilər.

Amma di gəl bu zəhrimar traktora: əvvəl gərək bunun dilini bilən ola. Mömin Əli şiəsinin vaxtı haradan ola bilər ki, onun fəndini öyrənsin və Əli şiəsinə yaraşarmı pak islam əlini traktorun murdar yağı ilə murdarlasın? Əli şiəsi ki, ömründə bir taxtaya bir mismar çalmağı adət etməyibdir, o necə traktorun bir laxlayan yerini, bir sınan hissəsini təmir etsin?

Və bundan sonra aya təəccüb etmək olarmı ki, Azərbaycanda işləməkdə olan üç yüz traktorun bir çoxu “usta və ustaxanaların” yoxluğundan, hərəsi bir yerdə “yan üstə yatıb, palçığa batıb” qalıbdır.

Nə traktor, nə mexanik və nə texnik? Sən texnikadan danışırsan, amma mən də sənin cavabında İmam axirəzzəmanın zühurundan danışıram. Sən kənd əhalisinin təsərrüfatını qüvvətləndirmək məqsədi ilə onları maşınlaşdırmaqdan danışırsan, amma mən məhərrəmül-həramın yavıqlaşmasından danışıram.

Məni çox bərkə qısnama, qadan alım! Mənə çox da traktor-zad əl verməz; çünki mənim vaxtım çox əzizdir.

Allah bərəkət versin xışa, cütə və gavi-ahən dəmirinə; çünki mən Əli şiəsiyəm.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 26 may 1927, №22

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Cümə

Cümə günü müsəlmanların əziz günüdür: həmin bu gün Allah-taala dünyanı yaradıb tamam edibdir.Mən cümə gününü çox dost tuturam, xüsusən ki, bu günün qabağı cümə axşamıdır ki, mömin qardaşlar buna “pəncşənbə” də deyirlər. Pəncşənbə günü daha da əziz və müqəddəsdir, çünki bu günün axşamları rəhmətlik ölülər bacaları kəsib halva axtarırlar.

1 мин
Söz pəhləvanı

Çəyirtkə qırmaq aləmindənAtalar sözüdür: ”davaya gedəndə özünü tərifləmə”. Çox heyif olsun ki, yoldaş Stepanov atalarımızın bu nəsihətinə baxmayıb camaatı nahaq yerə müştəbeh elədi ki, guya ”düşmənimizin biri yox oldu, yəni çəyirtkəni qırıb qurtardıq”. Hələ gör yoldaş Stepanovun arxayınçılığı nə dərəcədədir ki, yazıq çəyirtkə barəsində bu arxayınçılığı verəndən sonra deyir ki: ”Yay çəyirtkəsi barəsində də böyük müvəffəqiyyət qazanmışıq”.

2 мин
Məhərrəmlik

“Məhərrəmlik yaxınlaşır” sözlərini indidən eşidən həqiqi müsəlman qardaş, bu vilayətdən baş alıb qaçmağı hər bir şeydən əfzəl (yaxşı) hesab edir.Demək ki, bu nə ibadətdir və nə də təziyədir. Bu bir biyabırçılıq, bircə iftizahdır. Çünki küçələri bambılı kimi atılıb düşə-düşə dolanmaq, öz əli ilə öz başını-gözünü qana boyamaq, nəinki avamlıq, vəhşilik, bəlkə dəlilikdən də dəlilikdir.

1 мин
Məhərrəmlik

Bu gün məhərrəmlik ayının yavıqlaşmağı münasibətilə əmələlər içində və qeyri yerlərin camaatı arasında yığıncaqlar qərar verilir və məhərrəmlik barəsində müəyyən natiqlər tərəfindən nitqlər söylənir.Bu yığıncaqlardan və bu danışıqlardan murad odur ki, camaat təziyənin nə olduğunu başa düşsün və məhərrəmlikdə təziyə saxlamalı olsa, məscidə və qeyri ibadətxanaya daxil olub imamı layiqincə və təmkinlə yad etsin və dəxi küçələrə düşüb nərə etməklə dünyanı öz vəhşiliyinə şahid çəkməsin.

2 мин

Стихи других поэтов · Сатира