Az danışmağın faydası
Sədidən soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: biədəbdən. Məndən soruşdular ki, az danışmağı kimdən öyrəndin? Dedim: çox danışandan!
Doğrudan belədir. Uzunçuların yanında oturub-durmaq məni təngə gətirdi. Mənim Dilan adlı bir yoldaşım var. Çənədən pərgardır. Bir nağıl ki başladı, səni yuxuya verməmiş əl çəkməz. Deyəsən, zalım oğlu elə bil hər səhər bal halvası yeyir. Çənəsi həmişə işləyir. Atası da bezib onun hap-gopundan. Elə olur ki, Dilan danışır, o danışa-danışa sən gedib üzünü yuyub gəlirsən, ya bəlkə də çimib, ya dişini çəkdirib qayıdırsan! Görürsən elə hərif danışır. Dinləyən var, ya yoxdur, Dilan üçün birdir. Özünün də, sözünün də halına təfavüt eləmir. Gəlib görürsən həmin ahəng, həmin mətləb, həmin söz.
Mən Dilanı pis tanımıram. Xasiyyətinə, ailəsinə bələdəm. Məndən gizli bir işi yoxdur. Amma bilmirəm bu adı ona kim verib.
Dilan!
Dilan bizlərdə sürtülmüş aşığa deyirlər. Oynayanda kimin aşığı çox alçı dursa udur. Alçı durmaq üçün aşığın böyrü gərək şumal olsun. Biz uşaq vaxtı daşın üstünə su tökərdik, aşığın böyrünü sürtərdik, o qədər sürtərdik ki, böyrü gedərdi, yerə atanda alçı durardı.
Belə aşığa dilan deyərdilər. İndi bilmirəm, mənim yoldaşıma bu adı kim verib. Heç kəs də arayıb axtarmır, hesaba görə gərək anası yoxlasın, "bu nə addır mənim oğluma deyirlər!"
Amma yox, anası hamıdan çox çağırır:
– Dilan, bəsindir! Dilan, ay Dilan, bizə yazığın gəlsin. Baş-beyni-miz getdi!
– Ay Dilan, bu vedrəni doldur gətir, sonra danışarsan.
– Bir sözü neçə dəfə deyərlər, Dilan, sənin dilində tük bitmir?
Çox nəsihət deyilirdi, ancaq Dilan öz işindəydi. Yetənə, yetməyə-nə bir daş atardı. İndi daş tutar-tutmaz, fərqi yox idi.
İş elə gətirdi ki, Dilan ilə mən bir bölükdə əsgər olduq. Şəhər kənarında böyük bir kazarmada bizə yer vermişdilər, təlim keçirirdik. Səhər açılmamış, bizi düzə tökürdülər. Axşamacan komanda eşidir, təpik döyürdük. Komanda dayanan kimi, Dilan yüyürürdü zabitin yanına, nədənsə şikayətlənirdi, hər işini mənə deyən adam, bu dəfə bilmirəm nə üçün şikayətini məndən gizlədirdi. Bir dəfə bərabər idik. Komandiri pilləkənin qabağmda tutdu. Rəsmi salam verəndən, izin alandan sonra başladı:
– Yoldaş komandir, mənim böyrümdə yel var, çarpayım da taxtadır. Gecə yatanda qabırğalarım əzik-əzik olur. Xahiş edirəm, purjinli çarpayı barəsində əmr verəsiniz, yoxsa mən yata bilmirəm.
Bilmirəm, komandir öz əsgərinin xahişinə bələd idi, ya yox. Dinməz-söyləməz hərifi eşitdi. Dilan da aralığı sakit görüb böyrünü-başını tuta-tuta sızıldadı.
– Yoldaş komandir, çoxdandır böyrümdə yel var, zəhrimar çarpayım da qara dəmir, setkasız. Gecə səhərəcən o yan-bu yana çevrilirəm...
Komandir dik-dik Dilanın üzünə baxırdı. Güman etmək olardı ki, Dilamn simasında naxoşluq əlamətini axtarırdı.
Amma mən belə güman etməzdim. Mənim fikrimcə, komandir onun üzünə yox, ağzına baxırdı, sözünü, şikayətini qurtarmağını gözləyirdi. Necə oldusa, Dilan dayandı. Ya sözünü qurtardı, ya da, zənnimcə, nəfəs almaq, təzə bəhanələr tapmaq üçün dayanıb udqundu. Birdən komandirin gur və zəhmli səsi eşidildi:
– Krrru-qom!
Bunu Dilan gözləmirdi, heç kəs gözləmirdi. Şikayətçini sakit və səbirlə dinləyən bir komandirdən ayrı şey gözləmək olardı.
Görünür, səbri lap tükənmişdi, hövsələsi darıxmışdı:
– Krrruuu-qom!
Komadirin bu gözlənilməz əmrinə Dilan cəld əməl elədi, geri döndü. Dönən kimi əmrin dalısı gəldi.
– Şaqom arş!
Dilan ağır və nallı çəkmələri ilə döşəmədə möhkəm addımladı. Addımladı, ancaq çarpayı məsələsindən nigaran qaldı. Bilmədi ki, bu əmr nə deməkdir. Komandir çarpayı verəcək, ya yox? Dilan nigaran addımlarla döşəməni ölçəndə bilmirdi ki, bir saat sonra ümumi əmr veriləcək, əsgərlər həmin döşəmədə uzanmalı olacaqlar. Uzananlardan biri də mən idim. Gözlənilmədən verilən bu yatmaq əmrindən sonra dərhal işıqlar söndü, biz gözlərimizi yumduq, şirin yuxuya getdik. Bir də səhər "qalxın" komandasında ayılıb ayağa qalxdıq.
Komandirin əmri yalnız Dilanın şikayətinə son qoymamışdı. Onun uzunçuluğuna, deyingənliyinə də çox təsir eləmişdi. İndi Dilan deyəsən qaydalı-qanacaqlı adama oxşayırdı.
Danışmaq istəyəndə əvvəl bir ətrafına baxmır, zabitdən çəkinir, sonra da sözarası müsahibindən müraciətlə üzr istəyirdi:
– Bağışlayın ha, başınızı ağrıdıram, çox danışmaq bir şey deyil, mənim acığım gələr. Hə... nə deyirdim! Hə!?.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-az-danismagin-faydasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Müasir tamaşaçı bizdən əsər istəyir, əsl sənət əsəri, gözəllik nümunələri tələb edir, camaat muzeyə bunun üçün gəlir. Gəlir görsün, ürəyi açılsın. Pulumuz var, yerimiz var, tamaşaçımız da var. Yaradıcılarımız da ki...Direktor əli ilə zalda əyləşənlərə işarə edib gülümsədi:
Gənc şairin ərizəsiBu sərlövhədə üç söz var, heç biri də yerində deyil. Gənc dediyim adamın yetmiş bir yaşı var. Nə az, nə çox!Şairliyi də təzədir, hələ qaralama dəftərlərindən kənara çıxmayıb, çap elətdirməyə yer, fürsət, redaktor axtarır. Ərizə də ki, müəllifinin yaradıcılığından kiçik deyildi. Naryad blanklarmın dalmda, qırmızı mürəkkəblə yazılmış, karandaşla nömrələnmiş şikayət dolu səhifələri bütün günü özünə xoş gələn avazla oxuyub, mən də qulaq asmağa məcbur olmuşam.
Ərəb qardaşBizlərdə ərəb deyildimi, çoxlarının təsəvvürünə qapqara, çalmalı, saqqallı, əbalı, ayaqyalın adam gəlir...Bəlkə Ərəbistan haqqındakı dini təfsir və nağılların, "Min bir gecələrin, "Yüz bir gündüz"lərin, müqəddəs kitab və bəzəmə səyahətnamələrin təsiridir ki, zehinlərdə ilişib qalıb.
LəyaqətYazbaşı bizim yerlərin səfası birə-min artır. Düz yolun sağında-solunda ucalan palıd, çinar, qoz ağacları səmada baş-başa verir, yaşıl don geymiş bahar bayramı üçün salamlaşırlar. Arxlardan axan dağ suları pıçıldaşır, çiçəklər aləmə ətir saçır, maşın şumal asfalt üzərində süzüb getdikcə adam həsrətini çəkdiyi gözəl təbiətdən doymur.Bu dəfə biz dağ kəndlərindən birinə yubileyə gedirdik. Kənd məktəbinin yetmiş beş illiyi bayram edilirdi.