“Ölmək ölməkdi, xırıldamağa nə var”

Atalar sözü Bakıda köhnə müəllimlərimizdən mənim bir məzəli və adam güldürən dostum var. Özü də hərdən bir qəzetələrdə məqalə də yazar. Dünən mənim görüşümə gəlmişdi. Çünki eşitmişdi ki, azarlıyam.

Söhbət türkoloji qurultaydan düşdü.

Mən dedim ki, ola bilər ki, həmin qurultay “X” hərfini türk hərflərinin içindən bilmərrə çıxardıb tullaya.

Qoca müəllim təəccüb elədi və bu söz ona xoş gəlmədi. Çünki özü köhnə ədəbiyyatımızın təsiri altında tərbiyə tapdığı cəhətdən yazımızdan “X” hərfinin kənar olmağını xoşlamadı.

O, nə qədər “X” hərfli türk kəlmələri söylədisə, mən onu inandırdım ki, bu kəlmələrin hamısının “X” hərfi “Q” hərfinə əvəz olacaqdır.

Dostum dedi:

“Bax”.

Mən dedim: “Baq”

O, dedi: Qorxmaq. Mən dedim: “Qorqmaq”.

O, dedi: Oxumaq, mən dedim: Oqumaq.

“X” səsi bir qaba səsdir və türk dilinə yarayan deyil. Bizim üçün də bu səsin heç lüzumu da yoxdur. Buna görə də gərək bundan sonra türk dilində nə “X” səsi ola və nə də bunun əlaməti “X” hərfi yazıla.

Əlbəttə, dilimizdə işlənən ərəb və fars sözləri bura daxil deyildir. Məsələn:

Xoruz, xəbər, xiyar və qeyriləri.

Vaqiən mənim dostum çox məzəli və çox adam güldürən bir vücuddur.

Ona xoş gəlməyən bu sözləri məndən eşidib, ayağa durdu və and içdi ki:

– Sənin əziz canın üçün hərçənd deyirlər ki, qurultaya hər bir kəsi daxil olmağa qoymayacaqlar. Çünki yer azdır. Amma mən bir fənd ilə özümü ora salacağam və qurultayın qərarlarının intizarında olacağam. Elə ki, gördüm bəli, söhbət o yerə gəlib çıxdı ki, güya türk dilində “X” səsi yoxdur, onda mən özümü yatmışa oxşadıb, başlayacağam xoruldamağa.

Məclisə səs düşəcək ki, ədə, o xoruldayan kimdir? Yanımdakı adamlar deyəcəklər ki, burada bir qoca müəllimi yuxu tutub, yatıbdır. Onda mən birdən gözümü açıb, qurultay üzvlərinə deyəcəyəm:

Hey, nə deyirdiniz? Türk danışığında “X” səsi yoxdur. Bəs bu saat mənim xoruldamağımı eşidib, özünüz soruşdunuz ki, burada xoruldayan kimdir?

Biz hamımız gülməyə başladıq və dostum da paltosunu geyirdi ki, çıxıb getsin. Gedə-gedə yenə belə deyirdi:

Siz öləsiniz, əgər bu fəndim tutdu, tutubdur. Əgər tutmasa, yalandan özümdən gedəcəyəm və bihuş olub, yıxılacağam və başlayacağam xırıldamağa. Onda yenə qurultay əzası təşvişə düşəcəklər və dilə gəlib, soruşacaqlar:

– A balam, o xırıldayan kimdir?

Burada mən yenə birdən gözümü açıb deyəcəyəm:

– Hey, indi də hünəriniz varsa, mənim xırıldamağıma “qırıldamaq” deyiniz görüm. Siz öləsiniz, elə xırıldamaqdır ki, xırıldamaqdır. Qırıldamaq-zad yoxdur.

Mozalan

“Molla Nəsrəddin”, mart 1926-cı il, № 9

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Zəlzələ

Mirzə Ələkbər ağanın Əməbatdan qayıtmağı və Ərdəbilə varid olmağı indi bu saat İran məmləkətində bir böyük siyasi məsələ hesab olunur.“Siyasi” o səbəbə deyirəm ki, bu məsələyə İngiltərə hökuməti də daxildir.

2 мин
Başbilet tapmacası

Bax! Belə başlayaq:İranlılara verilən başbiletlər beş qismdir:

1 мин
Fəxr etməli

Bakıdan Tiflisə tərəf gedirdim. Axşam saat yeddidə vaqona minib yola düşdük. Hacıqabula yavuqlaşdıqda konduktorlar təşvişə düşməyə başladılar. Birisi vaqonun o başında durdu, birisi bu başında durdu. Birisi pəncərələri örtməyə başladı. Bir az keçəndən sonra kontrolyor gəldi. Bütün dəmir yol qulluqçuları bir yerə toplanıb, öz aralarında nə isə danışırdılar.Pəncərələrin örtülməyinə biz müsafirlər etiraz etmək istədik. Çünki hava isti idi. Nəfəs çəkmək mümkün deyildi. Bizim bu şikayətimizin müqabilində dəmir yol baş məmuru bizə bildirdi ki, indi dəmir yol çox xətərnak və qorxulu bir torpağa varid olacaqdır. Yolun bu qorxulu hissəsi Biləcərdən başlayıb gedir çıxır Qarayazı stansiyasınadək.

2 мин
Əvvəl şəhərdə, sonra kənddə

Həmişə təzə işlər şəhərdə baş verir, sonra da kəndlərə gedib çıxır.Təzə ixtiralar, təzə maşinalar, qramafonlar, radiolar və cavanlaşmaq dərmanları bunlar hamısı, əvvəlcə, böyük şəhərlərdə xəlq olunub, sonra kəndlərə də gedib çıxır.

1 мин

Стихи других поэтов