"İşləməyən dişləməz" - demişlər. Lakin revolyusiyadan qabaqkı həyatın səhifəsinə baxın, işləyənlərin dişləmədiyini, işləməyənlərin dişlədiyini, hətta didişdirib, cırmaqladığı və söküb-dağıtdığını görəcəksiniz.

Fransızlar bu misalı ayrı cür qoyublar. "İşləməyən, dişləməməlidir", lakin məsələnin qoyuluşu həlli demək deyil. Ancaq proletar revolyusiyası isbat etdi ki, işləməyən dişləməməlidir.

Biz işləmədən dişləmək istəyən və dişləmişlərin dişini qırdıq, əmək hakimiyyətilə onların təpəsini əzdik və əzməkdəyik.

– Bərəkət... torpağına, bərəkət! Gəlimi çox, əməyi azdır. Qara və peyinli yerdir. Bir dəfə su, bir alaq istəyir. Sentyabrdan başla, yığ ki, qurtarasan.

Başqa kəndlilər tökülüb köməyə gəlirlər. Pambıq kolu qoz ağacı kimi budaqlı, qoyun kimi tüklüdür. Qozalar yumaq kimidir...

Mən "Stalin" kolxozçusu Həsən əmilə danışıram. Onunla kəndin başında qabaqlaşdım.

– Sən, bala, görürəm təhkimçisən, kolxozamı gəlibsən?.. Xoş gəlibsən, gedək, - deyə məni aparırdı. Çalılarla çəpərlənmiş böyük ağaclıqları ötdükcə, o mənim suallarıma cavab verir. Əlindəki ağacı mənə verib. Palçıqdan yerimək olmur, ağacı tutaraq, yanakı keçiririk. Onun səmimi, onun sadə ifadələri məni inandırır.

– ... Yox, bala, nöqsansız olmaz. Kolxoz təzə şeydir. Bir otaqdan o birisinə keçəndə iki ilə qədər yeni mənzilin ağzını düzəldə bilmirsən. Əlbət ki, hələ kolxozda kəsirlər var, ancaq sonra götürürlər.

– Kəsir, Həsən əmi, özbaşına götürülməz. "Allahdan buyruq, ağzıma quyruq" köhnə sözdür. Kəsiri yox etmək üçün kolxoz kütləsi əl-ələ verməli, partiyanın sözünə baxmalı, fəhlələrdən öyrənməli, sənayedə olduğu kimi çalışmalıdır.

Mən Həsən əmi kimi bir çoxları ilə söhbət edirəm. Kənd bolşeviklərinin nüfuzu və fəaliyyətinin böyüklüyünə heyrətlənirəm. Mən onların adresinə bir ağızdan söylənən "işləkdir, başçımızdır, kolxozu quran da, böyüdən də onlardırlar. Yoxsulun atasıdırlar" sözlərini yaxşı xatırlayıram.

Beş il əvvəl qonşu kəndlərdən və rayondan rəhbər işçiləri istəyən Lək kəndində möhkəm bir partiya özəyi görürəm. Nə qədər böyük qalibiyyət! Onlar "qol bilmirəm" deyib, geri çəkilən adamlara oxşamırlar. Onların hər biri kəndin rekonstruksiyasını çiynində daşıyır. Ağır məsuliyyət duyur. Əlindəki işə "proletar revolyusiyasının və işçi sinfinin işi" kimi baxmağı bacarır. Ürəkləri işlə döyünür, fikirləri hərəkət, inkişafla uğraşır.

Partiyanın pambıq uğrundakı mübarizəsində kolxoz kəndi bir tam kimi çıxır. Kənd bolşevikləri isə kütlənin başında duraraq, düzgün istiqamət vermək, qüvvələri bölüşdürüb yerləşdirmək, çətinlikləri qavramaqda od kimi tərpənirlər...

Gündən az qalır. Çəpərli tarlada zərbəçi qadınlarla salamlaşıram. Pambığın qurusunu alıcı məntəqəsinə təhvil verir, yaşlarını qurutmaq üçün evə daşıyırlar. Kolxoz sektoru 81 prosent planını vermişdir. Rayon partiya konferensiyasına borcsuz getmək istəyirlər. Ağca bacı başda olmaqla, yetim pambıq qozalarını yığıb istidə açdırmağı kolxozçu qadınlar öhdəsinə almışlar. Onlar qozanı badam kimi dənləyirlər.

– Bilirsən, oğlum, buxarının isti havası dəyəcək, bunlar çiçək kimi açılacaq. Sənətimiz nədir, zəhmət çəkmişik, necə yağışa, yelə verək? Axır ki çöldə pambıq qoymayacağıq, vəssalam.

Mən Ağcadan fabrikalarımızın necə "pambıq, pambıq deyə sizi harayladığını bilirsənmi" deyə soruşdum. O, boğazına sarıdığı qalın örtüyünü çiyninə atıb, başıaşağı qozaları qıraraq cavab verir:

– Göz var görmək üçün. Bu il can yandırdıq işlədik, yığdıq, fabrikalar da çox mal çıxartdı. Odur, kolxozdan qabaq 5 arşın parça alanlar, indi top-top alır. Pal-paltarlarımız yaxşıca düzəldi, pambıq sağ əlimizdir.

Biz bu gün "Stalin" kolxozunun gəlirini bölürük. Kolxozun 112 üzvü də kəndin ən uzaq başından belə, qaranlıqda, soyuqda, palçığa baxmayaraq, tökülüb gəlmişlər. Yeni tikilmiş geniş pəncərəli, rəngli məktəb otağı dolmuşdur. Onlar stol başında iclasa hazırlaşanların pıçıltısına baxmayaraq, danışıb-gülüşürlər.

Salam qələmi stola döyür, səslər kəsilir. Bu əməkçi kəndlilərin, "Stalin" kolxozunun bayrağı altında toplanan kolxozçuların həyatında ilk təcrübədir: onlar illik təsərrüfat fəaliyyətini aynada yenidən görən kimidirlər. Məruzəçi hər mövsümün iş şəraiti və əməyindən danışır:

– 71 hektar, 83 ton pambıq, 4700 manatlıq bostan, iki dəyirman, nar və heyva bağları, baramaçılıq... Kolxozun təsərrüfat fəaliyyəti bu sahələrdə olmuşdur. Kolxozçulara 17 dəfədə 12000 manatlıq sənaye malı, buğda, ərzaq çatmışdır. Zərbəçilər iki dəfə mükafatlandırılmışdır.

Adam məruzəni eşidəndə elə düşünür ki, işlər öz qaydasında getmişdir. Burada bir-iki əməli təklif versək bəsdir və iclas da məruzə ilə qurtaracaqdır. Məruzədən sonra açılan odlu və davamlı mübahisələr göstərdi ki, belə düşünmək yeni kəndi köhnə gözdə görməkdir. Onlar ictimai müştərək təsərrüfatla özlərini yenidən qururlar. İclas adamları natiqlər kimi çıxırlar.

İskəndər deyir:

– Muzduram, partiya namizədiyəm, kolxozda sədrlik vəzifəsi arzusunda idim, seçmədilər, küsdüm... Partiya özəyi məni başa saldı, səhvimi boynuma alıb kolxoza qayıdıram, bir də məni kolxozdan heç bir qüvvə ayıra bilməz.

İkinci olaraq kolxozçulardan Kazım danışdı:

– Sədr danışdı, heç demədi bir görək o, bizə nə xidmət edib. Qarın məsələsilə iş bitməz, biz oxumaq istəyirik, bizə klub, kino, qəzet verin.

O, unudulmuş bir şeyi xatırlatmaq istəyir:

– Onu deyirəm ki, bizim öz həkimimiz olmalıdır. Addımbaşı Göyçaya qaçırıq. Beydullanın oğlu kolxozumuzun üzvüdür, onu gətirməliyik.

Kolxozçu qadınlardan Xanım söz alır:

– Hərə özündən deyir. Mən də deyirəm, qadınlar az işə çəkilir. Kişilər kooperativdən qadın qaloşu götürmür ki, "əh, bizim arvada qaloş nə yaraşır", bu köhnəlikdir. Kolxozçu qadın gərək biliklənsin, yeni geyim geysin, yeni həyat tanısın. Mən bəzi kişilərin qulağına çatdırıram...

Bir-birini izləyən 13 natiq təkrarsız mənfəətli, yeni, faydalı təkliflərlə çıxışda bulundu. İclaslarda adət halına keçən kimi biz "əməli təklif komissiyası" seçmədik. Hər kolxozçunun illik yekuna aid dəyərli sözlərini bir səslə qəbul etdik. Məruzə və çıxışlar, gələcək təsərrüfat ili proqrammasını qarşıda canlandırırdı. Dairənin əkin və pambıq tapşırıqları əsasilə bu iclasın tarixi bir qərarı çıxdı. Qərar səslənirdi ki:

"Biz bolşevik əməyilə xüsusiyyətçiliyi, axsaqlığı, özbaşınalığı, təsadüfiliyi aradan götürürük. Sovetlər qurultayının "işləyən alacaq, işləməyən yox" şüarını biz götürəiş əsasında yerinə yetirdik. Kolxozu özünə söykənəcək yeri edib, başını dolandırmaq istəyən tənbəllərə əmək zərbəsi endirdik. İlk məhsul bölgüsü hamıya göstərdi ki, işləməyən dişləmir.

İşləmədən dişləmək təmayüllərini döydük və döyəcəyik.

Biz, Stalin yoldaşın adilə fəxr edən kolxozçular pambıq əsgərləriyik. Biz bu cəbhədə geniş hücum açacağıq. Biz, proletar sənayesini xammal aclığından tamamilə qurtaracağıq. Bu, kolxozumuzun baş planıdır."

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов