Bu xırıltı nədir
Mən əvvəllər ayrı işdə olmuşam, müəllimlik eləməmişəm. Buna arzum, həvəsim də olmayıb. Ancaq mühəndisliyə, qiyabi təhsilə gedəndə axşam kurslarında, ya FZU məktəblərində, riyaziyyatdan bir neçə saat dərs götürmək, həm pul qazanmaq, həm də hər gün dərslərə hazırlaşmaq ilə savadımı artırmaq məqsədinə düşdüm. FZU məktəblərindən birinə ezamiyyət alandan sonra libasımı sahmana saldım, əlimə bir portfel aldım, mənə tapşırılan sinfə inamla daxil oldum.
Daxil oldum, ancaq sinfi təsəvvür etdiyim, istədiyim kimi görmədim. İlk baxışdan mənə elə gəldi ki, uşaqlar məni saymırlar, müəllim hesab eləmirlər, bəlkə də məni yoxlamaya çəkmək qəsdinə düşüblər.
Sinfə girən dəqiqələrdən anladım ki, burada səs-küy çoxdur. Dərs olan yerdə belə hay-küy salmaq yaramaz.
Sinfin qabağında, stul başında bir qədər sakit dayanıb gözlədim.
Gözlədim ki, bəlkə sinif sakit olsun, hər kəs öz yerində otursun, mən də dərsimi başlayım.
Xeyr, sinif sakitləşmirdi. Uşaqların çoxu öz yerlərində oturmurdu.
Bir-birinə sataşır, dümsükləyirdilər. Bir gözləri məndə, bir gözləri ilə də yoldaşlarının portfelinə, əl-ayağına baxırdılar.
Bunlara dözmək bəlkə də mümkün idi. Ancaq məni qulağıma gələn bir səs çox pərt eləmişdi. Aşkar eşidirdim ki, kəsilməyən bir xırıltı var. Özü də kənarda, həyət-bacada yox, lap sinfin içində olan bir xırıltı var.
Bir qədər də dayandım. Səbir elədim, səsimi çıxarmadım. O yan-bu yana baxıb xırıltını dinlədim... Deyəsən, uşaqların çoxu da bu səsi eşidirdi.
Doğrudur, eşidirdilər, ancaq nə mənə bir söz deyir, nə də səs gələn tərəfə baxırdılar. Mən bir qədər sinif qabağında var-gəl elədim. Səsin kəsilməyini gözlədim. Gördüm ki, yox, bu iş ilə, yəqin məşğul olan var, məndən də ehtiyat eləmir.
Əyləşən uşaqlar da, 12-14 yaşında, hamısı bir boyda, bir libasda, bir səviyyədə uşaqlardır. Bir-bir onların üzünə baxır, gələn səsin mənbəyi haqqında düşünür, nəzərimlə sanki soruşurdum. Uşaqlar da mənim bu sükutlu, mənalı sualımı dərk edir, bəziləri gülümsəyir, bəziləri də təbəssümü gizlədib işin aqibətini gözləyirdilər.
Doğrudur, mən müəllimlik peşəsini necə ki lazımdır bilmirdim. Belə hallarda necə rəftar lazım olduğunu da bilmirdim. Ancaq mənliyim, izzət-nəfsim yol vermirdi ki, dərs dediyim sinifdə bu səs olsun, mən də biganə dayanıb buna qulaq asım, tədbir görməyim. Dərsi kəsib direktorun yanına şikayətə getmək, uşaqları intizama çağırmaq, bəlkə də axtarmaq olardı.
Ancaq mənim cavanlıq qürurum bunların heç birinə yol vermədi.
Gəlib stolun başında dayandım, lap qabaqda oturan uşağı durquzub qabağa çağırdım:
– Adın nədir?
– Nadir!
– Nadir, bu xırıltı nədir?
– Bu nə səsdir?
– Bilmirəm, müəllim!
Nadir bunu deyən kimi, mən ayağa durub təkrar elədim:
– Bu nə səsdir?
Nadir and içib təkrar elədi:
– Atam canı, bilmirəm, müəllim!
Mən onun qolundan tutub sinifdən eşiyə çıxardım.
İkinci uşağı yanıma çağırdım:
– Bu nə xırıltıdır?
– Xəbərim yoxdur, müəllim!
– Xəbərin yoxdur?!
– Xeyr, bilmirəm!
Uşağı sinifdən çıxardım. Bu qayda ilə üçüncü, dördüncü uşağı çağırdım.
Uşaqlar gördülər ki, bunların hamısına bir divan tutmaq niyyətindəyəm. Bir-bir ayağa durdular, qabağa gəlmək, hər kəs öz payını almaq, sinifdən çıxmaq istədilər.
Mən bütün sinif uşaqlarından bir-bir sual edib, bir-bir hamısını çölə çıxartdım. Sinif boşaldı, boş sinfə diqqətlə qulaq asdım, görüm: xırıltı kəsildi, ya gəlir?
Gördüm ki, sinifdə daha nə uşaq var, nə də bayaqkı xırıltı var! Bu sirri açmaq arzusu məni tərk etmədi.
Qapını açıb bayırda komalaşan uşaqlara baxdım. Onlar qorxudan nə həyətə çıxır, direktorun gözünə görünə bilir, nə də sinfə gəlirdilər. Mən qapını açan kimi, divara qısılıb gözlədilər. İşarə ilə onları bir-bir içəri çağırdım. Sevincək sinfə gəlmək istəyəndə təkrar birinci sualım bu oldu:
– Nə səs idi sinifdə?
– Bilmirəm, müəllim!
Mənə tanış olan cavabı eşidən kimi, uşağa qəzəblə baxıb, sinfə buraxır, yerində əyləşdirirdim. Uşaqlardan 4-5 nəfərini sual-cavabla içəri buraxmışdım ki, birisi irəli yeridi, sözə başladı:
– Müəllim, günah mənimkidir, nə cəzanız varsa, verin, uşaqları incitməyin. Qələt eləmişəm, bir də bunu eləmərəm, bağışlayın.
Uşaq bunu dedi, əlindəki yonulmamış karandaşı və kəndiri mənə verdi. Bildim ki, bayaqdan həmin karandaşı skamyanın qatdanan yerinə salır, ipə keçirir, əllərini aşağıda saxlayıb qələmi hərləyir, ahəngdar bir xırıltı çıxarırmış.
– Sənin adın nədir?
– Narzan!
– Kislovodskidən gəlmisən, nədir?
– Yox, buralıyam, müəllim.
– Bu şuluqluğu evdə öyrədiblər sənə?
Narzan dinmədi. Başıaşağı dayanıb baxa-baxa qaldı.
Mən Narzanı direktorun yanma aparmadım, heç nə demədim. Məktəb jurnalını təhvil verib:
– Xudahafiz! – dedim.
O gedən getdim. Bir də həmin məktəbə qayıtmadım. Direktor dalımca qışqıra-qışqıra qaldı:
– O sinfə güclə müəllim tapmışdıq, yoldaş, hara qaçırsınız, bir dayanın görək!
– Sağ olun, yoldaş direktor!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-bu-xirilti-nedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakının isti iyul günlərindən birində, uca, çoxmərtəbəli, daş binanın qabağında adam əlindən keçmək çətin idi.Güman etməyin ki, bir mərasim, ya yığıncaq var idi. Bu dəhşətli istidə nə mərasim? Göydən tökülən, daş-divardan, asfaltdan qalxan təndir havasına dözüb-dayanmaq mümkün deyildi. Ancaq buraya yığılanlar məcbur idilər. Cavanların aylardan bəri həsrətlə gözlədiyi gün gəlib çatmışdı. İçəri otaqlarda sənət institutuna qəbul imtahanı gedirdi. Yüzlərlə cavanlar gözləyirdilər.
Gör fələk nə sayırTalib Fətiroğlu öz işini bilən adamdır. İki-üç ildir işləyir. Rayonun, necə deyərlər, cikini də bilir, bikini də. Özü əmanət kassasında hesabdardır. Ancaq adamların təkcə pulları yox, ürəyi də onun yanında əmanətdir.Bir də görürsən bığlı bir kişi qapıdan girib barmağı ilə işarə verdi:
Biri var idi, ikisi yoxYoldaş!Bizim zəmanəmizdə bundan çox işlənən, çox məna kəsb edən, çox hörmət qazanan söz tapmaq çətindir.
Xoşbəxtlik barəsindəİstirahət evində, nədənsə, adamın dili açılır, çox danışmaq, hər işə qarışmaq istəyirsən. Pensiyaçılardan biri, qoca müəllim, nərdtaxta oynayanların içinə mübahisə saldı:– Ay camaat, yığışdırın bu şartaşartı, sözüm var sizə.