Ananın köynəyi
Oğlunu orduya yola salandan sonra, ananın qərarı gəlmirdi. Evdə otura bilmirdi. Qonşusu dərzi Cahangirin yanına getdi, artelə girmək üçün ondan kömək istədi. İki gün sonra ana yüzlərlə fəhlə qadınla yanaşı fabrikada, tikiş maşınının dalında əyləşmişdi. Bu maşın, bu sənət ona çoxdan tanış və yaxın idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sap ilə vurduğu naxışlar məşhur idi. Hər yerdə söylənər, təriflənərdi.
Sonradan başı ailəyə, övlad böyütməyə qarışdı. Maşını bir tərəfə atdı.
İndi o, yenə gəncliyindəki sənətə qayıtmalıdır. İndi arteldə naxışlı köynək, ya məhrəba hazırlamırdılar. İndi - qışqabağı yun parçalar kəsilir, isti paltar tikilir. Ana bu işə çox tez alışdı. Yoldaşları da, sex ustası da onun işinə diqqət yetirir, kömək edirdilər.
Ana maşının dalına keçən kimi gənclik günləri gəlib gözünün qabağında durdu. Maşının çarxı hərlənən kimi, deyəsən, o xatirələri çağıran mahnı səslənirdi. Ancaq indi heç bir xatirə, heç bir xəyal ananı oğlu qədər, Tahir qədər məşğul etmirdi.
Ona elə gəlirdi ki, tikdiyi bu köynəklərin hamısı Tahir üçündür. İlki və sonu olan, yeganə balası Tahirin şümşad kimi boyu, enli kürəkləri, uzun qolları gözünün qabağında idi. Az qalırdı verilən ölçülərin hamısını bir kənara qoysun, oğlunun boyunu əsas alsın. Parça kəsildikcə, tikiş xətti parlaq bir xəyal kimi parça üzərində uzandıqca ananın xəyalı uzaqlaşır, gurultulu cəbhə xəttinə gedirdi. Tahiri həmin köynək əynində, aslan kimi düşmən üstünə cuman görürdü. Ana, tikdiyi paltarların düyməsini, ilmə yerini möhkəm etmək üçün çox yoldaşlarından artıq çalışırdı. "Bir düymə, - deyirdi, - əsgəri vacib işindən qoya bilər!" Ananın fikrinə gəlmişdi ki, Tahir bir adamdır, bir köynək geyəcəkdir. Ona görə də ana bir köynəyin yaxasında tikiş xəttini artıq vurur, xüsusi nişan qoyurdu. Düşünürdü ki, Tahirə yazaram: "Bala, köynəyin yaxasına diqqət ver. O nişanı görürsənmi, orada ananın əlləri gəzmişdir..."
Ancaq ana bir yox, çox köynəyə belə nişan vururdu. Çünki, hansının Tahirə qismət olacağını təyin edə bilmirdi.
Ana artelə işə girəndən sonra əməlli-başlı ictimai adam olmuşdu. Səhər tezdən onu, "oğlundan" xəbər eşitmək üçün radio qabağında dayanıb qulaq asan görərdiniz. Cəbhə xəbərlərini eşitməmiş rahat olmazdı. Özü savadsız olsa da, gündə üç şahı verib bir "Kommunist" almağı var idi. Qəzeti çervon kimi qatlayıb qoltuq cibində gizlədər, axşam işdən başı ayılanda Cahangirə, ya məktəb uşaqlarından birinə oxudardı.
Qəzeti oxuyandan sonra ana Cahangirdən soruşardı:
– Bala, Hitlerin qoşunu bəs havaxt qırılıb qurtaracaq, o barədə nə yazırlar?
Cahangir də bilirdi ki, ana nə üçün bunu soruşur. Tahir ilk məktubunda, anasının görüşmək arzularına belə cavab vermişdi. "Ana, düşməni tamam məhv edəndən sonra görüşərik, nigaran olma..."
Ana son məktubunda köynək məsələsini yazdırdı: "Oğul, yaz, xəbər ver görüm, öz əlimlə tikdiyim köynək sənə yetişdimi? Bala, onu ayrı həvəslə tikmişəm, istidir. Möhkəmdir. Gərək səni saxlasın...
Ana məktubunu poçt qutusuna salandan sonra bir xəyal olub yollara düşür, kağız ilə özü də gedirdi. Öz hesabında məktubun çatmağına, oxunmağına, cavabının gəlməsinə vaxt verirdi. Günləri sayırdı. Vaxtdan bir gün keçəndə darıxır, təkrar məktub yazdırırdı.
Hərdən də ürəyinə gəlirdi ki, "səngərdi, davadı, göydən od yağır. Yazıq Tahir havaxt tüfəngi yerə qoyub qələm götürsün. Sənin kimi stul üstündə rahat oturmayıb ha!.."
Qəzetin İnformasiya Bürosunun xəbərləri anaya Tahirdən gələn məktub kimi idi. Ana hər əsgərin rəşadətini, igidliyini Tahirinki bilir, sevinirdi. Anaya gözəlcə məlum idi ki, Tahir piyada qoşunundadır. Amma nədənsə topçunun da, təyyarəçinin, tankçının, pulemyotçunun, süvarinin də adını eşidəndə ananın gözündə Tahir canlanırdı. Ona elə gəlirdi ki, ya Tahir bu sənətlərin hamısında vardır, ya da bu sənətdə olanların hamısı Tahir kimi ona yaxın, doğma can-ciyərdirlər.
Bir gün anaya "qəzetdə Tahirin şəkli var!" dedilər. Səhər tezdən alıb qoynuna qoyduğu qəzeti çıxarıb qatını açdı. Başında ulduzlu papaq, boynu qırmızı nişanlı, əli silahlı, ucaboy, igid bir oğlan ananın üzünə baxıb gülürdü. Sanki gülə-gülə soruşurdu:
– Necədir, ana, yaraşırmı?
Ananın gözləri yaşardı, yanaqları qızardı. Aylardan bəri ayrıldığı oğlunu bağrına basdı. Şəkli güzgü kimi gözü önündə saxladı. Baxdı, baxdı, ixtiyarsız dilindən bu sözlər qopdu:
– Mübarək olsun, bala, paltarın mübarək, nişanın mübarək!
İndi ananın yeni bir aləmi var idi. Oğlunun, Tahirin bomba ilə üç düşmən tankını dağıtdığını, böyük bir dəstəni vahiməyə salıb qaçırtdığını yazırdılar, danışırdılar. Gün olmurdu ki, Tahirin adını çəkib onun əlini sıxmasınlar, göz aydınlığı verməsinlər, çağırmasınlar, müsahibə etməsinlər, fotoaparat qabağında dayandırmasınlar. Buna görə də ana Tahir ilə yaşayırdı. Bəzən o, Tahirin cəbhə işlərindən, yürüşlərindən, vuruşlarından da danışırdı. Bir nəfər soruşsa ki, "ay xala, sən ki oralarda olmamısan, bunları nədən bilirsən?", ana qürurla cavab verərdi:
– Tahirin ayaq basdığı torpaqlar evim-eşiyim kimi mənə tanışdır. Oğlumun işlərini ürəyim duyur, ürəyim deyir.
Doğrudan da ananın ürəyi, xüsusilə son zamanlar bir kitab kimi mənalarla dolmuşdu. Ana bu kitab ilə dilləşdikcə həzz alır, rahatlanır, iftixar hissi duyur, canında, hərəkətlərində bundan doğan bir möhkəmlik görürdü.
Ana Tahirin qəzetdəki şəklinə bir də o cəhətdən diqqət yetirdi ki, tikdiyi köynəyi görsün. Ancaq Tahirin əynində, deyəsən, yüngül, nazik köynək var idi. Bir axşam ana işdən sonra söhbət üçün qonşu həyətə keçmişdi. Gəlib çağırdılar. Poçtalyon kağız gətirmişdi.
Bu məktubunda Tahir anasına cavab yazırdı:
"Ana, oğlunun qalibiyyətinə, tezliklə görüşəcəyimizə tamam arxayın ola bilərsən. Biz hamımız öz anamızın köynəyini geyinmişik. Bu köynəyin hər tikişində sənin mehriban və bəsləyən əllərin, hər səliqəsində sənin tükənməz qayğıların görünür. Ana, köynəyin, sən dediyin kimi, poladdan möhkəm, günəşdən istidir. Sənə bir muştuluq da verim. Köynəyimin yaxasında, döşündə, anamın əlləri gəzən yerlərdə atamın də əlləri gəzdi. Sovet dövlətinin başçısı üç gün əvvəl döşümə "Qızıl Bayraq" nişanı taxdı. Arxayın ol, daha bu ürəyə düşmən zərbəsi kar eləməz. Biz indi düşmənin səflərini yarmaq üçün hücuma hazırlaşırıq, komandirin əmrini gözləyirik. Sən də arxada möhkəm ol. Vətən oğullarına köynəklər tik. Stalin qayğısı görmüş, vətən köynəyi geymiş bir əsgər üçün nə qış, nə də faşist qorxuludur..."
Ana indi Tahir ilə görüşmüş, onu qucaqlamış, öpmüş kimi idi. Bu gündən sonra onun hərəkətlərində, yerişində, baxışında, danışığında cavanlar kimi cəldlik, igidlik və qətiyyət aşkar idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-ananin-koyneyi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
IKolxoz sədri Səfər, şəhərdən yenicə gəlmişdi. Alı kişinin evində qalırdı. Səhər hamıdan tez qalxıb yuyunar, idman edər, qaloşu ayağına alıb həyətdə gəzinər, hava alardı. Onun təbiətə xüsusi bir eşqi var idi. Günün çıxmasını və batmasını seyr etməyi sevərdi. Səhər açılanda su daşının üstünə çıxar, oyanan kəndin qarışıq həyat səslərini dinlərdi. Dağların arxasından boylanan mis məcməyi kimi qızaran günəşə baxar, baxdıqca ürəyi açılardı.
Özək raport verirYox. Özək buna qətiyyən dözə bilməz. Bu kəsir bizi batırar. Komsomol belə düyünlərdə dayanmamışdır. Məntəqənin ən böyük kəndində komsomolçular tısbağa yürüşü gedə bilməz: 31 komsomolçudan 15-i kolxozdadır. Kolxozçuluğumuz ağızda, dildədir, işə gələndə bitərəflərdən təfavüt görmürük. Partiya və komsomol tapşırıqlarım yaxşı yerinə yetirmək üçün heç kəs özünü bərkə vermir. Üzvü heyətinə arxaymdır, heyəti üzvünə...Kökündən dönüş lazımdır. Başqa özəklər yarışır, komsomolun səsi dünyanı tutub, bizim özək bu səsə qarışa bilməmiş...
Münəvvəri dinləyin!Uzaqdan, şəhər toxuculannın içindən gəlmiş gülərüzlü bir qadın özək katibindən söz aldı. O, çit fabrikası komsomolçularının məktubunu kolxozçu gənclərə oxuyurdu.– Uşaqlar, 360 dəzgahımıza işçi çatmır. Hələ gələn il dəzgahlar yarı-yarıya artacaqdır. Aşıb-daşan Mil düzü, Muğan pambığını toxumaq üçün adamımız azdır. Gənclərdən 32 nəfəri bizə vermənizi xahiş edirik. Biz onları usta edəcəyik. FZS-də oxudacaq, sonra dəzgah başına qoyacağıq-
İşləməyən dişləməz"İşləməyən dişləməz" - demişlər. Lakin revolyusiyadan qabaqkı həyatın səhifəsinə baxın, işləyənlərin dişləmədiyini, işləməyənlərin dişlədiyini, hətta didişdirib, cırmaqladığı və söküb-dağıtdığını görəcəksiniz.Fransızlar bu misalı ayrı cür qoyublar. "İşləməyən, dişləməməlidir", lakin məsələnin qoyuluşu həlli demək deyil. Ancaq proletar revolyusiyası isbat etdi ki, işləməyən dişləməməlidir.
Стихи других поэтов
Təzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva
Ana məktubuƏfqanıstanda əsgəri borcunu qəhrəmanlıqla*vermiş Səxavət Hüseynova*
Qara heyQul Qaranı:*Əlif-bey içində, hərf arasında,
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,