Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmirlər. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:

– Necəsən, bala, indi ürəyin nə istəyir?

Əslinə baxsan, haqqı demək lazımdır, işlərin çoxunu ata-anadan qabaq bacılar eləyir.

Bacı insan üçün böyük nemətdir, illah da ki, bir qardaş olasan!

Bir dəstə bacı, tək bir qardaş. Tofiqin işi lap belə idi. Əvvəldən ailədə oğlan uşağı olmamışdı. Dalbadal bacılar doğulub böyümüşdü: Lalə, Bənövşə, Yasəmən, Zanbaq, Xətmi!

Axırda dəstə bacılar içində Tofiq boy atanda hər kəs onun başına sadağa deyir, hər gün bir bacının qucağından yerə düşmürdü. Atakişinin ailəsində Tofiqə doğrudan da bir əlamət, bir xoşbəxtlik kimi baxırdılar.

Qızların hərəsi bir məktəbə, sənətə, bir peşəyə gedib iş sahibi olmaq qəsdi ilə çalışdıqları halda, anası Tofiqi yanından kənara buraxmırdı: "Bayıra çıxma, soyuq dəyər", "Tərpəşmə, quyuya düşərsən!", "Orda oturma, buraya keç..."

Məktəb vaxtı gələndə də hamı Tofiqi qayğı ilə əhatə edirdi. Qızlar yer-yerdən səs-səsə verib qardaşları haqqında düşünürdülər. Biri yaraşıqlı portfel alır, biri məktəb forması, üçüncüsü saat, dördüncüsü avtomat qələm, beşincisi boğazlı çəkmə.

Birinci gün məktəbə yola salanda da bacılar bir-birinə macal vermirdilər. Müəllimə ilə xüsusi danışırdılar:

– Müəllimə, bu bizdə tək uşaqdır, ana uşağıdır. Bunu pəncərə qabağında, dal cərgədə, ayaq altda oturtmayın! Yoxsa, xətrinə dəyər, anası bizi evə qoymaz!

Qızların qayğısından, tədbirlərindən, hay-küyündən Tofiq özü də şübhəyə düşmüşdü.

Görürdü, aşkar görürdü ki, beş bacının bir qardaşı zarafat deyil, hər kəsə bu səadət qismət olmaz, hər yerdə rast düşmək çətindir. Bacılar Tofiqin qulluğunda dayanmaqda bir-birinə macal vermirdilər: biri paltarını ütüləyir, biri kotlet qızardır, biri ayaqqablarını gətirirdi.

Dərs hazırlamağa gələndə də Tofiq özünü xoşbəxt gördü: hesabını bir bacı, yazısını başqası, coğrafiyasını o birisi hazırlayıb dərsə yola salırdı. Uşaq elə öyrəndi ki, müəllimin dediyi tapşırıqları bacılarına təhvil verib, səhər də hamısını hazır istəyirdi. Bəzən də hökmünü dürüst yerinə yetirməyəndə hirslənir, qışqırırdı:

– A qız, Lalə, götür mənim dərslərimi yaz!

– Bənövşə, sən də məsələləri hazırla!

– Yasəmən də el misalı toplasın, niyə durmusunuz, tez olun!

Tofiqin anası hər kəsdən əvvəl qızları danlayırdı.

– Ay həyasızlar, aman-zaman bir qardaşdır, onun ürəyini niyə qısırsınız, götürüb dərsləri hazırlasanız! De tez olun, gedin dərslərini hazırlayın!

Qızlar, doğrudur, bilirdilər ki, bu dərslər Tofiqə verilib, ondan soruşulacaq, onun özü hazırlamalıdır... Ancaq qardaşlarının xətrinə, analarının xahişinə görə bu işlərə boyun əyirdilər. Aşağı siniflərdə Tofiqin dərslərdən kütlüyünü, tənbəlliyini biləndən sonra anasına xəbər verdilər, məsuliyyəti boyunlarından atdılar.

Bir il də üçüncü sinifdə qalandan sonra Tofiq bacılarına ağzına gələn məzəmməti edib məktəbi atdı.

Anası, bacıları təkrar Tofiqi məktəbə cəlb etməyə çalışsalar da, fayda vermədi.

Uşaq oyundan əl çəkmədi. Axırda Tofiq birtəhər montyorluq öyrəndi, evlərdə pozulan işıq xətlərini düzəldir, xırda qazancı ilə restoranlarda yeyib-içir, gününü keçirirdi. Bacıları bundan pərişan olsalar da, analarına bildirmək istəmir, qardaşlarının cibinə pul qoyurdular. Tofiq lap sonradan anlamışdı ki, bacılarının istəyi, qayğısı onu əməkdən, peşədən, sənətdən məhrum eləmişdir.

Atalar yaxşı deyib: məhəbbətdən mərəz hasil olur. Oha var, dağa mindirir, oha var, dağdan endirir! Axırda bacılar bir yerə yığışıb 28 yaşlı qardaşlarına bir sənət seçmək istədilər:

– Ay canım, bu gədə avara qalacaq, məktəbdən, peşədən kənar da adam olarmı? Nə zəmanədir, indi dünənki hambal isbatlı peşə, sənət sahibi olur, bu bığıburma oğlana nə olub ki, avara gəzə. Görən bizə nə deyər, eyib deyilmi!

Tofiq indi montyor kursuna daxil olub biliyini artırmağa cəhd edir.

Gec olsa da, yaxşıdır.

Uğur olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Vicdan mühakiməsi

– Divardan boylanan uşağı görürsənmi?– ...

24 мин
Dağların qəlbi

Nuxadan yuxarılara, dağlara doğru dırmaşdıqca quru və ya çəmən yerlər azalır, meşəlik, cəngəllik çoxalır.Qafqaz dağlarının cənuba sallanıb gələn ətəklərində hər qarış yer yaşıllıq, kolluq, ağaclıqdır. Göyün vüsətini yerə, yerin qüdrətini göyə göstərən zümrüd gözlü şamlar baş-başa verir, günəşdən nur, torpaqdan qürur alır, ətrafa sağlamlıq yayırlar. Ağaclar, otlar arasından, hər addımda sağa-sola burulan nazik cığırlar içindən həzin bir şırıltı eşidirsiniz. Əvvəlcə göyə baxır, ağac başında hansı bir quşun səsləndiyini güman edirsiniz. Diqqətlə fikir verəndə kollar altından bulaq suyunun işıldadığını, şırıldadığını görürsünüz. Bu sular nə qədər təmiz, duru, nə qədər də sərin olur! Buralarda elə kənd olmaz ki, bu cür bulaqları ilə fəxr eləməsin, elə kəndli olmaz ki, yayın istisində, beşdə-üçdə bir, işini qurtarandan sonra uşaqlarını başına yığıb bu yerlərə dincəlməyə, süfrə açmağa, kabab yeməyə gəlməsin.

9 мин
Zəhmət, ağıl, bəxt

(Nağıl kimi)*Yamacda, qara torpaqda kotan sürən bir kişinin başında mübahisə düşdü.

3 мин
Havapərəstlər

Həkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.

1 мин

Стихи других поэтов