Anaların üsyanı
Avqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.
Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.
Qaranlıq, səssiz bir matəm kimi yerlərə çökəndə Mariya dəstədən yayındı. O, kəklik kimi kollara, daşlar dibinə sığınacaq, qan-tərini siləcək, nəfəsini dərəcək, yolu bələdləyib gecə, ağacların arası ilə şəhərə qayıdacaq, ailəni alıb oradan çıxacaq, özünü Qızıl Ordu hissəsinə yetirəcək idi. Dəstədən heç iki addım ayrılmamış, bu şirin niyyət hələ xəyalından silinməmişdi ki, məlun güllələrdən biri də açıldı. Mariya üzü üstə yıxılıb əlini yarasına basdı... Dəstə yoluna davam edirdi. Güllə Mariyanın vücuduna alov salmışdı, indicə bu alov onu saracaq, gənc ana qəlbini şam kimi söndürəcək idi. Yox, Mariya intizar və həsrət dolu qəlb ilə məzara getməzdi. Hələ taqətdən düşməmiş o yaralı ceyran bütün gecəni mələdi, balasını axtardı. Gecənin zülmətində, ölüm tənhalığında hər ağaca, hər kola, üzünü göylərə çevirərək, hər ulduza, şırıldayıb axan sulara yalvardı: "Ey qüdrətli qüvvələr, ey insan üçün olan kainat, amanda qaldığım bu yaman gündə məni balama, balamı mənə yetirin!.." Əlini süd ilə dolu qanlı döşlərinə vurdu. Həmişə bu zaman uşaq yatağında səslənib anasını istərdi.
Mariyanın qəlbi kabab kimi qovrulur, bütün vücudu alışıb yanırdı. Ürəkdən böyük bir parça qopub düşmüşdü. Bədən Mariyada, ruh isə o parçada qalmışdı. Mariya xəzəllər üzərində sürüşən bir xəyal, bir kölgə, bir yuxu kimi axtarırdı. O, ürəyini, ruhunu, həyatını axtarırdı. Gah ümid ilə güllə səslərinə tərəf gedir, orada faşist silahlarının dilləndiyini eşidərək qərbə, özümüzünkülərə sarı dönürdü, gah da möhkəm səngərlərə rast gəlib dayanırdı.
Üç gündür ki, o, nə aclıq, nə susuzluq, nə yorğunluq hiss edir. Uzun yollar gedir, nə çaylar, nə bataqlıqlar, nə divarlar, nə çəpərlər, nə atəş xətləri ona mane ola bilmirdi. Mariya şəhər kənarından ötüb şərqə, Qızıl Ordu olan tərəfə addamaq, oradan şəhərə dönmək istəyirdi. Sərgərdanlığının üçüncü günü meşədə ona bir səs:
– Dayan! - dedi.
Mariya dayandı, ətrafa baxındı. Günün günorta çağı idi. Kölgələri qısalmış ağaclardan, rütubət basmış xəzəllərdən başqa heç nə görünmürdü. Mariya bu səsin göydən gəldiyini güman etdi. Lakin ağacların başında heç nə yox idi. Mariya başını endirəndə qarşısında əlisilahlı dayanmış qızıl əsgəri gördü.
Əsgər Mariyanı tanıyandan sonra ona şad bir xəbər verdi:
– Bacı, - dedi, - sizin şəhərdən düşmən qovulmuşdur. Buyurub evinizə gedə bilərsiniz?!
Mariya bilmədi sevindiyindən nə desin, əsgərə necə təşəkkür eləsin. Əsgər ona bələdçilik edib yola saldı. Mariya fürsət düşəndə bu yaxşılığın xəcalətindən çıxmaq üçün əsgərin adını, yerini soruşdu. Əsgər razılıq etdi:
– Çox sağ ol, bacı, bizim vəzifəmiz belədir. Vətənimizə, vətəndaşlarımıza qulluq edirik.
Dayanmalı vaxt deyildi. Mariya sevincdən doğan bir hərəkət, sürət ilə yeridi, axşama yaxın özünü şəhərə yetirdi.
Şəhər Mariyanın qoyub getdiyi deyildi. Binalar uçmuş, körpülər dağılmışdı. Yenicə qayıdan qaçqınların kimisi adamını, kimisi bombalarla göyə sovrulmuş xanimanını, var-yoxunu, bəzisi də üç gün əvvəl qoyub getdiyi gözəl və abad şəhərini axtarırdı.
Mariyanın isə nəyi və kimi axtardığı məlumdur. Həyətə girəndə evlərinin uçurulmadığını görüb sevindi. Ürəyi döyündü və bir uşaq sevinci ilə özünü pilləkənlərdən otağa atdı:
– Balam hanı?
Mariya belə fərz edirdi ki, nənəsi ona cavab verəcək, "budur, uşağın qucağımda!" deyəcəkdir. Biz də yəqin edirik. Yəqinimizdir ki, nəvəsini öz canından artıq istəyən qadın, qızının intizarına son qoymağa tələsər, Mariyaya səs verərdi. Ancaq nənənin dinməyə dili yox idi. O, evin ortasında, üzü üstə uzanmışdı. Sağ qolunu uşağın meyitinə tərəf uzatmışdı. Sanki, onu qucaqlamaq, qorumaq istəyirdi. Balasının o zərif, ağ döşündən vurulan süngü yarasını görəndə, sanki, dünya Mariyanın başına dolandı. Mariya müdhiş və yandırıcı bir nalə çəkdi. Onun səsinə bütün məhəllə camaatı töküldü. Gələnlər bulud kimi göz yaşı tökən, saçlarını yolan, sifətini parçalayan ananı, çiçək kimi solub-saralmış körpəni gördülər. Ürəklər dözmədi, gözlər baxa bilmədi. Mariya nə düşündüsə, balasını götürüb həyətə, oradan da küçəyə qaçdı. Adamlar qadının dəli olduğunu, şüurunu itirdiyini zənn etdilər. Bəziləri də ananın, meyiti qəbiristanlığa apardığını deyirdi. Kişilər Mariyanı saxlamaq, sakit etmək istədilər. Mariya isə şəhər meydanına qədər yüyürdü.
Axşam idi, batmaqda olan günəşin, sanki, hiddətdən rəngi qıpqırmızı qızarmışdı. Sanki, o da ananın fəryadını eşitmək, bu faciələri görmək istəmirdi. Sanki o da dağların, dənizlərin, üfüqlərin arxasına çəkilmək meylində idi. Ancaq Mariya buna mane oldu. Balasını, qəlbi parçalanmış oğlunu iki əli üstünə alıb qaldırdı, uca tutdu:
– Şahid ol! Şahid ol! - dedi, - ey kainatın çılğın axşamı! Üfüqlər, dağlar, daşlar, düzlər, sular, ağaclar, çiçəklər, şahid olun! Meşələrin heyvanları, quşlar, şahid olun!
Mariya bunu deyib bir qədər sükut etdi. Sanki o, dindirdiyi kainatın cavabını gözləyirdi. Sonra üzünü şəhərə döndərdi:
– İntiqam, intiqam! - deyə iki dəfə səsləndi. Üçüncüdə onun sözü eşidilməz oldu. Çünki, yerlər də, göylər də hərəkətə gəlmişdi. Mariyanın həzin, haqlı ana fəryadı bir ildırım kimi ellərə yayılmışdı. Dünyanın bütün qadınları, bəşəriyyəti bəsləyib böyüdənlər, insanlığın dayələri, dahilərin, alimlərin, filosofların, şairlərin anaları, köksü saf, təmiz hisslər yatağı olan qadınlar böyükdən kiçiyə, şərqdən qərbə, cənubdan şimala hamısı ayağa qalxmışdı. Dünyada birinci və axırıncı dəfə olaraq anaların müqəddəs qiyamı başlanırdı. Dənizlər çəkilir, dağlar baş əyir, üfüqlər açılır, hər şey bu həyəcan selinə yol verirdi. Analar indi müsəlləh və qəzəbli bir ordu kimi əl-ələ, səs-səsə verirdilər. Ağsaçlı nəvə sahibləri bütün nəsillərini vuruşa çağırırdı. Kəndli qadın əlində alakeş, kürək, toxa gəlirdi. Fəhlə qadın yumruğunu düyünləyərək, bayraq kimi qaldırırdı. Müəllimə kitabını silahla dəyişir, yazanlar qələmini süngüyə çevirirdi. Dəniz kimi dalğalanan, vulkan kimi coşan bu hərəkət getdikcə böyüyür, böyüdükcə sürətlə yeriyirdi. Əliyalınlar yerdən daş götürür, ağac alır, ümumi düşmənə, insanlığın düşməninə, faşist başkəsənlərə qarşı yüyürürdü...
Mariya o müsibətli ana, özünü bu birlik dalğalarında görüb təsəlli duyur, addımlarını daha da möhkəm ataraq deyirdi:
"Gedək, analar! Bəşər övladını yırtıcılardan xilas edən Qızıl Orduya köməyə gedək!"
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-analarin-usyani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.
Kəhərin son günləriBir zaman yeriyəndə yer titrər, kişnəyəndə göy gurlardı. Hanı vuruşma meydanları, hanı ötüşmələr, hanı igid süvarilər, pəhləvanlar, qılınc, qalxan şaqqıltısı!?Çiynimdə Rüstəmi Rüstəm eləmişəm, Suvorovu Karpatlardan keçirmişəm, Koroğlunun silahdaşı olmuşam, Napoleonu yer üzündə gəzdirmişəm, süvari ordusunda neçə-neçə cəbhələr yarmışam, hünərlər göstərmişəm. Gör indi iş hara çatıb ki, məni gətirib əyləncə arabasına qoşublar, cilovumu uşaqların əlinə veriblər...
Gözəl barəsindəMüasir tamaşaçı bizdən əsər istəyir, əsl sənət əsəri, gözəllik nümunələri tələb edir, camaat muzeyə bunun üçün gəlir. Gəlir görsün, ürəyi açılsın. Pulumuz var, yerimiz var, tamaşaçımız da var. Yaradıcılarımız da ki...Direktor əli ilə zalda əyləşənlərə işarə edib gülümsədi:
Gənc şairin ərizəsiBu sərlövhədə üç söz var, heç biri də yerində deyil. Gənc dediyim adamın yetmiş bir yaşı var. Nə az, nə çox!Şairliyi də təzədir, hələ qaralama dəftərlərindən kənara çıxmayıb, çap elətdirməyə yer, fürsət, redaktor axtarır. Ərizə də ki, müəllifinin yaradıcılığından kiçik deyildi. Naryad blanklarmın dalmda, qırmızı mürəkkəblə yazılmış, karandaşla nömrələnmiş şikayət dolu səhifələri bütün günü özünə xoş gələn avazla oxuyub, mən də qulaq asmağa məcbur olmuşam.
Стихи других поэтов
Yenə asudə ikən uğradım bir şux zibayə,Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi-şəhlayə.
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram