Cümə günü müsəlmanların əziz günüdür: həmin bu gün Allah-taala dünyanı yaradıb tamam edibdir.

Mən cümə gününü çox dost tuturam, xüsusən ki, bu günün qabağı cümə axşamıdır ki, mömin qardaşlar buna “pəncşənbə” də deyirlər. Pəncşənbə günü daha da əziz və müqəddəsdir, çünki bu günün axşamları rəhmətlik ölülər bacaları kəsib halva axtarırlar.

Amma mənim bir kasıb qonşum var, özü də tək arvaddı, özü də ayda bir az məvacibə komunxozda qulluq edir.

Bu arvad cümə axşamı eşidən kimi ürəyi qırt düşür; deyirəm:

– Niyə qorxdun?

Deyir:

– Cümə ki gəldi-iki gün susuz qalacağam. İki gün susuzdan ciyərlərim yanacaq.

Deyirəm:

– Nə danışırsan?

Deyir:

– Vallah-billah yalan demirəm, çünki cümə axşamı və cümə günləri su budkaları bağlı olur.

Deyirəm:

– Niyə bağlı olur?

Deyir:

– Hökumət qərardadır.

Deyirəm:

– Heç ürəyini sıxma, iki gün susuz qalmaq ilə ölməzsən, bir az ciyərlərin yansa da, eybi yoxdu; amma burasını unutma ki, o biri tərəfdən də çox savab qazanırsan, çünki əziz günlərdə su içmək günahdır. Doğrudur, səni öz başına qoysalar, cümə gününün qədrini bilməzsən və avamlığından gedib çox su içərsən. Amma sən özbaşına deyilsən, sənin hökumətin var, o qoymaz sən günah əmələ mürtəkib olasan və əziz bir gündə gedib doyunca su içəsən. Və bir də bura Azərbaycandı – burda milli tətil günü doyunca su içmək olmaz.

Lağlağı

“Yeni yol”, 18 iyul 1923, №22

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира